Məhkəmə qərarları › İş №2-1(107)-504/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-504/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-504/2023 21.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X18 və cavabdehin nümayəndəsi X20 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində İddiaçıh Sadəddin oğlunun ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1364/2023 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək sözügedən fərdi yaşayış evi üzərində ümumirbə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, cavabdeh orqana qarşı "xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1388/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və həmin qərar icra edilmişdir. Bundan sonra iddiaçının müraciətinə yenidən baxılaraq, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3- 47/2-520/2023 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. İddia ərizəsində bəhs edilən, dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evi təkcə X4 deyil, onunla yanaşı, hazırda da həmin evdə yaşayan ailə üzvlərinə, o cümlədən İddiaçı verilmişdir. X1 ilə yanaşı, digər ailə üzvlərinin, o cümlədən İddiaçı, X5 və X15 yaşaması Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışı ilə də təsdiq olunur. Məhkəmə bildirmişdir ki, belə olan halda, evə yalnız X2 mülkiyyət hüququnun qeydiyyata alınması qanuni olmamışdır. Hesab edir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçıh Sadəddin oğluna və qeyrilərinə məxsus olan 0,1002 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməlidir.

5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X29 nümayəndəsi olduğu iddiaçının ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı fərdi yaşayış evi "Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə dair” Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda qeyd olunan fərdi yaşayış evi İddiaçı deyil X2 adına qeyd olunmuşdur. Buna görə də qeyd olunan fərdi yaşayış evinin İddiaçı məxsus olması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat (sözügedən evə münasibətdə dürüstləşdirilmiş siyahı) təqdim edildikdən sonra yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılması barədə iddiaçıya 09.01,2023-cü il tarixli, 3-21-3-47/2-M- 0205-8/2023 (**********27) nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2- 520/2023 (**********20) nömrəli məktub ünvanlanmışdır. İddiaçı cavabdeh 18 saylı Zaqatala Ərazi idarəsinə (3-cü şəxs: X6) qarşı Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” fərdi yaşayış evinə dair hissədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubla məhkəməyə həm də iddiaçıya məlumat verilmişdir. Zaqatala rayonunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinin əvəzində dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri üzərində hüquqların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli, 1656 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər (siyahılar) əsasında aparılır. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsaslann olub-olmamasını müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 iyun 2023-ci il tarixli, 2- 1(116)-1364/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş siyahıda (ərazi idarəsinin xidməti istifadəsində olan) siyahılarda qeyd olunan fərdi yaşayış evi İddiaçı və digərlərinin adlarına deyil, X2 adına göstərilmişdir. Tərəflərindən həmin evə dair X7 adına verilmiş çıxarış Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsasında ləğv edildikdən sonra, hazırkı iş üzrə qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün FHN-nin sifarişi əsasında ünvan 1i üzrə inşa edilmiş fərdi yaşayış evinə dair siyahının onlara aid hissədə düzəliş olunaraq həmin məlumatları aiddiyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətin məqsədilə inzibati icraat qaydasında tərəflərindən müvafiq sorğu Zaqatala Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Zaqatala Rayon İcra Hakimiyyəti dürüstləşdirilmiş siyahını adiyyəti üzrə təqdim etməmişdir. Belə olan halda prosesual qanunun tələbinə görə iddiaçı qeyd olunan məsələ ilə bağlı məhkəmədə ərazi idarəsinə qarşı yox, Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı (onun hərəkətsizliyindən) iddia qaldırmalı idi. İş üzrə məhkəmə qərarında istinad etdiyi “Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.08.202-ci il tarixli, 84 nömrəli arayışı” qanunla daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Məhkəmə iş üzrə hüquq və maraqlarına toxunulan şəxsi (Azərbaycan Respublikasının Zaqatala Rayon İcra Hakimiyyətini) inzibati məhkəmə icraatına zəruri cəlb etməmişdir. Halbuki, qanunda və Ali Məhkəmənin müvafiq qərardadında bu məsələnin həlli əsasən məhkəməyə aid olduğu aşkar göstərilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023ci il tarixli, 2-1(116)-1364/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X33 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1364/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi X29 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1364/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli **********68 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli “hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmişdir. - 1989-cu il tarixli Texniki pasportdan görünür ki, həmin sənəd X16 adına fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş, həmin sənəddə fərdi yaşayış evinin ümumi sahəsi 62,7 kv.m göstərilmiş, evin tikildiyi il kimi isə 1960-cı il qeyd olunmuşdur. - A seriyalı 246216 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 adına 1001,78 kv.m torpaq sahəsi ilə bağlı verilmişdir. - xx.xx.2020-ci il tarixli Texniki pasportdan görünür ki, həmin sənəd fərdi yaşayış evi ilə bağlı üçüncü şəxs X2 və digər mülkiyyətçilərin (adlar göstərilməmişdir) adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki 0,1002 ha göstərilmiş, evin tikildiyi il kimi isə 2012-ci il qeyd olunmuşdur. Texniki pasportda onun verilməsinə əsas kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 740 nömrəli məktubu və DT və XK-nin Zaqatala rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 1196 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" göstərilmişdir. - "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 107,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə X2 tam mülkiyyət hüququ, evin yerləşdiyi 0,1002 ha torpaq sahəsinə isə X2, X17, X3, X5, X15, X10, X11, İddiaçıh Sadəddin oğlunun ümumi birgə mülkiyyət hüququ xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Zaqatala Rayon Muxax Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 393 nömrəli arayışından görünür ki, X16 adına olan akta əsasən, 1996-cı ildə Muxax kəndində torpaq islahatı aparılarkən mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi, onun özünün və onun ailə üzvləri X3, X8, X2, İddiaçı, X15, X12, X9 adları qeyd edilmiş və onların adlarına işlənmiş torpaq sahəsi kimi 0,22 ha qeyd olunmuşdur. - Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışından görünür ki, İddiaçı, üçüncü şəxs X2 və digər ailə üzvlərinin yaşadığı ev və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsi onların mərhum atası X19 məxsus olmuşdur. Həmin ev xx.xx.2012-ci ildə baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və evin yerində mərhumun qızı X2 adına Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə üç otaqlı fərdi yaşayış evi tikilmişdir. X23 vəfat etdikdən sonra mərhuma məxsus olan təsərrüfat qızı X2 adına keçmiş və həmin təsərrüfatda aşağıda adları qeyd olunan ailə üzvləri qalmışlar: 1) qızı X13, 2) oğlu İddiaçı, 3) qızı X14, 4) gəlini X24.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının: 1.1-ci bəndində qərara alınmışdır ki, yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etsinlər 2.1-ci bəndində isə qərara alınmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddia ərizəsində bəhs edilən, dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evi təkcə X4 deyil, onunla yanaşı, hazırda da həmin evdə yaşayan ailə üzvlərinə, o cümlədən İddiaçı verilmişdir. X1 ilə yanaşı, digər ailə üzvlərinin, o cümlədən İddiaçı, X5 və X15 yaşaması Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışı ilə də təsdiq olunur. Yerli icra nümayəndəliyində mövcud olan təsərrüfatbaşına uçot kitabında təsərrüfatın başçısı kimi X2 adının yazılması onunla birlikdə yaşayan digər ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

24. Yuxarıda istinad olunan Fərmanda Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsinin qaydası müəyyən edilmişdir. Həmin qaydaya görə, yerli icra hakimiyyəti orqanları zəruri sənədləri, o cümlədən evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, sonuncu isə həmin siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında onların mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır.

25. Odur ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən təqdim edilmiş siyahıda qeyd edilən məlumatlarla kifayətlənməməli idi. Müvafiq siyahıları tərtib edən Zaqatala RİH və Fövqəladə Hallar Nazirliyi də siyahıya adlarını daxil edilən şəxslərin həmin təsərrüfatda uçotda olub-olmamasını yoxlamalı, eyni zamanda həmin fərdi yaşayış evində yaşayan şəxslərin dairəsini müəyyən etməli idilər. Belə ki, istinad olunan xx.xx.2022-ci il tarixli 1656 nömrəli Fərmanının icrası ilə əlaqədar evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısını tərtib edən inzibati orqan nəyə görə məhz həmin şəxslərin adlarını siyahıya daxil edilməsini əsaslandırmalıdır. Yəni, siyahıya daxil edilmə inzibati orqanın subyektiv mülahizəsinə yox, həmin evdə yaşayan, təsərrüfatda olan şəxslərə dair əldə edilmiş uçot məlumatlarına əsaslanmalıdır. Əks yanaşma, həmin fərdi yaşayış evinə aidiyyəti olmayan şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına və faktiki yaşayan və uçotda olan şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. İddia tələbinin təmin edilməsi isə sözügedən evdə qeydiyyatda olan və yaşayan digər şəxslərin maraqlarına toxunmur.

26. Belə ki, "Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.

27. Deməli, kənd icra nümayəndəliyində təsərrüfatbaşına uçot kitabının aparılmasında məqsəd yaşayış məntəqəsi sakinlərinin, onların əmlakının hesabatını aparmaqdan ibarətdir, eyni zamanda, kitabda ailə üzvlərinin siyahısının qeyd edilməsi həmin şəxslərin təsərrüfatda yaşamasını, həmin təsərrüfata aidiyyətini təsdiq edir, hesabat aparılmasının operativliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir.

28. Yuxarıda qeyd edilən hallar iddiaçıya münasibətdə iş materialları ilə sübuta yetirildiyindən və həmin hallara Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2- 1(116)-1388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində İddiaçıh Sadəddin oğlunun ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1364/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar