Məhkəmə qərarları › İş №2-1(107)-51/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-51/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-51/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi X2 şəxs) “cavabdehin sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2013-cü il tarixdə doğulmuş qızı Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-998/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi X2 şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə doğulmuş qızı Osmanova Jasmin Məhəmməd qızına doğulduğu gündən sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx xxxxxx 2013-cü il tarixdə Osmanova Jasmin Məhəmməd qızı adında övladı doğulmuşdur. Həmin uşaq anadangəlmə “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçı bu günə qədər uşağı müalicə etdirmişdir. Lakin həmin müalicənin heç bir köməyi olmamışdır. İddiaçı qızını sağlamlıq imkanları məhdud olaraq əlillik dərəcəsi almaq üçün pensiya təyin olunması məqsədi ilə komissiyalardan keçirmişdir. Lakin cavabdeh təşkilat əlillik təyin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi cavabdeh orqan qeyd etmişdir ki, “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: f88 səthi tərtib olunub xəstənin ixtisaslaşmış müalicəsi və ya rəyi dəqiqləşdirilsin”. İmtinanın səbəbindən görünür ki, dövlət müəssisəsi göndərişi natamam doldurmuş, beləliklə də, xəstə uşağa dövlət qulluqçusu tərəfindən laqeyd yanaşılmışdır. Buradan görünür ki, formal olaraq, formal fərziyyələrdən ibarət imtina verilmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdehin sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2013-cü il tarixdə doğulmuş qızı Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsinixahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 0256003AAJ12 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0256003AAJ12 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2013-cü il tarixdə, yəni anadangəlmə başlamışdır. Əsas xəstəlik kimi “Uşaq autizmi Kanner sindromu” diaqnozu göstərilmişdir. Göndərişin “funksional pozğunluğu” qrafası və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” qrafası isə səthi yazılıb, diaqnozda qeyd edilən xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlamaları əks etdirmir, ümumi məlumat xarakteri daşıyır. Diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməyib. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Jasmin Osmanovanın sağlamlıq imkanları məhdudluğu növbəti dəfə səhiyyə müəssisəsinin 0256003AAKDN saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0256003AAKDN saylı göndərişdə əvvəlki göndərişdə olduğu kimi funksional pozğunluqlar və ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər qrafası səthi yazılıb, diaqnozda qeyd edilənlər xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlamaları əks etdirmir, ümumi məlumat xarakteri daşıyır. Diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməyib. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Jasmin Osmanovaya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. İddiaçım övladına əlilliyinin təyinindən imtina edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 018584 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Osmanova Jasmin Məhəmməd qızı xx.xx.2013-cü il tarixdə Zaqatalata rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 0256003AAJ12 nömrəli və xx.xx.2020ci il tarixli 0256003AAKDN nömrəli göndərişlərdən müəyyən edilir ki, TSEK-ə göndəriş zamanı Osmanova Jasmin Məhəmməd qızına Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. İş materiallarında olan TSEK-nın cavabından görünür ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: f88 səthi tərtib olunmuşdur. Bu səbəblə də əlillik və ya sağlamlıq imkanının məhdudluğu təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi X2 şəxs xx.xx.2020-ci il tarixli 499 nömrəli məktubunda bildirir ki, Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu ağır xəstəliklər qrupuna daxildir və həmin xəstə mütləq şəkildə sağlamlıq imkanları məhdud uşaq hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli 3626 və xx.xx.2020-ci il tarixli 600 nömrəli məktublarının surətindən görünür ki, Osmanova Jasmin Məhəmməd qızına Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-998/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə xx.xx.2013-cü il tarixdə doğulmuş Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-998/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-998/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Reabilitasiya və Ekspertiza Agentliyinə (bundan sonra Agentlik) qarşı, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi X2 şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “cavabdehin sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və 12.01,2013-cü il tarixdə doğulmuş Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə Osmanova Jasmin Məhəmməd qızı adında övladı doğulmuşdur. Həmin uşaq anadangəlmə “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçı bu günə qədər uşağı müalicə etdirmişdir. Lakin həmin müalicənin heç bir köməyi olmamışdır. İddiaçı qızını sağlamlıq imkanları məhdud olaraq əlillik dərəcəsi almaq üçün pensiya təyin olunması məqsədi ilə komissiyalardan keçirmişdir. Lakin cavabdeh təşkilat əlillik təyin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi cavabdeh orqan qeyd etmişdir ki, “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: F 88 səthi tərtib olunub xəstənin ixtisaslaşmış müalicəsi və ya rəyi dəqiqləşdirilsin”. İmtinanın səbəbindən görünür ki, dövlət müəssisəsi göndərişi natamam doldurmuş, beləliklə də, xəstə uşağa dövlət qulluqçusu tərəfindən laqeyd yanaşılmışdır. Buradan görünür ki, formal olaraq, formal fərziyyələrdən ibarət imtina verilmişdir. Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyi, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmadığı halda, iddianın təmin olunmasına dair Şəki inzibati Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 0256003AAJ12 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişə əsasən xəstəlik xx.xx.2013-cü il tarixdə, yəni anadangəlmə başlamış, əsas xəstəlik kimi “Uşaq autizmi Kanner sindromu” diaqnozu göstərilmişdir. Göndərişin “funksional pozğunluğu" qrafası və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” qrafası səthi yazılmış, diaqnozda qeyd edilən xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlaşmaları əks etdirməmiş, ümumi məlumat xarakteri daşımış, diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Jasmin Osmanovanın sağlamlıq imkanları məhdudluğu növbəti dəfə səhiyyə müəssisəsinin 0256003AAKDN saylı göndərişi əsasında xx.xx.2020-ci -9- tarixdə qiymətləndirilmiş və göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişdə əvvəlki göndərişdə olduğu kimi funksional pozğunluqlar və ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər qrafası səthi yazıldığından, diaqnozda qeyd edilənlər xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlamaları əks etdirmədiyindən, ümumi məlumat xarakteri daşıdığından, diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilmədiyindən sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Jasmin Osmanovaya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmadığından sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam dodurulması barədə qərar verilmişdir. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Təqdim edilən sənədlərin yetərli olmaması səbəbindən Jasmin Osmanova barəsində sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkün sayılmamalıdır. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. X3 Məhkəməsi qərarın 6-cı səhifəsində qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.1, 67.1-67.3,70.1,70.3-cü maddələrinə istinad edərək, komissiya tərəfindən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasına və ya səbəblərini göstərməklə imtinaya dair yekun qərar qəbul edilmədiyi halda, qiymətləndirilmənin aparılmasına imkan verməyən göndərişin'natamam doldurulması barədə qərarı iddiaçının hüquqlarının pozulmasına səbəb olan cavabdeh orqanın imtinası kimi qiymətləndirib, səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozaraq iddianı əsassız olaraq təmin etmişdir. Şəki İnzibati Məhkəməsi iddiaçıya hüquqlarının Agentlik tərəfindən deyil, müvafiq göndərişi tərtib edən tibb müəssisəsi tərəfindən pozulduğunu izah etməklə yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında yardım etməli olduğu halda, inzibati akt (əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə imtinaya dair yekun qərar) qəbul edilmədiyi (mövcud olmadığı) halda Agentiyə münasibətdə qanunsuz olaraq iddianı mümkün sayaraq, işə mahiyyəti üzrə baxıb qanunsuz qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-998/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 998/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-998/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qızının hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı qanunvericiliyin tələbi baxımından xx.xx.2013cü il təvəllüdlü Osmanova Jasmin Məhəmməd qızının valideyni olmaqla sonuncunun mənafelərinin müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir (Mülki Məcəllə maddə - 33.2). İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (bundan sonra mətndə TSEK adlanacaq və göndərişə baxılan dövrdə Əsasnamə qüvvədə olmuşdur): 1.2-ci bənd. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3-cü bənd. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bənd. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.9-cu bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X1 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bənd. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bənd. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2-1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2-9 Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü Osmanova Jasmin Məhəmməd qızına Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Bu da onu deməyə əsas verir ki, qanunvericiliyin tələbi baxımından Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq imkanı məhduddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1.7-ci bəndinə əsasən eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9) olduqda uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.4-cü bəndinə əsasən bu Əsasnamənin 3.1.1 – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda sadalanan normalardan göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0256003AAJ12 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Bundan sonra iddiaçıya dövlət səhiyyə müəssisəsi tərəfindən növbəti dəfə səhiyyə müəssisəsinin 0256003AAKDN saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam dodurulması barədə qərar verilmişdir. Cavabdeh hesab edir ki, növbəti göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnamədə vurğulandığı kimi cavabdeh TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.15-ci bəndinə görə əlilliyi qiymətləndirilən iddiaçıya dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisəsinə sorğu göndərmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına göndəriş vermək vəzifəsi daşımışdır. Belə olan halda, TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçı ilə bağlı tibbisosial ekspertiza üçün lazım olan sənədlər barədə Zaqatala Rayon Mərkəzi X2 Şəxsə sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir. Lakin cavabdeh ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində cavabdeh özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən suiistifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. Göründüyü kimi, əlillərə münasibət sahəsində Dövlətin apardığı sosial siyasət onların cəmiyyətə inteqrasiyasına, sosial rifah hallarının və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir ki, Dövlətin bu sahədə olan siyasətini həyata keçirən cavabdehin fəaliyyəti tibbi etika və deontologiya prinsiplərinə əsasən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh formal və hər hansı qanuni əsasa söykənməyən hərəkətləri ilə anadangəlmə əlil olan iddiaçının qızının sağlamlıq imkanlarının mıhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, onun bu hərəkətləri Dövlətin bu sahəsdə həyata keçirdiyi siyasətin prinsiplərinə zidd olmaqla tibbi etika və deontologiya prinsipləri ilə də uzlaşmır. Əlillərə və ya sağlamlıq imkanları məhdud olan uşaqlara bu cür münasibət qəbul edilməz olduğu kimi insan pərvərliyə belə sığmır. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsində istinad edərək qeyd edir ki, oxşar illər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-357/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə də iddiaçının təmin edilməmiş iddia tələbinə dair birinci instansiya məhkəməsinin inzibati qərarı ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-998/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar