Məhkəmə qərarları › İş №2-1(107)-484/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-484/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-484/2025 27.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına dair 2 il müddətində üçüncü dərəcəli əlilliyin təyin olunmasına dair qəbul edilən qərarın dəyişdirilərək, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına dair qərar qəbul edilərək müddətsiz 1-ci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1084/2025 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına dair 2 il müddətində üçüncü dərəcəli əlilliyin təyin olunmasına dair qəbul edilən qərarın dəyişdirilərək, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına dair qərar qəbul edilərək müddətsiz 1-ci qrup əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Yuxarı Tala kəndində yaşayır. xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən iddiaçıya xx.xx.2026-cı il tarixinədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyi ağırlaşdığından, eyni zamanda ilkin xəstəliyindən əlavə yanaşı xəstəliklər olduğundan əlillik vəziyyəti yenidən qiymətləndirilmiş xx.xx.2024-cü il tarixdən 2 illik müddətinə xx.xx.2026-cı il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar iddiaçıya İrsi spastik paraplegiya, Aşağı spastik pgaraparez, Ştrutnpel xəstəliyi, sol incik sinir travması, Osteofit, Essensial (birinci) hipertenziya, onurğanın osteoxondrozu diaqnozu qoyulmuşdur. Cavabdeh orqanın əlilliyi ilə bağlı vermiş olduğu orqanizmin funksiyalarının 60% pozulması faizi ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il arixədək üçüncü dərəcə əlilliyinin təyin olunmasına dair qərarını əsassız hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: İrsi spastik paraplegiya, aşağı spastik paraparez ştrumpel xəstəliyi. Sol incik sirin travması. Osteofit. Essensial [birincili] hipertenziya, Onurğanın osteoxondrozu,.; Meyar: 6.Sinir sistemi xəstəlikləri=>Serebral iflic və digər paralitik sindromlar=>Spastik paraplegiya=>mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayimstatodinamik pozuntular=> . olaraq OFP: 60% olmaqla 2 il müddətinə əlillik təyin edilmişdir.

4. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 aprel 2025-ci il tarixli 2- 1(116)-1084/2025 qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini dəlillərini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1 (107)-1084/2023 saylı xx.xx.2025-cı il tarixli qərarına əsasən iddiası təmin edilməmişdir. Qərardan narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçının mövcud sağlamlıq vəziyyətinin aid olunduğu diaqnozun 6.5.1.6-cı bənddə göstərilən qiymətləndirici əlaməti (əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyrimümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular ) OFP-nin 85-100 faiz dərəcəsinin, müddətsiz müəyyən edilməsini nəzərdə tutur ki,həmin diaqnozla da iddiaçının barəsində tərtib edilmiş forma 88 göndərişi tamamilə fərqlidir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının barəsində təqdim edilmiş forma 88 göndərişi və onun hazırkı sağlamlıq vəziyyəti yoxlanılmışdır. Nəticədə iddiaçı barəsində qoyulmuş "İrsi spastik paraplegiya, aşağı spastik paraparez ştrumpel xəstəliyi. Sol incik sirin travması. Osteofit." diaqnozu təsdiq olunmuşdur. Lakin,həmin diaqnoz qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda nəzərdə tutulan OFP-nin 40- 60 faiz pozulması kimi əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi tamamilə əsassızdır. Ona təyin olunmuş diaqnozla onun barəsində tərtib edilmiş forma 88 göndərişi tamamilə fərqli olması iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdeh orqanın xəstəliyim ilə əlaəqdar mənə təyin etdiyi diaqnoz əlilliyin qiymətləndirilməsi meyarlarında OFP-nin 85-100 faiz dərəcəsinin və əlilliyin müddətsiz müəyyən edilməsini nəzərdə tutur. Hətta cavabdeh orqanın etirazında qeyd etdiyi əsaslar ilə əlilliyin qiymətləndirilməsi meyarlarına əsasən ona müddətsiz OFP-65-80 fazı pozulması əsası ilə müddətsiz 1 qrup əlillik təyin edilməli idi. Bunun üçün Şəki İnzibati Məhkəməsinin -1 (107)-1084/2023 saylı xx.xx.2025- d il tarixli qərarını əsassız hesab edərək apellyasiya şikayəti vermişdir. Yuxarıda qeyd etdikləri və inzibati iş materiallarına əlavə olunan sənədlər ilə müəyyən edilir ki, iddian əsaslı olduğundan təmin olunmalı idi. Birinci instansiya məhkəməsinin qeyd olunan halları və inzibati iş materialına əlavə olunan sənədləri tam araşdırmamış və nəticədə əsassız qərar qəbul etmişdir. Şəki İnzibati Məhkəməsi işi tam araşdırmamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(107)-1084/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının tamamilə ləğv olunması və iddiamın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Sədirlik edənin sualına cavab olaraq apellyasiya şikayətininin dəlillərini müdafiə etdiyini bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini bildirmişdir. Əlavə olaraq onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Sədirlik edənin sualına cavab olaraq apellyasiya şikayətininin dəlillərini müdafiə etdiyini bildirmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilmiş və əsaslı olaraq iddia tələbi təmin edilmişdir. Sədirlik edənin sualına cavab olaraq apellyasiya şikayətininin dəlillərini əsassız hesab etdiyini bildirmişdir.

13. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məlumatı;

2. Cavabdehin etirazi.

3. İddiaçı barəsində Əlilik Altsistemindən çıxarışlar;

4. Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş ekspert rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır.

16. Qüvvədə olan Meyarlara əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri aşağıdakı kriteriyalara əsasən müəyyən edilmişdir: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin kriteriyalara əsasən isə sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq əlillik dərəcələndirilmişdir.Sözügedən Meyarların : 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1084/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini qərara almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

22. Kollegiya qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki,, “İnzibati icraat haqqında” Qanunun 16i maddəsində göstərilmişdir ki inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir.

24. Məhkəmə tərəfindən bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

25. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

26. Belə ki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEKin qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər.

27. “İnzibati icraat haqqında” Qanunun normaları ilə müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

28. İşə əlavə edilmiş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli orqanizmin funksiyalarının 60% pozulması kimi müəyyən edilmiş əlilliyinin OFP-nin 81-100 % dərəcəsi kimi dəyişdirilərək İİİ dərəcə əlillik təyin olunması ilə bağlıdır.

29. İddiaçının əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın G81- G83-ci XBT kodlarında nəzərdə tutulmuş serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) diaqnozu əsasında müəyyən edilmişdir.İddiaçı barəsində tərtib edilmiş 28 aprel 2024-cü il müayinə tarixli göndəriş əsasında onun sağlamlıq vəziyyəti təkrar qiymətləndirilmiş və Meyarların 6.5.1.2ci bəndinə əsasən OFP-nin 60 % pozulması kimi müəyyən edilmişdir.

30. İddiaçının mövcud sağlamlıq vəziyyətinin aid olunduğu diaqnozun 6.5.1.6-cı bənddə göstərilən qiymətləndirici əlaməti (əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyrimümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular ) OFP-nin 85-100 faiz dərəcəsinin, müddətsiz müəyyən edilməsini nəzərdə tutur ki, həmin diaqnozla da iddiaçının barəsində tərtib edilmiş forma 88 göndərişi tamamilə fərqlidir.

31. Belə ki, əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır.

32. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür.

33. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.

34. Göründüyü kimi kollegiya tərəfindən iddiaçının barəsində təqdim edilmiş forma 88 göndərişi və onun hazırkı sağlamlıq vəziyyəti yoxlanılmışdır. Nəticədə iddiaçı barəsində qoyulmuş “İrsi spastik paraplegiya, aşağı spastik paraparez ştrumpel xəstəliyi. Sol incik sirin travması. Osteofit.” diaqnozu təsdiq olunmuşdur. Lakin, həmin diaqnoz qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan OFP-nin 40- 60 faiz pozulması kimi əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1084/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar