Məhkəmə qərarları › İş №2-1(107)-490/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-490/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-490/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X5ə qarşı “xx.xx.2021-ci il tarixindən əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-244/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya 2012-ci ildə 1 il, 2015-ci ildə 1 il, 2016-cı ildə 5 il müddətinə psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəli epizod. Rekurrent depressiv pozuntu” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Yevlax rayon Mərkəzi Xəstəxanası" X5 ambulator kartasından məlum olur ki, iddiaçı, xx.xx.2011–xx.xx.2011-ci il tarixdə “Rekurrent depressiv pozuntu” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Mingəçevir Rayon Mərkəzi Xəstəxanası” X5 ambulator kartasından məlum olur ki, iddiaçı, xx.xx.2011–xx.xx.2012; xx.xx.2012–xx.xx.2012; xx.xx.2012–xx.xx.2012-ci il tarixdə “Davamlı depressiv paranoid psixoz. Tez-tez təkrarlanan kəskinləşmələrlə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olmuşdur.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X5 ambulator kartasından məlum olur ki, iddiaçı xx.xx.2017–xx.xx.2017; xx.xx.2018–xx.xx.2018-ci il tarixdə “Rekurrent depressiv pozuntu. Psixotik əlamətlərlə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olmuşdur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 ambulator kartasından məlum olur ki, iddiaçı xx.xx.2014–xx.xx.2014; xx.xx.2017– xx.xx.2017; xx.xx.2023–xx.xx.2023-cü il tarixdə “Şizofreniya, paranoid forma” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olmuşdur.

6. Səhiyyə müəssisəsi tərəfindən iddiaçıya F20.0 XBT kodunda əks olunmuş “Şizofreniya paranoid forma” diaqnozu qoyulmuş, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

7. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2021-ci il tarixindən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021 -ci il tarixədək əlil olmuşdur. Şizofereniya paranoid formalı diaqnozu ilə uzun müddət müalicə olunmuşdur. Səhhəti hal-hazırdada qənaətbəxş deyil. O, 2011-ci il tarixindən psixi xəstədir. X1 Mingəçevir PNDda, sonra 2020-ci ilə qədər X1 stasionar müalicələr almaqla qeyd etdiyi tarixədək ikinci qrup əlil olmuş, mütəmadi olaraq psixiatrik dərmanlar qəbul etmişdir. Əsas diaqnoz xəstəliyi - F20 Şizofreniya, F20,0 paronoid şizefroniya fasiləsiz gedişli olmaqla ağırlaşma ilə müşahidə olunan. O, iyul 2021-ci il tarixdən əlilliyə görə müvafiq pensiyanı ala bilmir. xx.xx.2023-ci il tarixində 20 nömrəli TSEK-nın ekspert həkimləri tərəfindən əyani müşahidə olunmuş, tərtib olunan akt mərkəzi Tibbi-Sosial ekspertiza komissiyasına göndərilmişdir. Onun xəstəliyi düzgün qiymətləndirilməyərək əsassız olaraq əlillii müəyyən edilməmişdir.

10. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND-nın xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış; Diaqnoz: “Şizofreniya paranoid forma.Paranoid şizofreniya”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması; Səbəb: “Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-244/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, İddiaçı 22 sentyabr 2023-cü il müayinə tarixli xxxxxxx0009 nömrəli forma 88 göndərişi əsasında 5 il müddətində İİİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 35-60% müəyyən edilməsi) təyin edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X5in xx.xx.2024-ci il tarixli 3550 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. Təyin edilmiş diaqnoz düzgündür. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "7.3.2.1 reallığın qiymətləndirilməsinin pozulmasına və əmək qabiliyyətinin azalmasına səbəb olan 2 ildən çox davam edən qəribə davranış və kvazipsixotik epizodlar; ətrafdakılarla münaqişə yaradılması və gündəlik fəaliyyətə mənfi təsir" diaqnozu qoyulmuşdur. Diaqnozu mövcuddur. Ekspert rəyinə əsasən də göndərişdə qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun təsdiq olunmamasından ibarətdir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3 Şizofreniya, şizotipik və sayıqlama pozuntuları göstərilmişdir. Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 22 sentyabr 2023-cü il müayinə tarixli göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

13. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı sağlamlıq vəziyyətinə Mingəçevir PND-da hazırlanmış xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış, əsas diaqnoz – “Şizofreniya paranoid forma” qeyd edilmiş. İmtina edilmənin səbəbi diaqnozun öz təsdiqini tapmaması olmuşdur. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirmə meyarlarının" 7.3 bəndinin qeyd hissəsində aşağıdakı zəruri məqamların nəzərə alınması göstərilir: - Şizofreniya zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - neqativ simptomların təzahür dərəcəsi, (nitq və özünüifadənin kasadlaşması, emosional solğunluq, sosial təcridolunma, motivasiyanın zəifləməsi, diqqətin tükənməsi, qərar planlaşdırılması və qəbul edilməsi qabiliyyətinin məhdudlaşması); xəstəliyin 1 ildən az olmayan müddətdə müşahidə nəticəsində müəyyən edilən gediş tipi; xəstəliyin davametmə müddəti və proqrediyentliyi (prosessual dəyişikliklərin artma sürəti); psixotik epizodların (kəskinləşmələrin) tezliyi; remissiyanın keyfiyyəti (tam, natamam, olmaması) və onun davametmə müddəti; produktiv simptomların təzahür dərəcəsi (sayıqlama, hallüsinasiyalar, aqressiv və suisidal da daxil olmaqla nizamsız davranış); müalicəvi və reabilitasiya müdaxilələrinin effektivliyi. Avtonom həyat, ailə və sosial əlaqələr qurmaq və özünəqulluq qabiliyyəti. Sadalanan amillərin qiymətləndirilməsi nəticəsində diaqnoz öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz etdiklərini bildirərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 244/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək sözügedən qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.

tətbiq edilən hüquq

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 19.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

7. Psixi və davranış pozuntuları 7.3 Şizofreniya, şizotipik və sayıqlama pozuntuları Qeyd. Şizofreniya zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - neqativ simptomların təzahür dərəcəsi, (nitq və özünüifadənin kasadlaşması, emosional solğunluq, sosial təcridolunma, motivasiyanın zəifləməsi, diqqətin tükənməsi, qərar planlaşdırılması və qəbul edilməsi qabiliyyətinin məhdudlaşması); - xəstəliyin 1 ildən az olmayan müddətdə müşahidə nəticəsində müəyyən edilən gediş tipi; - xəstəliyin davametmə müddəti və proqrediyentliyi (prosessual dəyişikliklərin artma sürəti); - psixotik epizodların (kəskinləşmələrin) tezliyi; - remissiyanın keyfiyyəti (tam, natamam, olmaması) və onun davametmə müddəti; - produktiv simptomların təzahür dərəcəsi (sayıqlama, hallüsinasiyalar, aqressiv və suisidal da daxil olmaqla nizamsız davranış); - müalicəvi və reabilitasiya müdaxilələrinin effektivliyi. - Avtonom həyat, ailə və sosial əlaqələr qurmaq və özünəqulluq qabiliyyəti. 7.3.1. şizofreniya (formadan asılı olmadan) - F20 Qeyd. Neqativ simptomatika - əhəmiyyətli dərəcədə enmiş əmək qabiliyyəti, gündəlik fəaliyyət zamanı çətinliklər, ətrafdakılarla ünsiyyətin, sosial marağın azalması şəklində özünü göstərir. 7.3.1.2. şizofreniya, epizodik gediş artan defisit (çatışmazlıq) ilə, ildə 2 dəfədən az olmayan psixotik epizodlar; neqativ simptomatikanın daimi artması və bununla əlaqədar əmək qabiliyyətinin itirilməsi, gündəlik vəzifələrin yerinə yetirilməsi, ətrafdakılarla əlaqələrin qurulması və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması, rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunan remissiyalar; reallığın çətin dərk edilməsi və doğru mühakimə yürüdülə bilinməməsi, bir çox tələbatlarını ödəmək üçün daimi yardıma ehtiyacın olması. – OFP faizi - 65-80, müddəti - 5 il

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. ...

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, əlilliyin dərəcəsinin müəyyən edilməsində səhvə yol verilmiş, tibbi göndərişdə göstərilən diaqnozlara münasibətdə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndi düzgün müəyyən edilməmişdir.

26. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, yalnız “şizofreniya, paranoid forma” diaqnozunun mövcudluğu şəxsə əlillk təyinatına əsas vermir. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirmə meyarlarının" 7.3 bəndinin qeyd hissəsində sadalanan amillərin qiymətləndirilməsi nəticəsində diaqnozun öz təsdiqini tapmaması müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamışdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.

28. Qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

29. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

30. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

31. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona əlilliyin təyin edilməsinə yönəlmişdir.

32. İş materiallarından görünür ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya F20.0 XBT kodunda əks olunmuş “Şizofreniya” paranoid forma diaqnozu qoyulmuş, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.

33. Hazırkı qərarın 2–5-ci bəndlərində göstərilən məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı müxtəlif vaxtlarda bir neçə səhiyyə müəssisəsində stasionar müalicə almışdır. 2011–2012-ci illərdə ona “Rekurrent depressiv pozuntu” və “Davamlı depressiv paranoid psixoz, tez-tez təkrarlanan kəskinləşmələrlə” diaqnozları qoyulmuşdur. 2017–2018-ci illərdə iddiaçıya “Rekurrent depressiv pozuntu, psixotik əlamətlərlə” diaqnozu qoyulmuş, 2014, 2017 və 2023-cü illərdə isə “Şizofreniya, paranoid forma” diaqnozu ilə stasionar müalicə almışdır.

34. İş materiallarında olan tibbi sənədlərdə iddiaçının anamnez məlumatları və xəstəliyin gedişi aşağıdakı kimi təsvir edilmişdir: - 2007-ci ildən psixi xəstədir. Zaman və yerə bələdliyi formal olaraq saxlanılıb, şüuru formal olaraq pozulmamışdır, tələblərə əməl edir. Suallara cavab vermək istəmir. Əhvalruhiyyəsi dəyişkəndir; atasına qarşı yaxşı fikirdə deyil. Xəstənin baxışı bir qədər kədərlidir, qəmlidir. Yaddaşı bir az zəifləyib, intellekti aşağı səviyyədədir, emosional labildir. Xəstəliyin gedişi xronikidir. Zahirən sakitdir (narahatdır), ünsiyyətə qoşulur (həvəssiz daxil olur), sualları ləng cavablandırır, ünsiyyət zamanı həyəcanlanır. Özünə qapalıdır, daxili aləmini tam açmır. Emosional fonu solğundur, maraq dairəsi məhduddur, təfəkkürü paralojikdir. Eşitmə hallüsinasiyaları var. Əhval-ruhiyyə fonunda yüngül ifadə olunmuş emosional dayanıqsızlıq qeyd olunur. Yaddaş və intellekt funksiyaları kobud pozulmayıb. Təmasda passivdir. Bir müddət depressiv vəziyyətdə oturur. İllərdir ki, psixi vəziyyəti stabilləşmir, halhazırda da eyni vəziyyətdədir. Vaxtaşırı səslər eşidir və ambulator müalicə almasına baxmayaraq, psixi vəziyyətində yaxşılaşma müşahidə olunmur. Həyat yoldaşına qarşı aqressiyası var, onu bütün olanlarda təqsirləndirir (arvadını döydüyünə görə polisə şikayət edilmiş və buna görə psixiatriya xəstəxanasına gətirildiyini bildirmişdir). Əhvalı enikdir, qıcolmalardan şikayət edir. Aparılmış müalicə tədbirlərində ruhi vəziyyəti nisbətən yaxşılaşmışdır. 1 saylı RPX-da stasionar müalicədə olub.

35. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilinə görə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3 bəndinin “Qeyd” hissəsində sadalanan amillərin qiymətləndirilməsi nəticəsində diaqnozun öz təsdiqini tapmaması müəyyən edilmişdir.

36. İstinad olunan Əlavənin 7.3-cü bəndinin (Şizofreniya, şizotipik və sayıqlama pozuntuları) “Qeyd” hissəsində göstərilmişdir ki, şizofreniya zamanı psixi funksiyaların təzahür dərəcəsi kəmiyyətcə qiymətləndirilərkən hazırkı qərarın 19-cu bəndində sadalanmış halların nəzərə alınması zəruridir.

37. Məhkəmə kollegiyası sözügedən bəndin “Qeyd” hissəsində göstərilən halları iddiaçı barəsində tərtib edilmiş tibbi sənədlərdə göstərilən məlumatlarla müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, faktiki olaraq cavabdeh orqanın nəzərə alınmasının zəruriliyini bildirdiyi bütün hallar hazırkı işdə mövcud olmuşdur.

38. Belə ki, ambulator kartalarda neqativ simptomların təzahür dərəcəsi özünü ünsiyyətə həvəsin olmaması, suallara ləng və qapalı cavablar, emosional solğunluq və maraq dairəsinin məhdudluğu kimi göstərmişdir.

39. Xəstənin atasına qarşı mənfi münasibəti və həyat yoldaşına qarşı aqressiv davranışı, o cümlədən döyülməsi faktı tibbi sənədlərdə qeyd edilmişdir ki, bu hallar iddiaçının sosial münasibətlərində mövcud ciddi pozuntuları birbaşa əks etdirir.

40. Həmçinin 2007-ci ildən davam edən psixi xəstəlik və 2011–2023-cü illərdə fasilələrlə aparılmış stasionar müalicələr xəstəliyin gediş tipi və davametmə müddətinin uzunmüddətli olmasını təsdiq edir.

41. Xəstəliyin xroniki və proqrediyent xarakter daşıması - əlillik altsistemindən təqdim olunan sənədlərdə 2012, 2015 və 2016-cı illərdə təyin olunmuş əlillik qərarları və 2023-cü ildə yenidən stasionar müalicələrin aparılması ilə təsdiqlənir.

42. Psixotik epizodların tezliyi və davametmə müddəti 2012–2016-cı illərdə növbəli ağır dərəcəli epizodlar və 2014, 2017, 2018, 2023-cü illərdə stasionar müalicələrə əsasən müəyyən edilir.

43. Remissiyanın keyfiyyətinin natamamlığı - vaxtaşırı müalicələrə baxmayaraq, iddiaçının ruhi vəziyyətin qismən stabilləşməsində və müvəqqəti xarakter daşımasında ifadə olunmuşdur.

44. Produktiv simptomlar arasında eşitmə hallüsinasiyaları, aqressiv davranışlar, o cümlədən ailə üzvlərinə qarşı münasibətdə problemlər qeydə edilmişdir.

45. Müalicə və reabilitasiya müdaxilələrinin effektivliyinə münasibətdə iddiaçının ruhi vəziyyətin müalicələrdən sonra müvəqqəti sabitləşməsi göstərilmişdir.

46. Nəhayət, avtonom həyat və sosial əlaqələrdə iddiaçının ailə üzvlərinə qarşı münasibətinin gərgin və aqressiv olması, xüsusilə atasına qarşı mənfi münasibət və həyat yoldaşına qarşı zorakılıq hallarının mövcudluğu, eləcə də ünsiyyət bacarıqlarının zəifliyi qeyd edilmişdir.

47. Göründüyü kimi iddiaçının psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı zəruri olan bütün məlumatlar onun barəsində tərtib edilmiş tibbi sənədlərdə öz əksini tapmışdır.

48. Cavabdeh orqan sadalanan amillərin qiymətləndirilməsi nəticəsində iddiaçıya qoyulmuş diaqnozun təsdiqini tapmamasını bildirsə də, sözügedən amillərin qiymətləndirilməsinin hansı qaydada aparılması, hansı göstəricilərin nəzərə alınması (və ya alınmaması) və nəyə görə məhz “diaqnozun öz təsdiqini tapmaması” nəticəsinə gəlinməsi əsaslandırılmamışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş tibbi sənədlər sözügedən amillərin faktiki mövcudluğunu təsdiqlədiyi halda, cavabdeh orqanın “diaqnozun öz təsdiqini tapmaması” nəticəsinə gəlinməsi qiymətləndirmənin formal aparılması qənaətini yaradır.

50. Birinci instansiya məhkəməsinin 2-1(116)-1432/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ekspertlərinə həvalə edilmişdir.

51. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X5 xx.xx.2024-ci il tarixli 3550 nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi müəyyən edilir. Təyin edilmiş diaqnoz düzgündür F20.0.

52. Birinci instansiya məhkəməsi iddiaçının sağlamlıq vəziyyətini “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3.2.1-ci bəndi əsasında qiymətləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin bənd “şizotipik pozuntu”nu nəzərdə tutmaqla F21 XBT kodunda təsnif edilmişdir.

53. İddiaçıya isə səhiyyə müəssisəsi tərəfindən F20 XBT kodu ilə “şizofreniya paranoid forma” diaqnozu qoyulmuş və bu diaqnoz ekspert rəyi ilə təsdiq edilmişdir. Odur ki, qiymətləndirmə istinad olunan Əlavənin 7.3.1.1-7.3.1.3-cü bəndlər əsasında aparılmalıdır.

54. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Mingəçevir şəhər PND) iddiaçının sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3.1.3-cü bəndinə uyğun olmasını bildirsə də, faktiki olaraq sözügedən Əlavənin 7.3.1.2-ci bəndinin məzmunu baxımından iddiaçının sağlamlıq vəziyyətini aşağıdakı kimi təsvir etmişdir: - Şizofreniya, epizodik gediş, artan defısit (çatışmazlıqlı) ilə. İldə 2dəfədən az olmayan psixotik epizodlar və neqativ simptomatikanın daimi artması ilə xarakterizə edilir. Remissiyalar rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşaiyət olunur, artan neqativ simptomatika isə xəstəni əmək qabiliyyətindən məhrum edir, həmçinin əhəmiyyətli dərəcədə gündəlik vəzifələrin yerinə yetirilməsi, ətrafdakı lari a əlaqələr qurmaq və özünəqulluğa mane olur. Xəstələr reallığı çətin dərk edir və doğru mühakimələr yürüdə bilmirlər. Bir çox tələbatlarını ödəmək üçün xəstələr daimi yardıma ehtiyac duyurlar. İnsan orqanizminin funksiyalarının itirilmə faizi 71-80% (5 il müddətinə).

55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya qoyulmuş tibbi diaqnoz öz təsdiqini tapdığından və əlilliyin təyininə əsas verdiyindən cavabdeh orqanın imtinası hər bir halda əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.

56. Bununla belə iddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3.1.2-ci yarımbəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddiaçıya xx.xx.2023-cü il tarixdən 5 il müddətinə OFPnın 2-ci dərəcəli məhdudlaşması halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikаyət təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2-1(116)-244/2025 nömrəli qərarı İddiaçı “İİİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 35-60% müəyyən edilməsi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilir. İddia təmin edilir. İddiaçı İddiaçı xx.xx.2023-cü il tarixdən 5 il müddətinə orqanizm funksiyalarının pozulmasının İİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar