Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-502/2024 07.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X3 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “özünə məxsus torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən X1 X2 sürüşdürülməsinin əvvəlki faktiki real vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1933/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin özbaşınalıqla zəbt olunduğunu, kobud və pis rəftara məruz qaldığını, mülkiyyət hüquqlarının kobudcasına pozulduğunu, xüsusi mülkiyyətində olan zəbt edilmiş 1,9209 ha torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən X1 X2 qəsdən saxtalaşdırılaraq guya 155 metr şimala sürüşdürülmüş göstərildiyini, ona külli miqdarda ziyan vurulduğunu nəzərə alaraq, baza məlumatlarına əsasən ona xx.xx.2022-ci il tarixdə verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun əvvəlki faktiki real vəziyyətinə qaytarılmasını, qanunun aliliyi təmin edilməyəcəyi təqdirdə Cavabdeh MMC-dən ona vurulmuş maddi-mənəvi ziyanın əvəzində 500.000 (beş yüz min) manat məbləğində kompensasiya pulunun alınıb ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyun 2024-cü il tarixli 2- 1(116)-1933/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
4. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının kobud pozulmasına yol vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1933/2024 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1933/2024 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
9. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
15. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hazırlıq icraatı çərçivəsində xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilərək Azərbaycan Respublikasının İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
16. Belə ki, iddia ərizəsi rabitəsiz və qeyri-müəyyən cümlələrlə ifadə olsunda da, mübahisənin mahiyyətindən görünür ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa aid A681961 №-li plan-ölçü sənədinin koordinatlarının sürüşdürülməsini mübahisələndirir.
17. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində DƏDKR-in vəzifələri və hüquqları təsbit edilmişdir. Sözügedən Nizamnaməyə uyğun olaraq: - hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək (3.1.4)..., - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq (3.1.16)..., - Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək (3.1.20), - hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək (3.1.21)..., - kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək (3.1.23), - kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrını, dövlət torpaq kadastrını tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək (3.1.24), - dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq (3.1.25)..., - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X2n kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək (3.1.29)..., - mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq (3.1.36)..., - və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək (3.1.58) cavabdeh orqanın vəzifələri olaraq müəyyən edilmişdir.
18. Odur ki, iddiaçı, A681961 №-li plan-ölçü sənədinin koordinatlarının sürüşdürülməsi ilə bağlı tələbi hazırkı cavabdehə yox, DƏDKR PHŞ-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı irəli sürməlidir. Bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən iddia tələbinə cavab verməli olan cavabdeh orqanın imtina etməsi və ya müraciəti cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir.
19. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahat verərək sözügedən tələbləri DƏDKR PHŞ-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı irəli sürdüyünü, lakin müraciətinin təmin edilmədiyini bildirmiş, imtina məktubunu təqdim etmək üçün vaxt verilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 3 gün müddət təyin edilmiş və xx.xx.2024-cü il tarixədək tələbin konkret və aydın ifadə edilməsi, cavabdeh orqanın dəqiqləşdirilməsi və düzgün cavabdeh orqan tərəfindən verilmiş imtina cavabının (o cümlədən müraciətin cavabsız saxlanması barədə sübutu) təqdim edilməsi təklif edilmişdir.
21. Buna baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş və yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmamışdır.
22. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)- 1933/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(116)-1933/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.