Məhkəmə qərarları › İş №2-1(107)-505/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-505/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-505/2023 23.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya verilən prezident təqaüdündən tutulan 3890 manat pul məbləği qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)-1351/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “prezident təqaüdündən tutulan bütün vəsaitin ona qaytarılmasına və bundan sonra təqaüdündən heç bir məbləğin tutulmamasına, ona iki il ərzində (237+2377=474 manat) ödənilməmiş “radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət”in və ödədiyi dövlət rüsumunun ona ödənilməsinə, elecə də əlilliyinin səbəbinin sistemdə 18 saylı TSEK-in arayışında (SER TSE-01 nömrə 332169, xx.xx.2014cü il tarixli) göstərildiyi kimi (“Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”) yazılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirərək, “prezident təqaüdündən tutulan bütün vəsaitin ona qaytarılması və bundan sonra təqaüdündən heç bir məbləğin tutulmamasına, 2 il ərzində (237+237=474 manat) ödənilməmiş “radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müavinət üçün müavinət”in və ödədiyi dövlət rüsumunun ona ödənilməsinə, eləcə də əlilliyinin səbəbinin sistemdə 18 saylı TSEK-in arayışında (SER TSE-01 №332169, xx.xx.2014-cü il tarixli) göstərildiyi kimi (“Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”) yazılmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1351/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, ona prezident təqaüdündən tutulan bütün vəsaitin qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı yenidən idida tələbini dəqiqləşdirərək, “ona verilən prezident təqaüdündən tutulan 3890 manat pul məbləğinin qaytarılması və bundan sonra təqaüdündən tutulmaların aparılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidməti zamanı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir. 2008-ci ilin sentyabr ayından hərbi xidmət əlillərinə prezident təqaüdü təsis olunmuş və həmin tarixdən təqaüdü almağa başlamışdır. Lakin 2014-cü ilin mart ayından nazirliyin göstərişi ilə həmin təqaüd kəsilmişdir. O, yenidən hərbi həkim komissiyasından və TSEKdən müayinədən keçmiş və 2014-cü ilin mart ayından prezident təqaüdü bərpa olunmuşdur. Lakin, 2008-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək hər ay 30 manat, 2022-ci ilin fevral ayından etibarən isə hər ay 70 manat tutulmaqdadır. Səbəbi də budur ki, o, 2008-ci ildə komissiyadan keçməli idi. Hərbi həkim komissiyasının qərarında da 1991-ci ildə verilmiş ekspert rəyi əsas götürülüb. Yəni, o, 2014-cü ildən deyil, 1992-ci ildən hərbi xidmət əlilidir. İstər hərbi həkim komissiyasının qərarında (№ 653 xx.xx.2013-cü il tatixli), istərsə də 18 saylı TSEK-in arayışında (SER TSE-01 № 332169 , xx.xx.2014-cü il tarixli) səbəb “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərilib. Lakin, sistemə vurularkən yalnışlığa yol verilib, “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” yazılıb. Eləcə də “e-sosial.az” saytındakı şəxsi kabinetində də, əlilliyin səbəbi “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” yazılıb. Lakin “Müavinət və təqaüdlər” bölməsində “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ( Çernobıl AES-də hərbi xidmətlə əlaqədar)” yazılıb. Sistemdə olan bu uyğunsuzluq nəticəsində ona “radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət” də 2021-ci və 2022-ci illərdə ödənilməyib. Lakin, 2020-ci ildə və əvvəlki illərdə bu müavinəti almışdır.

9. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər agentliyinə müraciət etmişdir. Aidiyyəti üzrə Sosial ödənişlər departamenti tərəfindən ünvanlanmış 17 mart 2023-cü il tarixli 3-17- 1/2-M-58512/2023 nömrəli cavab məktubunda İddiaçı əlillik məlumatlarının dəqiqləşdirilməsi məqsədilə Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq sorğu göndərilməsi barəsində məlumat göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" 14 sentyabr 2015- ci il tarixli 595 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində TibbiSosial Ekspertiza və X4 (TSERAS) yaradılmışdır. Əlilliyə görə sosial müavinət və ya əmək pensiyası əlillik müddətinə görə təyin edilərək ödənilir. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi-Sosial Ekspert Komissiyasının müayinələrinə dair məlumatlar elektron formada “Elektron hökümət” portalı vasitəsilə TSERAS-dan mərkəzləşdirilmiş qaydada əldə olunur. Azərbaycan Respublikası Nazirlər Kab netinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən aparılır.

10. “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Qanunlarında əlillik müəyyən edilməyən şəxslərə əlilliyə görə sosial müavinət və ya əmək pensiyası təyin olunması nəzərdə tutulmamışdır. Nazirliyin "Əlillik’’ altsisteminin məlumat bazasında iddiaçıya 3 yanvar 1992-ci il - 3 yanvar 1993-cü il aralığında və 18 yanvar 1994-cü il tarixindən müddətsiz olaraq Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik, həmçinin 3 mart 2014-cü il tarixindən isə müddətsiz olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik qeyd edildiyi məlum olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əmək pensiyası təyin edilmiş və hal-hazırda da ödənilir. İddiaçıya xx.xx.2008-ci il tarixdən İİ qrup müharibə əlillərinə görə Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təqaüd ödənilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Əlillik alt Sistemində xx.xx.1992-xx.xx.1993-cü il və xx.xx.1994- cü il tarixdən muddətsiz Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2014cü il tarixdən müddətsiz olaraq Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrin yerinə yetirməklə əlaqədar təqaüd üçün əsas olmadığından artıq ödəmə yaranmışdır. İddiaçının təqaüdündən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 30.00 manat (2019 cu ilin iyuİ və sentyabr ayı istisna olmaqla) olmaqla 2700.00 manat və xx.xx.2022-ci il tarixdən hal-hazıradək hər ay 70.00 manat olmaqla 1190.00 manat, cəmi 3890.00 manat vəsait tutularaq bərpa edilmişdir. xx.xx.2023-cü il tarixinə qalıq borc məbləği 220.00 manat təşkil edir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 iyun 2023-ci il tarixli, 2- 1(116)-1351/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdeh orqanın apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)-1351/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)-1351/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)- 1351/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Tibbi-Sosial Eksert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə edilərək həmin tarixdən də “toksiki ensefalopatiya toksiki polineyropatiya Aşağı süst paraparezlə” diaqnozu, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. - Qəbələ 18 saylı Tibbi Sosial Ekspert Komissiyası 332169 nömrəli arayışdan görünür ki, 1966- cı il təvəllüdlü İddiaçı əlilliyin səbəbi: Xəstəlik Çernobl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət vəzifəsini yerinə yetirərkən, müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - Tibbi Sosial Ekspertiza və X2 çıxarışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Toksiki ensefalopatiya, toksiki polineyropatiya. Aşağı süst paraparezlə. Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Toksiki ensefalopatiya, toksiki. Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik. Təkrar Müddətsiz əlillik təyin olunmuşdur. - Tibbi Sosial Ekspertiza və X2 çıxarışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Toksiki ensefalopatiya, toksiki polineyropatiya. Aşağı süst paraparezlə. Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Toksiki ensefalopatiya, toksiki. Səbəbi: Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar. 1 il müddətinə əlillik təyin olunmuşdur. - Tibbi Sosial Ekspertiza və X2 çıxarışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Toksiki ensefalopatiya, toksiki polineyropatiya. Aşağı süst paraparezlə. Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Toksiki ensefalopatiya, toksiki. Səbəbi: Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar. Təkrar müddətsiz əlillik təyin olunmuşdur. - Pensiya alt sistemindən çıxarışdan görünür ki, iddaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 1 il müddətində , xx.xx.1994-cü il və xx.xx.2014-cü il tarixdən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarından görünür ki, Qəbələ RHK tərəfindən 1985-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.1991-ci ildə Xəstələrin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik-diaqnoz: “Kəskin ifadə olunmuş toksiki ensefalopatiya.Asteno-nevrotik vəziyyət” “Xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin (Xidməti Vəzifələrin) İcrası zamanı alınmışdır”.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir. və Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)-1351/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

26. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan müvafiq pul məbləğinin geri tutulmasının mümkünlüyünü “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlamadan iddiaçıya xx.xx.2008-ci il tarixdən - xx.xx.2014-cü il tarixədək Çernobıl AESdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ödənilmiş təqaüddən 3890 manat vəsaitin tutulmasını həyata keçirmişdir.

27. Belə ki, işin materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.1994-cü il tarixdə ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi - Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 653 nömrəli qərarı ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş diaqnoz Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. Buna görə iddiaçıya İİ qrup müharibə əlillərinə görə Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar təqaüd ödənilmişdir.

28. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir..

29. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı onlara ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

30. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

31. Cavabdeh tərəfindən iddiaçının qəbul edilən sosial sığorta stajı 23 il 11 ay 22 gündür. Cavabdeh tərəfindən qəbul edilməyən və mübahisələndirilən sosial sığorta stajı iddiaçının Ağdaş rayon istehlak cəmiyyətində 1992-1999-cu illərdə işlədiyi dövrü əhatə edir. Cavabdehin 17 iyul 2023-cü il tarixli etiraza əlavə ərizəsində həmin dövrün qəbul edilməməsinə dair dəlili iddiaçının təqdim etdiyi əmək kitabçasında 1992-1999-cu illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına əsasən sonradan doldurulmasından ibarətdir.

32. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 2-1(116)-1351/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar