Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-494/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X2 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nünmayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin xx/xx/2020 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 28500.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat məbləğində siyahıya alınmış əmlakının (Spirt çəkən aparat, Sutqalıq istehsal gücü 2.5 ton – 1 ədəd, Buxar qazanı – 1 ədəd) satılması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1323/2023 nömrəli qərarından Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx/xx/2020 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 28500.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat məbləğində siyahıya alınmış əmlakının (Spirt çəkən aparat, Sutqalıq istehsal gücü 2.5 ton – 1 ədəd, Buxar qazanı – 1 ədəd) satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 52846.93 manat borcuna görə 28500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 28500 manat ödənilməmiş borcu qalmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 may 2023-cü il tarixli, 2- 1(116)-1323/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
4. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
5. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Oğuz Şərab' Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti 5 ildir dayandırılmışdır. Ona görə qeyd olunan borcun müəssisə tərəfindən ödənilməsi qeyri-mümkün etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus Spirt çəkən aparat, sutkalıq istehsal gücü 2.5 ton - İ ədəd. Buxar qazanı - 1 ədəd əmlaklar Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış və qiymətləndirilmişdir. Lakin göstərilən əmlakların qiymətləri dəyərindən 3-4 dəfə ucuz aşağı qiymətlə müəyyən edilmişdir. Belə ki, 1 ədəd spirt çəkən aparat, sutkalıq istehsal gücü 2.5 tonun qiyməti 25.000 manat, 1 ədəd buxar qazanın qiyməti 3.500 manat göstərilməsinə baxmayaraq hal-hazırda 1 ədəd spirt çəkən aparat, sutkalıq istehsal gücü 2.5 tonun bazar qiyməti 80.000-100.000 manat arasında, 1 ədəd buxar qazanın bazar qiyməti 8.000-10.000 manat civarında dəyişir. Ona görə də qeyd olunan əmlakların qiyməti bazar qiymətinə uyğun müəyyən edilmədiyindən yenidən qiymətləndirmə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi zərurəti vardır. Göründüyü kimi hazırki iş məhkəmə tərəfindən hərtərəfli araşdırılmadığından qərar qanunsuz və əsassızdır. Ona görə də qərarın ləğv olunaraq bu məsələnin obyektiv araşdırılaraq həll olunmasını istəyirəm. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)- 1323/2023 nömrəli qərarının ləğv edilərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nünmayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1323/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1323/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cavabdehə məxsus 1 ədinin qiyməti 25000 manat olan 1 ədəd spirt çəkən aparat, 1 ədinin qiyməti 3500 manat olan 1 ədəd buxar qazanı cəmi 28.500 manat dəyərində əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
12. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
14. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
15. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
16. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2020 tarixli Qərar və vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2020 tarixli Qərara əlavələr (dəyişikliklər) edilməsi barədə xx.xx.2022 tarixli Qərar əsasında vergi ödəyicisinin xx/xx/2020 tarixə yaranan 52846.93 manat borcuna görə (Spirt çəkən aparat, Sutqalıq istehsal gücü 2.5 ton – 1 ədəd, Buxar qazanı – 1 ədəd) 28500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir.
19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, yuxarıda göstərilən vergi qanunvericiliyinin tələblərinə əsasən əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
20. Məhkəmə kollegiyası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində qeyd etdiyi onun fəaliyyətinin 5 il dayandırılması və ona görə də borcun müəssisə tərəfindən ödənilməsinin qeyri-mümkün olması dəlili ilə razılaşmayaraq qeyd edir ki, borcun pul vəsaiti ilə ödənilməsi imkanlarının olmaması, borcun əmlak hesabına ödənilməsi vəzifəsindən azad etmir.
21. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin siyahıya alınmış əmlaklar barədə əmtəəşünaslıq ekspertizasının keçirilməsinin zəruri olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, siyahıya alınmış əmlak hərraca çıxarılıb satılmamışdan əvvəl hərrac komissiyası tərəfindən qiymətləndirilir və satışa çıxarılır. Ona görə də məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilməsi zərurəti qalmır.
22. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin xx/xx/2020 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 28500.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28500 manat məbləğində siyahıya alınmış əmlakının (Spirt çəkən aparat, Sutqalıq istehsal gücü 2.5 ton – 1 ədəd, Buxar qazanı – 1 ədəd) satılması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
23. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1323/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.