Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-504/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını qanunsuz hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 882/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdən Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə səfərbər edilmiş və xx.xx.1993-cü il tarixdən etibarən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçının xidmət etdiyi tabor 1994cü il fevral ayının 12-də istirahətə buraxılmış və iki gün sonra xəbər verilmişdir ki, işğaldan azad olunan ərazilər erməni işğalçıları tərəfindən geri alınıb. İddiaçı döyüş yoldaşları ilə birlikdə Mingəçevir şəhər hərbi komissarlığına müraciət edib cəbhəyə getmək istədiklərini bildirsələr də komissarlıq buna ehtiyac olmadığını, ehtiyac olarsa xəbər edəcəklərini bildirmişlər. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır”. Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994- cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, xx.xx.1994-cü ildə hərbi hissədən çıxdığını və geri qayıtmadığını bildirib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan AR MN X2 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-7713 nömrəli arxiv arayışından müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 254 nömrəli əmrində (əsas: §-7, səh-9) Mingəçevir ŞHK-dan səfərbər edilmiş bir qrup hərbi mükəlləfiyyətlinin 6-cı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla daxil edilməsi barədə məlumat vardır və əmrə əlavə olunmuş adlı siyahıda (əsas: noyabr 1993, səh-55, sıra-1) 1963-cü il təvəllüdlü sıravi İddiaçı adı qeyd olunmuşdur. Sözügedən arxiv arayışında həmçinin qeyd edilir ki, N nömrəli hərbi hissənin 1993-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 18914367-1220 nömrəli məktubundan müəyyən edilir ki, ünvan 1 mənzil 47 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Şəki şəhər(rayon) polis şöbəsində hər hansı bir təqsirləndirici material və yaxud cinayət işi aşkar edilməmişdir. İş materiallarında olan AR SHXÇDX Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 114 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən hərbi xidmətə səfərbər edilsə də arxiv sənədlərində iddiaçının N saylı hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2198 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2571 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici və ya cinayət işi yoxdur. Həmçinin qeyd olunur ki, N nömrəli hərbi hissə Füzuli hərbi prokurorluğunun nəzarət dairəsində yerləşmir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AR MN X2 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-7713 nömrəli arxiv arayışı, Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189-14367-1220 nömrəli məktubu, SHXÇDX Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 114 nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/2198 nömrəli məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli 1/Ə-9965 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli 11/3970 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-882/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını qanunsuz hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-882/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını qanunsuz hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsində işin faktiki halları ilə bağlı məlumatları ətraflı göstərmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün xx.xx.1993-cü il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin 6-cı taborunun tərkibində döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə olduğu müddətdə hərbi xidmət yerini özbaşına tərk etməmiş, hərbi xidmət keçməkdən heç bir halda imtina etməmişdir. Döyüşlərdə iştirak etdiyi üçün layiq olduğu müharibə veteranı adını almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin qanunvericilikdə göstərilməyən əsaslar gətirilməklə bundan imtina edilmişdir. Bununla bağlı Şəki İnzibati Məhkəməsinə verdiyi iddia da təmin edilməmişdir. Hesab edir ki, məhkəmənin qanunvericiliyin tələbinin tətbiqi baxımından düzgün qənaətə gəlməməsi, hüquqlarımın pozulmasına gətirib çıxaran qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, işdəki sübutlara müvafiq olaraq onun Azərbaycan Milli Ordusunun N nömrəli hərbi hissəsinin tərkibində hərbi xidmətdə olmağı məhkəmə tərəfindən müəyyən edildiyi qərarda göstərilmişdir. İşin hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina etməsini hərbi xidmətdən qanuni şəkildə tərxis edilməməyi, yəni hərbi hissəni özbaşına tərk etmə və ya fərarilik etmə ehtimalımla əlaqələndirmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsində göstərilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Öz qərarında həmin maddəyə istinad edən məhkəmə, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağımın mənim tərəfimdən sübut edilməli olunduğu qənaətinə gəlmişdir. Halbuki, həmin maddənin 2-ci cümləsinin tələbinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi mənim hərbi hissəni özbaşına tərk etməyim və ya fərarilik etməyimə dair məhkəməyə sübut təqdim etməli idi. İş materiallarında olan sübutlarda- Tərtər və Qarabağ hərbi prokurorluqlarının məktublarında isə mənim barəmdə hər hansı einayət işinin istintaqının aparılmadığı və ya təqsirləndirici materialın araşdırılmadığı göstərilmişdir. Hesab edirəm ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.1993-cü il tarixli 254 nömrəli əmri ilə 6-cı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməyimə baxmayaraq, həmin hərbi hissənin 1993-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətim barədə məlumata rast gəlinməməsi həmin hərbi hissədə kargüzarlığın düzgün təşkil edilmədiyinin göstəricisidir. Buna görə məsuliyyət həmin hərbi hissədə sıravi əsgər kimi xidmət etmiş şəxsin deyil, həmin hərbi hissənin komandanlığının və onun tabe olduğu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, cavabdehin mənə müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası, mənim hərbi xidmətdən qanunsuz tərxis edilməyimə dair şübhələrinə deyil, mötəbər sübutlara əsaslanmalıdır. İndiki halda cavabdehin mövqeyi öz və tabe qurumunun məsuliyyətsizliyini məni cinayət törətməkdə ittiham etməklə ört-basdır etməkdən ibarətdir. Şəki İnzibati Məhkəməsi də qanunvericiliyin tətbiqində yanlış qənaətə gəlməklə, cavabdehin bu mövqeyinə haqq qazandırmış, nəticədə hüquqlarımın pozulmasına gətirib çıxaran qərar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-882/2020 nömrəli qərarı əsassız olduğu üçün ləğv edilməsini xahiş edirəm. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-882/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsi cavabdehin arxiv arayışına əsasən iddiaçı X1 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 263 nömrəli əmri ilə (əsas: səh.26, §-1, sıra-11) 5 (beş) günlük qısamüddətli məzuniyyətə buraxıldığını müəyyən edir. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair arxiv arayışlarında məlumat yoxdur. Həmçinin məhkəmə iclasında iddiaçı xx.xx.1993-cü il tarixdə 5 günlük məzuniyyətə buraxıldığını, məzuniyyətdən sonra bir daha hərbi hissəyə geri qayıtmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə sübut aşkar olunmamışdır. Belə olan halda həmin şəxs veteran adını daşımaq hüququna malik deyildir. İddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını qanunsuz hesab edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-882/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-504/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-504/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver