Məhkəmə qərarları › İş №2-1(107)-489/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-489/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-489/2025 29.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli 05 saylı iclas protokolundan çıxarış qərarı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 92-ci kvartalında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı iddiaçının adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(116)-2807/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli 05 saylı iclas protokolundan çıxarış qərarı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 92-ci kvartalında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı iddiaçının adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ərizə ilə Şəki Bələdiyyəsinə müraciət edərək, ona bələdiyyənin perspektiv inkişaf fondundan yaşayış evi tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılaraq verilməsini xahiş etmişdir. Şəki Bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarış qərarı (№ 21) ilə Şəki şəhəri, 16-cı rayon, F.X.Xoyski küçəsi, döngə 1, 2 saylı evdə yaşayan X3 ərizəsi nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədi ilə şəhərin 92-ci kvartalından mülkiyyətinə 600 kv.metr torpaq sahəsi satılmasına və yaşayış evinin tikintisinə icazə verilmişdir. X4 fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmasına dair sahəni seçmə Aktı tərtib edilərək şəhərin 92-ci kvartalından, memarlıq xidmətinin təsdiq etdivi sxemdə göstərilən yerdən 600 kv.metr həyətyanı torpaq sahəsi seçilmişdir. Bundan sonra, iddiaçı Şəki Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21 saylı qərarı ilə X4 fərdi yaşayış evi tikmək məqsədi ilə şəhərin 92-ci kvartalından mülkiyyətinə satılmış 600 kv.metr torpaq sahəsini X3 da razılığına əsasən onun adına rəsmiləşdirilməklə həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış qərarı (№ 23) ilə Şəki rayonu, Babaratma kənd sakini İddiaçı ərizəsi, Şəki şəhəri, 16-cı rayon, F.X.Xoyski küçəsi, döngə 1, 2 saylı evdə yaşayan X3 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı iclasının 21 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 92-ci kvartalından X3 mülkiyyətinə satılmış 600 kv.metr torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bu illər ərzində həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayaraq Şəki Bələdiyyəsi tərəfindən müxtəlif illərdə verilmiş tədiyyə bildirişi əsasında torpaq vergisini vaxtında ödəmişdir. O, qeyd edilən torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi. 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. - Müraciətinə mülkiyyətinə satılmış 0.06 ha torpaq sahəsinin qeydiyyatı ilə bağlı Şəki Bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarış qərarını (№ 21), torpaqların təhkim olunmasına dair Aktı, verilmiş həyətyanı torpaq sahəsinin sxemini, 2005-ci il tarixli ödəniş qəbzini, Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış qərarını (№ 23), Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialından əldə etdiyi ərizələrin, arayışların və digər təsdiq olunmuş sənədlərin surətlərini əsas sənəd kimi təqdim etmişdir. Təqdim etdiyi sənədlər toplusunda torpaqların alqısatqısına dair aktın olmadığı üçün o, öz mülkiyyətini dövlət reyesterində qeydiyyata aldıra bilmir və nəticədə onun mülkiyyət hüquqları pozulur. Cavabdehin bu mövqeyini əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 iyun 2025-ci il tarixli 2- 1(116)-2807/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli 05 saylı iclas protokolundan çıxarış qərarı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 92-ci kvartalında yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı iddiaçının adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-1521/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış qərarı (№23) ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 92-ci kvartalında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. - Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından qeyd etmişdir ki, mövcud vəziyyətdə iddiaçıya hüquqi yardıma dair məktubun göndərilməsi və ya məhkəmə iclasının keçirilməsi hər bir halda iddianın mümkünlüyünə təsir etməyəcəkdir. Bu baxımdan prosessual qənaət prinsipi baxımından iddianın mümkünlüyü qiymətləndirilməlidir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən, eyni predmetə dair əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(116)-2807/2025 nömrəli qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki bələdiyyəsinin 25 dekabr 2024-cü il tarixli, 16 saylı iclas protokolunun 8 saylı qərarından çıxarışdan göründüyü kimi Şəki bələdiyyəsinin 21 iyun 2005-ci il tarixli 6 saylı iclasının 21 saylı qərarın 1.12-ci bəndi ləğv edilmişdir. Bundan sonra yenidən Şəki İnzibati Məhkəməsinə müraciət etsələr də, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(107)-2807/2025 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, hazırkı iddia ilə eynilik təşkil edən, eyni predmetə dair əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda göstərilən tələbə yenidən baxıla bilməz. Qeyd edir ki, qəbul edilmiş qərardad tam əsassızdır. Belə ki, işə baxan hakim iddia ərizəsinə əlavə etdiyi məhkəmə qərarını və Şəki bələdiyyəsinin 24 dekabr 2024-cü il tarixli, 16 saylı iclas protokolunun 8 saylı qərarından çıxarışa baxmış olsaydı, araşdırsaydı xx.xx.2025-ci il tarixli qərardadı qəbul etməzdi. Onun tərəfindən xx.xx.2024-cü il tarixli qərarda qeyd olunan hallar aradan qaldırılmaqla məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən araşdırılmamış, ona yardım göstərilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(116)-2807/2025 qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(116)-2807/2025 qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

15. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

16. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

18. İş materiallarından da görünür ki, iddiaçının hüquqi marağı tələbdə qeyd edilən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilərək çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır.

19. Araşdırma zamanı müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarına əsasən X4 ayrılmışdır. İddiaçı isə həmin torpaq sahəsinin daha sonra ona Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 5 saylı qərarı ilə ayrılmasını qeyd edir.

20. Bununla bağlı isə iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-1521/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarış qərarı (№23) ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 92-ci kvartalında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.

21. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, hazırkı iddia ilə eynilik təşkil edən, eyni predmetə dair əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

22. İddiaçı şikayətində əvvəlki qərarın eyni predmetə əsaslanmadığını qeyd etsə də, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1521/2024 nömrəli qərarına nəzər yetirildikdə görünür ki, hazırki iş üzrə predmet olan Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı da həmin vaxt məhkəməyə məlum idi, məhkəmə tərəfindən həmin qərar da məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.

23. Kollegiya qeyd edir ki, hər bir halda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri baxımından mövcud vəziyyətdə iddiaçıya hüquqi yardıma dair məktubun göndərilməsi və ya məhkəmə iclasında hazırki iddiasının mümkünlüyü ilə bağlı ona hüquqi yardım edilməsi iddianın mümkünlüyünə təsir etmir.

24. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

25. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd). İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağrılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İşdən göründüyü kimi, Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı torpaq sahəsinin ayrılması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda həmin torpaq sahəsinin Şəki Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 06 saylı qərarı və xx.xx.2006-cı il tarixli, 5 saylı qərarı ilə iddiaçıya ayrılması dəlili mötəbər hesab edilə bilməz.

27. Məhkəmə kollegiyası əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

29. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasının əsası kimi qəbul etmir.

30. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(116)-2807/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(116)-2807/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar