Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-506/2025 13.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 2022-ci ilin oktyabrından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində ödənilməyən müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2- 1(116)-1158/2025 nömrəli qərarından iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2019-cu ildə 3 il müddətinə (xx.xx.2022-ci ilədək) müəyyən edilmişdir.
2. Mingəçevir PND tərəfindən tərtib edilmiş tibbi göndərişlərə münasibətdə DTSERA tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “Göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı verilmişdir.
3. xx.xx.2024-cü il tarixdə DTSERA tərəfindən, ümumi xəstəlik səbəbindən iddiaçının OFP-sı müddətsiz 95 faiz müəyyən edilmişdir.
4. İddiaçı, cavabdeh orqana müraciət edərək 2022-ci ilin oktyabrından 2024-cü ilin mart ayına qədər olan qədər dövr üzrə əlilliyə görə müavinət ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2022-ci ildə başa çatmış, növbəti əlillik isə yalnız xx.xx.2024-cü il tarixdə təyin edilmişdir. Bu səbəbdən, əlillik müddətinin bitdiyi tarixdən onun yenidən müəyyən olunduğu tarixədək 6 aydan artıq vaxt keçdiyi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina olunmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2022-ci ilin oktyabrından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində ödənilməyən müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Əlillik vəziyyətinin qiymətləndirlilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 10 may 2024-cü il tarixdə onlara məktub göndərilmişdir. Əlilliyinə görə ödənilən müavinət 2022-ci ilin oktyabr ayından dayandırılmışdır. Yalnız 2024-cü ilin mart ayından ona ödənişlər bərpa edilmişdir. 2022-ci ilin oktyabrından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində onun almalı olduğu müavinət ödənilməmişdir. Hesab edir ki, həmin dövr ərzində ödənilməyən məbləğ ödənilməlidir. Çünki qeyd edilən dövr ərzində sağalmamışdır. Həmin müavinətə həmin vaxtda onun hüququ var idi. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən tələbin icrasından imtina edilmişdir.
8. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş əlilliyin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən əlilliyinin yenidən müəyyən edildiyi xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əlilliyə görə müavinətin ödənilməsini xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2- A178148/2024 nömrəli məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. İş materiallarına əsasən iddiaçının xx.xx.2019-cu ıl tarixdən xx.xx.2022-ci il tarixədək 3 il müddətində əlilliyi müəyyən edilmiş və müvafiq olaran həmin tarixdən iddiaçıya sosial müavinət təyin edilmişdir. İddiaçının əlilliyinin xx.xx.2022-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ona təyin edilmiş müavinətin ödənişi dayandırılmış, əlilliyinin yenidən qiymətləndirilməsi nəticəsində xx.xx.2024-cü il tarixdən iddiaçıya müddətsız əlillik təyin edilmiş və həmin tarixdən müavinətin ödənişi bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-cı il tarixli Qanunun 10.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularinin olması hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə 02.07 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir.
9. Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(116)-1158/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlilliyi xx.xx.2019-cu il tarixindən müəyyən edilmiş, müvafiq olaraq ona həmin tarixdən sosial müavinət təyin olunmuş, ödəniş xx.xx.2022-ci il tarixinədək tam məbləğdə ödənilmişdir. Müəyyən edilmiş əlilliyin müddəti başa çatdığı həmin tarixdən ödəniş dayandırılmış, yenidən əlilliyin müəyyən edildiyi xx.xx.2024-ci il tarixdən proaktiv qaydada 270 manat məbləğində Əlilliyə görə sosial müavinət və 200 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Həmin tarixdən ödəniş davam etdirilməkdədir. Əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlilik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi, tarixindən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Təkrar müayinə əsasinda İddiaçı əlilliyin xx.xx.2024-cü il tarixdən müəyyən edildiyindən (əlilliyinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona qeyd edilən dövr üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı deyildir.
11. İddiaçı, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əlillik təyin edən orqanın süründürməçiliyi və səhv diaqnoz səbəbindən 6 aylıq müddət üzürlü olaraq ötürülmüşdür. İddiaçı 01 mart 2024-cü il tarixdən “ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlillik” müəyyən edilmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 10 may 2024-cü il tarixdə məktub göndərilmişdir. Əlilliyə görə təyin edilən müavinət 2022-ci ilin oktyabr ayından dayandırılmışdır. Yalnız 2024-cü ilin mart ayından ödənişlər bərpa edilmişdir. 2022-ci ilin oktyabrından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində almalı olduğu müavinət ödənilməmişdir. Həmin dövr ərzində ödənilməyən məbləğ geri qaytarılmalıdır. Çünki qeyd edilən dövr ərzində iddiaçı sağalmamışdır. Həmin müavinətə həmin vaxt da onun hüququ var idi. Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli göndəriş vərəqəsindən görünür ki, oğlu Bakı K. Fərəcova adına X1 göndərilmiş, diaqnozu G80 – Serebral iflic olmuşdur. Oğlu həmin vaxtdan komissiyadan keçmişdir. Sadəcə olaraq cavabdeh süründürməçiliyə yol verərək müddəti uzatmış, nəticədə də oğlunun hüquqları pozulmuşdur. Son komissiyanın nəticəsinə uyğun olaraq oğlunun xəstəliyi “uşaq autizmi – Kanner sindromu” xəstəliyi kimi müəyyən edilmişdir. Göründüyü kimi, övladının xəstəliyi o dövrdə başqa cür müəyyən edilmişdir. Cavabdeh orqana tabeli qurumların yarıtmaz fəaliyyəti nəticəsində oğlunun diaqnozları düzgün qoyulmamış, süründürməçiliyə məruz qalmış, sonda hüquqları pozularaq müavinətindən məhrum edilmişdir. Ümumiyyətlə, oğlunun yenidən müayinə olunmasına ehtiyac olmamışdır. Belə ki, ona əvvəldən “müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə əlillik” təyin edilməli idi. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cü bəndinə əsasən, oğluna müddətsiz əlillik təyin edilməli idi. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə diqqət yetirməmiş, öz mülahizəsinə uyğun hərəkət etmişdir. Oğluna müddətsiz əlillik təyin edilməli olduğu halda, əsassız olaraq komissiyalara cəlb edilmiş, süni şəkildə müddət uzadılaraq 6 ay müddət qəsdən ötürülmüş, nəticədə də xeyli məbləğ qənaət edilmiş, xəstə–əlil uşağın pulu mənimsənilmişdir. Cavabdehin hərəkətlərinə görə 6 ay itirilmiş sayılırsa, digər əsasla həmin məbləği almaq hüququ var. Son müraciətə əsasən müavinət 2024-cü ilin mart ayından təyin edilibsə, onda həmin tarixdən əvvəlki dövr üçün də ala bilər. Qeyd edilən müddət 3 ildən az olduğu üçün əlillik müddəti (qeyd: oğlu heç zaman sağalmayıb, həmişə əlil olub. Müddət itirilməsi səbəbindən, yəni cavabdehin süründürməçiliyinə görə müavinət kəsilib) ərzində xx.xx.2022-ci ildən 2024-cü ilin mart ayına qədər olan dövr tənzimlənə bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etirazında, ilkin imtina cavabında və birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində göstərdiyi dəlillərə istinad etmişdir.
tərəflərin izahatları
14. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
23. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının hüquqi marağı 2022-ci ilin oktyabrından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində əlilliyə görə müavinətin ödənilməsindən ibarətdir.
25. İddiaçının apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, əlilliyi müəyyən etməli olan qurumun süründürməçiliyi və yanlış diaqnoz qoyması nəticəsində iddiaçıya qanunla nəzərdə tutulmuş müddətsiz əlillik vaxtında təyin edilməmiş, bu səbəbdən 2022ci ilin oktyabrından 2024cü ilin martına qədər olan dövr üzrə müavinət əsassız şəkildə dayandırılmış və həmin dövrə aid ödənilməli məbləğlər verilməmişdir.
26. İşin hallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə (3 il) sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, müddəti bitdikdən sonra iddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına elektron sistem vasitəsilə ötürülmüş tibbi göndərişlərə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “Göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı verilmiş, iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilmişdir. Buna baxmayaraq, qeyd olunan imtina qərarları iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir.
27. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
28. Nəzərə alınmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yuxarıda qeyd edilmiş imtina qərarları inzibati akt hesab olunurlar və müvafiq qaydada aparılmış inzibati icraatın nəticəsidir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi qanunla nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı həmin qərarla razılaşmadıqda, məhz onun mübahisələndirilməsini və ləğvini tələb etməli idi.
29. İddiaçıya əlilliyin təyin edilməsinə dair Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2022-ci ilədək qüvvədə olmuşdur. Həmin tarixdən sonra, yuxarıda qeyd edildiyi kimi, əlilliyin müəyyən edilməsindən imtina barədə qərarlar qəbul edilmiş və bu qərarlar iddiaçının müavinətin ödənilməsini tələb etdiyi dövr üzrə - əlilliyin yenidən təyin edildiyi xx.xx.2024-cü ilədək qüvvədə olan inzibati aktlar hesab edilirlər.
30. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Odur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina qərarlarının qanunsuz sayılmasına dair inzibati akt qəbul edilmədiyindən, həmin inzibati aktlar ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılırlar.
31. Buna görə də, əlilliyin təyin edilməsindən imtina qərarlarının qüvvədə olduğu dövr üzrə cavabdeh orqan ümumiyyətlə iddiaçını əlilliyi müəyyən edilmiş şəxs hesab etməklə ödəniş edə bilməzdi.
32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 33-1-ci maddəsinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildiyi halda, ötürülmüş müddət də daxil olmaqla şəxs əlilliyi olan şəxs hesab edilir. Hazırkı işdə isə iddiaçının əlilliyi 1 il 6 aydan sonra müəyyən edildiyindən, əvvəlki dövrlər üçün müavinətin ödənilməsi həmin normanın tələbinə uyğun deyil.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mübahisəyə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi də, yolverilməzdir.
34. Belə ki, hazırkı qərarın 15-16-ci bəndlərində istinad olunan normalardan görünür ki, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir və əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən növbəti qiymətləndirmə tarixindən sonrakı ayın 1-dək bu status qüvvədə qalır.
35. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlərin müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi istinad olunan norma əvvəlki dövr üçün ödəmənin aparılmasını hüququn yaranma anı ilə şərtləndirmişdir. İddiaçının xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə əlilliyi müəyyən edilmədiyindən, onun ötən dövr üzrə əlilliyə görə sosial müavinət almaq hüququ yaranmamışdır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2-1(116)-1158/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.