Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-483/2025 16.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(116)-285/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, anadangəlmə fiziki qüsurludur. Dəfələrlə həkim müayinəsində olmuşdur. Ona “Oliqofreniya, debillik dərəcəsində, nevrotik reaksiyalarla, müştərək daxili çəpgözlük, yuxu pozğunluğu” diaqnozu qoyulmuş, 2-ci qrup ümumi səbəblərdən əlillik statusu təyin olunmuşdur. Lakin sonradan əlillik müddəti bitdiyi üçün pensiyası kəsilmişdir. Buna əsasən cavabdehə müraciət edərək əlilliyin təyin olunmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina olunmuşdur.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: Əsas diaqnoz F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Oliqofreniya debillik dərəcəsində ağırlaşma F91 davranış pozğunluğu, davranış pozuntusu ağırlaşma R41.8 qavrama və dərketmə qabiliyyətinə aid olan digər və dərketmə qabiliyyətinə aid digər əlamətlər. Yanaşı xəstəliklər G47 Yuxu pozğunluğu, yuxu pozğunluğu. yanaşı xəstəliklər H50.0 müştərək daxili çəpgözlük. müştərək daxili çəpgözlük məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik 1988-ci ildən başlamasına baxmayaraq, 2021-ci ilə kimi heç bir stasionar müalicəsi göstərilmir. İxtisaslaşmış stasionar müalicəsi məsləhət görülür." əsası ilə Mərkəzə geri göndərilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarlarına istinad etmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0001, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006); - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 1011 nömrəli məktubu və ona əlavə olunmuş 74 saylı rəyi.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 mart 2025-ci il tarixli 2- 1(116)-285/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozlara dair F70 (yüngül dərəcəli əqli gerilik, İQ58) və F70.1 (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu) XBT kodlarına istinad etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə F70-F73 XBT kodları 7.2-ci bənddə (əqli gerilik) təsnif edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 1011 nömrəli məktubu və ona əlavə olunmuş 74 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnozlar düzgündür. - Müəyyən edilir ki, “orta dərəcəli əqli gerilik İQ 35-49” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.2.2-ci bənddə (adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 65–80% həddində müəyyən edilmişdir. İddiaçının anamnez məlumatlarında onun qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkməsi qeyd edilmiş və ekspert rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halı – 61- 80 faiz (3.1.2) müəyyən edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nın 2-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(116)-285/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehin imtinasını mübahisələndirmə zərurəti olmasına baxmayaraq məhkəmənin əsaslandırmasında hansı səbəbdən bu zərurətin olmaması qənaətinə gəlməsi anlaşılan deyildir. Yəni, iddiaçı aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. - Həmçinin, əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (Forma-088) şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluqlar aşkar olunduqda, müayinələr əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stasionar və ambulator müalicələri yetərli olmadıqda və yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamam doldurulduqda və s. hallarda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisəsinə geri qaytarılır. Maddi hüquq normalarının tələbləri baxımından Şəki inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentiik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək göstərmişdir ki, iddiaçı iddia edir ki, ona ikinci dərəcəli əlilliyin təyin edilməsi üçün kifayət qədər əsas var. Bunların hər biri iş materiallarında öz əksini tapmışdır. İddia ilə bağlı cavabdehin mövqeyi ondan ibarətdir ki, cavabdehin məhkəmə sorğusuna təqdim etdiyi xx.xx.2024-cü il tarixli cavab məktubuna onun Agentlikdə olan bütün tibbi-sosial ekspertiza sənədləri əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş Tibbi-sosial komissiyanın qərarının 3-cü bəndində “Əlilliyin müəyyən edilməməsi halında imtina səbəbi” qrafasında qeyd edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir. Bu məsələ ilə bağlı ekspertin mövqeyi ondan ibarətdir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin rəyində qeyd edilmişdir ki, onda orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnozlar düzgündür. Müəyyən edilir ki, “orta dərəcəli əqli gerilik İQ 35-49” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.2.2-ci bənddə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 65-80% həddində müəyyən edilmişdir. Bu məsələ ilə bağlı birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşaraq iddianı təmin etmişdir. Beləliklə müəyyən olunur ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(116)-285/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(116)-285/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
15. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyətinə məhkəməyə iddia verilənədək Kürdəmir rayon Mərkəzi Xəstəxanasının 0274003AAMNZ saylı göndərişi əsasında baxılmış və “göndərişin natamam doldurulması” səbəbi ilə 20 dekabr 2021-ci il tarixdə imtina qərarı verilmişdir.
26. Bundan sonra iddiaçı tərəfindən 06 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İnzibati iş məhkəmənin icraatında olduğu müddətdə Mingəçevir PND-nin 30 may 2024-cü il tarixli göndərişi əsasında yenidən cavabdeh orqan tərəfindən göndərişə baxılmış və 09 iyun 2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.
27. Məhz bundan sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hər bir halda məhkəmə, iddia verilənədək cavabdeh orqanda qiymətləndirilmiş göndərişə uyğun sonuncu qərara münasibətdə işə baxmalı, ona müvafiq qərar qəbul edərək şəxsin əlilliyinin müəyyən olunmasını həmin göndərişin əsasında qəbul edilmiş imtina qərarından hesablamalıdır.
29. Hazırki halda isə iddia qaldırılanadək verilmiş göndərişə uyğun sonuncu qərar 20 dekabr 2021-ci il tarixdə qəbul edilmiş, həmin qərar iddiaçıya məlum olmuş, həmin qərarı vaxtında mübahisələndirməmiş, yalnız 2 ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Hansı ki, bu hal iddianın mümkün hesab edilməməsi üçün əsas olmuşdur. Lakin, işə məhkəmədə baxılan zaman yenidən göndəriş verilmiş, iddiaçı da iddia tələbini dəqiqləşdirmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri və iddiaçının xəstəliyini nəzərə alaraq hazırki işin əlavə olaraq yubandırılmasına zərurət görmür və hesab edir ki, işə mahiyyəti üzrə baxmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.
30. Bundan başqa, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının cavabdehin imtinasını mübahisələndirmə zərurəti olmasına baxmayaraq məhkəmənin əsaslandırmasında hansı səbəbdən bu zərurətin olmaması qənaətinə gəlməsi anlaşılan deyildir. Yəni, iddiaçı aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir.
32. Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.
33. Digər tərəfdən, TSEK-in göndərişin natamam və yanlış doldurulması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina qərarlarının motivasiyasını aydınlaşdırmaq mümkün olmur, yəni natamamlıq və yanlışlığın nədə təzahür etməsi tam dəqiqliklə göstərilmir. Halbuki, normativ hüquqi sənəddə həkim komissiyası tərəfindən göndərişdə əks etdirilməli olan məlumatlar siyahı şəklində tam dəqiqliklə göstərilmişdir ki, həmin siyahıya şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər daxildir ("Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndi). Göstərilənlərə müvafiq olaraq, TSEK də göndərişin natamam və ya yanlış doldurulması və buna görə də, əlilliyin qiymətləndirilməsinin mümkün olmaması barədə qənaətini dəqiqliklə və yuxarıda qeyd olunan konkret əsaslara söykənən qaydada əsaslandırmalıdır.
34. Azərbaycan Respublikasının Ali Məhkəməsi Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmal məktubunda da göstərilmişdir ki, bu baxımdan, məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən, ilk növbədə, göndərişdəki məlumatların natamamlığının və ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır. Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır.
35. Kollegiya cavabdeh orqanın “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə imtinası ilə bağlı isə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsassızlığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) olmaqla müəyyən edilmişdir.
36. Həmçinin, iddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozlara dair F70 (yüngül dərəcəli əqli gerilik, İQ58) və F70.1 (qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu) XBT kodlarına istinad etmişdir.
37. Eyni zamanda, həmin diaqnoz iş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 1011 nömrəli məktubu və ona əlavə olunmuş 74 saylı rəyi ilə təsdiq edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş diaqnozlar düzgündür.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavəyə uyğun qiymətləndirilmişdir. Müəyyən edilir ki, “orta dərəcəli əqli gerilik İQ 35-49” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.2.2-ci bənddə (adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi müddətsiz 65–80% həddində müəyyən edilmişdir. İddiaçının anamnez məlumatlarında onun qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkməsi qeyd edilmiş və ekspert rəyi ilə təsdiq edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.
40. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
41. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
42. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi- instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz öz təsdiqini tapmadığı halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyinəzərdən qiymət verilməlidir.
45. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
46. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
47. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
49. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
51. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli 2-1(116)-285/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.