Məhkəmə qərarları › İş №2-1(107)-506/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-506/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-506/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 13 fevral 2006-cı il tarixli 2349 nömrəli və 13 fevral 2006-cı il tarixli 2352 nömrəli Qeydiyyat Vəsiqələrinə əsasən mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsində inşa etdirdiyi yeni evin mülkiyyət sənədini almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin Oğuz rayon Şöbəsinə müraciət etmişdir. Şöbədən ona müvafiq sənədləri təqdim etməsini bildirmişlər. İddiaçı adına həmin evə tərtib olunmuş eskiz layihəsini, Oğuz RİH başçısının 16 may 2007-ci il tarixli 62 nömrəli Sərəncamından çıxarışı və Oğuz RİH Memarlıq və tikinti şöbəsindən verilmiş 14 sentyabr 2015-ci il tarixli 41 nömrəli arayışı təqdim etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus hər üç evin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsinin 0,06 ha hissəsinə əvvəlki mülkiyyətçi X4 adına 23 mart 2006-cı il tarixli JN-1576A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, X4 adına hazırlanmış 23 mart 2006-cı il tarixli JN-1576A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsini və mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İdarədən verilmiş 11 yanvar 2017-ci il tarixli, **********28 nömrəli cavab məktubunda şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətində olmadığı bildirmişdir. Ona görə də iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2-1(84)-355/2017 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli 2- 1(107)-339/2017 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2-1 (84)- 355/2017 saylı qərardadı ləğv edilmiş, iş inzibati icraat qaydasında baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2-1(84)- 355/2017 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 23 mart 2006-cı il tarixli JN-1576A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edilmiş, fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin həmin qərar icra olunan zaman hər üç evə çıxarış hazırlansa da, həmin evlərdən birinin bir hissəsinin də yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə çıxarış hazırlanmamışdır.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********77 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin, əvvəlki mülkiyyətçi X4 adına olmuş texniki pasport ilə birləşdirilərək bir yerdə iddiaçının adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlər araşdırılan zaman məlum olmuşdur ki, X8 X3 alqı-satqı ilə əldə etdiyi fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqları Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 2(84)- 355/2017 saylı qərarı əsasında vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. İddiaçı X8 iddia etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X4 adına tərtib edilmiş texniki pasport və özünə məxsus texniki pasport əsasında vahid daşınmaz əmlak kimi hüquqlarının dövlət qeydiyyatına alınması “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinnin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 iyun 2023-ci il tarixli, 2- 1(116)-647/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - 125 inventar nömrəli, 2349 qeyd nömrəli, xx.xx.2005-ci il tarixli Texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Onun adı mötərizə daxilinə alınmış və altındakı sətrdə İddiaçı adı qeyd olunmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 600,0 kv.m, faktiki 1116,9 kv.m olaraq göstərilmişdir. Həmçinin 2 otaqlı, ümumi sahəsi 47,0 kv.m olan evin mövcud olduğu göstərilmişdir. - 2413 inventar nömrəli, 2352 qeyd nömrəli, xx.xx.2005-ci il tarixli Texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Onun adı mötərizə daxilinə alınmış və altındakı sətrdə İddiaçı adı qeyd olunmuşdur. Texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin göstəriciləri qeyd olunmasa da, “Torpaq sahəsinin planı” bölməsində “bax inv. 125” qeyd olunmuşdur. Həmçinin 2 otaqlı, ümumi sahəsi 55,8 kv.m olan evin mövcud olduğu göstərilmişdir. - İddia ərizəsinə əlavə olunmuş 2352 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, iki otaqlı 46,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2006-cı ildə 2352 nömrə ilə reyestr kitabının 68- ci səhifəsində 2413 nömrəli inventar işi üzrə qeydə alınmışdır. - İddia ərizəsinə əlavə olunmuş 2352 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, iki otaqlı 46,2 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2006-cı ildə 2352 nömrə ilə reyestr kitabının 68- ci səhifəsində 2413 nömrəli inventar işi üzrə qeydə alınmışdır. - RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 116,8 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-355/2017 nömrəli qərarından görünür ki, həmin iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə JN seriyalı, 1576A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. - xx.xx.1989-cu il tarixli Müqavilənin surətindən görünür ki, X7 keçmiş Vartaşen (indiki ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini X1. - Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3165/6-13-9-506/23 nömrəli məktubuna əlavə olunmuş 4Ə-1/02 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X2 rayon İnventar bürosunun verdiyi xx.xx.2006-cı il tarixli, 02 nömrəli forma 1 sənədi və 2349 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 ünvanında yerləşən, 1116,9 kv.m torpaq sahəsində 1920-ci ildə inşa olunmuş 47,0 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evini İddiaçı satmışdır. - Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3165/6-13-9-506/23 nömrəli məktubuna əlavə olunmuş 4Ə-1/03 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X2 rayon İnventar bürosunun verdiyi xx.xx.2006-cı il tarixli, 03 nömrəli forma 1 sənədi və 2352 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 ünvanında yerləşən, 118,3 kv.m torpaq sahəsində 2001-ci ildə inşa olunmuş 55,80 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evini İddiaçı satmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. . APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

17. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

20. Belə ki, kollegiya tərəfindən işin hallarının araşdırılması zamanı müəyyən edilir ki, eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.

21. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)- 355/2017 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “JN 1576A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və mülkiyyətində olan evə və həmin evin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə JN seriyalı, 1576A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.

22. Göründüyü kimi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(84)-355/2017 nömrəli qərarı ilə iddiaçının “JN 1576A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və mülkiyyətində olan evə və həmin evin yerləşdiyi 1116,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi evin yerləşdiri 1116,9 kv.m həyətyanı torpaq sahəsinə dair hissədə qismən təmin edilmiş, yəni həmin torpaq sahəsinin 600 kv.m hissəsində iddia təmin edilmiş, 516,9 kv.m hissəsində isə iddia təmin edilməmişdir.

23. Hazırkı iddia tələbində isə iddaçı həmin məhkəmə qərarı ilə təmin edilməmiş 516,9 kv.m torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

24. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-355/2017 nömrəli qərarına əsasən iddia tələbinin təmin edilməmiş hissəsi ilə eynilik təşkil edir.

25. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

26. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.

27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə əsasən, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

29. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 2-1(116)-647/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evinin yerləşdiyi 516,9 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar