Məhkəmə qərarları › İş №2-1(107)-51/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-51/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-51/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1380/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı 1977-1981-ci illər ərzində H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda əyani təhsil almışdır. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir və “xx.xx.1977-ci ildən xx.xx.1981-ci illər ərzində H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yarandığından MİS vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sistemi ona xx.xx.2018-ci il tarixdən yaşa görə 190,61 manat əmək pensiyası təyin etmişdir. İddiaçının tələbinə əsasən, 1977- 1981-ci illər əyani təhsil illərinin məhkəmə qaydasında sosial sığorta stajına daxil edilərsə, hazırda aldığı pensiyanın üzərinə 18.81 manat əlavə hesablana bilər. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********0 nömrəli etirazı, ЖB seriyalı 030802 nömrəli diplomun təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1380/2019 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1981-ci illər ərzində H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında CavabdehŞəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1380/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayətin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1380/2019nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat almaq hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1981-ci illər ərzində H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda əyani təhsil alması ЖB seriyalı 030802 nömrəli diplomu ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən tərəfidir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yarandığından MİS vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sistemi ona xx.xx.2018-ci il tarixdən yaşa görə 190,61 manat əmək pensiyası təyin etmişdir. İddiaçının təhsil müddəti sosial sığorta stajına daxil edilərsə, hazırda aldığı pensiyanın üzərinə 18.81 manat əlavə hesablana bilər. Belə ki, xx xxxx 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 1969-1973-cü illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçının xx.xx.1969-ci il tarixdən xx.xx.1973-cüil tarixədək əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1380/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar