Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-503/2024 03.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X13 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X10 X12 (TEKUİS-də) aradan qaldırılması, həmin koordinatlara uyğun X6 və ailə üzvlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X10 X12 (TEKUİS-də) aradan qaldırılması və Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,27 ha hissədə ləğv edilməsi və həmin 0,50 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərardadı ilə iddia tələbi “**********07 reyestr nömrəli çıxarışın iddiaçının faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,27 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.
6. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X4 və ailə üzvlərin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmiş, JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İslahat dövründə Göyçay rayon Kürdəmiş kəndində torpaq sahələri naturada ölçülüb vətəndaşlara verilərkən Kürdəmiş kənd sakinləri ilə Cəyirli kənd sakinləri arasında mübahisə yarandığından Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. Lakin həmin dəyişdirilməyə uyğun dövlət aktları tərtib edilib vətəndaşlara təhvil verilməmişdir. Həmin 1,16 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin 25 ildir istifadəsindədir, torpaq sahəsində bağ salınmışdır. 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. İddiaçıya və ailə üzvlərinə məxsus olan 1,16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində ona məlum olmayan yerdə işlənmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması barədə müraciətimə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətimizin təmin edilməsi məqsədə müvafiqdir. Lakin bununla belə müraciətin təmin edilməsindən qanunsuz olaraq imtina edilmişdir.
7. İddiaçı, cavabdeh orqana müraciət edərək, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X2, İddiaçı, X1, X5, X7 və X9 mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması, həmin koordinatlara uyğun özünün və ailə üzvlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 05 iyun 2023-cü il tarixli məktubu ilə İddiaçı müraciətinin təmin olunmasından imtina edilmişdir.
8. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən 1,16 ha hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsin torpaqların elektron kadastr uçot informasiya sistemi məlumatlarında məlum olmayan yerdə işlənməsi və faktiki istifadədə olan torpaq sahəsində işlənilib göstərilməsi barədə ərizə ilə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın ərizəsi əsasında ona 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerinə baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, naturada göstərilən torpaq sahəsinin bir hissəsi Dövlət reyesterində Maraqlı şəxs adına qeydiyyata alınmış və **********07 reyestr nömrəli çıxarış verilmişdir. Bildirilmişdir ki, İddiaçı Göyçay Rayon AİK-nın 1998 il tarixli 41 saylı qərarı ilə verilmiş torpaq sahəsi Kürdəmiş kənd kompleks yerqurluşu xəritələrində (DVJ) və Azərbaycan Respublikasının Prezidentinin 818 nömrəli fərmanına əsasən torpaqların elektron kadastr X12 (TEKUİS) sözügedən 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin ərazidə yerləşmir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 may 2024-cü il tarixli, 2- 1(116)-282/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-503/2024 nömrəli qərardadı ilə Göyçay rayonu Kürdəmiş bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında adi cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)- 282/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023, xx.xx.2023-cü il tarixli imtina məktubu, - Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 59 saylı iclas protokolundan çıxarış, - JN-278 və JN-615 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktları, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış, - A929433 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
23. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır
24. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.
25. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr X12 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
26. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır. Bunun üçün iddiaçı, cavabdeh orqandan Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X10 X12 (TEKUİS-də) aradan qaldırılmasını tələb edir.
34. İşin mübahisəsiz halıdır ki, iddia olunan torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat xəritəsində (DVJ) iddiaçının mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsindən fərqli ərazidə yerləşir.
35. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması məqsədə uyğun hesab olunmuş, lakin sonradan müraciətin təmin edilməsindən imtina edilmişdir.
36. Cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılmış, TEKUİS xəritəsində düzəliş üçün edilən müraciətlərlə bağlı müvafiq “Göstəriş”ə əlavə olunmuş “Akt" forması ərazidə tərtib edilmişdir. Mütəxəssis tərəfindən aparılan ölçmə işlərinin emalı zamanı məlum olmuşdur ki, İddiaçı naturada (yerdə) göstərdiyi 0.50 ha torpaq sahəsinin 0.27 ha hissəsi **********07 reyestr nömrəli çıxarışla Maraqlı şəxs kənd təsərrüfatı məqsədilə mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üst-üstə düşür.
37. Göründüyü kimi cavabdeh orqanın ilkin niyyəti iddiaçının müraciətinin təmin edilməsinə yönəlmiş və torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması məqsədə uyğun hesab olunmuşdur. Torpaq sahəsinin 0.27 ha hissəsi digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqan qalan 0.23 ha torpaq sahəsinə münasibətdə də, müraciətin təmin edilməsindən imtina etmişdir.
38. Mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.23 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, çoxillik əkmələr uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir və üzərində fərdi yaşayış evi mövcuddur.
39. Nəzərə alınmalıdır ki, iddiaçıya torpaq islahatı zamanı verilmiş və JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmiş 1.16 ha torpaq sahəsi də, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Hazırda iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi də, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Odur ki, həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edilməsi torpaq sahəsinin təyinatının dəyişdirilməsinə, o cümlədən cavabdeh orqan tərəfindən müraciətin təmin edilməsindən imtinaya əsas yaratmır.
40. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi nəzərdə tutulmuşdur.
41. Belə olan halda cavabdeh orqan iddia olunan torpaq sahəsinin **********07 reyestr nömrəli çıxarışla üst-üstə düşən 0.27 ha hissədə imtina cavabı verməkdə haqlı olsa da, qalan 0.23 ha torpaq sahəsinə münasibətdə imtina cavabı verərkən səhvə yol vermişdir. Belə ki, iddiaçının uzun müddət faktiki istifadəsində olan 0.23 ha torpaq sahəsinə münasibətdə faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması istinad olunan Fərmanın tələblərinə uyğundur və həmin düzəliş torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmamaqla, digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmur (hər bir halda cavabdeh orqanın TEKUİS-də hazırkı məlumatı da, qismən faktiki istifadə vəziyyətinə əsaslanır).
42. Cavabdeh orqan bildirir ki, JN-615 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı 1.16 ha torpaq sahəsi elekron baza məlumatlarında təqdim olunan TEKUİS məlumatlarında təsbit edilərək göstərilmişdir. Lakın sözügedən 1.16 ha torpaq sahəsinin 0.25 ha hissəsindən faktiki olaraq iddiaçı istifadə etmir.
43. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”ının tələbləri baxımından cavabdeh orqan çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə etməli, uyğunsuzluqları müəyyənləşdirnəli və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib etməlidir.
44. Ərazi vahidləri üzrə layihələrdə fiziki şəxslərə torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilməli və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapmalıdır. Yekun olaraq sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunmalıdır.
45. Göründüyü kimi istinad olunan “Fərman”ın və “Qaydalar”ın tələblərinə görə cavabdeh orqan fiziki şəxslərə torpaq islahatı zamanı verilmiş pay torpaq sahələrinə dair hüquqi sənədlərlə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqları müqayisəli tədqiq etməlidir.
46. Hazırkı işdə cavabdeh orqan TEKUİS-də JN-615 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 1.16 ha torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyəti nəzərə alınmaqla müəyyən edir. Bununla belə faktiki istifadə vəziyyəti nəzərə alınmaqla JN-615 nömrəli Dövlət Aktına dair məlumatlar elektron uçot məlumatlarına daxil edilsə də, torpaq sahəsinin ölçüsünün 1.16 hektardan az olması cavabdeh orqan tərəfindən nəzərə almamışdır. Belə ki, cavabdeh orqan JN-615 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 1.16 ha torpaq sahəsini tamamlamaq məqsədi ilə iddiaçının faktiki istifadəsində olan (mübahisə predmeti) 0.23 ha torpaq sahəsi ilə bağlı dürüstləşdirilmiş məlumatları torpaqların elektron uçotu sisteminə daxil etməli olduğu halda, iddiaçının faktiki istifadəsində olmayan torpaq sahəsinə dair məlumatları TEKUİS-ə daxil etmişdir. Başqa sözlə, iddiaçının TEKUİS-ə əsasən faktiki istifadə etmədiyi torpaq sahəsi cavabdehin əsassız olaraq TEKUİS-ə daxil etdiyi torpaq sahəsidir.
47. Odur ki, 0.25 ha torpaq sahəsindən iddiaçının faktiki istifadə etməməsi ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.
48. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatlarla müəyyən edilir ki, mübahisə predmeti olan 0.23 ha torpaq sahəsi Torpaqların elektron elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilsə də, Göyçay rayonu Xətai adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində həmin əraziyə X3 və ailə üzlərinin adına JN-278 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.77 ha torpaq sahəsinin 0.2128 ha hissəsi işlənmişdir.
49. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-278 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.77 ha torpaq sahəsi mülkiyyətçilərin faktiki istifadə etdiyi əraziyə köçürülmüşdür.
50. Göründüyü kimi iddia olunan torpaq sahəsi də, əvvəllər Dövlət Aktı əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi olmuş, cavabdeh orqan dürüstləşdirmə qaydasında sözügedən Dövlət Aktının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını təmin etmişdir. Qeyd olunan hal, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə dürüstləşdirilmiş məlumatların TEKUİS-ə daxil etməsi ilə bağlı cavabdeh orqanın inzibati praktikasının mövcud olmasını aşkar sübut edir.
51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə etməkdə haqlı olmuşdur.
52. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.