Məhkəmə qərarları › İş №2-1(107)-487/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-487/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-487/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbarıl oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X12 cəlb olunmaqla) «iddiaçıların adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə daxil edilməsi, həyətyanı torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. 437 inventar №-li, 1962-ci ildə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"dan görünür ki, hüquq subyekti olaraq X10, torpaq sahəsinin ölçüsü isə 1026,8 kv.m qeyd edilmişdir.

2. AZ-İİ 367692 №-li “ölüm haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.1965ci ildə vəfat etmişdir.

3. JN-984F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədən görünür ki, sözügedən Şəhadətnamə Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli qərarı əsasında tərtib edilmiş və X8 0,07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

4. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli qərarı və həmin qərarla təsdiq edilmiş subyektlər siyahısından görünür ki, İ.B.Qutqaşınlı adına təsərrüfatın ərazisində torpaq islahatı ilə əlaqədar işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinə dəyişiklik edilməsinə dair İ.B.Qutqaşınlı adına kolxoz YAİK-nın xx.xx.2001-ci il tarixli qərarı barədə RAİK-nın sədrinin məruzəsinin nəzərə alınması və həmin təsərrüfatın ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsində dəyişiklik edilməsinin nəzərə alınmasının Dövlət Torpaq Komitəsindən xahiş edilməsi qərara alınmışdır. Təqdim edilmiş Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 984 sıra nömrəsində “X12”, ailənin tərkibi 1 nəfər, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,07 ha qeyd edilmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivdə saxlanılan Qəbələ şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısında İddiaçı1 və İddiaçı2 adları aşkar edilməmişdir.

6. İddiaçı1 xx.xx.2024-cü il tarixli müraciətində cavabdeh orqandan fərdi yaşayış evi ilə bağlı hüququn mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələb olunmuşdur.

7. Cavabdehin orqan xx.xx.2024-cü il tarixdə İddiaçı1 fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətinin təmin edilməsindən torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984F saylı Şəhadətnamə ilə üst-üstə düşməsi əsas gətirilərək imtina etmişdir.

8. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 müraciətinə cavab olaraq JN-984F saylı şəhadətnamənin verilməsindən imtina olunmuşdur.

9. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə İddiaçı1 xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmiş, İddiaçı1 ilə bağlı hər hansı məlumatın olmadığı qeyd olunmuşdur.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

10. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək «iddiaçıların adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə daxil edilməsi, həyətyanı torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. İddia ərizəsinin əsaslarına görə iddiaçılar Qəbələ şəhəri ərazisində aparılan aqrar islahat zamanı digər bacı və qardaşları ilə birlikdə həmin ünvanda yaşamışlar. X1 da yaşadığı evin yerləşdiyi torpaq sahəsinə aqrar islahatlar zamanı iddiaçıların adları mülkiyyətçi olaraq qeyd edilməli və mülkiyyət sənədi verilməli olduğu halda, heç bir hüquqi əsas olmadan mülkiyyət sənədi verilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. X16 01 iyun 1965-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik üzrə sənədin alınması üçün Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində notariat orqanına müraciət edilmişdir. Mülkiyyət sənədinin əldə olunması üçün 11 mart 2024-cü il tarixdə cavabdeh orqana rəsmi ərizə ilə müraciət edilmiş, lakin 24 aprel 2024-cü il tarixli cavab məktubunda mərhumdan miras qalmış torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984 saylı şəhadətnamə ilə başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Nəticədə məlum olmuşdur ki, mülkiyyət sənədi əsassız və qanuna zidd olaraq Zabit Məsimova verilmişdir. Həmin sənəddə miras hüququ çatan bütün varislər göstərilməmişdir. Mülkiyyət sənədinin alınması məqsədilə Xidmətin mütəxəssisləri tərəfindən yerində baxış və müayinə aparılmış, qanun pozuntuları aşkar edilmiş, lakin cavabdeh imtina məktubu ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Buna görə, digər hüquqi varislərlə birlikdə hüquqi maraqlarına toxunan Zabit Məsimova verilmiş JN-984 saylı şəhadətnamənin məhkəmə qaydasında mübahisələndirilməsi, həmçinin həmin şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətinin verilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

12. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçıların müraciətləri əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunan zaman məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi JN-984F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən başqa vətəndaşın xüsusi mülkiyyəti ilə üst-üstə düşür. Odur ki, müraciətin icrası mümkün olmamışdır.

13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilmişdir.

14. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçıların iddia etdiyi 0,1148 ha torpaq sahəsinin bir hissəsi, yəni 0,07 ha hissəsi X8 mülkiyyətindədir və sonuncunun mülkiyyət hüququnu təsdiqləyən JN-948F kod 40601004 nömrəli şəhadətnamə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Bu səbəbdən də iddiaya “0,07 ha torpaq sahəsinə aid” hissədə baxıla bilməz. İddianın digər hissəsinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, iddiaçıların dəlillərinə əsasən rayonda aparılmış aqrar islahat çərçivəsində onların da adı islahatla torpaq ayrılmış şəxslərin sırasına daxil edilməli idi, lakin bu halın aradan qaldırılması hazırda cavabdeh tərəfindən mümkünsüzdür və üçüncü şəxsin adına verimiş JN-948F kod 40601004 nömrəli şəhadətnamə qüvvədədir. Qeyd olunanları, eləcə də rəyə əsasən qalan 0,0448 ha hissə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını, habelə inzibati icraatda iddiaçılar tərəfindən müvafiq torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qalan hissəsi ilə bağlı da iddia mümkünlük şərtini ödəmir. Nəzərə alınmalıdır ki, iddiaçıların məhkəmə icraatında təqdim etdikləri “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” inzibati icraatda təqdim olunmamışdır. Bundan başqa, həmin pasporta əsasən ev X4 məxsus olmuşdur. Müvafiq vərəsəlik işi açılsa da, iddiaçılar inzibati orqana evə hüququn qeydiyyatı deyil, evə hüququn mərhuma məxsus olması ilə bağlı müraciət etməli, imtina olunduğu halda eyni tələblə məhkəmədə iddia qaldırmalı idilər. Lakin iddiaçıların cavabdeh inzibati orqana müraciəti özlərinin daşınmaz əmlaka hüququnun qeydiyyata alınması olmuşdur və bu səbəbdən də iddianın dəyişdirilməsinin iddiaçılara tövsiyə olunmasını məhkəmə zəruri bilməmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

16. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın dəqiqləşdirilməsi nəzərə alınmaqla təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşdirilmiş məzmunda yeni iddia tələbində iddiaçılar ünvan 2 ünvanında yaşayan, X12 adına rəsmləşdirilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984 saylı şəhadətnamənin ləğv edilməsi, həmin ünvanda yerləşən torpaq sahəsinin mülkiyyətçisi olaraq adlarının qeyd edilməsi, mülkiyyət sənədinin və hüquqların dövlət qeydiyyatına alınması, eləcə də plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılımış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə qanunvericiliyin tələblərinə diqqət etməmiş, üçüncü şəxsin adına mülkiyyət hüququnu təsdiq edən və Zabit Məsimova verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-984 F saylı şəhadətnaməni (şəhadətnamənin ləğv edilməsi tələbinin iddiaya əlavə edilməklə, iddianın dəqiqləşdirilməsi) məhkəmə qaydasında mübahisələndirmək üçün həmin sənədin ləğv edilməsinin iddiaya dəqiqləşdirilməsinə dair hüquqlarını nəzərinə çatdırmasına dair yardım məktubunu ünvanına göndərməmişdir. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasına görə işə baxan hakim bu barədə yardım məktubu ilə bu barədə hüquqlarını izah edə bilərdi. Bundan başqa cavabdehə rəsmi olaraq müraciət etsələr də, Zabit Məsimova verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-984 F saylı şəhadətnamənin surəti onlara təqdim edilməmişdir. Buna görə də "Torpağın mülkiyyətə verilməsinə dair" JN-984 F saylı şəhadətnamənin məhkəmə qaydasında mübahisələndirmək mümkün olmamışdır. İşə baxan hakim apellyasiya şikayəti verilən qərardadın əsaslandırıcı hissəsində bu məsələyə istinad etmişdir. Hakimin göstərdiyi bu əsaslandırma yardım məktubu olduğu halda məntiqi və qanuni olardı. Qeyd etdiyi əsasa görə də məhkəmənin gəldiyi bu formal nəticə ilə razılaşmırlar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

19. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçılar əlavə olaraq bildirdilər ki, cavabdeh orqana müraciətlərində məqsədləri mərhum atalarının yox, özlərinin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması olmuşdur. Mübahisəli torpaq sahəsi şərti sərhədlə üçüncü şəxsin aralarında bölünmüşdür. Üçüncü şəxs mütəmadi olaraq onları döyüb evdən qovmaqla hədələdiyindən özlərinə məxsus torpaq sahəsinin sənədləşdirilməsini istəyirlər. Onların hüquqi marağı faktiki olaraq yaşadıqları evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasıdır. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

27. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

28. İş materiallarında olan ilkin iddia ərizəsindən görünür ki, iddiaçılar qeyd edirlər ki, “mərhum X2 miras qalmış fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə mülkiyyət sənədinin əldə edilməsi üçün cavabdeh orqana müraciət etmişlər, lakin, onlara fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984F saylı Şəhadətnamə ilə başqa vətəndaşın mülkiyyətinə verilmiş Şəhadətnamə ilə üst-üstə düşməsi bildirilmişdir. Zabit Məsimov həyətyanı bütün torpaq sahəsinə şəhadətnamə almağa müvəffəq olmuş, buna görə hesab edirlər ki, həmin Şəhadətnamənin məhkəmə qaydasında mübahisələndirilməsi yolu ilə ləğv edilməsinə nail olmaqla öz adlarına mülkiyyət sənədi ala bilərlər”.

29. Birinci instansiya məhkəməsində iddiaçıların cavabdeh orqana qarşı irəli sürdükləri tələb aşağıdakı kimi olmuşdur: - Torpağın mülkiyyətə verilməsinə dair” JN-984F saylı Şəhadətnaməyə adlarının mülkiyyətçi olaraq əsassız surətdə daxil edilmədiyini və Qəbələ şəhərində yuxarıda qeyd edilən ünvanda hələ islahatdan əvvəl pasport qeydiyyatında olmaları nəzərə alınaraq həmin ünvanda yerləşən torpaq sahəsinin mülkiyyətçisi olaraq adının qeyd edilməsi ilə çıxarışın və plan-ölçü sənədinin verilməsi.

30. Hazırkı qərardadın 6-9-cu bəndlərindən göründüyü kimi cavabdeh orqana bütün müraciətlər İddiaçı1 tərəfindən edilmiş və həmin müraciətlər JN-984F saylı şəhadətnamənin verilməsi, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, fərdi yaşayış evi ilə bağlı hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur (iş materiallarında olan cavabdeh orqan xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətində hər iki iddiaçının ona fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyini bildirmişdir. Lakin, əlavə edilmiş ərizədən görünür ki, ərizə ancaq 1 nəfər tərəfindən imzalanaraq təqdim edilmişdir).

31. Tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, ümumiyyətlə İddiaçı2 tərəfindən cavabdeh orqana müraciət edilməmiş və cavabdeh orqan tərəfindən onun subyektiv hüquqlara müdaxilə ilə nəticələnəcək imtina cavabı verilməmişdir.

32. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqana təqdim edilmiş ərizələrdə müraciət edən şəxsin mülkiyyət hüququnun qeydiyyatı və çıxarışın verilməsi ilə bağlı tələblər öz əksini tapdığından İddiaçı2 və İddiaçı1 İPM-nin 30.1 və 30.2-ci maddəsinin tələbləri baxımından prossesual həmiştirakçılar sayıla bilməzlər.

33. Hüququn ölmüş şəxsə məxsusluğu ilə bağlı arayışın verilməsinə dair müraciətdə isə arayışın verilməsi tələb olunan daşınmaz əmlak obyekti olaraq fərdi yaşayış evi göstərildiyindən və hazırda tərəflər arasında yaranan mübahisə torpaq sahəsi ilə bağlı olduğundan sözügedən müraciət də, iş üzrə İddiaçı2 və İddiaçı1 İPM-nin 30.1 və 30.2-ci maddəsinin tələbləri baxımından prossesual həmiştirakçı kimi qəbul edilməsinə səbəb olmur (İddiaçı1 cavabdeh orqana yönəlmiş ilkin tələbləri fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı çıxarışın verilməsi olsa da, birinci instansiya məhkəməsində qaldırılmış iddia tələbi – yalnız torpaq sahəsinin mülkiyyətçisi olaraq adının qeyd edilməsi, çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarət olmuşdur).

34. İş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıların və üçüncü şəxsin ümumi birgə istifadəsində olan, faktiki naturada ölçülmüş 0,1148 hektar torpaq sahəsinin 0,07 hektarı X9 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,03 hektarı bələdiyyə mülkiyyətində olan çoxillik əkmələr torpaqlarına, 0,0148 hektarı isə bələdiyyənin ümumi istifadədə olan yol torpaqlarına düşür. X5 X6 isə 0,07 hektarlıq hissə xüsusi mülkiyyət kimi göstərilmiş, 0,03 və 0,0148 ha torpaq sahələri bələdiyyə mülkiyyətində olmaqla, tikinti altında olan torpaqlar kimi qeyd edilmişdir. Rəydə həmçinin qeyd olunur ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da torpaq sahəsinin koordinatları əks olunmadığından onun yerləşmə vəziyyətini naturada müəyyənləşdirmək mümkün deyil. Bundan əlavə, texniki pasportda göstərilmiş həyətyanı sahənin planı ilə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin situasiya planları arasında uyğunsuzluq mövcuddur.

35. İş materiallarından görünür ki, iddiaçılar "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport"-a istinad edərək mübahisəli torpaq sahəsinə özlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışın və plan-ölçü sənədinin verilməsini cavabdeh orqandan tələb edirlər.

36. Lakin, sözügedən 437 inventar №-li, 1962-ci ildə tərtib edilmiş “Pasport”-da hüquq subyekti olaraq X10, torpaq sahəsinin ölçüsü isə 1026,8 kv.m qeyd edilmişdir.

37. Hazırda iddiaçıların və üçüncü şəxsin ümumi birgə istifadəsində naturada ölçülmüş 1148 kv.m torpaq sahəsi olsa da, “Pasport”-un iddia olunan torpaq sahəsinə aid olması nəzərə alındıqda sözügedən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1026,8 kv.m olacaqdır. Bu isə o deməkdir ki, faktiki istifadə olunan torpaq sahəsinin 121.2 kv.m hissəsinə münasibətdə hər hansı sənəd mövcud deyil.

38. Yuxarıda istinad olunan mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki istifadə olunan torpaq sahəsinin 0,07 ha hissəsi Zabit Masimovun adına tərtib edilmiş JN-984F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə üst-üstə düşür.

39. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında iddia olunan torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984F saylı Şəhadətnamə ilə üst-üstə düşməsini bildirmiş, bununla belə iddiaçılar sözügedən Şəhadətnamənin ləğvi tələbi ilə cavabdeh orqana müraciət etməmiş və inzibati orqanda qeyd olunan xüsusatla bağlı ilkin inzibati araşdırma aparılmamışdır (edilmiş müraciət JN-984F saylı şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur).

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, JN-984F saylı Şəhadətnamənin ləğv edilməsi tələbinin əlavə edilməklə, iddianın dəqiqləşdirilməsi iddiaçılara o halda hüquqi yardım qaydasında təklif oluna bilərdi ki, onların ilkin icraatda cavabdeh orqana analoji tələblə müraciət etmələri müəyyən olunsun.

41. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Yəni, yardım etmənin məqsədi iddiaya mahiyyəti üzrə baxılmasını mümkünsüz edən nöqsanın aradan qaldırılmasıdır.

42. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

43. Göründüyü kimi yardım etmək vəzifəsini hansı qaydada həyata keçiriləcəyini məhkəmə konkret işin hallarından asılı olaraq müəyyən edir. Hazırkı işdə birinci instansiya məhkəməsi bu vəzifəni bilavasitə məhkəmə iclasında həyata keçirdiyindən, əlavə olaraq hüquqi yardımla bağlı məktub göndərilməsinə lüzum olmamışdır.

44. Nəzərə alınmalıdır ki, dinlənilmə hüququnun təmin edilməsi iddiaçıya iddia ərizəsində mövcud olan çatışmazlıqlar, onların aradan qaldırılması üçün təyin edilmiş müddət və həmin müddətdə çatışmazlıqlar aradan qaldırılmadığı halda yaranacaq hüquqi nəticələr barədə bilavasitə və ya məhkəmə bildirişi vasitəsilə məlumat verilməsində ifadə olunur.

45. Təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı ümumiyyətlə inzibati orqana müraciətlərində JN-984F saylı Şəhadətnamənin ləğvi tələbini irəli sürməmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabında iddia olunan torpaq sahəsinin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-984F saylı Şəhadətnamə ilə üst-üstə düşdüyü bildirildiyindən, iddiaçıların həmin Şəhadətnamənin surətini əldə etmədən də, onun ləğvini cavabdeh orqandan tələb etmək imkanı olmuşdur.

47. Birinci instansiya məhkəməsinin hüquqi yardımı məhkəmədə iddia qaldırılanadək müvafiq tələblə inzibati orqana edilmiş müraciətin təqdim edilməsindən ibarət ola bilərdi ki, iş materiallarında olan cavabdeh orqanla iddiaçı arasındakı çoxsaylı yazışmalardan belə bir müraciətin olması təsdiq olunmur. İddiaçı, hazırda da, belə bir müraciətinin mövcudluğuna dair məhkəmə kollegiyasına sübut təqdim edə bilmir.

48. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Şəhadətnamənin ləğvi ilə bağlı tələbin həcminin artırılmasında hüquqi yardım edilməsinin işə mahiyyəti üzrə baxılmasına hər hansı potensial təsiri olmayacaq və artırılmış tələbə münasibətdə ilkin müraciət (imtina cavabı) olmadığından, Şəhadətnamənin ləğvi və 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi yenə də, mümkünsüz sayılacaqdı.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan torpaq sahəsinin 0,07 ha hissəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, JN-984F saylı Şəhadətnamə mübahisələndirilmədən və uğurlu nəticə əldə edilmədən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz. Faktiki olaraq 0,07 ha torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı tələb, JN-984F saylı Şəhadətnamənin ləğvi tələbindən asılı tələbdir.

50. İddiaçılar apellyasiya şikayətinə əlavə etdikləri tələbin dəqiqləşdirilməsi barədə ərizələrində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984 saylı Şəhadətnamənin ləğv edilməsi, həmin ünvanda yerləşən torpaq sahəsinin mülkiyyətçisi olaraq adlarının qeyd edilməsi, mülkiyyət sənədinin və hüquqların dövlət qeydiyyatına alınması, eləcə də planölçünün verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsələr də, yuxarıda qeyd edildiyi kimi sözügedən Şəhadətnamənin ləğvi ilə bağlı inzibati orqana ilkin müraciətləri olmadığından dəqiqləşdirilmiş tələb icraata qəbul edilməmişdir. Belə ki, tələbin həcminin göstərilən qaydada artırılması iddiaya mahiyyəti üzrə baxılmasına və mümkünsüzlük əsasının aradan qaldırılmasına səbəb olmur. Həmin ünvanda yerləşən torpaq sahəsinin (0,07 ha torpaq sahəsindən əlavə) mülkiyyətçisi olaraq adlarının qeyd edilməsi, çıxarış və plan ölçü sənədlərinin verilməsi tələbi isə ilkin iddia ərizəsində göstərilən tələblərlə eyni məzmunludur.

51. Məhkəmə kollegiyası iddiaçıların və üçüncü şəxsin ümumi birgə istifadəsində olan qalan 326 kv.m və 121.2 kv.m torpaq sahəsinə münasibətdə isə qeyd edir ki, həmin torpaq sahəsinə münasibətdə iddiaçılar hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmirlər. Hər hansı hüquqmüəyyənedici sənəd olmadan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması tələbi isə subyektiv hüququn mövcud olmaması səbəbindən mümkün hesab olunmayacaqdır.

52. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.

53. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasların mövcudluğuna hüquqi qiymət verilməsi üçün ilk növbədə iddiaçının həmin torpaq sahəsinə aidiyyəti müəyyən edilməlidir.

55. İddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması isə həmin torpaq sahəsi üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınması tələbini irəli sürmək üçün subyektiv hüquq yaratmır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qaldırılması üçün subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Hər hansı hüquqi əsas olmadan, torpaq sahəsini faktiki istifadə etməkdən irəli gələn faktiki maraq, iddia qaldırmaq üçün subyektiv hüququn yaranması üçün yetərli deyil. Çünki belə maraq hüquqi cəhətdən qorunmur. Faktiki marağa münasibətdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilənin baş verməsi də, mümkün deyildir.

57. Odur ki, subyektiv hüququn birinci vacib elementi - öz hərəkətlərinə hüquqi ixtiyar olmadan, tələb etmək hüququ və müdafiə hüququ yarana bilməz. İddiaçı, faktiki istifadəsində olan daşınmaz əmlak obyektinə dair hüquq müəyyənedici sənədə malik olduqda isə artıq iddianın qaldırılmasında hüquqi marağı yaranacaq və bu zaman iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Belə ki, hüquqi maraq yalnız faktiki vəziyyətə deyil, həm də hüquq müəyyənedici sənədə əsaslanacağından iddiaçının məhkəmədə hüquqlarını müdafiə etməsinə imkan yaranacaqdır.

58. Nəzərə alınmalıdır ki, əmlak hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddialarda yalnız hüquq müəyyənedici sənədə malik olan iddiaçı, cavabdeh orqanın hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində onun subyektiv hüquqlarına müdaxilə edildiyini iddia edə bilər.

59. Hazırkı iş üzrə iddia olunan torpaq sahəsinə dair iddiaçının qanun və ya müqavilədən irəli gələn hüquqi bağlılığının olmaması iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğunu istisna edir.

60. İddiaçıların fərdi yaşayış evinə və torpaq sahəsinə dair təqdim etdikləri “Pasport” mərhum atalarının həmin evə mülkiyyət hüququnun yaranma əsası kimi çıxış edə bilər. Bunun üçün isə iddiaçılar qalan 326 kv.m torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun mərhum atalarına məxsus olması barədə arayışın verilməsini cavabdeh orqandan tələb etməli idilər. Məhkəmə kollegiyasının iclasında izahat verərkən iddiaçılar JN-984 saylı Şəhadətnamənin cizgisi üzərində yerləşən yaşayış sahəsində yox, Zabit Məsimovla şərti olaraq bölünmüş və həmin şəhadətnamənin cizgisinə düşməyən torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşadıqlarını və məhz həmin torpaq sahəsinin sənədləşdirilməsində maraqlı olduqlarını bildirmişlər.

61. İş materiallarından görünür ki, iddiaçılar hazırda da, torpaq sahəsi üzərində özlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini tələb edirlər (məhkəmə kollegiyasının iclasında verdikləri izahatla bunu təsdiq etmişlər). İlkin icraat zamanı hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə edilmiş müraciət isə torpaq sahəsi ilə deyil, fərdi yaşayış evi ilə bağlı olmuşdur.

62. Nəzərə alınmalıdır ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın xüsusi mümkünlük şərtlərindən biri də, iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh orqana müraciət etmədiyindən iddianın dəyişdirilməsi ilə bağlı hüquqi yardımın edilməsinə lüzum olmamışdır (İddiaçı1 cavabdeh orqana müraciətləri ancaq öz əmlak hüquqlarının qeydiyyatı ilə bağlı olmuşdur). Digər iddiaçıya münasibətdə isə cavabdeh orqan hər hansı imtina cavabı verməmiş, həmin şəxs ümumiyyətlə cavabdeh orqana hər hansı müraciət ünvanlamamışdır.

63. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək iddiaçılara izah edir ki, əgər onların hüquqi maraqları faktiki istifadələrində olan, sənəd üzrə 1026 kv.m sahəsi kimi göstərilən torpaq sahəsi və həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdirsə, bu halda onlar cavabdeh orqana müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-984 saylı Şəhadətnamənin ləğv edilməsini və müvafiq torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsini tələb etməli, müraciətləri təmin olunmadıqda isə həmin tələblərlə məhkəməyə analoji iddia ərizəsi təqdim etməlidirlər.

64. Əgər iddiaçıların hüquqi maraqları JN-984 saylı şəhadətnamənin əhatə dairəsinə düşməyən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdirsə, bu halda onlar cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsini tələb etməli, müraciətləri təmin olunmadıqda isə həmin tələblərlə məhkəməyə analoji iddia ərizəsi təqdim etməlidirlər.

64. İddia olunan daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi ilə bağlı qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdiriləcəkdir.

65. Yalnız bu mərhələdə - vərəsəlik haqqında şəhadətnamə əldə etdikdən sonra – iddiaçılar özlərinin əmlak hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə cavabdeh orqana, müraciətləri təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər.

66. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-740/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar