Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-493/2025 04.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8rşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçıya xx.xx.2008-xx.xx.2009, xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016, xx.xx.2016-xx.xx.2021-ci illərdə 3-cü dərəcəli əlillik təyin edilmişdir.
2. xx.xx.2022-ci ildə iddiaçıya “əlavə müalicəyə ehtiyacın olması”, xx.xx.2022-ci il tarixdə “göndərişin natmam doldurulması”, xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” və xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina qərarları verilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı, cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxx 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Könüllü İ Qarabağ müharibəsi döyüşçüsü olmuş, 1992- 1993-cü illərdə Yaqub Rzayevin könüllülər batalyonunda vuruşmuşdur. Döyüşdü müddətdə 1 il 1 ay ən qaynar nöqtələrdə olmuş, Xocalı rayonuna kimi getmişdir. 2018-ci ildə çox ciddi avtomobil qəzası keçirmiş, qəza nəticəsində başı ciddi zədələnmiş, sağ çiyninin körpücük sümüyü qırılıb və ömürlük mil qoyularaq boltla bağlanmışdır. Daha sonra ona Əlillik təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Ancaq həmin qurum tərəfindən ona verilmiş 13 dekabr 2023-cü il tarixli, U00151940KXK nömrəli imtina məktubunda bildirilmişdir ki, vətəndaş eyni xəstəliklə bağlı əyani müayinədə olmuş və haqqında “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi həmin imtinanı tamamilə qanunsuz və əsassız hesab edir.
5. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.
6. Məhkəmənin 2-1(116)-3123/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Məhkəmə X4 publik hüquqi şəxsi”nin ekspertlərinə həvalə edilmişdir: Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı qoyulmuş “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu. Dekompensasiya halında” diaqnozu düzgündürmü? (əyani müayinə zamanı aşkar edilirmi?) -. Diaqnoz təsdiq olunursa iddiaçının sağlamlıq vəziyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən hansı qiymətləndirici əlamətlər aşkar edilir? -. Əgər qoyulmuş diaqnoz düzgün deyilsə onun hazırkı psixi vəziyyətini əks etdirən diaqnoz nədir?
7. Məhkəmə-X4” PHŞ-nin xx.xx.2025-ci il tarixli 1215 nömrəli məktubu ilə məhkəməyə qurumun xx.xx.2025-ci il tarixli 272 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi təqdim olunmuşdur. Rəyin motivləşdirici hissəsində qeyd olunmuşdur ki, iddiaçıda üzvi şəxsiyyət pozuntusu diaqnozu (F07.0) aşkar olunur. Bunu, anamnestik məlumatlar və hazırkı psixiatri müayinənin nəticələri - anamnestik məlumatlara görə, 2018-ci ildə "kəllə-beyin travması" alması, travmanın fəsadları ilə əlaqədar Şəki Mərkəzi Rayon Xəstəxanasında stasionar müalicədə olması, psixi vəziyyətində dəyişikliklərin yaranması ilə əlaqədar Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında yuxarıda göstərilən diaqnozla müalicə olunması, həmçinin hazırkı müayinə zamanı — təfəkkürünün torpidliyi, nitqinin zənginləşməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlıq, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Məhkəmə tərəfindən qoyulmuş suallara isə aşağıdakı kimi cavab verilmişdir: - iddiaçıda hazırkı müayinə zamanı “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Qeyd olunmalıdır ki, “üzvi şəxsiyyət pozuntusu” kompensasiya, dekompensasiya və natamam kompensasiya vəziyyətlərində ola bilər. Hal-hazırda iddiaçıda qeydə olunan “üzvi şəxsiyyət pozuntusu” natamam kompensasiya vəziyyətindədir. Tibbi sənədlərin təhlilinə əsasən, X1 əvvəllər üzvi şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətində olmasını ehtimal etmək olar. Beləliklə, X3 qoyulmuş diaqnoz düzgün düzgünlüyü əyani müayinə zamanı öz təsdiqini tapır. əmək qabiliyyətinin və əlilliyin təyini məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 12 dekabr 2023-cü il tarixindən 2 il müddətində İİİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 35-60% müəyyən edilməsi) təyin edilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq əlilliyinin müəyyən edilməsindən ibarətdir. İddiaçı barəsində U00151940KXK nömrəli forma 88 göndərişi cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin göndəriş 12 dekabr 2023-cü il tarixində qiymətləndirilmiş, iddiaçının əlilliyinin müəyyən edilməsindən “diaqnoz əlilik əlaməti təyin etməməsi” əsası ilə imtina edilmişdir. Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə X4 publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 272 nömrəli rəyindən görünür ki, İddiaçı üzvi şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7-ci bəndində Spesifik şəxsiyyət pozuntuları göstərilmişdir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki, hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir.Belə ki,cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu- F07-üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu qəbul edir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (həmin vaxt qüvvə olmuş redaskiyasına əsasən) 7.7-ci bəndində “Spesifik şəxsiyyət pozuntuları” diaqnozu təsbit edilmişdir.Həmin diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların 7.7.1.1ci bəndində “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nın 35-60 dərəcəsi və iki il müddətində əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin (həmin dövrdə qüvvədə olmuş redaskiyasında) 7.7.1.1-ci bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 35-60% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 35-60% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının OFP-nin İİİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıda olan “F07 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi meyarlarının” müvafiq bəndinin qeyd hissəsində aşağıdakıların nəzərə alınması göstərilmişdir: Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Göründüyü kimi, ekspert rəyinin məzmunundan da aşkar olunur ki, iddiaçıya diaqnoz anamnestik məlumatlara və stasionar müalicədə olması ilə uyğunlaşdırılaraq verilmişdir. Bu da işin kifayət qədər araşdırılmamış hesab olunması, məhkəmənin araşdırma nəticəsinin qərara gəlmək üçün yetərli olmadığını göstərir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi üçün sadalanan hallar əyani müayinə zamanı öz təsdiqini tapmamış, iddiaçı bütün suallara adekvat cavab vermişdir. Odur ki, OFP-nin 35 faizdən yuxarı olması öz təsdiqini tapmadığından imtina cavabı verilmişdir. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə zəruri olan məlumatlar öz əksini tapıb və qiymətləndirmənin aparılması üçün qanedici səviyyədədir. Tibbi göndərişdə müvafiq məlumatlar kifayət edən səviyyədə olmadıqda şəxsə aidiyyəti tibb müəsissəsinə instrumental əyani müayinədən keçmək üçün göndəriş verilir və məlumatların tamamlanması təmin edilir. Lakin hazırkı işdə zəruri olan məlumatlar mövcuddur. İddiaçıda travmanın olması, xəstəliyində mənfi mənada geriləmənin olması inkar edilmir sadəcə bütün xəstəliklərə əlillik təyin edilə bilməz. Xəstəlik olsa da, əlillik səviyyəsində deyil. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının bədənində dəmir mil olduğundan MRT müayinəsinin aparılmasının mümkün olmamasını, iddiaçının uzun müddət psixiatrik stasionarda müayinə və müalicə olunmasını bildirmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 16.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il 2.1. dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il 2.2. azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlinmişdir. Bununla belə tibbi göndərişdə göstərilən diaqnozlara münasibətdə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndi düzgün müəyyən edilməmiş və iddiaçının əlilliyini müəyyən edilərkən qüvvədən düşmüş normativ sənədin tələbinə uyğun 3-cü dərəcəli əlilliyin müəyyən ediməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Cavabdeh orqanın apellyasiya şikayətində ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iddiaçıya qoyulmuş F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu yalnız anamnestik məlumatlar və stasionar müalicə faktına əsasən verilmiş, psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməli (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.) olduğu halda bu müəyyən olunmamışdır. Bu səbəbdən cavabdeh orqan iddiaçının vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun qiymətləndirilmədiyini və ekspert rəyinin natamam olduğunu bildirmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.
24. Cavabdeh orqan iddia edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndinin “Qeyd” hissəsinə əsasən, psixi funksiyaların təzahür dərəcəsi obyektiv təsdiqlənməsi üçün zəruri olan sübutlar təqdim olunmalı, yalnız anamnez və stasionar müalicə faktlarına əsaslanaraq diaqnoz qoyulmamalıdır. Odur ki, ekspert rəyinə əsasən müvafiq diaqnozun qoyulması meyarların tələblərinə cavab vermir və araşdırma natamamdır.
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi göndərişdə zəruri məlumatlar öz əksini tapıb və qiymətləndirmə üçün kifayətdir. Diaqnozun mövcudluğu inkar edilmir, sadəcə “əlillik səviyyəsində deyil”. Əgər məlumatlar yetərsiz olsaydı, iddiaçı instrumental müayinəyə yönləndiriləcəkdi, lakin belə bir zərurət olmayıb.
26. Göründüyü kimi cavabdeh orqan bir tərəfdən araşdırmanın natamam olduğunu, psixi funksiyaların təzahür dərəcəsinin obyektiv təsdiqlənməsi üçün zəruri olan sübutların olmadığını iddia edir, digər tərəfdən isə mövcud tibbi məlumatların qiymətləndirmə üçün yetərli olduğunu və diaqnozun düzgünlüyünün inkar edilmədiyi bildirir. Başqa sözlə cavabdeh orqan bir tərəfdən qiymətləndirmə üçün zəruri sübutların olmadığını, digər tərəfdən isə mövcud sübutların qiymətləndirmənin aparılması üçün yetərli olduğunu, lakin əlillik səviyyəsində pozuntunun müəyyən edilmədiyini iddia edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, əgər qiymətləndirmə üçün zəruri olan sübutlar mövcud deyilsə, bu halda əlillik səviyyəsində pozuntunun olmaması nəticəsinə gəlinməsi mümkünsüzdür.
28. Hazırkı işdə iddiaçıya xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verilmişdir.
29. “Diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə diaqnozun mövcudluğunun qəbul olunması, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni, şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin müəyyən edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir.
30. Əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsinə olmadığını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır.
31. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması” Meyarlarına əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir (Meyarların 2.1-ci bəndi). Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin müəyyən edilməsinə əsas verir (Meyarların 3.1.1–3.1.3-cü bəndləri).
32. Lakin təcrübədə baxılan işlər üzrə müşahidə olunur ki, cavabdeh orqan tərəfindən qəbul edilən qərarlarda yuxarıda qeyd edilən faiz göstəricilərinin konkret olaraq hansı həyat fəaliyyəti kateqoriyasında, hansı dərəcə məhdudlaşma əsasında formalaşdırıldığı açıq şəkildə göstərilmir. Bir qayda olaraq yalnız tibbi diaqnozlara istinad edilərək funksional pozuntu faizi müəyyən olunur və bu faiz göstəricilərinin hansı metodika ilə hesablandığı məlum olmur.
33. Bu isə “Əlilliyin müəyyən olunması meyarları”nın məqsədinə uyğun deyil. Belə ki, əlillik qiymətləndirilməsi diaqnozla müəyyən edilmiş xəstəlik əsasında yox, həmin xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından aparılmalıdır.
34. Cavabdeh orqan tərəfindən iddiaçıda aşkar edilmiş xəstəliyin onun həyat fəaliyyəti kateqoriyalarında hansı dərəcədə məhdudlaşma yaratması və bu məhdudlaşmanın neçə faiz funksional pozuntu ilə nəticələndiyi göstərilmədiyi halda müvafiq qiymətləndirmənin ümumiyyətlə aparılıb-aparılmaması, aparıldığı halda isə hansı metodika ilə aparılması, yekun qərar qəbul edilənədək cavabdehin hansı qaydada davranması qeyri-müəyyən qalır.
35. Odur ki cavabdeh orqan şəxsin əlillik vəziyyətini qiymətləndirərkən mövcud diaqnozun şəxsin konkret hansı həyat fəaliyyəti sahəsində nə dərəcədə məhdudlaşma yaratmasını və bu məhdudlaşmanın nəticəsində neçə faiz funksional pozuntu formalaşmasını əsaslandırmalı və bu təqdim edilmiş sənədlərdən aydın şəkildə görünməlidir.
36. Sözügedən qaydada aparılan qiymətləndirmə cavabdeh orqanın qiymətləndirmə azadlığına daxil olsa da, məhkəmə hər bir halda aparılan inzibati araşdırmanın tamlığını və hüquqi əsaslılığını yoxlamaq imkanına malik olmalıdır. Yəni, məhkəmə yekun imtina qərarını yoxlayarkən bu nəticəyə gətirib çıxaran qiymətləndirmə prosesini də yoxlaya bilməlidir.
37. Lakin yuxarıda qeyd edildiyi kimi, baxılan işlər üzrə Tibbi-Sosial Ekspert Komissiyasının yalnız tibbi yönümlü araşdırma apardığı aydın olur. Sosial baxımdan isə “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş qaydada qiymətləndirmənin aparılıb-aparılmaması ümumiyyətlə müəyyən edilmir.
38. Məhkəmə tərəfindən cavabdeh orqana aşağıdakı halların aydınlaşdırılması məqsədilə sorğu göndərilmişdir: - İddiaçıya qoyulmuş diaqnozda hansı funksional məhdudiyyətlərin və ya tibbi göstəricilərin mövcud olmaması həmin diaqnozun əlillik əlaməti kimi qiymətləndirilməməsinə əsas vermişdir? Həmçinin bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına — özünə qulluq, hərəkətetmə, ünsiyyət və sairə — təsir etməməsi hansı meyarlarla və necə qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən olunması üçün müvafiq meyarlara uyğun olub-olmaması hansı əsaslarla qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qənaət formalaşdırılarkən, həmin diaqnozun şəxsin gündəlik həyatına təsiri necə qiymətləndirilmişdir?
39. Cavabdeh orqan “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndinə müvafiq olaraq üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı əsas götürülən kriteriyalara istinad edərək məhkəmənin sorğusunu aşağıdakı kimi cavablandırmışdır: Göndərişdə vətəndaşa dair qeyd olunmuş məlumatlara əsasən baş beynin patologiyası instrumental müayinədə təsdiqlənməmişdir. Belə ki, MRT müayinəsinin aparılması dəmir mil olduğu üçün mümkün olmasa da, digər müayinənin aparılması mümkün olmuşdur (baş beyin KT müayinəsi). Qeyd olunmuş EEQ müayinəsinin nəticəsi isə klinik əsaslandırılmamışdır. Qeyd edək ki, göndərişdə anamnestik məlumatlar, ümumiyyətlə, əks olunmamış, əsas xəstəliyin başlanması, dinamikası və aldığı müalicələrin effektivliyi barədə məlumat göstərilməmişdir. Həmçinin klinik əlamətlərin təsviri zamanı intellektual-mnestik funksiyaların enikliyi qabardılmış və İQ balı üzrə qiymətləndirilərək 64 kimi göstərilmişdir. Həmçinin, göndərişdə əsas diaqnoz, əsas diaqnozun ağırlaşması və ya yanaşı diaqnozda bu vəziyyət öz əksini tapmamışdır. Baş beynin qazanılma üzvi patologiyalarında koqnitiv funksiyaların enikliyinin MMSE testi üzrə qiymətləndirməsi tələb olunsa da, göründüyü kimi İQ göstəricisindən istifadə edilmişdir. Bu isə uyğunsuzluq kimi qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, qanunvericiliyə əsasən, əsas və yanaşı xəstəliklərin həyat fəaliyyəti kateqoriyalarına təsir dərəcəsi tibb müəssisəsi tərəfindən müəyyənləşdirilməli və rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmalıdır. Lakin U00151940KXK nömrəli göndərişdə qeyd edilmiş həyat fəaliyyəti kateqoriyalarının pozulma dərəcəsi bir-biriləri və ifadə olunmuş klinik əlamətlərlə uyğunsuzluq təşkil etmişdir. Göndərişdə qeyd olunan əsas diaqnozun müvafiq meyarlara uyğun olub-olmaması qanunvericilikdə müvafiq patologiyalar üzrə tələb olunan kriteriyalar əsasında qiymətləndirilir. İddiaçı barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı təyin edilərkən diaqnozun şəxsin həyat fəaliyyətinə təsiri göndərişdə qeyd olunmuş məlumatlar (anamnestik, klinik, instrumental) əsasında qiymətləndirilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdeh orqan təqdim edilmiş tibbi göndərişi zəruri məlumatlarla kifayət qədər təmin olunmamış hesab edirdisə, normativ tələblərə uyğun olaraq onu geri qaytararaq tamamlanması üçün tibb müəssisəsinə müraciət etməli və ya öz praktikasına uyğun olaraq iddiaçını əyani müayinəyə cəlb edərək əlavə instrumental müayinəyə (ixtisaslaşmış xəstəxanaya) yönləndirməli idi.
41. Lakin bu tədbirlər görülmədən göndəriş əsasında qiymətləndirmə aparılmış və imtina qərarı verilmişdir. Halbuki cavabdehin nümayəndəsi məhkəmədə göndərişin zəruri məlumatları ehtiva etdiyini bildirmişdir.
42. Eyni zamanda cavabdeh orqan iddiaçının diaqnozunun mövcud normativ meyarlara uyğunluğunun necə qiymətləndirildiyi və bu diaqnozun şəxsin həyat fəaliyyətinə təsirinin hansı metodologiya ilə ölçüldüyü barədə heç bir sübut təqdim etməmişdir. Bu isə təqdim edilmiş mövqenin subyektiv mülahizələrə əsaslandığını göstərir.
43. Ekspert rəyinə və iddiaçının anamnez məlumatlarına əsasən onun 2018-ci ildən kəllə-beyin travmasının fəsadları ilə əlaqədar psixi dəyişikliklərin baş verməsi, nəticədə üzvi şəxsiyyət pozuntusu (F07.0) diaqnozu ilə müxtəlif stasionar müalicələr alması, hazırkı vəziyyətinin natamam kompensasiya (əvvəllər dekompensasiya vəziyyətində olub) olması müəyyən edilir. Həmçinin müayinə zaman təfəkkürün torpidliyi (yavaşlaması), nitqin ləngiməsi, emosional dayanıqsızlıq, xarici qıcıqlara qarşı həssaslığın yüksək olması, əhval-ruhiyyənin dəyişkənliyi müşahidə edilmişdir. Sadalanan hallar xəstəliyin davam etdiyini göstərməklə iddiaçı ilə ətrafdakı şəxslər arasında tez-tez problemlərin, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərin yaranmasına, o cümlədən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olan amillərdir. Bu halların 2 ildən artıq davam etməsi iş materialları ilə sübut olunur.
44. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş U00151940KXK nömrəli tibbi göndərişdə də əsas diaqnoz “F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu, dekompensasiya halında” kimi göstərilmiş, göndərişdə iddiaçı barədə qeyd edilmişdir ki, o, zahirən gərgindir, kontakta narazı halda qoşulur, suallara fasilələrlə və ləng cavab verir, ünsiyyətdən yayınır, davranışı qeyri-adekvatdır, yaddaşı zəifdir, sözləri unudur, emosional reaksiyalar qeyri-sabitdir, hərəkətləri yöndəmsizdir, oriyentasiya zəifdir, özünəxidmət qabiliyyəti məhduddur, yuxusu dərmanla təmin olunur, İQ göstəricisi 64 kimi qiymətləndirilmişdir.
45. İş üzrə verilmiş ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnoz təsdiqlənmiş və qeyd edilmişdir ki, iddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu natamam kompensasiya vəziyyətində olmaqla, təfəkkürün torpidliyi, nitqin ləngiməsi, emosional dayanıqsızlıq, affektiv reaksiyalara meyllilik, ünsiyyətdən yayınma, yaddaşın zəifləməsi və davranışda qeyri-adekvatlıq əlamətləri müşahidə olunur.
46. İddiaçıya qoyulmuş diaqnoza dair F07.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur.
47. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir (hazırkı qərardadın 16-cı bəndi).
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin 7.6.2.2-ci bəndində müəyyən edilmiş qiymətləndirmə halları (tez-tez kəskinləşən psixotik epizodlar, dekompensasiyalar və ya aqressiv davranış/intihar cəhdləri) olmadığından, iddiaçıda müşahidə edilən simptomlara (təfəkkür ləngiməsi, emosional dayanıqsızlıq, torpidlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, gündəlik fəaliyyətin yerinə yetirilməsində çətinliklər, bəzən kənar köməyə ehtiyac) münasibətdə “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır.
49. Həmin bənd isə OFP-nın 2 il müddətinə İ dərəcə məhdudlaşması halını (35-60 faiz) müəyyən edir.
50. Birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə “Meyarlar”a Əlavənin 7.7.1.1-ci bəndinə əsasən qiymətləndirmə aparmış və xx.xx.2023-cü il tarixdən 2 il müdətinə 3-cü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, “Meyarlar”a Əlavənin 7.7.1.1-ci bəndi iddiaçıya qoyulmuş diaqnozun (F07.0) XBT koduna uyğun olmasa da, həmin yarımbənddə göstərilən OFP müddəti və faizi “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndi ilə eynidir. Odur ki, iddiaçıya qoyulmuş diaqnozun “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndinə uyğun qiymətləndirilməsi əlilliyin müddətinə və faizinə təsir etmir.
52. Bununla belə birinci instansiya məhkəməsi “3-cü dərəcəli əlillik” ifadəsini qeyd etdiyindən və “Meyarlar”ın qüvvədə olan redaksiyasına əsasən, 31–60 faiz aralığında funksional pozuntuya yol açan hallarda “xəstəlik, zədə və ya çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması” meyarı tətbiq edildiyindən, hüquqi müəyyənlik prinsipi baxımından qərar həmin hissədə dəyişdirilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin -1(116)-1032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilir. İddiaçı 12 dekabr 2023-cü il tarixindən 2 il müddətində orqanizm funksiyalarının pozulmasının 35-60% müəyyən edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.