Məhkəmə qərarları › İş №2-1(107)-490/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-490/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-490/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(116)- 1259/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-ci il tarixdə təkrar müayinə zamanı müddətsiz olaraq təyin edilmiş birinci dərəcəli əlillik qrupunun ləğvi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, xx.xx.2016-cı ildə təkrar müayinə zamanı müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi, əlilliyin kəsildiyi gündən bərpası və kəsildiyi tarixdən hazırki vaxtadək ödənilməmiş əlillik pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsasladırılmışdır ki, iddiaçıya 17 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci ildən ümumi xəstəlikdən birinci dərəcəli əlillik təyin edilmiş, təkrar müayinələr zamanı səhhətində düzəlmə olmadığından xx.xx.2016-cı ildə təkrar müayinə zamanı ümumi xəstəlikdən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. TSEK diaqnozu: tez-tez kəskinləşən XR Qlomerulonefrit, Qarışıq forma, XR b.ç- İİ dərəcə proqramlı hemodializ. Kənar qulluğa ehtiyacı var. Bununla əlaqədar iddiaçıya ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən 029663 nömrəli vəsiqə verilmişdir. Lakin iddiaçıya müddətsiz olaraq təyin edilən əlillik dərəcəsi 2021-ci ildən ona məlum olmayan səbəbdən kəsilmişdir. İddiaçı həmin vaxt ərinin vəfatı ilə əlaqədar ağır sarsıntı keçirdiyindən və xəstəliyinin ağırlaşması səbəbindən əlilliyinin kəsilməsinin səbəbləri barədə maraqlana bilməmiş, daha sonra isə ona vəsiqə verən DSMF-nun Şəki şəhər şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, əlillik dərəcəsi cavabdeh tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik laborator rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. Cavabdeh orqan iddiaçının xəbəri olmadan iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsini kəsməklə qanunsuzluq etmiş və adı çəkilən Əsasnamənin tələblərini həmçinin Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının iştirakı və məlumatı olmadan ona tanınmış hüququnun əlindən alınması əsassız və qanunsuzdur.

3. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsində “müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi” xahiş edilsə də, belə bir qərarın mövcud olması iddia ərizəsinə əlavə edilmiş sənədlərdə müəyyə edilmir. Odur ki, cavabdehin hansı qərarının mübahisələndirilməsi aydın deyil. İddia ərizəsində “əlillik dərəcəsinin kəsilməsi barədə iddiaçıda hər hansı qərarın olmadığı qeyd edilsə də, ümumiyyətlə belə bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı cavabdeh orqana edilmiş müraciət iş materiallarında yoxdur.

4. İddiaçı birinci instansiya məhkəməsinin hüquqi yardım məktubuna münasibət bildirərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi əlavə etməmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 iyul 2023-cü il tarixli, 2- 1(116)-1259/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, onun əlilliyinin kəsilməsi barədə qərarı cavabdeh orqanın portalından əldə edə bilməmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin elektron saytında ona aid bölmədə əlilliyinin nə səbəbə kəsildiyi və hansı qərarla kəsildiyi göstərilməmişdir. Dəfələrlə elekrton qaydada cavabdehin saytına daxil olaraq cəhd etsə də mübahisələndirdiyi qərarı əldə edə bilmədiyindən həmin qərarı iddia ərizəsinə əlavə edə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(116)-1259/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.

10. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsində “müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi” xahiş edilsə də, belə bir qərarın mövcud olması iddia ərizəsinə əlavə edilmiş sənədlərdə müəyyə edilmir. Odur ki, cavabdehin hansı qərarının mübahisələndirilməsi aydın deyil. İddia ərizəsində “əlillik dərəcəsinin kəsilməsi barədə iddiaçıda hər hansı qərarın olmadığı qeyd edilsə də, ümumiyyətlə belə bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı cavabdeh orqana edilmiş müraciət iş materiallarında yoxdur.

17. Əlillik dərəcəsinin bərpası ilə bağlı tələbə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur ki, bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsində əlavə edilən sənədlərə iddiaçının müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir.

18. İddia tələbinin “əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” hissəsində izah olunmuşdur ki, həmin hissə üzrə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ümumiyyətlə cavabdeh orqan deyil. Belə ki, tələbin həmin hissəsi də “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və cavabdeh orqan DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməlidir.

19. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (Bakı şəhəri, Ak. H.Əliyev küç, 143) yaradılmışdır və iddia ərizəsində cavabdeh olaraq məhz həmin orqan göstərilməlidir.

20. Həmin tələbə münasibətdə iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən cavabdeh orqanın (DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Müvafiq sənədin əlavə edilməməsi tələbin həmin hissəsinin mümkün sayılmaması üçün əsasdır.

21. Odur ki, həmin tələb üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməli və cavabdehin qeyd edilməsi ilə bərabər müraciətin təmin edilməsindən imtina məktubu (və ya müraciətin cavabsız saxlanılması barədə sübut) təqdim edilməlidir.

22. İddiaçı birinci instansiya məhkəməsinin hüquqi yardım məktubuna münasibət bildirərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi əlavə etməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir

23. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2014-cü ilədək) birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə şəxsin birinci dərəcə əlilliyi hər dəfə iki il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır.

24. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıdakı şəxslərin adı hemodializ xəstələrinin reyestrində mövcud olmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur.

25. Beləliklə, cavabdehin hər hansı inzibati akt qəbul etmədən əlillik dərəcəsini Əlillik” altsistemində ləğv etməsi cavabdeh orqanın faktiki xarakterli hərəkətlər hesab olunur və həmin hərəkətlərin mübahisələndirilməsi ilə bağlı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Sözügedən iddia növünün xüsusi mümkünlük şərti isə cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabının (və ya müraciəti cavabsız saxlaması barədə sübutun) iddia ərizəsinə əlavə edilməsidir.

26. Yəni, iddiaçı ilk öncə anoloji tələblə cavabdeh orqana müraciət etməli müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırılmalıdır.

27. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

28. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

29. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(116)-1259/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2-1(116)-1259/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar