Məhkəmə qərarları › İş №2-1(107)-503/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-503/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-503/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 və cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003cü il tarixli, 207 saylı Sərəncam ilə dövlət fonduna aid torpaqlarından icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “torpaqdan müvəqqəti istifadəyə dair” JN-6009 (KOD ********) saylı Şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 iyun 2023-ci il tarixli, 2-1(116)-224/2023 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 207 saylı Sərəncam ilə dövlət fonduna aid torpaqlarından icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “torpaqdan müvəqqəti istifadəyə dair” JN-6009 (KOD ********) saylı Şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1710/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zərur cəlb edilmişlər.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon İcra Hakimiyyət Başçısının 30 dekabr 2003-cü il tarixli, 207 saylı sərəncamı ilə Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən uzun müddətli istifadə üçün istirahət və iaşə obyektlərinin tikintisi məqsədi ilə 1,02 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı həmin vaxtdan orada iaşə obyektləri inşa etdirmiş və torpaq sahəsinin verilmə təyinatına uyğun olaraq vətəndaşlara iaşə xidməti göstərir. İddiaçı icarəyə götürdüyü torpaq sahəsinə dair JN-6009 saylı, KOD 40300001 nömrə ilə torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə də əldə etmişdir. O, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq hərəkət etmiş və hazırda da müqavilə şərtlərinə əməl elməkdədir. Lakin, iddiaçı 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnu rəsmiləşdirməmiş və o, icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı İdarəsinin 03 mart 2022-ci il tarixli, 27/2/A-002 saylı məktubu ilə bir daha təsdiq olunur ki, icarəyə götürülmüş 1,02 ha torpaq sahəsində yerləşən "Sahil" istirahət mərkəzi Dövlət Meşə fonduna aid deyildir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən tərtib edilmiş sxematik planla da təsdiq olunur ki, 1,02 ha torpaq sahəsi meşə fondu torpağı deyildir. Həmin sxematik planlarda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin sxemi ilə də təsdiq olunur ki, "Sahil" istirahət mərkəzinin yerləşdiyi 1,02 ha torpaq sahəsi vahid torpaqdır. İşə əlavə edilmiş torpaq sahəsinin fotoşəklindən açıq-aydın görünür ki, 1,02 ha torpaq sahəsi vahid torpaqdır və hətta fotoşəkildə torpaq sahəsinin koordinatları açıq-aşkar görünməkdədir. Qeyd edildiyi kimi 1,02 ha torpaq sahəsinə aid torpaqdan müvəqqəti istifadəyə dair JN- 6009 (KOD ********) saylı şəhadətnamə alınmış və həmin şəhadətnamədə torpaq sahəsinin sxemi göstərilmişdir. Şəhadətnamə 24 noyabr 2004-cü il tarixdə, o vaxt mövcud olan DTXK Qəbələ rayon Torpaq Şöbəsi tərəfindən tərtib edilmişdir. İcarəyə verilmiş torpaq sahəsi bütün zəruri prosedur qatdalara əməl edilməklə alınmışdır. Yəni aidiyyəti orqanlar tərəfindən tərtib edilmiş bütün sənədlər icarəyə verilmiş torpaq sahəsinin dövlət fonduna aid olduğu qənaətində olmuşlar. İşə əlavə edilmiş sənədlər də bunu təsdiq edir. Ona görə də hesab edirik ki, cavabdehin imtina məktubunda göstərdiyi xüsusatlar düzgün deyildir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, sənəd üzrə torpaq shəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında məsafə fərqi var və torpaq sahəsinin mülkiyyət növü dövlət təyinatlı "Meşə fondu" torpaqlarına aiddir. Sözü gedən torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət mülkiyyətinə aidir. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki vəziyyəti təqdim edilmiş sxematik planından fərqlidir. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub olmaması barədə ƏMDK-nin Qəbələ Ərazi Şöbəsinə tərəfimizdən sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir Bununla da bildirmək istəyirik ki, JN-6009 (KOD ********) saylı şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1.02 ha torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Eyni zamanda bildirmək ki, iddia olunan torpaq sahəsinin koordinatlarına elektron baza məlumatlarında hər hansı bir dəyişiklik edilməmişdir. xx.xx.2003-ci ildə və hal hazırda həmin torpaq sahəsi dövlət meşə fondu torpaqlarına aid olmuşdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdı.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 iyun 2023-ci il tarixli, 2- 1(116)-224/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 iyun 2023-ci il tarixli, 2-1(116)-224/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 iyun 2023-ci il tarixli, 2-1(116)-224/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 iyun 2023-ci il tarixli, 2-1(116)-224/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər iştirak etməmişlər.

13. Məhkəmə kollegiyası onlarn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN- 6009 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon İHB-nin xx.xx.2003-cü il tarixli 207 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli 314 saylı icarə müqaviləsi ilə Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən istirahət və iaşə obyektinin tikintisi üçün İddiaçı 1,02 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin xx.xx.2023- cü il tarixli 3-14-27/2- 2-010/2023 nömrəli məktubundan görünür ki, İddiaçı icarəsində olan 1,02 ha torpaq sahəsi 1985-2006-cı illərin plan sxeminə əsasən dövlət meşə fonduna aid deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-5837/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10200 kv.m torpaq sahəsini İddiaçı xx.xx.2024cü il tarixinədək icarəyə vermişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ rayon İHB-nın xx.xx.2003-cü il tarixli 207 nömrəli sərəncamından görünür ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin istifadəsində olan sahədən Bakı şəhər sakini İddiaçı uzunmüddətli icarəsinə 1,02 ha torpaq sahəsi verilmişdir. Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 27/2/A-002 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Nohurqışlaq kənd ərazisində Nohurgölün sahilində yerləşən “Sahil" istirahət mərkəzinin dövlət meşə fondu olub olmaması ilə bağlı əməkdaşlar tərəfindən əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Sahil” istirahət mərkəzi 38T0742108, 4537958, 38T0742004 4537782. 38T0742029,4537741, 38T0742038.4537703. 38T07420S3.4537662 38T07421 12,4537648 dövlət meşə fonduna aid deyildir. - Qəbələ rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözgedən torpaq sahəsi iddiaçının icarəsinə uzun müddətə (49 il müddətinə) verilmişdir (2275 nömrəli yenilənmiş müqavilənin surəti əlavə edilmişdir).

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

17. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

18. Mülki Məcəllənin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

26. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır.

27. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir.

29. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iş materiallarında olan JN-6009 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və Qəbələ rayon İHB-nin xx.xx.2003-cü il tarixli 207 saylı sərəncamı ilə müəyyən olunur ki, Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən istirahət və iaşə obyektinin tikintisi üçün 1,02 ha torpaq sahəsi iddiaçının uzumüddətli icarəsinə verilmişdir. Qəbələ rayon İHB sözügedən müqavilənin uzunmüddətli olmasını və 49 il müddətinə verilməsini bildirir.

30. Odur ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir.

31. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsi ilə müəyyən olunur ki, ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10200 kv.m torpaq sahəsi ilə bağlı xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının icarəsinə verilmişdir.

32. Beləliklə, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı sərəncamın və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması və mübahisələndirilməməsi işin mübahisəsiz halıdır.

33. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən Qəbələ rayon İHB-nin xx.xx.2003-cü il tarixli 207 saylı sərəncamının “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.

34. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri sözügedən torpaq sahəsinin meşə fondu torpaqlara aid olması bağlı olmuşdur.

35. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurum olaraq müəyyən edilmişdir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydasının 2, 3 və 4-cü bəndlərinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir.

37. Qanunvericiliyin tələbindən göründüyü kimi meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı səlahiyyətli inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir.

38. Belə olan halda iddia olunan torpaq sahəsinin meşə fondu torpaqlara aid olduğu bildirilməsinə baxmayaraq, sözügedən torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsinin bağlanması həmin torpaq sahəsinin həqiqətən də meşə fondu torpaqlarına aid olub-olmaması ilə bağlı əsaslı şübhələr yaratdığından, məhkəmə tərəfindən sözgedən torpaq sahəsinin xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsi bağlanarkən təyinatının necə müəyyən edilməsi, sonradan təyinat dəyişilmişdirsə dəyişilməyə əsas olmuş məlumatların təqdim edilməsi, həmçinin sözügedən torpaq sahəsi meşə fondu torpaqlarına aid olduğu halda Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli 2275 nömrəli torpaq icarə müqaviləsini iddiaçı ilə hansı əsasla bağlaması, müqavilənin qüvvədə olub-olmaması, meşə fondu torpaqlarına aid deyilsə torpaq sahəsinin təyinatı və həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olması barədə cavabdeh orqanın verdiyi kadastr məlumatının əsaslı olub-olmaması barədə sonuncuya sorğu ünvanlanmışdır.

39. Əmlak Məsələləri Dövlət Xidməti ilkin olaraq məhkəmə tərəfindən verilmiş sorğunu hazırkı cavabdehə yönəltmiş, təkrar sorğunun cavablandırılmasından yayınaraq həmin torpaq sahəsinə dair icarə müqavilənin bağlanmasına əsas olmuş sənədlərin surətlərini təqdim etmişdir.

40. Təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti özü də torpaq sahəsinin təyinatını araşdırarkən hazırkı cavabdehin mövqeyinə etimad göstərməmiş və torpaq sahəsinin meşə fondu torpaqlarına aid olub-olmamasını Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 27/2/A-002 nömrəli məktubu əsasında müəyyən etmişdir. Belə ki, həmin məktubda Qəbələ rayon Nohurqışlaq kənd ərazisində Nohurgölün sahilində yerləşən “Sahil" istirahət mərkəzinin dövlət meşə fondu aid olmadığı qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqana münasibətdə yuxarı inzibati orqan olan Əmlak Məsələləri Dövlət Xidməti mübahisəli torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı cavabdeh orqanın məlumatlarını mötəbər hesab etməmişdir.

41. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-14-27/2-2-010/2023 nömrəli məktubunda iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsinin 1985-2006-cı illərin plan sxeminə əsasən dövlət meşə fonduna aid olmadığı qeyd edilmişdir.

42. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

43. İstinad olunan Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir.

44. Sözügedən şəhadətnamənin ləğvi və ya dəyişdirilməsi də iş materialları ilə müəyyən edilmir (xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsinin yenilənməsi həmin şəhadətnamənin hüquqi qüvvəsinə hər hansı təsir göstərmir).

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğu halda, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 207 saylı Sərəncam ilə dövlət fonduna aid torpaqlarından icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “torpaqdan müvəqqəti istifadəyə dair” JN-6009 (KOD ********) saylı Şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 iyun 2023-ci il tarixli, 2-1(116)-224/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar