Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-502/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2- 1(116)-1132/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. A.Y.F. Beynəlxalq” Kompaniyası tərəfindən cavabdeh orqana iddiaçı barəsində aşağıdakı məzuniyyət əmrləri təqdim edilmişdir: - xx.xx.2014 tarixli, 21 №-li əmr – xx.xx.2014–xx.xx.2014 tarixlərində, 2013-cü il üzrə 21 təqvim günü məzuniyyət. - xx.xx.2014 tarixli, 28 №-li əmr – xx.xx.2014–xx.xx.2014 tarixlərində, 2014-cü il üzrə 21 təqvim günü məzuniyyət. - xx.xx.2015 tarixli, 18 №-li əmr – xx.xx.2015–xx.xx.2015 tarixlərində, 2015-ci il üzrə 21 təqvim günü məzuniyyət. - xx.xx.2016 tarixli, 22 №-li əmr – xx.xx.2016–xx.xx.2016 tarixlərində, 2016-cı il üzrə 23 təqvim günü məzuniyyət.
2. “A.Y.F. Beynəlxalq” Kompaniyasının xx.xx.2016-cı il tarixli 27 №-li əmri ilə iddiaçı, AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə müvafiq olaraq işdən azad edilmiş, xx.xx.2012-ci il tarixdən bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
3. İddiaçının “A.Y.F. Beynəlxalq” Kompaniyasında işlədiyi dövrlər və hesablanmış əmək haqqı barədə məlumatda ümumi əmək fəaliyyəti dövrü 2011-2016-cı illər, hesablanmış əmək haqqının cəmi 5867,98 manat qeyd edilmişdir.
4. Cavabdeh orqan tərəfindən təqdim edilmiş sığortaolunan haqqında məlumatlardan görünür ki, sığortaedən “A.Y.F. Beynəlxalq” Kompaniyası, dövr 2012 sentyabr-2025 iyun, cəmi gəlir – 5400,48, cəmi hesablanmış - 1480,92, cəmi ödənilmiş 1480,92, pensiya kapitalı – 1807,37 manat, sözügedən məbləğlərin ödəniş ili 2020-ci il qeyd edilmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək, bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2024cü il tarixli, məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
6. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1975-xx.xx.1976-cı illərdə əyani təhsil illəri, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 7 ay 17 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 17 gün sığorta stajına uyğun olaraq 19360,83 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək (4 il 5 ay sığorta stajına uyğun olaraq) 1682,80 manat olmaqla, ümumilikdə 21043,63 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 2012-2016-cı illərə aid pensiya kapitalı fərdi şəxsi hesabının sığorta hissəsində 2020-ci ildə qeydə alındığından Qanunun 22-1.1-ci maddəsini tətbiq etməklə yaşa görə əmək pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Belə ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur, Hərbi xidməti başa vurandan müxtəlif yerlətdə işləmişdir. xx.xx.2011 -ci il tarixdən xx.xx.2016-cı il tarixədək isə AYF Beynəlxalq kompansiyasında gözətçi işləmişdir. Belə ki, hərbi xidmət, təhsil aldığı müddətlər, həmçinin müxtəlif yerlərdə işlədiyi işlər və sonuncu iş yeri kimi AYF Beynəlxalq kompansiyasında gözətçi kimi işlədiyi müddətdə onun sığorta stajı iyirmi beş ildən artıq müddəti əhatə etmişdir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtina cavabı verilmişdir.
9. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının sığorta stajı Qanunvericiliklə tələb olunan sosial sığorta stajından (25 il) az - 23 il 07 ay 17 gün təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1132/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının 65 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuş, lakin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi olduğu üçün (VÖEN: **********) ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 23 il 07 ay 17 gün gün təşkil edir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil almış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasından görünür ki, xx.xx.2011-01.08.11-ci il, xx.xx.2012-xx.xx.2016-cı il tarixədək isə AYF Beynəlxalq kompansiyasında gözətçi işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialının arxiv arayışından 1976- 1977-ci, 1980-1995-ci illərdə cəmi 18 il olmaqla Şəki Rayonu Baş Göynük kənd keçmiş “Qafqaz” kolxozunda işlədiyi və əməkhaqqı aldığı görünür. Cavabdeh imtina dəlilərində iddiaçının 2012-2016-cı illərə aid pensiya kapitalının fərdi şəxsi hesabının sığorta hissəsində 2020-ci ildə qeydə alındığından Qanunun 22– 1.1ci maddəsini tətbiq etməklə iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki,iddiaçıya yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 22–1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, iddiaçının 2012-2016-cı illərdə AYF Beynəlxalq Kompansiyasında əmək fəaliyyəti göstərdiyi mübahisə predmeti deyildir. Həmin dövrdə işəgötürən tərəfindən tutulan pensiya kapitalına daxil olan məbləğ 2020-ci ildə müvafiq qaydada köçürülmüşdür. “Sosial sığorta haqqında” Qanunun (eləcə də hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçı kimi cavabdehin məsuliyyət sferasına aiddir. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçının AYF Beynəlxalq Kompansiyasında 1 sentyabr 2012-cı il tarixindən 08 avqust 2016-ci il tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqlarının həmin şirkət tərəfindən sığortaçının hesabına köçürülməsinin mübahisə olunmadığı nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin istinad etdiyi hal, yəni sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2020-ci ildə qeydə alınması iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 1 sentyabr 2012-cı il tarixindən 08 avqust 2016-ci il tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqlarının ödənilməsi təsdiq olunduğundan iddia əsaslıdır və təmin edilməlidir.
12. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh orqan “Sosial sığorta haqqında” Qanunun 10-cu, "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 7, 7.4, 7.5 və 7.9-cu bəndlərinə istinad edərək apellyasiya şikayətini əsaslandırmış, qeyd etmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı, pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq; - azı 25 il sosial sığorta stajı olduqda. Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019–2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək iddiaçının əyani təhsil illəri, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 7 ay 17 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 2 ay 17 gün sığorta stajına uyğun olaraq 19360,83 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (4 il 5 ay sığorta stajına uyğun olaraq) 1682,80 manat olmaqla, ümumilikdə 21043,63 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. 2012–2016-cı illərə aid pensiya kapitalı iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2020-ci ildə qeydə alındığından, Qanunun 22–1.1-ci maddəsini tətbiq etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, sözügedən Qaydalara əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaedənlərə sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya (yəni sığortaedəni uçota aldığı DSMF orqanı) hesabat vermək vəzifəsi qoyulmuşdur. Lakin işin hallarından görünür ki, sığortaedən tərəfindən 2012–2016-cı illərə dair müvafiq hesabat məlumatları 2020-ci ildə təqdim edildiyindən, iddiaçının tələbi ilə ona Qanunun 22–1.1-ci maddəsini tətbiq etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2- 1(116)-1132/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi sözügedən qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006- cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ...
18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; ... Maddə 9. Sığortaçının hüquq və vəzifələri (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. ... Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. ... Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. ... Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; ... məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır; ... Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; ... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır;
19. Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
20. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır: ... 3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək;
21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçı, xx.xx.1959-cu ildə doğulmuşdur.
29. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçı pensiya yaşına çatsa da, qanunvericiliklə tələb olunan şərtləri ödəmir. Belə ki, onun ümumi sığorta stajı 25 ildən az – 23 il 7 ay 17 gün təşkil edir, fərdi hesabında qeydə alınmış pensiya kapitalı 21043,63 manat olub, tələb olunan 40320 manatdan azdır və minimum pensiya təminatına imkan vermir. Həmçinin iddiaçıya aid 2012–2016-cı illərə dair pensiya kapitalı iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2020-ci ildə qeydə alındığından, Qanunun 22–1.1-ci maddəsi tətbiq olunaraq ona pensiya təyin edilməsi mümkün olmamışdır.
30. Cavabdeh orqan iddiaçının ümumi sosial sığorta stajının xx.xx.2006-cı ilədək 19 il 2 ay 17 gün, həmin tarixdən sonra (xx.xx.2020-xx.xx.2024) isə 4 il 5 ay olmaqla cəmi 23 il 7 ay 17 gün olduğunu bildirir.
31. Cavabdeh orqan xx.xx.2025-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məlumatlarda qeyd etmişdir ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1682,80 manat pensiya kapitalı qeydə alınmışdır. 2012-2016-cı illərə aid pensiya kapitalı iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2020-ci il tarixində qeydə alındığından (ödəniş ili 2020-ci ildir) ƏPHQ-nun 22-1.1-ci maddəsi tətbiq edilməklə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
32. İş materiallarından görünür ki, sığortaedən “A.Y.F. Beynəlxalq” Kompaniyasının təqdim etdiyi məcburi dövlət sosial sığorta haqq üzrə hesabatlarına əsasən proqram təminatı tərəfindən mdss haqlarının gecikdirilməsinə görə cəmi 6055,77 manat penya (2012-ci il üzrə 515,77 manat, 2013-cü il üzrə 476,66 manat, 2014-cü il üzrə 934,58 manat, 2015-ci il üzrə 2098,32 manat, 2016-cı il üzrə 2030,44 manat) hesablanmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya "Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
34. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 65 yaşda – xx.xx.2024-cü il tarixdə yaranmışdır.
35. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, "Əmək pensiyaları haqqında” Qanunun 22-1. 1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir.
36. Üçüncü şərtlə bağlı "Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
37. Hazırkı iş üzrə iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “A.Y.F. Beynəlxalq” Kompaniyasında işləməsi cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Mübahisə - 2012-2016-cı illərə aid pensiya kapitalının iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2020-ci il tarixində qeydə alınması ilə bağlıdır. Məhz buna görə cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının olmadığını bildirir.
38. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iş üzrə müəyyən olunur ki, məcburi dövlət sosial sığorta haqları üzrə 2012-2016-cı illər üzrə iddiaçıya münasibətdə hesablama həyata keçirilmiş, lakin həmin sığorta haqları işəgötürən tərəfindən 2020-ci ildə ödənilmişdir. İş materiallarında olan sənədlərlə müəyən edilir ki, işəgötürən tərəfindən aparılmış ödənişin təyinatı məhz 2012-2016-cı illərə aiddir və cavabdeh orqan mdss haqlarının müvafiq illər üzrə gecikdirilməsinə görə cəmi 6055,77 manat penya hesablamışdır.
39. Bu hal özü-özlüyündə cavabdehin dəlillərinin əsassızlığını göstərir. Belə ki, cavabdeh orqan bir tərəfdən ödənişin 2012–2016-cı illərə aid olduğunu qəbul edərək həmin dövr üzrə penya hesablamış, digər tərəfdən isə eyni dövrə aid pensiya kapitalını yaşa görə əmək pensiyasının təyini zamanı ƏPHQ-nun 22-1.1-ci maddəsinin tələbləri baxımından nəzərə almamışdır.
40. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına işəgötürən tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə işəgötürən tərəfindən müvafiq ödənişin edilməsi sığorta altsistemindən çıxarışla sübut olunur və müvafiq sənədlərin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərini təkzib edir.
41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ödəniş ili 2020-ci il olan 2012- 2016-cı illərə aid mdss haqları iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmalı olan məbləğ kimi nəzərdən keçirilməlidir.
42. Mübahisəli dövrdə qüvvədə olan və bu qərarın 18-20-ci bəndlərində göstərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın vəzifəsi olmuşdur. Lakin cavabdeh inzibati orqan müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinə münasibətdə qanunvericilikdən irəli gələn funksiyalarını icra etməmiş, son nəticədə gecikdirilməklə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmadığını əsas gətirərək iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmışdır.
43. Nəzərə alınmalıdır ki, işlədiyi müəssisə tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında gecikmə ilə qeydə alınması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, əmək haqqından tutulmuş məbləğin fərdi şəxsi hesabda qeydə alınıb-alınmamasına nəzarət etmək iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq işəgötürənin və nəzarət funksiyasını həyata keçirən səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli 2-1(116)-1132/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.