Məhkəmə qərarları › İş №2-1(107)-5/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-5/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-5/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Mingəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(116)-1340/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin İdarə xx.xx.2021-ci il tarixli **********64 nömrəli məktubla bundan imtina etmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 0,04 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********64 nömrəli imtina məktubundan görünür ki, elektron siyahıda 198 nömrəli sırada heç bir qeydiyyat aparılmamış, iddiaçının adı isə 2 nəfər ailə üzvləri ilə birlikdə 298 nömrəli sırada qeyd olunmuş və sözügedən "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsi 0,04 ha göstərildiyi halda, siyahıda 0,28 ha qeyd olunmuşdur. JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir şəhəri üzrə şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınmamışdır. Eyni zamanda, həmin şəhadətnamənin elektron baza xəritəsində göstərilən cizgisi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında 35 metr məsafə fərqi vadır, həmçinin torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmış digər şəxsin mülkiyyətində olan mağaza binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 23 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1340/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Mingəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1340/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi Torpaq islahatı haqqında AR Qanununun 9 və 10-cu maddələrini rəhbər tutaraq həmin torpaq sahəsinin onun qanuni istifadəsində olmamasını əsas gətirir. O, məhkəmə prosesində qeyd etmişdir ki, həmin torpaq sahəsi 40 ildən çoxdur ki, onların ailəsinin qanuni istifadəsində olmuşdur. Həmin torpaq sahəsi əvvəlcə onun babasının olub, sonra isə onun və əmisi oğlanlarının arasında vərəsəlik qaydasında paylara bölünmüşdür. 2003-cü ildə Torpaq və Xəritəçəkmə şöbəsinin əməkdaşlarına onlarda olan torpağa dair sənədləri və həmin dövrə aid dövlət rüsumunu vermişlər və bundan sonra onun adına şəhadətnamə verilmişdir. Bir sözlə, müvafiq torpaq sahəsinin Torpaq islahatı haqqında AR Qanununa qədər onun qanuni istifadəsində olmasını təsdiq edən sənədləri o, DTXK-nə təhvil vermişdir. Həmin sənədlər Dövlət arxivində və ya DTXK-nin və ya DƏDRX arxiv sənədləri arasında saxlanılmalı idi. O, bir vətəndaş olaraq həmin sənədlərin arxivdə və ya bazada qorunub-saxlanmasına məsuliyyət daşımır. Bu gün həmin sənədlərin arxivdə və ya bazada saxlanmamasına görə bilavasitə müvafiq dövlət orqanı və onların əməkdaşları məsuliyyət daşıyır. Şəki İnzibatı Məhkəməsinin Qərarında qeyd edilir ki, Şəhadətnamələrin qeydiyyat kitabında 1235 nömrəsi ilə İddiaçı adı qeydiyyata alınmamışdır. Kitabdakı 1235 nömrəli qeydiyyat Əhmədov Bəhdəmir adlı şəxsin adına 0,09 ha toıpaq sahəsi ilə bağlı JN-1475A nömrəli şəhadətnamənin verilməsini əks etdirir. Həmin Kitabçadan çıxarış 2004cü ilə aid məlumatlardır, yəni həmin sənəddə 2004-cü ilə aid heç bir məlumat yoxdur, bundan əlavə sənədin oxunaqlılığı da kifayət qədər şübhə doğurur. O, məhkəmə prosesində israrla qeyd etmişdir ki, şəhadətnamələrin qeydiyyat kitabında qeydlər aparmaq onun vəzifəsi deyil, əgər dövlət orqanı öz işini vaxtlı-vaxtında və layiqincə icra etməyibsə, onun məsuliyyətini vətəndaş daşımalı deyil. Şəki İnzibati Məhkəməsinin Qərarında qeyd edilir ki, onun qonşuları olan Abdullayev Qalibin - 232A (əmisi oğlu) və Abdullayev Həsrətin - 235A (əmisi) şəhadətnamələrində o, qonşu kimi göstərilmir. Məhkəmə prosesində bu məsələ ilə bağlı qeyd etmişdir ki, hər 3 sənəd eyni ildə, ayda və gündə verilib, yəni hər 3-nün tarixləri eynidir. Onun sənədində qonşular görünür. O, məhkəməyə təklif etmişdir ki, bu məsələni gedib yerində baxış etməklə də müəyyən edə bilərlər, lakin məhkəmə razılaşmamışdır. Bundan əlavə, onların sənədində qeyd edilən 897 BB nömrəli Şəhadətnamənin kimə məxsus olması və ya ümumiyyətlə belə bir şəhadətnamənin olması da sual altındadır. Hətta məhkəmə prosesində bildirmişdir ki, həmin şəhadətnamə barədə hər hansı kitabda və ya bazada qeydiyyat varmı, lakin bu məsələ araşdırılmadı. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(116)-1340/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(116)-1340/2021 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Mingəçevir bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Lakin iddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin həcmini azaltmaqla dəyişdirərək “Mingəçevir şəhərində yerləşən və faktiki olaraq iddiaçının istifadəsində olan 970 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Mingəçevir şəhərində yerləşən və faktiki olaraq iddiaçının istifadəsində olan 970 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsini cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, həmin torpaq sahəsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin 970 kv.m torpaq sahəsi ilkin iddia ərizəsində qeyd edilən JN198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Mingəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin tərkibində olduğundan apellyasiya şikayəti 0,04 ha torpaq sahəsi ilə əlaqəli araşdırılmalıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün şərtlərdən biri həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olmasından ibarətdir. Lakin müəyyən edildi ki, iddiaçının adına olan JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 0,04 ha torpaq sahəsi, o cümlədən hazırkı iddia üzrə barəsində çıxarış verilməsi tələb edilən 970 kv.m torpaq sahəsinin torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmasını təsdiq edən heç bir sənəd yoxdur. İddiaçının nümayəndəsi məhkəmənin xx.xx.2021-ci il tarixli müvafiq sorğusuna cavab olaraq məhkəməyə yazdığı xx.xx.2021-ci il tarixli müraciətdə 0,04 ha torpaq sahəsinin torpaq islahatından əvvəl iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edən sənədin olmadığını və ümumiyyətlə belə bir sənədin dövlət orqanları tərəfindən ona heç vaxt təqdim edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, torpaq islahatı zamanı həmin 0,04 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yarana bilməzdi. Eyni zamanda, müəyyən edildi ki, torpaq islahatı zamanı İddiaçı, X1 və X2 mülkiyyətinə 0,26 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-298A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmin sənədin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilmir. Bundan başqa, birinci instansiya məhkəməsi təqdim olunmuş JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də aşkar edilmiş aşağıdakı uyğunsuzluqları da düzgün qeyd etmişdir. Əvvəla, həmin şəhadətnamədə onun 1235 nömrə ilə kitabda qeydə alındığı yazılsa da, müəyyən edildi ki, şəhadətnamələrin qeydiyyatı kitabında həmin nömrə altında İddiaçı adına qeydiyyat yoxdur. Kitabdakı 1235 nömrəli qeydiyyat Əhmədov Bəhdəmir adlı şəxsin adına 0,09 ha torpaq sahəsi ilə bağlı JN-1475A nömrəli şəhadətnamənin verilməsini əks etdirir. Bundan başqa, İddiaçı adına olan JN- 198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" səhifəsində həmin torpaq sahəsinin qonşusu kimi X5 məxsus olan 235A nömrəli torpaq sahəsi və X3 məxsus olan 232A nömrəli torpaq sahəsi göstərilmişdir. Ona görə də məhkəmə tərəfindən cavabdehə sorğu edilərək JN-232A kod 90200002 nömrəli və JN- 235A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərnin surətləri alınaraq tədqiq edildi. Müəyyən olundu ki, həmin şəhadətnamələrdə İddiaçı qonşu kimi göstərilməmişdir. Göründüyü kimi, iddiaçının adına olan JN-198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən də həmin sənəddə göstərilən 0,04 ha torpaq sahəsinin yerinin, koordinatlarının müəyyən edilməsi də mümkün deyil. Şəki Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tаrixli, 2(107)-92/2022 nömrəli qərаrdаdı ilə ekspert qаrşısındа аşаğıdаkı suаllar qоyulmuşdur:

1. İddiaçı faktiki olaraq istifadə etdiyi (yəni mütəxəssisin baxdığı torpaq) torpaq sahəsinin dəqiq koordinatları göstərilməklə kimin mülkiyyətindədir? 2.Şəhadətnamədə qeyd edilən torpaq sahəsindən faktiki istifadə edən şəxs və ya şəxslər həmin torpaqdan qanuni əsaslarla istifadə edirlərmi? 3.Şəhadətnamə ilə İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi arasındakı İ38 m fərqin səbəbi nədir? 4.Şəhadətnamədəki torpaq sahəsi ilə İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinat və ölçüləri arasında sürüşmə olubmu, əgər olubsa bunun səbəbi nədir? 5.JN198A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 04,04 ha torpaq sahəsi hansı kateqoriya torpaq sahəsinə aiddir? 6.JN198A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 04,04 ha torpaq sahəsi faktiki olaraq kimin istifadəsindədir? 7.JN198A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsi iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşürmü? 8.Torpaq sahəsinin faktiki ölçüləri, koordinatları neçədir? 9.Elektron bazada İddiaçı Mingəçevir şəhər ərazisində 0,04 ha torpaq sahəsi verilməsi barədə cizgi varmı? Qeyd edilən qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 10/5950 nömrəli ekspert rəyində göstərilmişdir: Mülk iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Qərardadın 1-ci sualı üzrə: İddiaçı faktiki olaraq istifadə etdiyi və naturada göstərdiyi (yəni mütəxəssisin baxdığı torpaq) torpaq sahəsinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı naturada göstərdiyi torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələri ilə üst-üstə düşür. Qərardadın 2-ci sualı üzrə: Şəhadətnamədə qeyd edilən 0.04 ha torpaq sahəsi **********27 və **********35 reyestr nömrə çıxarışlarla mülkiyyət verilmiş torpaq sahələri ilə üst-üstə düşür və mülkiyyətçilər tərəfindən istifadə edilir. Qərardadın 3-cü sualı üzrə: Şəhadətnamədə qeyd edilən 0.04 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi arasındakı 138 metr fərqin səbəbi, Mingəçevir bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında mövcud olan uyğunsuzluq səbəbindəndir. Qərardadın 4-cü sualı üzrə: Şəhadətnamədə qeyd edilən 0.04 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinat və ölçüləri arasında sürüşmə mövcuddur və səbəbi Mingəçevir bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında mövcud olan uyğunsuzluqlardır. Qərardadın 5-ci sualı üzrə: Elektron məlumat bazasına əsasən JN-198A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlarıdır. Qərardadın 6-cı sualı üzrə: JN198A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsi faktiki olaraq **********27 və **********35 reyestr nömrəli çıxarışlarla mülkiyyətçilərin istifadəsindədir. Qərardadın 7-ci sualı üzrə: JN198A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.04 ha torpaq sahəsi faktiki olaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür və aralarında hava yolu ilə məsafə mövcuddur. Qərardadın 8-ci sualı üzrə: Torpaq sahəsinin faktiki ölçüsü və koordinatları tərtib edilmiş yerquruluşu sxemində göstərilmişdir, (yerquruluşu planı mütəxəssi rəyinə əlavə edilmişdir). Qərardadın 9-cu sualı üzrə: Elektron məlumat bazasında (DWG) İddiaçı Mingəçevir şəhər ərazisində JN-198A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0,04 ha torpaq sahəsinin cizgisi mövcuddur. Beləliklə, sadalanan hallara görə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, cavabdeh 0,04 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçıların hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı tərəf apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(116)-1340/2021 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat manat İddiaçı tutularaq X4nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün.

Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar