Məhkəmə qərarları › İş №2-1(107)-507/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-507/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-507/2025 30.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1977-1998-ci illərdə kolxozda tütünçü işləməyi və 2002-2006-cı illərdə pay torpağından istifadə edərək sosial sığorta stajı hesablanması üçün ödədiyi sığorta haqqları nəzərə alınaraq iddiaçıya 55 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-519/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1977-1998ci illərdə kolxozda tütünçü işləməyi və 2002-2006-cı illərdə pay torpağından istifadə edərək sosial sığorta stajı hesablanması üçün ödədiyi sığorta haqqları nəzərə alınaraq iddiaçıya 55 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Şəki rayonu Dərəcənnət kəndində anadan olmuşdur, hazırda 64 yaşı vardır. İşlədiyi illər və işlədiyi sahə də nəzərə alınmaqla əvvəlki Qanunvericiliyin tələbləri əsas tutularaq ona hüququnun yarandığı 55 yaşdan yəni xx.xx.2015-cİ ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Belə ki, onun adına açılmış əmək kitabçasından və X9 filialından verilən Arxiv arayışına əsasən o, 1977-1998-ci illərdə kolxozda tütün sahəsində işləmişdir. (xx.xx.1977-xx.xx.1998). Bu sahədə 20 il 25 gün sığorta stajı vardır və bu stajtn 10 ildən çoxu ağır və zərərli sahədir. Bundan əlavə, islahat vaxtı ailələrinə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində işlməklə 2002, 2003, 2004, 2005 və 2006-cı illər üçün sosial sığorta üçün qəbz əsasında pul ödəmişdir. Ümumilikdə onun 2006-cı ilədək 25 ildən çox sosial sığorta stajı vardır və bunun da 20 ildən çox hissəsi ağır və zərərli sahə hesab edilir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, bildirilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 52 yaşına xx.xx.2012-ci il tarixdə çatmışdır. Beləliklə, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: 1) xx.xx.2006-cı il tarixədək 20 il ümumi is stajı; 2) xx.xx.2006-cı il tarixədək tütünçü kimi 15 il güzəştli is stajı. - Bildirilir ki, iddiaçıya məxsus ИТ-1 ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1977-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının kolxozda işlədiyi qeyd olunmuşdur. X9 Filialının iddiaçıya dair 17 oktyabr 2023-cü il tarixli arayışında isə xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün həmin müddətdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay (xx.xx.1977-xx.xx.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. - Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, idiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16794,12 manat təşkil edir. - Eyni zamanda İddiaçı iddia ərizəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməklə gəlir əldə etdiyini və torpağa görə məcburi dövlət sosial sığorta haqlarını xx.xx.2005-ci il, xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixli mədaxil qəbzləri ilə ödənişlər həyata keçirdiyini, lakin sözügedən ödənişlərin onun fərdi hesabında öz əksini tapmadığını qeyd etmişdir. Bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən cavabdeh orqana müraciət etdiyi (xx.xx.2024-cü il) tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının ümumi və güzəştli iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. - Cavabdeh orqan etirazına əlavə də, İddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məsələsinin Fond daxilində araşdırılması zamanı Fondun 2 saylı Şəki - X5 tərəfindən 3 iyul 2024-cü il tarixli 3-17-1/3-1- 51567/2024 nömrəli məktubda İddiaçı tərəfindən 2006-cı il üzrə 4,60 manat və 2007-ci il üzrə 8,10 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının Fondun keçmiş Şəki Şəhər Şöbəsinin yığım hesabına daxil olması barədə qəbzlərin aşkar olunduğu (ödəyici qismində İsmayılova Yasəmən, Şərqiyyə qeydi) bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, sığortaedən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi fəaliyyət göstərən İddiaçı tərəfindən 0900 fəaliyyət növünə görə 2006 və 2007-ci illər üzrə ödənilmiş cəmi 12,70 (on iki manat yetmiş qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının İddiaçı və Ş.İsmayılzadənin fərdi şəxsi hesablarında əks olunması Nazirliyin tabeliyində “DOST X2” MMC tərəfindən təmin edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış; - İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti; - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi; - X9 filialının xx.xx.2025-ci il tarixli arxiv arayışı; - X10 Sistemindən çıxarışlar.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2025-ci il tarixli 2-1(116)- 519/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 12 mart 2021-ci il tarixindən (müraciətindən əvvəlki üç ilin) ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən və iddiaçının cavabdehə ilkin müraciətindən görünür ki, o, 55 yaşdan yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb hüququ 52 yaşdan yarandığı halda iddia tələbinin dəqiqləşdirilməsi ilkin müraciətin məzmununu nəzərə almaqla mümkün deyildir. Həmçinin, iddia uğurlu olacağı halda belə müraciət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin ödənilməsi həyata keçiriləcəyindən iddiaçının maddi vəziyyəti baxımdan pensiyanın təyini tarixi əhəmiyyət daşımayacaqdır. - Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 55 yaşdan (əslində isə 52 yaşdan) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. - Müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı mövcuddur. - Cavabdeh orqan tərəfindən iddiaçının həm ümumi, həm də xüsusi iş stajı mübahisələndirilir. Cavadeh orqan tərəfindən əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün iddiaçının kolxozda işlədiyi xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr həmin müddətə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığından mübahisələndirilmişdir. Beləliklə, cavabdeh orqan xx.xx.1977xx.xx.1993-cü il tarixləri arasındakı dövrü nəzərə almaqla iddiaçının mübahisələndirilməyən iş stajı ümumilikdə 16 il 8 aydır. - Cavabdeh orqan iddiaçının Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 1977-ci ildən 1998-ci ilədək olan müddətdə Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi görünür. İddiaçının həmin kolxozda əmək fəaliyyəti tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının kolxozda işlədiyi dövr (adam günü norması ekvivalenti nəzərə alınmaqla) 20 ildən artıqdır. - Məhkəmə cavabdeh orqanın iddiaçının xüsusi iş stajının olmasını qəbul etməməsinə münasibətdə isə qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati kollegiyasının əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2- 1(102)-686/2019 saylı 26 fevral 2019-cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli, 2-1(102)-871/2021 saylı 19 may 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. - İddiaçının pensiya hüququ 52 yaşdan yaransa da, iş materiallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 55 yaşının tamam olduğu, xx.xx.2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2012-ci il tarixdən ödənilməmiş sosial müavinətlə əmək pensiyası məbləğinin fərqinin ödənilməsindən ibarətdir. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən ona pensiya təyin edilməsini arzu etdiyi üçün bu tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ilkin müraciət etdiyi 12 mart 2024-cü ildən 3 il əvvəl, yəni 12 mart 2021-ci ildən sayılmalıdır. - İddiaçının pensiyanın “tam şəkildə ödənilməsi” ifadəsini tələbin aydın olmamasına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-519/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-519/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir: - Bildirirlər ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 52 yaşına xx.xx.2012-ci il tarixdə çatmışdır. Beləliklə, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: · xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı; · xx.xx.2006-cı il tarixədək tütünçü kimi 15 il güzəştli iş stajı. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. - Bildirirlər ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1977-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının kolxozda işlədiyi qeyd olunmuşdur. X9 Filialının iddiaçıya dair 17 oktyabr 2023-cü il tarixli arayışında isə xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün həmin müddətdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. - Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay (xx.xx.1977-xx.xx.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. - Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarlarına əsasən məhkəmə kollegiyası pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktuba əsaslanaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərəfindən işin bütün halları hərtərəfli araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-519/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(116)-519/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. (Qüvvədə olan) Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. Qeyd: 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 3.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 27. Yeyinti sənayesi 27.5.1. tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, 27.5.2. a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

31. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 55 yaşının tamam olduğu, xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının həm ümumi, həm də xüsusi iş stajı mübahisələndirilir.

33. Cavabdeh orqan tərəfindən mübahisələndirilən hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün iddiaçının kolxozda işlədiyi xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr üzrə həmin müddətə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, xx.xx.1977-xx.xx.1993-cü il tarixləri arasındakı dövr nəzərə almaqla iddiaçının mübahisələndirilməyən iş stajı ümumilikdə 16 il 8 aydır.

34. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı ilk onu qeyd etməyi zəruri hesab edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

35. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh həmin dövr üzrə iddiaçıya əmək haqqı hesablanmamasına görə iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixədək Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti onun iş stajına aid edilməməsi qənaətinə gəlsə də, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixədək Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyini təsdiq edən sənədlər mövcuddur. Odur ki, iddiaçının həmin kolxozda çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz.

37. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, hazırda cavabdeh orqan iddiaçının Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 1977-ci ildən 1998-ci ilədək olan müddətdə Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi görünür. İddiaçının həmin kolxozda əmək fəaliyyəti tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının kolxozda işlədiyi dövr (adam günü norması ekvivalenti nəzərə alınmaqla) 20 ildən artıqdır.

38. O da qeyd olunmalıdır ki, iddiaçının qeyd edilən tarixlərdə Şəki rayonu Dərəcənnət kolxozunda işləməsi barədə iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

39. Hazırkı qərarın 17-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

40. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

41. Həmçinin, hazırki Qərarın 19-cu bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

42. O da qeyd olunmalıdır ki, cavabdeh orqanın qeyd etdiyi halllar özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

43. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

44. Cavabdeh orqanın mübahisələndirdiyi digər hal iddiaçının ümumiyyətlə xüsusi iş stajının olmaması ilə bağlı olmuşdur.

45. Bununla bağlı Kollegiya bildirir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

46. Məhkəmə kollegiyası tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tütün istehsalı özüözlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.

47. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.

48. Məhkəmə kollegiyası dəlillərə qiymət verərək qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2012-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması.

49. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 il ümumi iş stajı olduğundan və bu müddətin azı 10 ilini tütünçülükdə çalışdığından, iddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.

52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

53. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin etirazının dəlilinə dair əlavə olaraq aşağıdakıları qeyd edir.

54. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.

55. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

56. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

57. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

58. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

59. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-519/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar