Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-502/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-981/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu müddətdən, yəni xx.xx.1957-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1957-ci ildə Tovuz rayonunun Pərizamanlı kəndində anadan olmuşdur. Onun əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 65 yaşı tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Mingəçevir avtobazasında xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti zamanı 1992-ci ilin aprel, noyabr, dekabr aylarında, 1993-cü ilin yanvar, fevral, may, iyun, sentyabr-dekabr aylarında, 1994-cü ilin yanvar-mart, iyul, avqust aylarında, 1995-ci ilin yanvar, mart-dekabr aylarında, 1996-cı il tarixində isə yanvar-aprel aylarında adına əmək haqqı hesablanmayıb. Eyni zamanda Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının xx.xx.1996-cı il tarixindən xx.xx.2004cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3311/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
5. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2023-cü il tarixli, 317-1/2-25742/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 15 il 10 ay sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1996cı il tarixədək Mingəçevir avtobazasındakı, xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək “Qazaxsutikinti” trestindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmiş və Fondun 3 saylı Mərkəzi Aran regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı və Fondun 2 saylı Qazax-Tovuz regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Aktların nəticəsinə əsasən Mingəçevir avtobazasında xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan onun əmək fəaliyyəti zamanı 1992-ci ilin aprel, noyabr, dekabr aylarında, 1993-cü ilin yanvar, fevral, may, iyun, sentyabr-dekabr aylarında, 1994-cü ilin yanvar-mart, iyul, avqust aylarında, 1995-ci ilin yanvar, mart-dekabr aylarında, 1996-cı il tarixində isə yanvar-aprel aylarında adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda, Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən iddiaçının əməkhaqqı alıb-almadığı müəyyən etmək mümkün olmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Arxiv sənədlərinə əsasən, Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının əməkhaqqı cədvəlləri və əmrlər kitabı olmadığından inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Eyni zamanda, iddiaçının Mingəçevir avtobazasındakı əmək fəaliyyətinə münasibətdə isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız əməkhaqqı aldığı dövrlər onun stajına daxil edilmişdir. Beləliklə, iddiaçının Mingəçevir avtobazasındakı və Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasınındakı əmək fəaliyyətində mübahisələndirilən stajı cəmi 11 il 6 gün olmaqla, aşağıdakı kimidir: xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı almadığı dövrlər - 2 il 7 ay; xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək - 8 il 5 ay 6 gün. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 15 il 10 ay sosial sığorta stajına malik olduğundan inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Mingəçevir avtobazası”nda və xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Qazax Su Tikinti Quraşdırma trestinin “Şəmkir avtobazası”nda işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 iyun 2023-ci il tarixli, 2- 1(116)-981/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflərindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mingəçevir avtobazasındakı, xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək “Qazaxsutikinti” trestindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmiş və Fondun 3 saylı Mərkəzi Aran regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı və Fondun 2 saylı Qazax-Tovuz regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Aktların nəticəsinə əsasən Mingəçevir avtobazasında xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan onun əmək fəaliyyəti zamanı 1992-ci ilin aprel, noyabr, dekabr aylarında, 1993-cü ilin yanvar, fevral, may, iyun, sentyabr-dekabr aylarında, 1994cü ilin yanvar-mart, iyul, avqust aylarında, 1995-ci ilin yanvar, mart-dekabr aylarında, 1996-cı il tarixində isə yanvar-aprel aylarında adına əmək haqqı hesablanmamışdır (Qarşılıqlı yoxlama aktı məhkəməyə təqdim edilmişdir). Eyni zamanda, Qazax Su Tikinti Quraşdırma trestinin Şəmkir Avtobazasının xx.xx.1996-cı il tarixdən 05.11 2004-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəssisədən iddiaçının əməkhaqqı alıb- almadığını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi araşdırma zamanı iddiaçının mübahisələndirilən xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək “Qazaxsutikinti” trestindəki əmək fəaliyyəti dövrünü yalnız iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 3 nömrəli arayış əsasında onun əmək fəaliyyətinə daxil etmişdir. Lakin, müəssisə tərəfindən iddiaçıya bu sənədi təqdim etməyə əsas olan digər sənədlər (əməkhaqqı cədvəlləri, əmr kitablarından çıxarış) məhkəməyə təqdim edilməmişdir. Hesab edirlər ki, sözügedən arayış mötəbər sənəd hesab edilə bilməz. Tərəflərindən müvafiq sorğular ünvanlanmış (Müəssisənin hüquq varisinə), lakin iddiaçının sözügedən müəssisədə işləməsi faktını təsdiqləyən hər hansı bir sənəd əldə edilə bilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 22 iyun 2023-ci il tarixli, 2-1(116)-981/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-981/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)- 981/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranmışdır. - ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 18 gün) hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus xx.xx.1974-cü ildə doldurulmuş əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 102 nömrəli tikinti idarəsi (1 il 1 ay 10 gün); xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək “İnqur ÇBK” (2 ay 21 gün); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “İnqur ÇBK” (3 ay); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “PMK-134” (1 ay 4 gün); xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək “İnqurbumkombinat” (10 ay 12 gün); xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək “İnqurbumkombinat” (06 ay 11 gün); xx.xx.1981-ci ildən xx.xx.1996-cı ilədək Mingəçevir avtobazası (14 il 5 ay 3 gün); xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək “Qazaxsutikinti” tresti” Şəmkir avtobazası (8 il 5 ay 5 gün). - X3 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-8F/2-1133/2023 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Mingəçevir avtobazasının arxiv sənədləri filiala mühafizə edilmək üçün verilməmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-25636/2023 nömrəli məktubuna əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx.xx.1996-xx.xx.2004-cü illərdə işləməsi faktı qarşılıqlı yoxlanılmış, müəyyən olunmuşdur ki, “Qazaxsutikinti” trestinin Şəmkir avtobazasının əmr və əməkhaqqı kitabları X5 filialında saxlanılmır. - xx.xx.2022-ci il tarixli Aktın təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx.xx.1981-xx.xx.1996-cı il tarixədək Mingəçevir avtobazasının yük parkında işləməsi faktı "xxxx" ASC-də saxlanılan əmr kitablarına və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış, müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Mingəçevir avtobazasına sürücü qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Əməkhaqqı arayışında göstərilən əməkhaqqı məbləğləri əməkhaqqı cədvəllərindəki əməkhaqqı məbləğləri ilə təsdiqlənir. - "xxxx" ASC-nin Qazax Tikinti-Quraşdırma İdarəsinin 03 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1996cı il tarixli 03K nömrəli əmrlə Şəmkir avtobölməsinə sürücü təyin edilmiş və xx.xx.2004-cü il tarixdə 19k nömrəli əmrlə işdən azad edilmişdir. Qeyd: Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə Azərsutikinti ATSC-nin yaradılması ilə əlaqədar Qazaxsutikinti trestinin Qazax Avtonəqliyyat filialı "xxxx" X1 filialı adlandırılmışdır. "xxxx" Törəmə Müəssisəsi ƏMDK-nın xx.xx.2011-ci il tarixli 405 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qazax Avtonəqliyyat filialı isə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı adlandırılmışdır. xx.xx.2012-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının 01 saylı qərarı ilə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı Qazax Tikinti-Quraşdırma İdarəsi adlanır. - Elektron Məhkəmə İnformasiya Sistemi və DVX Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə axtarış sistemi üzərindən "xxxx" ASC-nin Qazax Tikinti-Quraşdırma İdarəsinin vergi ödəyicisi məlumatları əldə edilərək iş materiallarına əlavə edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
19. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
20. "Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
21. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
22. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-981/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
29. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
30. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub).
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır.
32. Yuxarıda qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.
33. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranması istisna edilməmiş, həmin tarixdən iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.
34. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (1 il 11 ay 18 gün) + 102 nömrəli tikinti idarəsində (1 il 1 ay 10 gün) + “İnqur ÇBK”da (2 ay 21 gün + 3 ay) + “PMK-134”də (1 ay 4 gün) + “İnqurbumkombinat”da (10 ay 12 gün + 06 ay 11 gün) + Mingəçevir avtobazasında (14 il 5 ay 3 gün) + “Qazaxsutikinti” tresti” Şəmkir avtobazasında (8 il 5 ay 5 gün) işlədiyi dövr nəzərə alınmaqla ümumilikdə 27 il 10 ay 24 gün iş stajı vardır.
35. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində iddiaçının əmək haqqı almadığı dövrlər, həmçinin xx.xx.1996-xx.xx.2004-cü illərdə işləməsi ilə bağlı dəlili ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, iddiaçının xx.xx.1981-xx.xx.1996-cı il tarixədək Mingəçevir avtobazasının yük parkında işləməsi faktı cavabdeh inzibati orqan tərəfindən araşdırılmış, "xxxx" ASC-də saxlanılan əmr kitablarına və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış və müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Mingəçevir avtobazasına sürücü qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Əməkhaqqı arayışında göstərilən əməkhaqqı məbləğləri əməkhaqqı cədvəllərindəki əməkhaqqı məbləğləri ilə təsdiqlənir.
36. Bunundan başqa məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixli 03K nömrəli əmrlə Şəmkir avtobölməsinə sürücü təyin edilmiş və xx.xx.2004-cü il tarixdə 19k nömrəli əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamı ilə Azərsutikinti ATSC-nin yaradılması ilə əlaqədar Qazaxsutikinti trestinin Qazax Avtonəqliyyat filialı "xxxx" X1 filialı adlandırılmışdır. "xxxx" Törəmə Müəssisəsi ƏMDK-nın xx.xx.2011-ci il tarixli 405 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qazax Avtonəqliyyat filialı isə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı adlandırılmışdır. xx.xx.2012-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının 01 saylı qərarı ilə "xxxx" ASC-nin Qazax Avtonəqliyyat filialı Qazax Tikinti-Quraşdırma İdarəsi adlanır.
37. İddiaçının göstərilən iş stajına malik olması hərbi bileti və əmək kitabçasında əks olunan qeydlər əsasında öz təsdiqini tapır.
38. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş arayışlara əsasən müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında əks olunan əmək stajı arayışla təsdiq edilən müddətlər nəzərə alındığı halda belə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbini ödəmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı).
39. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.
40. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-981/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.