Məhkəmə qərarları › İş №2-1(107)-493/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-493/2020

04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-493/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1072/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə Ağsu rayonu Ərəbuşağı kəndində anadan olmuşdur. 1969-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1969-cu il tarixdən 1973-cü il tarixədək Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kalxozunda işləmişdir. xx.xx.1976-cı il tarixdən Ağsu 118 nömrəli kənd Texniki Peşə məktəbinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdən ərizəsi nəzərə alınaraq sürücülükdən azad edilmişdir. xx.xx.1982ci il tarixdən sürücü kimi yenidən işə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdən həmin idarəyə elektrik təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən 95-80 nömrəli avtomaşına sürücü təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdən rayon texniki təminat birliyinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdən sovxoza sürücü təyin edilmişdir. xx.xx.1989-cu il tarixdən səhhəti ilə bağlı həmin sovxoza fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdən Azəriqaztikinti İTQİ-nin Ağsu sahəsinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdən “Azərittifaqın” Göyçay avtobazası Ağsu avtobölməsi üzrə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bu fakt ona məxsus ИТ-l seriyalı əmək kitabçasında öz əksini tapır. Arxiv arayışına əsasən kolxozda və əmək kitabçasına əsasən işlədiyi illəri sosial sığorta stajına daxil etməklə əmək pensiyası hüququ yarandığı tarixdən, yəni xx.xx.1918-ci il tarixdən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin DSMF-in Ağsu rayon şöbəsi əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı əmək pensiyası yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. Vətəndaşın mübahisələndirilməyən iş stajı 1973-1975-ci ilərdə 2 il 1 gün hərbi xidmət müddəti və əmək kitabçasında qeyd olunan 22 il 5 ay 23 gün olmaqla cəmi 24 il 5 ay 24 gündür. Bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 18149 manat 68 qəpik pensiya kapitalı yaranır. Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə Özbəkistan kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır. Bildiririk ki, vətəndaş İddiaçı əmək pensiyası yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 28800 manat pensiya kapitalı, bu pensiya kapitalı olmadıqda isə 25 il ümumi sosial sığorta stajı tələb olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşdə olan Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1969-1973-cü illərdə Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1969-1973-cü illərdə Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının tələbinə dair sənədlər birnci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, ИТ-l seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 19 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1072/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə İddiaçı Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1072/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı DSMF-nin Ağsu rayon filialına müraciət edərək, özünə münasibətdə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçı müvafiq iş üzrə tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından DSMF-nin Ağsu rayon filialı iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməkdən əsaslı olaraq imtina etmişdir. İddiaçı Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətinin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddiasın onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, 1969cu il tarixdən Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda əmək fəaliyyətinə başlamış, 1973-cü il tarixində işdən azad edilmiş, lakin göstərilən illər əmək kitabçasında qeyd edilmədiyində stajına əlavə edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1 (116)-1072/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1 (116)-1072/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə teleqarm göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağə ondan ibarətdir ki, tələbində qeyd olunan staj nəzərə alındıqda onun yaşa görə əmək pensiyası almaq üçün tələb olunan minimum 25 il stajı tamamlanacaqdır. Məhkəmə kollegiyasını araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1969- 1973-cü illərdə “Özbəkistan” kolxozundaişlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 nömrəli arxiv arayışı və Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1072/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar