Məhkəmə qərarları › İş №2-1(107)-487/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-487/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-487/2024 27.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)- 701/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaqların elektron X3ndə qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-701/2024 nömrəli qərardadı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2013-cü il tarixli 3M-01-77 reyestr saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28,0 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək) ona icarəyə verilmişdir.

6. Həmin müqavilə əsasında icarə hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına aldıraraq, bu barədə adına xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

7. İcarəsinə verilmiş həmin torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyasına görə örüş sahəsi kimi göstərilsə də, ərazi faktiki olaraq xüsusiyyətlərinə görə kənd təsərrüfatı məhsullarının istehsal edilməsinə daha uyğun olduğundan, həmin ərazidə nar bağı salmışdır, həmin bağa aqrotexniki qulluq göstərmişdir. Hazırda həmin ərazidə böyük nar bağı mövcuddur.

8. Müraciəti əsasında həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilmiş, lakin həmin sənədin “Torpaq sahəsinin kadastr ölçüləri" hissəsində torpaq sahəsinin keyfiyyət qrupu İİİ, bonitet balı 53, eləcə də uqodiyası “örüş” kimi göstərilmişdir. Buradan məlum olur ki, Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanarkən torpaqların elektron X3ndə qeyd edilmiş məlumatlara uyğun deyil, islahat xəritəsinə uyğun məlumatlar əsasında tərtib olunmuşdur.

9. Bundan sonra o cavabdeh inzibati orqana müraciət edilərək, xx.xx.2023-cü il tarixli **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçülən qrafasında müvafiq dəyişikliklər aparılaraq, torpaqların elektron X3ndə qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi xahiş olunmuşdur.

10. Cavabdeh inzibati orqan 31 avqust 2023-cü il tarixli 3-21-3-35/2-0-0011-39 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmişdir.

11. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı Ağdaş rayonu Kükəl kəndində yerləşən xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaqların elektron X3ndə qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir.

12. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Aparılan araşdırma nəticəsində, iddiaçının icarəsində olan 28.0 ha torpaq sahəsinin Kükəl bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) kənd təssərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalı torpaqlar olması müəyyən edilmişdir.

13. İddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə və Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanına əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

14. Ağdaş rayonu Kükəl bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış Ağdaş rayonu Kükəl bələdiyyəsinin ("X1 X3’ndə olan) xəritəsi eynilik təşkil edir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı təmiz örüş uqodiyalı torpaq sahəsidir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

15. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərinə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

16. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2013-cü il tarixli 3M- 01-77 reyestr saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28,0 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012ci il tarixdən xx.xx.2027-ci il tarixədək) İddiaçı icarəsinə verilmişdir.

17. Həmin müqavilə əsasında İddiaçı icarə hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, bu barədə xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

18. İcarəyə verilmiş torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmuşdur. Lakin həmin torpaq sahəsi əkin və meyvə bağları ilə əhatə olunan torpaq sahələri ilə həmsərhəd ərazidə yerləşiyi üçün örüş kimi faktiki olaraq istifadə olunmamışdır. Çünki, qonşular örüş sahəsi kimi nəzərdə tutulmuş sahəyə mal-qaranın keçərək, onların əkin və bağlarına ziyan vurulmasından narazı olmuşlar və buna görə də, kompromis variant kimi sahədən örüş məqsədləri üçün istifadə edilməməsi qərara alınmışdır. Torpaq boş, istifadəsiz qalmasın, insanlara fayda versin, kənd təsərrüfatı məhsulları istehsalına töhfə versin deyə, bağ sahəsinin salınmasına razılıq verilmişdir. Yəni, həmin sahə, həm də qonşu sahələrin hüquq sahibləri ilə bələdiyyə arasında ümumi razılıq əldə olunmuşdur ki, heç bir şəxsə, yaxud heç bir şəxsin mənafelərinə ziyan dəyməsin. Sahənin bu şəkildə istifadə olunmasına heç kim etiraz etməmişdir.

19. Bundan sonra, örüş sahəsi kimi qeyd olunan torpaq sahəsi hüquq sahibi İddiaçı tərəfindən yararlı hala gətirilmiş, zəruri aqrotexniki işlər görülmüş, 2019-cu ildə nümunəvi bağ sahəsi salınmışdır.

20. Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Ağdaş rayonu Kükəl kəndi ərazisində torpaq sahələrinin elektron uçot işləri aparılarkən, qeyd edilən 28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq, uqodiyası çoxillik əkmələr kimi işlənmişdir.

21. Lakin İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin uqodiyası TEKUİS məlumatlarına əsasən çoxillik əkmələr kimi deyil, 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmış xəritə materiallarına (DVJ) əsasən örüş sahəsi kimi göstərilmişdir. Halbuki, faktiki istifadə vəziyyətinə görə də, yeni elektron daşıyıcıya edilmiş qeydlərə əsasən də həmin torpaq sahəsinin uqodiyası örüş sahəsi deyil, çoxillik əkmələr xarakterlidir.

22. Eyni zamanda, qeyd etməyi zəruri hesab edirəm ki, 28 ha torpaq sahəsi ilə həmsərhəd, eləcə də qonşuluqda olan torpaq sahələrinin hamısı bağ və əkin sahələridir.

23. Kənd əhalisinin kifayət qədər geniş başqa örüş sahələri olduğu üçün, eləcə də, 28 ha torpaq sahəsi kənddən xeyli uzaq olduğuna görə, həmin torpaq sahəsinin örüş kimi istifadə olunmasına hər hansı zərurət yoxdur. Digər tərəfdən, qonşu torpaq sahələri sahiblərinin bununla bağlı hər hansı narazılığı yoxdur.

24. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

25. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

27. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 may 2024-cü il tarixli 2- 1(116)-701/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

28. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf ona ayrılmış (icarə qaydasında) torpaq sahəsindən təyinatına uyğun istifadə etməmişdir (hazırda istifadəçilik davam edir). İddiaçının iddia əsaslarını nəzərdən keçirdikdə məlum olur ki, iddiaçı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2013-cü il tarixli 3M-01-77 reyestr saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28,0 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək) iddiaçıya icarəyə verilmişdir. Həmin müqavilə əsasında icarə hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına aldıraraq, bu barədə adına xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (icarə müqaviləsi qeydiyyata alınmışdır) verilmişdir. İcarəsinə verilmiş həmin torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyasına görə örüş sahəsi kimi göstərilsə də, ərazi faktiki olaraq xüsusiyyətlərinə görə kənd təsərrüfatı məhsullarının istehsal edilməsinə daha uyğun olduğundan, həmin ərazidə nar bağı salmışdır, həmin bağa aqrotexniki qulluq göstərmişdir. Hazırda həmin ərazidə böyük nar bağı mövcuddur. Artıq məlum olur ki, torpaq sahəsinin uqodiyası faktiki vəziyyətdə (yəni sənəd əsaslı deyil, yerində müyyən edildikdə) hər-hansı bir əsasla deyil, məhz iddiaçının davranışına (torpaq sahəsindən hansı formada istifadə etdiyinə) görə dəyişdirilmişdir. Bu faktın təsdiq olunmasını Ərazi İdarəsindən tələb etməsi (yəni plan-ölçü sənədindən müvafiq dəyişikliyin aparılması) əsassızdır. Belə ki, kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Digər bir tərəfədn nəzərə alınmalıdır ki, faktiki vəziyyətdə torpaq sahəsi iddiaçıya müvafiq icarə müqaviləsi ilə ayrılmışdır. Yəni balanssaxlayıcı (mülkiyyət sahibi) bələddiyənin həmin torpaq sahəsinin örüş uqodiyasından əkin uqodiyasına çevrilməsi barədə mülkiyyət sahibi kimi bələdiyyə özü çıxış etməlidir. Həmin torpaq sahəsindən faktiki vəziyyətdə iddiaçının istifadəçilik vəziyyəti əsaslı olsa da (hansı ki qeydiyyata alınmış icrarə hüquqları mövcuddur) gələcəkdə (müqavilənin müddətinin bitməsindən sonra dövr nəzərdə tutulur) mülkiyyət sahibi bələdiyyənin həmin torpaq sahəsində olan çoxillik əkmələrin müqəddəratı barədə müvafiq orqanlar tərəfindən razılaşdırılmış qaydada məhv ediləcəyi güman edilərsə yenidən torpaq sahəsinin uqodiyası çoxillik əkmələrin olmaması səbəbindən örüş kimi qeyd edilməsi zərurəti yarancaqdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-701/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-701/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-701/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

33. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

34. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli tarixli imtina məktubu, - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (28 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun xx.xx.2012-ci ildən 15 il müddətinə dövlət qeydiyyatına alınması barədə), - B037004 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (torpaq sahəsinin kadastr göstəricilərində uqodiyası örüş qeyd edilmişdir), - Ağdaş rayonu Kükəl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa əsasən, 28 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə iddiaçıya icarəyə verilmişdir. - İddiaçıya 28 ha torpaq sahəsinin ayrılması barədə Ağdaş rayonu Kükəl bələdiyyəsindən hərrac yolu ilə icarəyə veriləcək torpaq sahəsinin yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayonu şöbəsi və Ağdaş rayonu Kükəl bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 79 nömrəli rəyinə əsasən, iddiaçıya heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə icarəyə veriləcək torpağı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu (iddiaçıya ünvanlanmış məktubda torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, TEKUİS-də uqodiyası və alt uqodiyası çoxillik əkmələr qeyd edilib). - Ağdaş rayonu Kükəl bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 76 nömrəli məktubuna əsasən, İddiaçı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2013-cü il tarixli 3M-01-77 reyestr saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28,0 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək) İddiaçı icarəsinə verilmişdir. Həmin müqavilə əsasında İddiaçı icarə hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, bu barədə xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmuşdur. Lakin həmin torpaq sahəsi əkin və meyvə bağları ilə əhatə olunan torpaq sahələri ilə həmsərhəd ərazidə yerləşdiyi üçün örüş kimi faktiki olaraq istifadə olunmamışdır. Çünki, qonşular örüş sahəsi kimi nəzərdə tutulmuş sahəyə malqaranın keçərək, onların əkin və bağlarına ziyan vurulmasından narazı olmuşlar və buna görə də, kompromis variant kimi sahədən örüş məqsədləri üçün istifadə edilməməsi qərara alınmışdır. Torpaq boş, istifadəsiz qalmasın, insanlara fayda versin, kənd təsərrüfatı məhsulları istehsalına töhfə versin deyə, bağ sahəsinin salınmasına razılıq verilmişdir. Yəni, həmin sahə, həm də qonşu sahələrin hüquq sahibləri ilə bələdiyyə arasında ümumi razılıq əldə olunmuşdur ki, heç bir şəxsə, yaxud heç bir şəxsin mənafelərinə ziyan dəyməsin. Sahənin bu şəkildə istifadə olunmasına heç kim etiraz etməmişdir. Bundan sonra, örüş sahəsi kimi qeyd olunan torpaq sahəsi hüquq sahibi İddiaçı tərəfindən yararlı hala gətirilmiş, zəruri aqrotexniki işlər görülmüş, 2019-cu ildə nümunəvi bağ salınmışdır. Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Ağdaş rayonu Kükəl kəndi ərazisində torpaq sahələrinin elektron uçot işləri aparılarkən, qeyd edilən 28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq, uqodiyası çoxillik əkmələr kimi işlənmişdir. Lakin İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin uqodiyası TEKUİS məlumatlarına əsasən çoxillik əkmələr kimi deyil, 16 iyul 1996-cı il tarixli «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmış xəritə materiallarına (DVJ) əsasən örüş sahəsi kimi göstərilmişdir. Halbuki, faktiki istifadə vəziyyətinə görə də, yeni elektron daşıyıcıya edilmiş qeydlərə əsasən də həmin torpaq sahəsinin uqodiyası örüş sahəsi deyil, çoxillik əkmələr xarakterlidir. Eyni zamanda, qeyd etməyi zəruri hesab edirəm ki, 28 ha torpaq sahəsi ilə həmsərhəd, eləcə də qonşuluqda olan torpaq sahələrinin hamısı bağ və əkin sahələridir. Kənd əhalisinin kifayət qədər geniş başqa örüş sahələri olduğu üçün, eləcə də, 28 ha torpaq sahəsi kənddən xeyli uzaq olduğuna görə, həmin torpaq sahəsinin örüş kimi istifadə olunmasına hər hansı zərurət yoxdur. Digər tərəfdən, qonşu torpaq sahələri sahiblərinin bununla bağlı hər hansı narazılığı yoxdur. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Kükəl bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına əsasən Ağdaş rayonu, Kükəl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş 28.0 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiz örüş (ümumi istifadəyə verilmiş) torpaq sahəsidir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalıdır. Həmin məlumatlar “X1 X3”ndə olan məlumatlarla eynilik təşkil edir. Həmin məlumatlar artıq xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə məhkəməyə bildirilmiş, qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, uqodiyası və alt uqodiyası çoxillik əkmələr olaraq göstərilmişdir. Uqodiya və alt uqodiyasının çoxillik əkmələr kimi qeyd edilməsinin səbəbi isə iddiaçı tərəfindən həmin torpaq sahəsinə aqrotexniki qulluq göstərməsi səbəbindən torpaq sahəsinin uqodiyasının iddiaçının hərəktlərinə uyğun olaraq dəyişdirməsi və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanın tələblərinə uyğun olaraq yerində müayinə olunan zaman elektron bazaya naturada görülən formada qeyd edilməsi təşkil etmişdir. Faktiki vəziyyətdə torpaq sahəsinin uqodiyası “örüş” olaraq saxlanılmış, dəyişdirilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

35. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

37. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

38. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

39. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

40. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

41. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

42. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan torpaq sahəsinin çoxillik əkmələr olması ilə bağlı torpaqların kadastr X3ndə dürüstləşdirilmiş məlumata malik olduğu halda, torpaq sahəsinin islahat uqodiyasına istinad etməklə imtina cavabı verməkdə haqlı olmamışdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, iş materiallarının və məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, Ağdaş rayonu Kükəl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarı ilə 28 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə iddiaçıya icarəyə verilməsi qərara alınmışdır. İddiaçıya 28 ha torpaq sahəsinin ayrılması barədə Ağdaş rayonu Kükəl bələdiyyəsindən hərrac yolu ilə icarəyə veriləcək torpaq sahəsinin yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayonu şöbəsi və Ağdaş rayonu Kükəl bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 79 nömrəli rəyi ilə də iddiaçıya heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə icarəyə veriləcək torpağı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 28 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ xx.xx.2012-ci ildən 15 il müddətinə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının adına B037004 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və torpaq sahəsinin kadastr göstəricilərində mübahisə predmeti olan 28 ha torpaq sahəsinin uqodiyası örüş olaraq qeyd edilmişdir. Bundan sonra iddiaçı Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada idarənin səlahiyyətində deyildir.

46. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, hazırkı inzibati mübahisə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı yox, uqodiyanın düzgün qeyd edilməsi ilə bağlıdır. Yəni, hər bir halda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı olmaqla davam edir. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mübahisə ilə bağlı hər hansı inzibati fəaliyyətin həyata keçirilməsi zərurəti yoxdur. Cavabdeh orqan torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi ilə “X1 X3”ndə olan məlumatların eynilik təşkil etdiyini və hər iki bazada torpaq sahəsinin uqodiyasının örüş olduğunu bildirsə də, iş materiallarında olan, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda sözügedən torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, uqodiyası və alt uqodiyası çoxillik əkmələr olaraq göstərilmişdir. Yəni, faktiki olaraq cavabdeh orqan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasını təmin edərək torpaq sahəsinin uqodiyasını çoxillik əkmələr olaraq müəyyən etmişdir. Torpaq sahəsinin aid olduğu Ağdaş rayonu Kükəl bələdiyyəsi də, sözügedən torpaq sahəsinin əvvəllər örüş sahəsi olsa da, sonradan əkin və meyvə bağları ilə əhatə olunan torpaq sahələri ilə həmsərhəd ərazidə yerləşdiyindən və kənddən xeyli uzaq olduğuna görə həmin torpaq sahəsinin örüş kimi istifadə olunmasına hər hansı zərurət olmadığından faktiki olaraq örüş kimi istifadə olunmamasını, bununla bağlı qonşu sahələrin hüquq sahibləri ilə bələdiyyə arasında ümumi razılığın əldə olunmasını, faktiki istifadə vəziyyətinə görə yeni elektron daşıyıcıya edilmiş qeydlərə əsasən həmin torpaq sahəsinin uqodiyasının çoxillik əkmələr olmasını bildirmişdir.

47. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən X1 X3nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X1 X3nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır.

48. İş materiallarından da göründüyü kimi, Ağdaş rayonu Kükəl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarı ilə 28 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə iddiaçıya icarəyə verilməsi qərara alınmışdır. İddiaçıya 28 ha torpaq sahəsinin ayrılması barədə Ağdaş rayonu Kükəl bələdiyyəsindən hərrac yolu ilə icarəyə veriləcək torpaq sahəsinin yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayonu şöbəsi və Ağdaş rayonu Kükəl bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin dövrdə səlahiyyətli dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 79 nömrəli rəyi ilə də iddiaçıya heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə icarəyə veriləcək torpağı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

49. Bundan başqa məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalıdır. Həmin məlumatlar “X1 X3”ndə olan məlumatlarla eynilik təşkil edir. Həmin məlumatlar artıq xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə məhkəməyə bildirilmiş, qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, uqodiyası və alt uqodiyası çoxillik əkmələr olaraq göstərilmişdir. Uqodiya və alt uqodiyasının çoxillik əkmələr kimi qeyd edilməsinin səbəbi isə iddiaçı tərəfindən həmin torpaq sahəsinə aqrotexniki qulluq göstərməsi səbəbindən torpaq sahəsinin uqodiyasının iddiaçının hərəktlərinə uyğun olaraq dəyişdirməsi və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanın tələblərinə uyğun olaraq yerində müayinə olunan zaman elektron bazaya naturada görülən formada qeyd edilməsi təşkil etmişdir. Lakin qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin uqodiyası “örüş” olaraq saxlanılmış, dəyişdirilməmişdir.

50. Göründüyü kimi, Ağdaş rayonu Kükəl bələdiyyəsi məhkəmə kollegiyasına təqdim etdiyi apellyasiya şikayətinə etiraz məktubunda mübahisə predmeti olan torpaq sahəsinin hazırkı istifadə vəziyyətinə görə uqodiyasının çoxillik əkmələr olduğunu göstərsə də qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin uqodiyası “örüş” olaraq saxlanılmış, dəyişdirilməmişdir.

51. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, iş üzrə verilmiş rəydə göstərilən torpağın uqodiyası barədə məlumatları düzgün təfsir etməmiş, mübahisə predmeti olan torpaq sahəsinin uqodiyasının faktiki istifadə vəziyyətinə əsasən “əkin” qeyd edilməsi tələbini təmin etməklə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq düzgün nəticəyə gəlməmişdir.

52. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

53. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-701/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar