Məhkəmə qərarları › İş №2-1(107)-503/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-503/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-503/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Rəfiyev Rövşən Rafiq oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Tağıyev Babək Vaqif oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun 1979-1981 və 1986- 1993-cü illərdə İsmayıllı rayon keçmiş “Kommunizm yolu” sovxozunda fəhlə işlədiyi, 1982- 1984-cü illərdə isə İsmayıllı rayon X1 sürücü işlədiyi, habelə xx xxx 1974-cü ildən xx xxx 1976-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində xidmətdə olduğu və xx xxxx 2005-ci ildən isə hal-hazıradək birinci qrup ümumi xəstəlikdən əlil olan arvadı X3 xidmət müddətinin tam illər üzrə sosial sığorta stajına daxil olunmasını və yaşa görə əmək pensiyası təyin edilərək pensiya hüququ yarandığı vaxtdan hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Pensiya hüququ yarandıqdan sonra əmək pensiyası təyin edilməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 1979-1981, 1986- 1993cü illərdə İsmayıllı rayon Xankəndi və digər kəndləri əhatə edən keçmiş “Kommunizn yolu” sovxozunda fəhlə işlədiyi, 1982-1984-cü illərdə isə İsmayıllı X1 sürücü işlədiyi müddətlərin onun əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək müraciətdən imtina etmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı iddiası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia rədd edilməlidir. Beləki, İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunması üçün ƏƏSMN-in tabeliyində DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialına ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə Nazirliyin tabeliyində DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialının pensiya təyin edən komissiyasının xx.xx.2020-ci il tarixdə keçirilən iclasında baxılarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı qanunvericiliyə uyğun qaydada təsdiq olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərkibinə daxil edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindın asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4. bəndinə əsasən Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqaladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, iddiaçının mübahisələndirilən iş stajı dövrü 1979-1981 və 1986-1993-cü illərdə ismayıllı rayon keçmiş "Kommunizm yolu” sovxozunda fəhlə, 1982-1984-cü illərdə İsmayıllı X1 sürücü işlədiyi dövrlərdir və həmin dövrlər üzrə iddia təmin edilə bilməz. İddiaçı tərəfindən işə daxil olma və işdən azad olma barədə əmrlər təqdim olunmadığı həmin dövrlər onun sosial sığorta stajı kimi götürülə bilməz. Həmçinin birinci instansiya məhkəməsində olan icraat zamanı məhkəmə işin faktiki hallarını dərindən araşdırmamış və müvafiq sorğular verməmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, 272494 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 250 nömrəli arayışı, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışı, İsmayıllı RİH başçısının Xankəndi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 162 nömrəli arayışı, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, iddiaçının əmək kitabçasının təsdiq edilmiş surəti, cavabdehin etiraz məktubu, cavabdehin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2020-ci il tarixli 525 nömrəli qərarının təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli tarixli Aktın təsdiq edilmiş surəti, “1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə Akt”ın təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti, cavabdehin ona göndərilən Sərəncama cavab olaraq məhkəməyə göndərdiyi məktub daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin əsaslıdır. İş materiallarına əlavə edilmiş 0081 nömrəli “Şəhadətnamə”nin əslindən müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək “Sənaye Tikinti Nazirliyinin Mərkəzi Tədris-Kurs Kombinatı”nın Sumqayıt filialında təhsil almışdır. İş materiallarına əlavə edilmiş 272494 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Tağıyeva (Sahabova) Şüşəxanım Ağaisa qızı ilə rəsmi nikah bağlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 250 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSSR-in Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışında iddiaçının İsmayıllı rayon Basqal “Kommunizm yolu” sovxozunda 1979-1980, 1986-1993-cü illərdə qazandığı əmək haqqı, İsmayıllı rayon X1 isə 1982-1984-cü illərdə işə qəbul olma əmri və qazandığı əmək haqqı barədə məlumatlar qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı RİH başçısının Xankəndi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 162 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X4 ilə bir yerdə yaşamış və onun qulluğunda durmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş cavabdehin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2020-ci il tarixli 525 nömrəli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, tələb olunan 25 il sosial sığorta stajı əmək kitabçasında qeyd olunmadığı üçün iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tarixli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon Xankəndi kəndi ünvanında yaşayan İddiaçı himayəsində olmuş 1-ci qrup əlil həyat yoldaşı X3 qulluq etməsi faktı yerində araşdırılmış, cavabdeh orqanın pensiya təyinatı sektorunun müdirinin, İsmayıllı RİH başçısının Xankəndi kənd İƏD üzrə nümayəndəsinin və qonşuların iştirakı ilə fakt təsdiqlənmiş, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2020ci il tarixədək 1-ci qrup əlil həyat yoldaşına qulluq dövrünün onun ümumi iş stajına daxil edilməsi məqbul hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Aktın əsasında tərtib edilmiş “1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə Akt”ın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1-ci qrup ömürlük əlil həyat yoldaşına qulluq etdiyinə görə iddiaçıya əmək pensiyasının təyinatı zamanı onun sosial sığorta stajına 14 il 7 ay 10 gün müddət daxil edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin məktubundan müəyyən edilir ki, iddiaçının mübahisələndirilməyən iş stajı 17 il 10 ay 20 gün olmaqla, həmin dövr xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək əmək kitabçası üzrə işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu və xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci i tarixədək isə İ qrup əlil həyat yoldaşına qulluq etdiyi illəri əhatə edir. İddiaçının mübahisələndirilən iş stajı 1979-1981 və 1986-1993-cü illərdə İsmayıllı rayon keçmiş “Kommunizm yolu” sovxozunda fəhlə, 1982-1984-cü illərdə İsmayıllı X1 sürücü işlədiyi illərdir. İşə daxil olma və işdən azad olma barədə əmrlər təqdim olunmadığı üçün faktiki işlədiyi aylar üzrə iş stajı İsmayıllı rayon keçmiş “Kommunizm yolu” sovxozunda 4 il 5 ay və İsmayıllı X1 isə 2 il 6 ay 19 gün təşkil edir. İddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək əmək kitabçası üzrə işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu və xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci i tarixədək isə İ qrup əlil həyat yoldaşına qulluq etdiyi müddət cəmi 17 il 10 ay 20 gün təşkil edir ki, bu, cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İddiaçının mübahisələndirilən iş stajı 1979-1981 və 1986-1993-cü illərdə İsmayıllı rayon keçmiş “Kommunizm yolu” sovxozunda fəhlə, 1982-1984-cü illərdə İsmayıllı X1 sürücü işlədiyi müddətlərdir. Bu müddətlər isə iş materiallarında olan arxiv arayışı və Aktlarla öz təsdiqini tapmış və cəmi 6 il 11 ay 19 gün təşkil etmişdir. İş materiallarında olan 0081 nömrəli “Şəhadətnamə”yə əsasən iddiaçının xx.xx.1972ci il tarixdən xx.xx.1973-cü il tarixədək “Sənaye Tikinti Nazirliyinin Mərkəzi Tədris-Kurs Kombinatı”nın Sumqayıt filialında təhsil müddəti də onun sosial sığorta stajına əlavə edildikdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. (Mübahisələndirlməyən 17 il 10 ay 20 gün + 4 il 5 ay + 2 il 6 ay 19 gün + 4 ay 5 gün = 25 il 2 ay 14 gün) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanununun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbini təmin edərək, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1040/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar