Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-485/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1989-1994-cü illərdə Balakən rayon Qazma kəndi “Bakı” adına kolxozda (keçmiş “Moskva”) minimum adam günü norması nəzərə alınmaqla faktiki işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1989-1994-cü illərdə Balakən rayon Qazma kəndi “Bakı” adına kolxozda (keçmiş “Moskva”) minimum adam günü norması nəzərə alınmaqla faktiki işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. O, 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı 01.08.1978-ci ildən 10.08.1989-cu ilədək Balakən rayon baş baramaqurutmaxanasında, 01.11.1994-cü ildən 29.12.2004-cü il tarixədək Balakən rayon Qullar kənd körpələr eviuşaq bağçasında, 1989-cu ildən 1994-cü ilədək Balakən rayonu Qazma kəndi “Bakı” adına kolxozda işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 9 saylı regional ərazi filialına təqdim etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 18.05.2021-ci il tarixli məktub ünvanlanaraq qeyd edilmişdir ki, təqdim edilən 01.08.1978-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı 21 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 01.09.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növündən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Odur ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, ona cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerinə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hüquqi şəxs olmadığına görə məhkəmədə cavabdeh qismində iştirak edə bilməz. İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Mazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi flialına təqdim etmişdir. Müraciəti isə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavablandırılmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 14 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-1335/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1989- 1994-cü illərdə Balakən rayon Qazma kəndi “Bakı” adına kolxozda (keçmiş “Moskva”) minimum adam günü norması nəzərə alınmaqla faktiki işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadından iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadını qanunsuz hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hüquqi şəxs olmadığına görə məhkəmədə cavabdeh qismində iştirak edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı isə MM-nin 43.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, o, yaşa görə əmək pensiyasına çıxmaq üçün sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına təqdim etmişdir. Müraciəti isə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavablandırılmışdır. Hazırkı iş üzrə qaldırdığı iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Müraciət etdiyi orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialıdır, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır. Belə olan halda hər iki orqan hüquqi şəxsin filialıdır. Buna görə də hesab edir ki, hazırkı işin ərazi aidiyyəti üzrə baxılması iddiaçı tərəfindən seçilən məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iş üzrə qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edərkən İPM-in həmin vaxt (14 sentyabr 2021-ci il tarixdə) qüvvədə olan 8.1.2-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 80) Bakı şəhəri ərazisində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarında Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə kollegiyası birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin köhnə redaksiyasına əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 09 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 715) ilə İPMin 8.1.2-ci maddəsinə dəyişiklik edilərək, maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunmuşdur və maddəyə yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir: Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Həmin dəyişiklik 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, indiki vəziyyətdə artıq Şəki İnzibati Məhkəməsi hazırkı mübahisəyə baxmağa səlahiyyətli olduğundan qərardad ləğv olunmalı və baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7, 87.7.2-ci maddələrinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İPM-in 8.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 8.6-ci maddəsinə görə, inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1989-1994-cü illərdə Balakən rayon Qazma kəndi “Bakı” adına kolxozda (keçmiş “Moskva”) minimum adam günü norması nəzərə alınmaqla faktiki işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadından İddiaçı tərəfindən verilmiş apellaysiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadı ləğv edilməli və inzibati işin materialları mahiyyəti üzrə baxılması üçün həmin Məhkəməyə qaytarılmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1335/2021 saylı qərardadı ləğv edilsin və inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-485/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-485/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver