Məhkəmə qərarları › İş №2-1(107)-489/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-489/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-489/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "alqı-satqı (AN-İ №0867103 və AN-İ №0867102) yolu ilə əldə etdiyi torpaqların çıxarışlarına əsasən (çıxarışların reyestr nömrələri **********15 və **********21) plan-ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023cü il tarixli 2-1(116)-1137/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “dörd torpaq sahəsinin koordinatlarının təyin edilərək texniki pasportun rəsmiləşdirilməsinin cavabdeh tərəfindən icra edilməsi üçün qanunsuzluq edən əməkdaşlar barədə tədbir görülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya “hüquqi yardım” məktubları ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir.

3. İddiaçı tərəfindən təqdim edilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1137/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “alqı-satqı (AN-İ №0867103 və AN-İ №0867102) yolu ilə əldə edilmiş torpaqların çıxarışlarına əsasən (çıxarışların reyestr nömrələri **********15 və **********21) plan-ölçülərin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması” məzmununda icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, hər birinin sahəsi 0,12 ha olan iki torpaq sahəsini xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri ilə X19 və X5 almışdır. Həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı sözügedən torpaq sahələrinə dair plan-ölçü sənədlərinin tərtib edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı İsmayıllı rayon Zeyvə kəndində yerləşən alqı-satqı (AN-İN;0867103 və AN- İN;0867102) yolu ilə əldə etdiyi torpaq sahələrinin (**********15 və **********21) nömrəli Çıxarışları olsa da, aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X12 X13 (TEKUİS) baza məlumatlarında (**********15 və **********21) nömrəli Çıxarışlarda göstərilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı örüş sahəsində yerləşir. Həmin torpaq sahələrinin faktiki koordinatlarına uyğun plan-ölçü sənədinin verilməsi mümkün deyildir.

6. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı İlə təsdiq edilmiş “Azərbaycan Respublikasında X12 uçotu İnformasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X12 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-cİ ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı’na uyğun olaraq İsmayıllı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal-hazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır.

7. İddiaçının mülkiyyətində olan torpaq sahəsində aşkar olunan uyğunsuzluqların aradan qaldırılması üçün ərazidə yenidən dürüsləşdirmə işləri aparılmalı və (**********15 və **********21) nömrəli Çıxarışlarda göstərilən torpaq sahələri nəzərə almaqla həmin sahə üçün yeni layihə hazırlanmalıdır. Həmin layihə aidiyyəti üzrə razılaşdırıldıqdan sonra müraciətində qeyd olunan məsələnin həllinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 iyun 2023-cü il tarixli 2- 1(116)-1137/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1137/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1137/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. 15 Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarından və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 226 nömrəli rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsi, X18 İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 0,12 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etməmiş və İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarı ilə 0,12 ha kəndaltı torpaq sahəsi X4. - **********21 reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı, sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində X16 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarından və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 224 nömrəli rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon X3 İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin 0,12 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etməmiş və İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli qərarı ilə 0,12 ha kənd altı torpaq sahəsi X1. - **********15 reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən təyinatı (kateqoriyası)-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü- həyətyanı, sahəsi 0,12 ha olan torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X6 rayonu Zeyvə kəndində yerləşən 0,12 ha torpaq sahəsini iddiaçıya satmışdır. - 1922020334 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonu Zeyvə kəndində yerləşən 0,12 ha torpaq sahəsini iddiaçıya satmışdır. - 1922020335 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına qeydə alınmış, torpaq sahəsinin təyinatı – yaşayış məntəqələri torpaqları qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-).

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

28. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı AN-İ ******* və AN-İ ******* №-li alqı-satqı müqavilələri ilə əldə etdiyi **********15 və **********21 reyestr nömrəli çıxarışlarda qeyd edilmiş, hər biri 0,12 ha olan iki torpaq sahəsinə dair plan-ölçü sənədinin cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır.

29. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərini - **********15 və **********21 reyestr nömrəli Çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı örüş sahəsində yerləşməsi ilə əsaslandırır.

30. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 224 və 226 nömrəli rəyləri ilə müəyyən olunur ki, Zeyvə bələdiyyəsinin ərazisində yerləşən, sahəsi 0,12 ha olan hər iki torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilməmiş və cavabdeh orqan tərəfindən xx.xx.2006-cı ildə sözügedən torpaq sahələrinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - həyətyanı qeyd edilməklə X16 və X8 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

31. Göründüyü kimi cavabdeh orqanın hüquq varisi olduğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsi 2006-cı ildə hər iki torpaq sahəsinin həyətyanı məqsədilə satılması barədə müsbət rəy vermiş və daha sonra hazırkı cavabdeh tərəfindən hər iki torpaq sahəsinin təyinatı (kateqoriyası)-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü- həyətyanı qeyd edilməklə müvafiq çıxarışla rəsmiləşdirilmişdir.

32. Hazırkı məhkəmə icraatı zamanı cavabdeh orqan plan-ölçü sənədinin verilməsi tələb edilən torpaq sahələrinin sonradan təyinatının dəyişdirilməsi ilə bağlı, o cümlədən istinad olunan ilkin sənədlər tərtib edilənədək təyinatının kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, kənd təsərrüfatı təyinatlı örüş sahəsinə münasibətdə tərtib edilmiş çıxarışda torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - həyətyanı qeyd edilməsi ilə bağlı mövqeyini əsaslandıra bilməmişdir.

33. Bununla yanaşı xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri əsasında cavabdeh orqanın tərtib etdiyi xx.xx.2022-ci il tarixli çıxarışlarda da, torpaq sahəsinin təyinatı – yaşayış məntəqələri torpaqları qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, hüquqların qeydiyyatı zamanı yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23cü bəndində birmənalı olaraq qeyd edilmişdir ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifəsidir.

35. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alqı-satqı (AN-İ №0867103 və AN-İ №0867102) yolu ilə əldə etdiyi torpaqların çıxarışlarına əsasən (çıxarışların reyestr nömrələri **********15 və **********21) plan-ölçülərin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2-1(116)-1137/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar