Məhkəmə qərarları › İş №2-1(107)-505/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-505/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-505/2024 21.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024cü il tarixli 2-1(116)-425/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1883/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-440/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən araşdırılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-440/2023 nömrəli qərardadında iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi, müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün lazımı şərait yaradılmasına dair göstərişlər verilmişdir.

3. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı tərəfindən “Torpaq sahəsinin məkan göstəricilərinin ozundə əks etdirən yer quruluşu planı və ölçüsü”-nə dair sənədi təqdim edilməmişdir, bu səbəbdən də sözügedən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 iyun 2024-cü il tarixli 2- 1(116)-425/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-425/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-425/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

12. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. İddiaçının cavabdehə xx.xx.2022-ci il tarixli ilkin müraciəti;

2. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu;

3. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(107)-440/2023 saylı qərardadında qeyd olunan iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi, müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün lazımi şərait yaradılmasına dair göstərişlərin həyata keçirilməsi məqsədi ilə 5 iyun 2024-cü il və 27 iyun 2024-cü il tarixli məhkəmə iclasları təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.

18. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini, arqumentlərini bildirmək imkanına malik olmalıdır.

19. Lakin, iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı qeyd olunan məhkəmə iclaslarında iştirak edəcəyi halda ona hüquqi yardım göstərilməklə nail olmaq istədiyi hüquqi nəticə müəyyənləşdirilə, düzgün iddia tələbinin irəli sürülməsinə nail oluna bilərdi.

20. Hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehə ilkin müraciəti eyni deyildir. İddiaçı cavabdehə ilkin ərizəsində İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın sahəsinin naturada yerinin tanıdılmasını xahiş etmiş, cavabdeh tərəfindən iddia olunan torpaq sahəsinin planı və ölçü sənədi tələb olunaraq həmin tələbin icrasından imtina edilmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının tələbi İsmayıllı şəhər Xəqani küçəsində yerləşən 50 (əlli) kv.metr olan mağazanın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, iddiaçının da həmin tələblə bağlı ilkin müraciətinin olmadığı görünür.

21. Bundan başqa hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Yəni, həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının hazırkı iddia tələbi ilə bağlı imtinası olmadığından, hazırkı mərhələdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.

23. İPM-in 35-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

24. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir.

25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)- 425/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-425/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar