Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-500/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1541 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin TEKUİS elektron baza məlumatlarında düzəliş edilməsi və həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq X9 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə Əliabad kənd sakini X12 0,18 ha istifadəsində olan torpaq sahəsinin satılması qərar alınmış, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin və DTXK Zaqatala rayon şöbəsinin müsbət rəyi nəzərə alınaraq bələdiyyə mülkiyyətinə aid olması, yaşayış məntəqələri hüdudları daxilində yerləşməsi nəzərə alınaraq X1. Qeyd edilən torpaq sahəsinin satılmasına dair alqı-satqı Aktı əsasında torpağın dəyəri bələdiyyənin hesabına köçürüldükdən sonra torpaq sahəsi X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A № 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş, yerquqruluşu planı Əliabad Bələdiyyəsi və DTXK Zaqatala rayon şöbəsi tərəfindən möhürlə təsdiqlənərək verilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza xəritələrində Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Məsələnin daha dəqiq araşdırılması üçün qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmamasına münasibət bildirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə 08 iyul 2022-ci il tarixli ********** saylı məktubla müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən 15 iyul 2022-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və həmin torpaq sahəsinin TEKUİS baza məlumatlarına əsasən dövlət mülkiyyətinə ad olduğu bildirilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və ona Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə müraciət etməsini tövsiyə etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********49 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-1908/2022 nömrəli qərardadı ilə Zaqatala rayonu Əliabad bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmçinin Zaqatala rayonu Əliabad qəsəbə sakini X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
7. İş üzrə üçüncü şəxs Zaqatala rayon Əliabad bələdiyyəsi məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 67 nömrəli məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə Əliabad qəsəbə sakini X12 alqısatqı yolu ilə satılmış və X21 kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq N seriyalı 254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olub son uçot xəritələri hazırlanan zaman hansısa səbəbdən dövlət mülkiyyəti kimi qeyd olunmuşdur.
8. İş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Zaqatala rayonu Əliabad qəsəbə sakini X5 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) birinci instansiya məhkəməsinə daxil olmamışdır.
9. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın N.Orucovun adına qeydə alınması tələb olunan 0,18 ha torpaq sahəsinin X3 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış 286 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdehin 3-21-3-47/2- 1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A serialı, 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Odur ki, iddiaçı hüquqi marağına uyğun olaraq həmin 286 kv.m hissədə də torpaq sahəsinin qeydə alınması üçün ilk növbədə X5 və onun ailə üzvlərinin adına **********16 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş çıxarışı həmin (üst-üstə düşən) hissədə mübahisələndirməli, çıxarışın həmin hissədə ləğvinə nail olduğu təqdirdə 0,18 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, artıq mübahisəli torpaq sahəsinin bir hissəsi üzərində X5 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından onların adına verilmiş çıxarış həmin hissədə ləğv edilmədən iddiada qeyd olunan 0,18 ha torpaq sahəsinin 286 kv.m hissəsi üzərində yenidən qeydiyyatın aparılması yolverilməzdir.
10. İddiaçı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, “Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1541 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
11. İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasından qabaq saat 09:15-də ərizə təqdim edərək, təyin olunmuş məhkəmə iclasına yolun uzaq olması və işləri ilə əlaqədar gələ bilməyəcəyini bildirmiş, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2-1(116)-284/2023 nömrəli qərardadı ilə icraata qəbul olunmuş iddia tələbini müdafiə etdiyini və iştirakı olmadan işə baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 18 iyul 2023-ci il tarixli, 2- 1(116)-284/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdehə ünvanladığı məktubun-0,18 ha torpaq sahəsinin TEKUİS baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti kimi əks olunduğu qeyd edilir. Halbuki onlarda olan plan-ölçü sənədinin koordinatlarının elektron baza məlumatlarına səhv vurulması, torpaqda sürüşmələrin olması nəzərə alınmır. Plan-ölçü sənədini də eyni orqan vermişdir. Halbuki DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 208 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,18 ha olmaqla Əliabad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: Zaqatala rayon 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1074 nömrəli məktubuna əlavə olunmuş: - 017088 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X9 vərəsələri arvadı X20, oğlu X10, oğlu İddiaçı Nürəddin oğlu və qızı X6r. Miras əmlak xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********07-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 911,3 ha olan əmlak kompleksi kimi müəssisə və 0,10419 ha torpaq sahəsindən ibarətdir. - “Miras payın bağışlanması” barədə xx.xx.2019-cu il tarixli sənədin surətindən görünür ki, X20, İddiaçı və X11 ümumi sahəsi 911,3 ha olan əmlak kompleksi kimi müəssisə və 0,10419 ha torpaq sahəsindən özlərinə məxsus hissəni X7 bağışlamışlar. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: - Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin cavabdehə ünvanladığı məktubda qeyd olunur ki, 0,18 ha torpaq sahəsi TEKUİS baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti kimi əks olunmuşdur. - DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 208 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,18 ha olmaqla Əliabad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. - “Torpaqların alqı-satqısına dair” aktın surətindən görünür ki, X12 Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. Aktın tərtib olunma tarixi qeyd olunmamış, lakin Zaqatala rayon Torpaq şöbəsində xx.xx.2006-cı il tarixdə 148-ci nömrə ilə qeydiyyata alınmışdır. - A seriyalı 254007 nömrəli, X21 kitabında xx.xx.2009-cu il tarixdə 44-cü nömrə ilə uçota alınmış plan-ölçü sənədinin surətindən görünür ki, X12 Zaqatala rayon Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə 1800 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün verilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2350/2023 nömrəli məktubuna da keçmiş DTXK tərəfindən tərtib olunmuş A 254007 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsi əlavə olunmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin 101 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş Zaqatala rayon Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 nömrəli iclas protokolunun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, protokolun 7-ci bəndində qeyd olunur ki, “Əliabad qəsəbə sakini X15 bələdiyyə torpaq sahəsindən 1,80 ha torpaq sahəsini 99 (doxsan doqquz) il müddətinə icarəyə verilməsi barədə ərizəsi, hər il icarə haqqı ödəmək şərtilə verilsin”. Protokolun 8-ci bəndində qeyd olunur ki, “Əliabad qəsəbə sakini X15 hal-hazırda istifadə etdiyi 0,18 ha bələdiyyə torpaq sahəsini alqı-satqı yolu ilə satılması barədə ərizəsi nəzərə alınsın”. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1800 kv.m torpaq sahəsi 0,2321 ha olmaqla TEKUİS elektron baza məlumatlarında kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlara və mülkiyyət növü dövlət mülkiyyəti kimi işlənilmişdir. İddiaçının naturada istifadə etdiyi 0,2321 ha torpaq sahəsi hər-hansı bir başqa şəxslərin mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşmür. Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəli hüquqları dövlət reyestrində qeydə alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti, ölçüləri, koordinatları, yerləşmə vəziyyəti və DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin ölçüləri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1563/2023 nömrəli məktubuna əlavə olunmuş: - Mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüdüyü bildirilən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Əliabad qəsəbəsində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Sənədin tərtib olunmasına əsas: Zaqatala RİH başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı. - xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Əliabad qəsəbəsində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı tələbini əsaslandırmaq üçün bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsinin X9 adına satılmasına istinad etsə də, məhkəmə hesab edir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlar dairəsinə aid olduğundan, bələdiyyənin həmin torpaq sahəsinə münasibətdə sərəncam vermək hüququ olmamışdır. Odur ki, səlahiyyəti olmadığı halda bələdiyyə tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin satılmasına dair qəbul edilmiş qərara əsaslanan iddia tələbi əsassızdır. Həmçinin işin hallarının araşdırılması zamanı mübahisəli torpaq sahəsi ilə 286 kv.m hissədə üst-üstə düşüdüyü müəyyən edilən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş arxiv nüsxəsinə əsasən də müəyyən edilmişdir ki, X3 xüsusi mülkiyyətində olan, Əliabad qəsəbəsində, eyni ərazidə yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair sözügedən sənədin tərtib olunmasına əsas Zaqatala RİH başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı, yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam hüququnun həyata keçirilməsi əsası qismində müvafiq icra hakimiyyəti orqanının qərarı çıxış etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3- 21-3-47/2-1018/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada istifadə etdiyi 0,2321 ha torpaq sahəsi hər-hansı bir başqa şəxslərin mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşmür. Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına **********6 reyestr nömrəli hüquqları dövlət reyestrində qeydə alınmış 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin torpaq sahəsinin faktiki istifadə vəziyyəti, ölçüləri, koordinatları, yerləşmə vəziyyəti və DTXK tərəfindən tərtib edilmiş A№ 254007 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 1800 kv.m torpaq sahəsinin ölçüləri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, X12 Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarına əsasən 1800 kv.m torpaq sahəsi satılmışdır. Yuxarıda qeyd edilən mütəxəssis rəyindən görünür ki, həmin 1800 kv.m torpaq sahəsinin 286 kv.m hissəsi X5 və onun ailə üzvlərinin adına dövlət reyestrində qeydə alınmış, 08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilinə düşür. Həmin 1800 kv.m torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilən torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi isə 1514 kv.m təşkil edir (1800-286=1514).
33. İş materiallarından göründüyü kimi hazırkı iddiaçı 1541 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq mərhum atası X9 adına reyestrdən çıxarış verilməsini xahiş etmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi qismən yəni 1514 kv.m torpaq sahəsinə dair hissədə təmin edilməlidir.
35. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbində qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan DTXK Zaqatala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 208 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,18 ha olmaqla Əliabad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.
36. Göründüyü kimi hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahəsi iddiaçının mərhum atası X4 zaman bələdiyyənin mülkiyyətində olmuşdur.
37. Həmçinin iş materiallarından müəyyən olunur ki, X12 Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır.
39. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
40. Qanunvericiliyin əsas prinsiplərindən biri inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
41. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
42. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
43. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt dedikdə, inzibati aktlar – qərarlar, sərəncamlar və s. nəzərdə tutulur.
46. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.1-ci maddəsi konkret olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün bələdiyyə qərarını əsas hesab edir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il 4 oktyabr qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. . “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”
48. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1514 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.
50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, 2-1(116)-284/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Əliabad kənd sakini X12 alqı-satqı yolu ilə satılmış və X21 Kitabında xx.xx.2009-cu il tarixdə 44 nömrə ilə uçota alınaraq A254007 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş 0,18 ha torpaq sahəsinin 1514 kv.m hissəsinin koordinatlarına TEKUİS elektron baza məlumatlarında düzəliş edilməklə həmin 1514 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının mərhum atası X9 adına reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.