Məhkəmə qərarları › İş №2-1(107)-500/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-500/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-500/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2 və onun nümayəndəsi Nümayəndə, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.1998-ci ildə verilmiş Dövlət Aktına uyğun torpaq sahələrinin real vəziyyətə uyğun torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilməsi və dəymiş ziyan” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-2176/2024 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin özbaşınalıqla zəbt olunduğunu, kobud və pis rəftara məruz qaldığını, mülkiyyət hüquqlarının kobudcasına pozulduğunu, xüsusi mülkiyyətində olan zəbt edilmiş 2,13 ha və 3,69 ha, cəmi 5,82 ha torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən Torpaqların elektron kadastr uçotu informasiya sistemində qəsdən saxtalaşdırılaraq guya 4,57 ha və 2,05 ha göstərildiyini, ona külli miqdarda ziyan vurulduğunu nəzərə alaraq, cavabdehin əlverişsiz hərəkətləri etməməsinin, dayandırmasının, baza məlumatlarına əsasən ona xx.xx.1998-ci ildə 26 il əvvəl onlara verilmiş Dövlət Aktına uyğun əvvəlki faktiki real vəziyyətinə qaytarılmasının, Qanunun Aliliyi təmin edilməyəcəyi təqdirdə Cavabdeh MMCdən ona vurulmuş maddi-mənəvi ziyanın əvəzində 650.000 (altı yüz əlli min) manat məbləğində kompensasiya pulunun alınıb ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instasniya məhkəməsi tərəfindən iş üzrə hazırlıq icraatı çərçivəsində xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilərək Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

3. Birinci instasniya məhkəməsi tərəfindən iddiaçıya 3 gün müddət təyin edilmiş və xx.xx.2024-cü il tarixədək tələbin konkret və aydın ifadə edilməsi, cavabdeh orqanın dəqiqləşdirilməsi və düzgün cavabdeh orqan tərəfindən verilmiş imtina cavabının (o cümlədən müraciətin cavabsız saxlanması barədə sübutu) təqdim edilməsi təklif edilmiş, həmçinin İddiaçı2 başqa digər iddiaçılara münasibətdə iddia ərizəsinin iddiaçılar tərəfindən imzalanmasının zəruriliyi bildirilmişdir.

4. Buna baxmayaraq, iddiaçı, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş və yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyun 2024-cü il tarixli 2- 1(116)-2176/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv baxılması və ədalətli, əsaslı, qanuni qərar çıxarılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi əsl cavabdeh və "xxxx" MMC isə 3-cü şəxs olaraq müəyyən edilməli idi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-2176/2024 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, onun nümayəndəsi Nümayəndə, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-2176/2024 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

10. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi:

3. DƏDKR-in vəzifələri və hüquqları 3.1.2. Dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək. 3.1.4. Hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək. 3.1.16. Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. 3.1.21. Hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək. 3.1.23. Kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək. 3.1.24. Kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrını, dövlət torpaq kadastrını tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək. 3.1.25. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq. 3.1.29. Dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək. 3.1.36. Mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq. 3.1.58. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

11. Azərbaycan Respublikası MPM-nin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19-cu maddəsinin qeyd hissəsi - Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-cü bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir.

17. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

18. İş materiallarından görünür ki, iddia ərizəsi rabitəsiz və qeyri-müəyyən cümlələrlə ifadə olunduğundan iddiaçının nail olmaq istədiyi hüquqi nəticə aydın deyil. Lakin, iddiaçının nümayəndəsinin izahatından bəlii olur ki, iddia tələbinin irəli sürülməsində məqsəd JN-0049 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 5.82 ha torpaq sahəsi üzərində iddiaçıların ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinin tanıdılmasından ibarətdir.

19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində DƏDKR-in vəzifələri və hüquqları təsbit edilmişdir. (Hazırkı qərarın 10-cu bəndi)

20. Odur ki, iddiaçı, JN-0049 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 5.82 ha torpaq sahəsi ilə bağlı tələbi hazırkı cavabdehə yox, DƏDKR PHŞnin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı irəli sürməlidir. Bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir.

21. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən iddia tələbinə cavab verməli olan cavabdeh orqanın imtina etməsi və ya müraciəti cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir.

22. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir ki, təqdim edilmiş etibarnamələrdən yalnız, İddiaçı2 təmsil olunması ilə bağlı etibarnamə iş üzrə təmsilçilik səlahiyyəti yaradır. Digər şəxslərə münasibətdə təqdim edilmiş etibarnamələrin heç bir hüquqi qüvvəsi yoxdur. Odur ki, Nümayəndə digər şəxlərin adından iddia ərizəsini imzalamaq səlahiyyəti yoxdur.

23. Prossesual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

24. İddiaçının nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında izahat verərək bildirmişdir ki, etibarnamə ilə bağlı nöqsana yol verməmişdir. Belə ki, yaxın qohumu sayılmayan digər şəxslərin adından ona verilmiş etibarnamələr qanunvericlikdə müvafiq dəyişiklik edilənədək verildiyindən həmin etibarnamələr hüquqi qüvvəsini saxlayır. Odur ki, onun həmin şəxslərin adından da iddia ərizəsini imzalamaq səlahiyyəti var. Sözügedən tələbləri o, DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı da irəli sürmüş, lakin müraciəti təmin edilməmişdir. İmtina məktubunu təqdim etmək üçün məhkəmədən vaxt verilməsini xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 3 gün müddət təyin edilmiş və xx.xx.2024-cü il tarixədək tələbin konkret və aydın ifadə edilməsi, cavabdeh orqanın dəqiqləşdirilməsi və düzgün cavabdeh orqan tərəfindən verilmiş imtina cavabının (o cümlədən müraciətin cavabsız saxlanması barədə sübutu) təqdim edilməsi təklif edilmiş, həmçinin İddiaçı2 başqa digər iddiaçılara münasibətdə iddia ərizəsinin iddiaçılar tərəfindən imzalanmasının zəruriliyi bildirilmişdir.

26. Buna baxmayaraq, iddiaçı, xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmamışdır.

27. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

28. Beləliklə yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)- 2176/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-2176/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar