Məhkəmə qərarları › İş №2-1(107)-486/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-486/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-486/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzelhamamdan ibarət tikililər üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.m olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində atası Məmməd Məmmədovun mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililərin mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri Topçubaşov (keçmiş xəstəxana döngəsi ev 4) küçəsi 6 saylı ev Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969cu il tarixli 1 saylı qərarı ilə X5 4 nələr ailə üzvü ilə birlikdə verilmişdir. Bundan sonra X6 və arvadı Afəyət, övladları Etibar, cavabdeh Zahir, bacı Arzunun adına 353 saylı order yazılmışdır. Həmçinin həyətdə 0,08 ha xüsusi mülkiyyətdə torpaq sahəsi vardır. Belə ki, həmin torpaq sahəsinin 1/2 hissəsi iddiaçının, 1/2 hissəsi Azad Məmmədovun mülkiyyətindədir. Həmin həyətdə atası Məmməd Məmmədovdan miras qalmış 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv. metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamamdan ibarət tikililər üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır.

5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri, dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməklə Mingəçevir regional ASAN xidmət Mərkəzində fəaliyyət göstərən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin əməkdaşlarına müraciət etdiyi təqdirdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Mahiyyəti üzrə iddiaçının mülkiyyət hüquqlarınn qeydiyyata alınmasından Ərazi İdarəsi tərəfindən imtina edilməmişdir.

6. Əlavə olaraq bildirilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-6/2022 nömrəli icra vərəqəsinə əsasən ünvan 3 ünvanda inşa olunmuş tikililərə mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qadağan edilməsi barədə ərazi idarəsi tərəfindən müvafiq qeydlər aparılmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 may 2024-cü il tarixli, 2- 1(116)-988/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - xx.xx.2023-cü il tarixli ilkin müraciət ərizəsi, AZ-İ 983029 nömrəli Ölüm haqqında şəhadətnamənin surəti, X2 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı (Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1969-cu il tarixli 1 saylı protokoluna əsasən X5 yaşayış sahəsinin ayrılması barədə), Mingəçevir şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1969-cu il tarixli 1 saylı protokolu, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.1969-cu il tarixli 353 nömrəli order, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər..

16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

19. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

21. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 aprel 1969-cu il tarixli 1 saylı qərarı ilə mərhum X5 4 nələr ailə üzvü ilə birlikdə verilmiş ünvan 3 evin sonradan artırılmış tikililəri (5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzel-hamam) üzərində mülkiyyət hüququnun mərhum Məmməd Məmmədova məxsus olması barədə arayışı əldə edilməsinə nail olmaqdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən həmin tələbin irəli sürülməsi üçün əvvəlcə analoji tələbə uyğun olaraq inzibati orqanda ilkin inzibati araşdırmanın aparılması müəyyən edilməlidir

23. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir.

24. İş materiallarında olan cavadeh orqanın iddia tələbinə etirazına dair məktubdan görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri, dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməklə Mingəçevir regional ASAN xidmət Mərkəzində fəaliyyət göstərən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin əməkdaşlarına müraciət etdiyi təqdirdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Beləliklə, mahiyyəti üzrə iddiaçının mülkiyyət hüquqlarınn qeydiyyata alınmasından cavabdeh orqan tərəfindən imtina edilməmişdir. İş materiallarından imtinanın olması aşkar edilməmişdir.

25. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi kollegiyanın iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir.

26. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

27. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-988/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında olan 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64, 12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanuzelhamamdan ibarət tikililər üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar