Məhkəmə qərarları › İş №2-1(107)-488/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-488/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-488/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 883/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1993-cü il tarixdən Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə səfərbər edilmiş və xx.xx.1993-cü il tarixdən etibarən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçının xidmət etdiyi tabor fevral ayının 12-də istirahətə buraxılmış və iki gün sonra xəbər verilmişdir ki, həmin yerlər boşaldılıb və briqada dağıdılıb. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxx 2017-ci il tarixli 9/2-1546 nömrəli arayışına əsasən İddiaçı hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı qanuni əsaslarla ordu sıralarında tərxis olunması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-883/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-883/2020 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 6.11.1993 cu il tarixində Mingəçevir şəhər hərbi Komissarlığı tərəfindən hərbi xidmətə səfərbər edilmişdir. Hansi ki o bu tarixdə məzuniyyətdə idi. Vətən sevgisinə görə o xx.xx.1993 cu il tarixdən N nömrəli hərbi hissəyə getmişdir. Qışn ən şaxtalı ili idi. Onlar Murovdan hucuma keçərək 24 kəndi azad edilməsində isdirak etmişlər. onların çəkdiyi əziyyəti ancaq orda olan bilər. Murov dağın yüksəkliyində qalmaq bir igidliyə bərabərdir. Yüzlərlə döyüş yoldaşları soyuqdan dondu. Ancaq onlar dözmüş, qələbə eşqi onlara qabağa getməyə qüvvət vermişdir. Onların fikrincə Novruzu Kəbəcərdə keçirməyi planlaşdırmışlar. Amma qismet olmamışdır. Onları Fevralın-12 si istirahətə buraxmışlar. Onlar postları Fizulidən gələn batalyona təhvil vermişlər. İki gündən sonra xəbər gəlmişdir ki, oraları boşaldıb çıxıblar. Bu haqda çinayət işi qaldırıldı. Bir neçə Komandirlər həbs edildi. Amma ne olsun hamısı bəraət aldı. Adını qoydular vəzifəsinə səhlənkar yanaşdılar deyə həmin yərlər boşaldılıb. onların şəhid olan qardaşlarının qanı batmışdır. Onların döyüş tarixi burda bitmişdir. Onları çağırmadılar, sonra atəşkəs oldu işə buraxdılar. Neçə illərdi o, Müharibə veterani vəsiqəsi üçün müraciət edir. Cavab odur ki, buraxılma əmrində adiniz yoxdur. Onun olduğu müddət hərbi biletində yazılıb. Döyüş yoldaşları şahidlik edə bilərlər. onun orda sekilleri ve xatirə defdəri var. Ona görə yuxarıda qeyd olunanların nəzərə məhkəmədən ədalətli qərar çıxarılmasını, ona müharibə veteranı adının verilməsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-883/2020 nömrəli qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlara AR MN-nin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 9/2-1546 nömrəli arxiv arayışı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189-14026-1220 nömrəli məktubu, SHXÇDX Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli B53 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020- ci il tarixli 16/2195 nömrəli məktubu, cavabdehin xx.xx.2017-ci il tarixli 1/M- 11302 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli 11/2936 nömrəli etiraz məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx xxxxxx 1993-cü il tarixdən N saylı hərbi hissədə xidmətə başlamışdır. Həmin sənədin 25-ci səhifəsində qeyd olunur ki, iddiaçının N saylı hərbi hissədə xidmətinə dair cinayət işi, araşdırma və təqsirləndirmə materialı yoxdur. İş materiallarında olan Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 14026-1220 nömrəli məktubundan müəyyən edilir ki, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Şəki şəhər(rayon) polis şöbəsində hər hansı bir təqsirləndirici material və yaxud cinayət işi aşkar edilməmişdir. İş materiallarında olan AR SHXÇDX Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli B53 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsi işi SHXÇDX Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib olunmayıb və ünvanlarına daxil olmamışdır. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2195 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/2485 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici və ya cinayət işi yoxdur. Həmçinin qeyd olunur ki, N nömrəli hərbi hissə Füzuli hərbi prokurorluğunun nəzarət dairəsində yerləşmir. Məhkəmə kollegiyasının araşdırması zamanı həm cavabdehin iddiaçıya ünvanladığı imtina məktubuna, həm də iş materiallarına əlavə edilmiş AR MN Mərkəzi Arxivin xx.xx.2016-cı il tarixli, 9/2-2191 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyul- avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatların aşkar edilmədiyi müəyyən edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması ilə bağlı mübahisənin olmadığını qeyd edir. Belə ki, həmin hal işə əlavə olunan hərbi bilet ilə öz təsdiqini tapır. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Sadalanan qanunvericilik normalarına və sübutlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması ilə bağlı mübahisə predmeti deyildir. Belə ki, həmin hal işə əlavə olunan hərbi bilet ilə öz təsdiqini tapır. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Həmin hallar iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsi qeyri-mümükündür. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədə cavabdehin hərəkəti qanunauyğun olmuşdır. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-883/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar