Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-51/2022 06.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili X6 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər(Rayon) Polis Şöbəsinə qarşı (üçüncü şəxslər: X7, X8, X5) “xüsusi mülkiyyətində olan Şəki şəhəri, 31-ci rayon, Sabit Rəhman küçəsi 10 nömrəli binanın 8-ci mənzilindən üçüncü şəxslər X7, X8, X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki Şəhər (Rayon) Polis Şöbəsinə qarşı (üçüncü şəxslər: X7, X8, X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xüsusi mülkiyyətində olan Şəki şəhəri, 31-ci rayon, Sabit Rəhman küçəsi 10 nömrəli binanın 8-ci mənzilindən üçüncü şəxslər X7, X8, X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X9 ilə X7 2003-cü ildə rəsmi nikah bağlamış, onların birgə nikahından Yeganə və Əsnədxatun adlı iki övladları olmuşdur. İddiaçının oğlu F.Rzayev 06.04.2018-ci il tarixdə vəfat etdikdən sonra A.Rzayeva övladları ilə birlikdə evi tərk etmiş və hal-hazırda Şəki rayonu, Cəfərabad kəndində atasının evində yaşayır. İddiaçı üçüncü şəxsləri özünə məxsus evdən qeydiyyatdan çıxarmaq məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan iddiaçının tələbinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında 3-cü şəxs iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli 2(102)-3192/2020 nömrəli qərarından görünür ki, Şəki rayon məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(075)1617/2019) iddiaçı X3 cavabdeh X4 qarşı “evə köçürülmə”tələbi barədə iddiası təmin edilməmiş, X3 gəlin köçdüyü ünvan 1 ünvanına uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair iddiası təmin edilməmiş, X3 dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-3243/2019) iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2(075)-1617/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli 2(102)-3192/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçı Rzayeva Aynurə Bəhman qızının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, işin mübahisəsiz olan halı ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. İddiaçı ilə onun gəlin köçdüyü vaxtdan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan ünvan 1 saylı evin mülkiyyətçisi və ya faktiki sahibi olan iş üzrə cavabdeh (hazırki iddiaçı) arasında qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur və olmamışdır.” Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 12 fevral 2021-ci il tarixli, 2- 1(116)-217/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Şəki Şəhər (Rayon) Polis Şöbəsinin üzərinə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 31-ci rayon, Sabit Rəhman küçəsi 10 nömrəli binanın 8-ci mənzilindən üçüncü şəxslər X7, X8, X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxs X7 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı İddiaçı vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2- 1(116)-217/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Üçüncü şəxs X7 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Şəki Şəhər (Rayon) Polis Şöbəsi və üçüncü şəxslər X8 və X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.09.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Eyni zamanda, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci və ikinci hissələrinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Üçüncü şəxs X7 həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya məhkəməsinə öz dəlillərini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(116)-217/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.