Məhkəmə qərarları › İş №2-1(107)-495/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-495/2020

04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-495/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2003-2017ci illəri əhatə edən müddətin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasını təyin edilməsi, pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020-ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1048/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxxx 1957-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. Hazırda da faktiki olaraq həmin ünvanda yaşayır və orada qeydiyyatdadır. 1986-1991-ci illərdə, yəni 5 (beş) il ərzində X17 toxucu işləmişdir. 1991-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeyd öz əksini tapmışdır. Şəki Rayon Aqrar İslahatı Komissiyasının 1999-cu il 30 aprel tarixli 08 saylı qərarı ilə ailəsinə kənd təsərrüfatı təyinatlı 0.45 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Bu fakta dair LN:929 (kod 40401018) saylı dövlət aktı və RX seriyalı, ******* nömrəli çıxarış var. Sözügedən torpaq sahəsinin digər mülkiyyətçiləri əri X9 və oğlu X3. X5 İİ qrup əlildir və xx xxxxxx 2003-cü ildən 911566 nömrəli pensiya işi üzrə pensiya alır. Bu məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx xxx 2020-ci il tarixli, ******* nömrəli arayışında öz təsdiqini tapmışdır. X2 uzun müddətdir Rusiya Federasiyasında yaşayır və orada fərdi əməklə məşğul olur. İddiaçı hazırda yuxarıda qeyd etdiyi ünvanda əri ilə bigə yaşayır. Bu fakt Şəki şəhər İcra Hakimiyyəti başçısının X4 xx xxx 2020-ci il tarixli, 516 nömrəli arayışında öz təsdiqini tapmışdır. Barəsində bəhs etdiyi torpaq sahəsi iddiaçıya verildikdən təxminən bir neçə il sonra kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçı həmin sahədən istifadə etməyə başlamışdır. 2002-2017-ci illər ərzində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. Bunu iş materiallarında olan ödəniş qəbzlərinin surətləri müəyyən edir. İddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyası almaq hüququ yarandıqdan sonra müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 25 il sosial sığorta stajı və ya tələb olunan sığorta kapitalının olmaması səbəbindən bundan imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən 57 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində olan qeydə əsasən qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Bu maddəyə əsasən, iddiaçı X1 2015-ci ilin iyun ayında 57 yaş 6 ayı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün yaş həddi xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaş 6 ayı tamam olmuş qadınların (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddəyə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və ya 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı 4 il 7 ay 19 gün təşkil edir. Vətəndaş xx.xx.2019-cu il tarixdə şöbəyə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirmişdir. Bunun səbəbi 2006-2016-cı illərdə vətəndaşın ödədiyi MDSSH ödənişləri barədə illik B3 hesabatını təqdim etməməsi olmuşdur. Buna görə də iddiaçının 2006-cı ildən sonra nə qədər sosial sığorta stajı olması barədə məlumat təqdim edə bilmirlər. İddiaçı ərizəsində 20 il stajının olmasını qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən, ona yaşa görə əmək pensiyası təyini üçün azı 25 il staj tələb olunur. İş materiallarında olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, o, 1986-1991-ci illərdə X17 toxucu işləmişdir. İş materiallarında olan JN-9xx xxx 40401018 nömrəli “Torpaqların mülkiyyət hüququna dair akt”ın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının istifadə edərək sosial sığorta ödədiyi 0.45 ha torpaq sahəsi onun həyat yoldaşı X6 mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara MDSS haqqı üçün mədaxil qəbzlərinin surətləri, ******* nömrəli əmək kitabçasının surəti, JN929 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət Aktı” və ona əlavə edilmiş çıxarışın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli etiraz məktubu aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1048/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2003-2017ci illəri əhatə edən müddətin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasını təyin edilməsi, pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1048/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi iddianın təmin edilməməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1048/2020 saylı qərar çıxarmışdır. Şəki İnzibati Məhkəməsi hazırkı iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, məhkəməyə təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən mötəbər sübutları prosessual tələblərə uyğun şəkildə araşdırmamış, onlara münasibət bildirməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halları mötəbər sübutlarla təsdiq etməmişdir ki, bu da son nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına və düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Hesab edir ki, qeyd edilən maddi və prosessual hüquq pozuntularına görə X12 iddianın təmin edilməməsinə dair dair xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1048/2020 saylı qanunsuz və əsassız qərarı tamamilə ləğv olunmalıdır. Həmin qərar poçt vasitəsi ilə xx xxxxxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1048/2020 saylı qərarının məzmunundan aydın görünür ki, 1-ci instansiya məhkəməsi maddi hüquq pozuntusuna yol verərək tətbiq edilməli normativhüquqi aktı tətbiq etməmiş, yekun nəticəyə gələrkən və qərar qəbul edərkən mübahisə edilən hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş normativ-hüquqi akta deyil, həmin hüquq münasibəti yarandıqdan sonra qəbul edilmiş hüquq normasına istinad etmiş və ona əsaslanmışdır. Bununla, məhkəmə, "qazanılmış hüquq" konsepsiyasına və bu konsepsiyadan irəli gələn "qanuni gözlənti" prinsipinə tam zidd mövqe nümayiş etdirmiş, əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığını və sabitliliyini təmin etməyə yönəlmiş bu prinsipin hüquqi əhəmiyyətini diqqətdən kənarda qoymuşdur. Həmin prinsipə görə, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qərardan aydın görünür ki, məhkəmə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx xxxx 2017-ci il tarixdə edilmiş dəyişikliklərə əsaslanaraq mənim yaşa görə əmək pensiya hüququmun xx xxxxx 2018-ci il tarixdə, yəni 60 il 6 ay tamam olduğu tarixdə yarandığı qənaətinə gəlmişdir. Hesab edirəm ki, bu yanlış bir mövqedir və maddi hüquq normasının tətbiqinə dair hüququn fundamental prinsipinə ziddir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Məhkəmə qətnaməsi haqıında" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli Plenum Qərarında deyilir: - "Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir." Qeyd edir ki, o, xx xxxxxxx 1957-ci ildə doğulmuş və 2014-cü ilin oktyabr ayının 18-də 57 yaşı tamam olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun o dövrdə qüvvədə olmuş müddəalarına görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır və kişilərin yaş həddi 2010cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi isə 2010cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır (maddə 7). Onun pensiya hüququ hər bir halda qanuna müvafiq dəyişikliklər edilənədək, yəni 2017-ci ilin iyul ayının 01-dək yaranmışdır. Bu faktı, pensiya yaşının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tətbiq etdiyi metodik üsuldan istifadə etməklə çox asanlıqla müəyyən etmək olardı. Məhkəmə isə, göründüyü kimi, sözügedən Qanunun həmin dövrdə qüvvədə olmuş müddəalarını tətbiq etmək əvəzinə, hüquq münasibətləri yarandıqdan sonra qəbul olunmuş maddi hüquq normasını tətbiq etməklə düzgün olmayan qərar qəbul etmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Tam əsassız olaraq, yəni işi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qaydada araşdırmadan iddiamı bütövlükdə rədd etməklə, Şəki İnzibati Məhkəməsi, əslində, X16 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququmu pozmuşdur. Hesab edir ki, iddia tələbi bütövlükdə əsassız ola bilməz və qanunun tələbləri ilə uzlaşan hissədə təmin edilməli idi. İş üzrə mövcud mötəbər sənədlərdən - əmək kitabçası və mülkiyyətimdəki kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödənişlərinə dair Dövlət Sosial Müdafiə Fonduna aid mədaxil qəbzlərindən aydın görünür ki, o, 1986-1991-ci illərdə X17 əmək fəaliyyətimdən dolayı 5 ilə yaxın, 2002-2017-ci illərdə mülkivvətimdəki kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödənişlərindən dolayı 15 il, cəmi 20 ilə yaxın sığorta stajı qazanmışdır. Sözügedən mədaxil qəbzlərinin məzmunundan da aydın görünür ki, ödənişlər məcburi dövlət sosial sığorta haqqı olaraq Dövlət Sosial Müdafiə Fonduna yönəlmişdir. Həmin qəbzlərdə ödənişlərin pensiya təminatı hüququ verdiyinə və ödəniş dövrünün əmək stajına daxil edildiyinə dair qeydlər də öz əksini tapmışdır. Məhz, bu faktlara əsaslanaraq o, yaşa görə əmək pensiyasının təyin olunması və pensiya ödənişlərinin hesablanaraq verilməsi xahişi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. DSMF Şəki şəhər şöbəsi isə məsələnin düzgün həlli üçün zəruri tədbirlər görmədən, xeyrinə olan halları araşdırmadan və nəzərə almadan müraciətinin müsbət həllindən imtina etmişdir. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməli, təqdim olunmuş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamalıdır. DSMF Şəki şəhər şöbəsinin müraciətimin araşdırılması ilə bağlı yol verdiyi səhvlər Şəki inzibati Məhkəməsi tərəfindən də təkrarlanmış, məhkəmə, sanki, bütün fəaliyyətini cavabdeh inzibati orqanın mövqeyini təqlid etməyə yönəltmiş, iddia tələbinin əsaslılığını özündə ehtiva edən mötəbər faktlara məhəl qoymamışdır. Şəki İnzibati Məhkəməsi yalnız əmək kitabçasını əsas götürərək ümumi sığorta stajımın 4 il 7 ay 19 gün olduğu qənaətinə gəlmiş, lakin, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyinə dair məhkəməyə təqdim olunmuş mötəbər sübutlara münasibət bildirməmişdir. İşin real hallarından aydın görünür ki, tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları cavabdeh inzibati orqan tərəfindən mədaxil qəbzləri əsasında qəbul edilmişdir, yəni sığorta stajını formalaşdıran faktiki və hüquqi zəmin mövcuddur. Belə olan təqdirdə nəyə görə inzibati orqan vətəndaşın xeyrinə olan halları nəzərə almamalıdır, məhkəmə isə cavabdeh inzibati orqanın bu qanunsuz davranışına göz yummalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1 (116)-1048/2020 saylı qərarını tamamilə ləğv edərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1 (116)-1048/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1 (116)- 1048/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş və onun 60 yaş 6 ayı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır. Bu maddəyə əsasən, iddiaçı X1 2015-ci ilin iyun ayında 57 yaş 6 ayı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün yaş həddi xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaş 6 ayı tamam olmuş qadınların (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddəyə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və ya 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı 4 il 7 ay 19 gün təşkil edir. Vətəndaş xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirmişdir. Bunun səbəbi 2006-2016-cı illərdə vətəndaşın ödədiyi MDSSH ödənişləri barədə illik B3 hesabatını təqdim etməməsi olmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə xx.xx.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 4 il 7 ay 19 gün sosial sığorta stajı müəyyən olunur ki, bu da tələb olunan 16742,88 manat pensiya kapitalından az olduğundan onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. Həmçinin məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyil. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1048/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar