Məhkəmə qərarları › İş №2-1(107)-511/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-511/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-511/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iddiaçı İddiaçı ##.##.1957-ci ildə Şəki rayonunda anadan olmuşdur.

2. Iddiaçı cavabdeh orqana müraciət edərək hüququnun yarandığı ##.##.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-T-******/**** nömrəli məktubu ilə iddiaçıya imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletininin və X2 filialının ##.##.2022-ci il tarixli arayışının surətlərinə əsasən sığorta stajı (##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981-ci il tarixdən ##.##.1986-cı il tarixədək "Lenin" adına kolxozda və ##.##.1988-ci il tarixdən ##.##.1998-ci il tarixədək Elektrik Quraşdırma idarəsində adına əmək haqqı hesablandığı dövrlər də nəzərə alınmaqla) 19 il 3 ay 17 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı cavabdehə qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia ərizəsinə əsasən iddiaçı 1988-ci ildən ##.##.2006-cı il tarixinədək Elektrik Quraşdırma Idarəsində elektrik mantyoru vəzifəsində işləmiş, ##.##.2006-cı il tarixdə sahənin fəaliyyətinə xitam verildiyi üçün həmin tarixli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, cavabdeh orqan 2006-cı ilin ## ###### tarixinədək işləməyini nəzərə almamış və qanunu düzgün tətbiq etməmişdir. Bütün zəruri sənədləri toplayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cababdeh orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Müvafiq məktuba əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletininin və X2 filialının ##.##.2022-ci il tarixli arayışının surətlərinə əsasən sığorta stajı (##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981-ci il tarixdən ##.##.1986-cı il tarixədək "Lenin" adına kolxozda və ##.##.1988- ci il tarixdən ##.##.1998-ci il tarixədək Elektrik Quraşdırma idarəsində adına əmək haqqı hesablandığı dövrlər də nəzərə alınmaqla) 19 il 3 ay 17 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, 01.01,2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Faktiki iş üzrə iddiaçı İddiaçı təqdim etdiyi arxiv arayışında isə onun ##.##.1988- ##.##.1998-ci illər üzrə əməkhaqqı alması, qalan dövrlər üzrə isə əməkhaqqı almaması, əməkhaqqından tutulmaların olmaması və nəticədə borc yaranmasına səbəb olan zəruri halların olmaması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı İddiaçı ##.##.2006-cı il tarixədək işlədiyini iddia etməsinə baxmayaraq ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ali Məhkəmənin göstərilən mövqeyinə və yuxarıda qeyd olunan hüquq normalarına uyqun olaraq iddiaçının qeyd olunan dövrlərdə əmək fəaliyyəti zamanı əməkhaqqı almadığı dövrlərin onun sığorta stajına daxil edilməsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

7. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Iddiaçının 65 yaşı ##.##.2022-ci il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ##.##.1975ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, ##.##.1981 -ci il tarixdən ##.##.1986-cı il tarixədək "Lenin" adına kolxozda və ##.##.1988 ci il tarixdən ##.##.1998-ci il tarixədək Elektrik Quraşdırma idarəsində adına əmək haqqı hesablandığı dövrlər nəzərə almaqla mübahisələndirilməyən sosial sığorta stajı 19 il 3 ay 17 gün təşkil edir. Cavabdeh orqan tərəfinfən iddiaçının 1998-2006-ci illər üzrə əməkhaqqı almaması, əməkhaqqından tutulmaların olmaması və nəticədə borc yaranmasına səbəb olan zəruri halların olmaması müəyyən edilməməsi ilə bağlı olaraq əmək fəaliyyəti mübahisələndirilir. Belə ki, əməkhaqqı ödəniş cədvəllərinə görə iddiaçının yalnız əməkhaqqı aldığı dövrlər - ##.##.1988-##.##.1998-ci illər sosial sığorta stajı kimi qəbul edilmişdir. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki,cavabdehin imtinası əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Respublika X3 Filialının arayışından görünür ki, 1988- 1998-ci illər ərzində iddiaçının işlədiyi aylar və buna görə əməkhaqqı hesablanaraq qeyd edilmişdir. Müvafiq sənədlərin arxivə natamam verilmiş olması iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki,ona məxsus əmək kitabçasından görünür ki, o, 1988-##.##.2006-cı illərdə Elektrik Quraşdırma idarəsində elektrik mantyoru vəzifəsində işləmişdir. Iddiaçının Elektrik Quraşdırma idarəsində elektrik mantyoru vəzifəsindən sahəsinin fəaliyyətinə xitam verilməsi əsası ilə azad edildiyi əmək kitabçasının 6-cı səhifəsində qeyd edilmişdir. Yuxarıda göstərilən müddət mötəbərliyi təsdiq olunan 19 il 3 ay 17 günlə toplandıqda iddiaçının cəmi 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. Iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.

9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qeyd etdiklərinin əksinə olaraq iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrlərini ətraflı araşdırmamış, sadəcə iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərə əsaslanaraq iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçı İddiaçı əmək kitabçasına baxdıqda onun ##.##.2006-cı il tarixdə Elektrik Quraşdırma idarəsində elektrik mantyoru vəzifəsindən müvafiq sahənin fəaliyyətinə xitam verilməsi əsası ilə azad edildiyi qeyd edilsə də, müvafiq qeyd üzərində “CCCP” ifadəsi olan rus dilində olan möhürlə təsdiqlənmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd olunan ##.##.1988-ci il tarixdən ## ##.2006-cı il tarixədək olan dövr ərzində əməkhaqqı ödəniş cədvəllərinə əsasən onun yalnız ##.##.1988-##.##.1998-ci il tarixlər arasında əməkhaqqı alması, həmçinin əmək kitabçasında olan müvafiq qeydin hüquqi qüvvəsi olmayan möhürlə təsdiqlənməsi, lakin bunlara baxmayaraq işə yalnız əmək kitabçasında olan qeydlər əsasında heç bir araşdırma aparılmadan baxılması maddi və prosessual normaların pozulması halı kimi qiymətləndirilməklə işə baxan məhkəmə tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına zidd olan əsas faktordur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, 2006-cı ilə qədər Şəki * №-li X5 elektrik mantyoru vəzifəsində işləmiş, qeyd edilən dövrlərdə əmək haqqı almışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, iddiaçının əmək stajı hesablanarkən 1999-2006-cı illərlə bağlı heç bir qeyd olmadığından həmin dövrlər nəzərə alınmamış və ##.##.2006-cı il tarixdə iddiaçının işdən azad edilməsi barədə qeydin üzərində “CCCP” ifadəsi olan rus dilində möhürlə təsdiqlənmişdir.

tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... 14 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

15. Azərbaycan Respubilkası Əmək Məcəlləsi: Maddə 87.1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...

18. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

26. Iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.

27. Cavabdeh orqan iddiaçının 19 il 3 ay 17 gün sosial sığorta stajını mübahisələndimir. Mübahisə iddiaçının ##.##.1998-##.##.2006-cı illər üzrə əmək fəaliyyəti dövrü ilə əlaqədar yaranmışdır. Cavabdeh orqan sözügedən dövrü iddiaçının əmək haqqı almaması və əmək kitabçasında olan müvafiq qeydin hüquqi qüvvəsi olmayan möhürlə təsdiqlənməsi əsası ilə mübahisələndirir.

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, əmək kitabçası iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edilir və həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

29. Belə ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən iddiaçının ##.##.1998-##.##.2006-cı illər üzrə əmək fəalliyəti dövrünü nəzərə alaraq 25 ildən artıq əmək stajının olması qənaətinə gəlmişdir.

30. Iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında 1988-ci ildən 2006-cı ilədək hər hansı qeydin olmaması, işdən çıxma barədə qeydin “СССР” qeydli, rus dilində möhürlə təsdiqlənməsi, habelə işdən azad edilmə əmri ##.##.2006-cı il tarixə aid olduğu halda ##.##.2006-cı ildən ##.##.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əmək kitabçasının mötəbərliyi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Odur ki, mübahisələndirilən dövr üzrə iddiaçının əmək fəaliyyəti arxiv sənədləri əsasında yoxlanılmışdır.

31. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X2 Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının Şəki * №-li X6 2005-ci ilin əmr kitabına əsasən işdən azad edilməsi və 1999-2005-ci illərin zəhmət haqqı cədvəllərinə əsasən işləməsinə dair qeydiyyat aşkar edilməmişdir.

32. Iş materiallarında olan əmək haqqı cədvəllərindən çıxarışlarla iddiaçının Şəki * №-li X5 ##.##.1998-ci ilədək işləməsi sübut olunur.

33. X2 Filialının ## ###### 2026-cı il tarixli məktubuna əlavə edilmiş Şəki * №-li X6 1999-2005-ci illərə aid əmr kitablarının surətindən görünür ki, iddiaçı ##.##.1999-cu il tarixli, ** nömrəli əmrlə elektrik mantyoru vəzifəsinə qəbul edilmiş, öz razılığı ilə ##.##.1999-cu ildə qeyd edilən müəssisə tərəfindən 3 aylıq ödənişsiz məzuniyyətə buraxılmışdır (siyahıda 25-ci sıra nömrəsində qeyd edilib).

34. Nəzərə alınmalıdır ki, müvafiq əmrlə işçilər ödənişsiz məzuniyyətə buraxıldıqdan sonra müxtəlif dövrlərdə bəzi işçilər məzuniyyətdən geri qaytarılsalar da, iddiaçıya münasibətdə bu baş verməmişdir. Belə ki, tədqiq edilən əmr kitabında qeyd edilən tarixdən sonra iddiaçı ilə bağlı heç bir məlumat yoxdur. 2000-2005-ci illərə aid zəhmət haqqı cədvəllərindən görünür ki, müəssisənin fəaliyyətdə olduğu son illərdə 4 nəfər (Kazım Ismayılov, Rəfail Abdullayev, Niymət Xəlilov, Adilə Əlibalayeva) əməkhaqqı almışdır.

35. Buna görə də, iddiaçının ##.##.1999-cu ildən sonrakı 3 aylıq ödənişsiz məzuniyyət dövrü Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən ümumi stajda nəzərə alınsa belə, ##.##.1999-##.##.2006-cı illəri əhatə edən dövr sosial sığorta stajına daxil edilə bilməz. Qeyd olunan dövr nəzərə alınmadan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum 25 il sosial sığorta stajı tamamlanmadığından, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilməklə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar