Məhkəmə qərarları › İş №2-1(107)-512/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-512/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-512/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Rəfiyev Rövşən Rafiq oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Tağıyev Babək Vaqif oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı onun hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-640/2020 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 2019-cu il tarixli 2/2082/A-63-068 nömrəli imtinasının qanunsuz hesab edilməsi və onun hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2011-ci il tarixədək zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Xəstəliyi ilə əlaqədar hərbi xidmət keçməsi mümkün olmadığından xx.xx.2011ci il tarixdən ehtiyata buraxılmış və qeydiyyatda olduğu Qəbələ rayonuna qayıtmışdır. İddiaçı mənzillə təmin olunmaq və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələrdən fərdi yaşayış evinin tikintisi məqsədi ilə pulsuz torpaq sahəsi almaq üçün qeydiyyata alınmağı barədə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyini əsas gətirərək onu mənzillə təmin etmək və ya bələdiyyələr tərəfindən pulsuz torpaq sahəsi verilməsi üçün qeydiyyata almaqdan imtina etmişdir. İddiaçı xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddiasında dəqiqləşmə aparmış və “onun hərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 2/2082/A-63-068 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyinə görə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ ona şamil olunmur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı Qəbələ rayon Hacıalılı kənd sakini İddiaçı ehtiyyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə ərizə ilə rayon icra hakimiyyətinə müraciət etmişdir. İddiaçı ərizəsi və sonradan rayon icra hakimiyyətinə təqdim etdiyi sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, o, xx.xx.1998-ci tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 12 il 6 ay xidmət etmişdir. Cavabdeh 2/2082/A-63-068 nömrəli, xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyinə görə yerli icra hakimiyyəti orqanından yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun İddiaçı şamil olunmadığını bildirmişdir. Sonradan İddiaçı Cavabdehnə, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitseprezidentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə ehtiyyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə və mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik edilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı bu müraciətlərinə də rayon icra hakimiyyəti tərəfindən göndərilmiş cavab məktublarında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmədiyinə görə yerli icra hakimiyyəti orqanından yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun ona şamil olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış hərbi Qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndi ilə tənzimlənir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanından yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinə görə ehtiyata və ya istehfaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata ya istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıraıarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti orqanından yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsinə əsas olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara şamil olunur. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddiaçının müraciətdən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-640/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, Cavabdeh üzərinə İddiaçıhərbi qulluqçuların qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)- 640/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci hissəsində və 12-ci maddəsinin 7-ci bəndində öz əksini tapmış hərbi xidmət qulluqçuların yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsinə 15 təqvim ili və daha cox xidmət müddəti tələbini nəzərə almamış və həmin qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsində qeyd olunan 15 təqvim ili və daha cox xidmət müddəti tələbinin müddətdən artıq hərbi xidmət qulluqçularına şamil olunduğu qənaətinə gəlmişdir. Bununla da inzibati məhkəmə qanunun təfsirində səhvə yol vermişdir. İnzibati məhkəmənin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgün deyil. Eyni zamanda məhkəmə qərar qəbul edərkən iş üzrə icraat materiallarında olan digər sənədi, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2 xx xxxxxx 2019- cu il tarixli, **********38 nömrəli arayışı nəzərə almamışdır. Həmin arayışda qeyd olunur ki, İddiaçı Qəbələ rayon Hacıalılı kəndində 4 nəfər ailə üzvü ilə birlikdə JN-214F, kod 40604018 nömrəli şəhadətnaməyə əsasən 0,24 ha həyətyanı torpaq sahəsi vardır. Arayışdan görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi ilə təmin olunmuşdur. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-640/2020 saylı qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-640/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq caavbdeh orqan məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara AZE seriyalı ********, 08260616, 03837400 nömrəli şəxsiyyət vəsiqələrinin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli 2/2082/A-63-068 nömrəli imtina məktubu, AR MN-nin Mənzil- İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 4276 və xx.xx.2019-cu il tarixli 5867 nömrəli arayışları, 18 saylı TSEK arayışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzi nümayəndəsinin xx.xx.2019-cu il tarixli **********219 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” arayışı, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli 2/301/69 nömrəli etiraz məktubu, ZE seriyalı ******* nömrəli hərbi biletin surəti, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 49 nömrəli arayışı və ona əlavə olunmuş təsdiq edilmiş sənədlərin surəti daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin əsaslıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzi nümayəndəsinin xx.xx.2019-cu il tarixli **********219 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2011-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, xidmət müddətində kapitan hərbi rütbəsi almış və xəstəliyinə görə HHK-nın rəyinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş ZE seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə, yəni xəstəliyinə görə və Azərbaycan Respublikası Müdafiə Nazirinin 033 saylı xx.xx.2011ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 4276 nömrəli arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2010-cu il tarixli 3248 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, N saylı hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 517 nömrəli göndərişi ilə iddiaçı MN MHKH-da müayinə olunmuşdur. Ehtiyata buraxılmasına səbəb olan xəstəliyini hərbi xidmət dövründə almış və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 saylı TSEK-in sənədindən görünür ki, iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik almışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1998-ci tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 12 il 6 ay həqiqi hərbi xidmət etmiş və kapitan hərbi rütbəsi almışdır. Hal-hazırda ikinci dərəcə əlildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə tənzimlənir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İddiaçı 12 il 6 ay həqiqi hərbi ximət keçdiyi üçün cavabdeh orqan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndini əsas gətirərək, yəni 15 təqvim ilindən az xidmət dövrü olduğu üçün müraciətdən imtina etmişdir. Ancaq həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında qeyd olunur: yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.5-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. 36.1.1ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Göründüyü kimi, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar ki, həmin şəxslər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hesab olunurlar. İddiaçı Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunun 36.1.4-cü maddəsində nəzərdə tutulmuş zabitlərin həqiqi hərbi xidmətini keçmiş və ehtiyata buraxılmışdır ki, bu da sonuncunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmadığını təsdiq edir. Qeyd olunan maddənin tələblərindən görünür ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin etməlidirlər. İddiaçı kapitan hərbi rütbəsi ilə xəstəliyinə görə ehtiyata buraxıldığı üçün onun yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi almaq hüququ olan şəxslərin siyahısına əlavə edilməsinə heç bir hüquqi maneə mövcud deyildir. Həmçinin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında qeyd olunan 15 təqvim ili və daha çox xidmət müddəti tələbi göründüyü kimi müddətindən artıq xidmət hərbi qulluqçularına şamil edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-1(116)-640/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar