Məhkəmə qərarları › İş №2-1(107)-512/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-512/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-512/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxs Göyçay rayon Şəkər bələdiyyəsinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Göyçay rayonu Şəkər kəndində yerləşən 14,86 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(116)-693/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, bələdiyyənin ehtiyyat fondunda olan torpaq sahəsindən İddiaçı 16,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

2. “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli Aktdan görünür ki, İddiaçı Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli qərarı ilə ona satılmış 16,0 ha torpaq sahəsinin müqabilində Göyçay rayon BHSB bankının ********* saylı hesabına 2432 manat pul ödəmişdir (Qəbz № 8).

3. İş materiallarında olan xx.xx.2006-cı il tarixli baxış aktında qeyd edilmişdir ki, Göyçay rayonu Şəkər kəndinin ərazisində yerləşən İddiaçı satılmış 16,0 ha torpaq sahəsi baxımsızlıq ucbatından uzun müddət su axdığına görə sahənin orta hissəsində 3 ha yerdə göl əmələ gəlmiş, sahənin şərq hissəsində 2 ha sahəni yabanı kol basmışdır. Suyun özbaşına axması nəticəsində çıxış tərəfdə “Qobu” adlanan su kanalı istiqamətində çoxlu uçurumlar əmələ gəlmişdir. Belə ki, həmin sahədə bu çatışmazlıqların aradan qaldırılması Göyçay rayonu Şəkər Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən İddiaçı tapşırılmışdır. - xx.xx.2006-cı il tarixli Baxış Aktında isə qeyd edilmişdir ki, həmin sahə bir neçə müddət əvvəl icarə qaydasında İddiaçı icarəyə verilmişdir. İddiaçı həmin sahəni icarəsində olduğu müddət ərzində öz vəsaiti hesabına qismən yararlı hala salmışdır. Belə ki, o, sahəni kol-kosdan təmizləmiş, hamarlama işləri aparmış, sahədə yığılan qurunt sularını sahədə kənarlaşdırmışdır.

4. DT və XK-nın Göyçay rayon şöbəsi tərəfindən verilmiş rəydən qeyd edilmişdir ki, İddiaçı kənd təsərrüfatının inkişafı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi əvvələr ona icarəyə verilmiş yararsız bələdiyyə torpağıdır ki, keçən müddət ərzində icarəçi tərəfindən yararlı hala salınaraq kənd təsərrüfatı məqsədilə istifadə edilir.

5. xx.xx.2006-cı il tarixli Aktdan müəyyən olunur ki, Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı daimi istifadəsinə verilmiş torpaq sahəsi ölçülərək onun istifadəsinə verilmişdir.

6. İş materiallarında olan DT və XK Göyçay rayon şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarxli “Torpaq sahəsinin yerquruluşu” Planından görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədilə satılmış 16,0 ha torpaq sahəsi əvvələr “H.Aslanov” adına kolxozun istifadəsində olmuş, torpaq sahəsinin qonşuluğunda Şirə kanalı, Cır Qurd kəndi, Qobu kanalı və pay torpağı yerləşir.

7. İddiaçı cavabdeh orqana müraciət edərək Göyçay rayonu Şəkər kəndində yerləşən 16,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

8. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinin yeni elektron uçot məlumatlarında və kadastr baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş olması müəyyən olunmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun 11.8-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar alqı-satqı predmeti ola bilmədiyindən iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

9. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Göyçay rayonu Şəkər kəndində yerləşən 16.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2563/2024 nömrəli qərardadı ilə Göyçay rayonu Şəkər Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-693/2025 nömrəli qərardadı ilə X56, X42 və X23 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-693/2025 nömrəli qərardadı ilə iddia tələbi “X23 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınan **********23 reyestr nömrəli çıxarışla 0.77 ha hissədə, X57 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınan **********99 reyestr nömrəli çıxarışla 0.3230 ha hissədə və X13 mülkiyyət hüququ qeydə alınan **********70 saylı çıxarışla 453 kv.m üst-üstə düşən hissədə mümkün sayılmamışdır.

13. İddia ərizəsinin əsaslarına görə Göyçay rayonu Şəkər Bələdiyyəsinin 28 noyabr 2006-cı il tarixli 11 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya 16,0 ha torpaq sahəsi satılmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır.

14. Cavabdehin iddia tələbinə etirazını mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aid olması ilə əsaslandırılmışdır.

15. Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-693/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X59 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli iclasının qərarına əsasən iddiaçıya ayrılmış, Göyçay rayonu Şəkər kəndində yerləşən 14,86 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Göyçay rayonu Şəkər Bələdiyyəsinin 28 noyabr 2006-cı il tarixli, 11 saylı iclasının qərarı əsasında 16,0 ha torpaq sahəsi iddiaçıya satılmış və həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə Torpaqların alqı-satısına dair akt, iclas protokolunun qərarı, Torpaq sahəsinə dair yerquruluşu planı, torpağın dəyərinin ödənilməsinə dair qəbz, eləcə də Bələdiyyənin təqdim etdiyi məlumatla təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları olması ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunan Göyçay rayonu Şəkər Bələdiyyəsinə təqdim olunmuş, DT və XK-nin rəyindən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi əvvəllər onun icarəsindədir, torpaq sahəsi kənd təsərrüfatına yararsız bələdiyyə torpağıdır. Rəyə əsasən müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsini kənd təsərrüfatına yararlı vəziyyətə gətirərək həmin məqsədlə istifadə edir. İnzibati orqanların nümayəndələrinin birgə iştirakı ilə tərtib edilmiş 15 may 2006-cı il və 03 noyabr 2006-cı il tarixli Baxış aktlarından görünür ki, yabanı halda bitən kolların yerləşdiyi, özbaşına su axıntısının istiqamətləndiyi iddiaçıya ayrılan torpaq sahəsində iddiaçı tərəfindən vəsaiti hesabına müvafiq tədbirlər həyata keçirilməkdədir. Yuxarıda qeyd oluann sənədlərin məzmununa əsasən də müəyyən edilir ki, torpaq sahəsinin hazıkı vəziyyəti ilə ayrıldığı zaman mövcud olmuş vəziyyəti tamamilə fərqlidir. İddiaçının 20 ilə yaxın müddət ərzində torpaq sahəsinin ona ayrılmasına dair Bələdiyyə qərarına etimad göstərməklə aparmış olduğu tədbirlər nəticəsində torpaq sahəsinin yararlılıq vəziyyəti dəyişmişdir. Məhkəmə cavabdehin iki imtina əsasını bir-biri ilə müqayisədə ziddiyyətli hesab edir. Belə ki, imtina əsası kimi qeyd olunan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir. Daha sonra təqdim edilən mütəxəssis rəyinə əsasən isə iddiaçıya ayrılan torpaq sahəsinin aqrar islahat zamanı pay torpaqları kimi vətəndaşların mülkiyyətinə verildiyi göstərilmişdir.Göründüyü kimi iki halın eyni zamanda mövcud olması mümkün deyildir. Digər tərəfdən iddiaçıya ayrılan torpaq sahəsi ilə üst-üstdə düşən torpaq sahələrinə münasibətdə məhkəmə qeyd edir ki, üst-üstdə düşmə halı 2000-ci ildə tərtib edilmiş Göyçay rayon Şəkər kəndinin kompleks yerquruluşu islahat layihəsinə (DWG) əsasən mövcud olmuşdur. Bu baxımdan da məhkəmə icraatının gedişində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə **********35 saylı çıxarışla verilmiş 0.66 ha torpaq sahəsi ilə üst-üstdə düşmə halı TEKUİS-ə uyğunlaşdırılma aparılmaqla aradan qaldırılmışdır. Digər tərəfdən üst-üstdə düşdüyü göstərilən torpaq sahəsinin mülkiyyətçilərinin Göyçay rayon Bığır kənd sakinləri olduğu müəyyən edilir. Aydındır ki, Göyçay rayon Şəkər kəndinin inzibati ərazisindən Göyçay rayon Bığır kənd sakinlərinə aqrar islahat zamanı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır.Mövcud vəziyyətdə də həmin mülkiyyətçilərin iddia olunan torpaq sahəsindən faktiki istifadə etmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş rəyə əsasən iddia olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan, 2000-ci ildə tərtib edilmiş Şəkər kəndinin kompleks yerquruluşu islahat layihəsinə (DVJ) əsasən kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddia olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi 2004-cü ildə tərtib edilmiş Göyçay rayonu Bığır kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) xüsusi mülkiyyətə aid kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsi olaraq göstərilmişdir. “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması” Qaydasına uyğun olaraq Göyçay rayonu Şəkər kənd Ərazi Vahidi və Göyçay rayonu Bığır kənd ərazi Vahidi xəritələri tərtib edilərkən idda olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi Şəkər kəndinin inzibati ərazi vahidi sərhədləri daxilində göstərilmişdir. İddia olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi **********23 reyestr nömrəli çıxarışla X23 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.77 ha, **********99 reyestr nömrəli çıxarışla X57 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.6 ha torpaq sahəsi, Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə **********35 saylı çıxarışla verilmiş 0.66 ha torpaq sahəsi, **********31 saylı çıxarışla verilmiş 0.77 ha torpaq sahəsi, **********46 çıxarışla verilmiş 0.50 ha torpaq sahəsi, X13 mülkiyyətinə verilmiş **********70 saylı çıxarışla verilmiş 1.94 ha torpaq sahələri və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış xüsusi mülkiyyətə aid JN-875 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X24 və ailə üzvlərinin JN-876 nömrəli Dövlət Aktı ilə X2 və ailə üzvlərinin JN-877 nömrəli Dövlət Aktı ilə X14 və ailə üzvlərinin, JN-878 nömrəli Dövlət Aktı ilə X11 və ailə üzvlərinin, JN-880 nömrəli Dövlət Aktı ilə X43 və ailə üzvlərinin, JN-881 nömrəli Dövlət Aktı ilə X20 və ailə üzvlərinin, JN-883 nömrəli Dövlət Aktı ilə X25 və ailə üzvlərinin, JN-884 nömrəli Dövlət Aktı ilə X44 və ailə üzvlərinin, JN-885 nömrəli Dövlət Aktı ilə X34 və ailə üzvlərinin, JN-886 nömrəli Dövlət Aktı ilə X26 və ailə üzvlərinin, JN-887 nömrəli Dövlət Aktı ilə X15 və ailə üzvlərinin, JN-888 nömrəli Dövlət Aktı ilə X16 və ailə üzvlərinin, JN-889 nömrəli Dövlət Aktı ilə X27 və ailə üzvlərinin, JN-890 nömrəli Dövlət Aktı ilə X35 və ailə üzvlərinin, JN-891 nömrəli Dövlət Aktı ilə X4 və ailə üzvlərinin, JN-892 nömrəli Dövlət Aktı ilə X45 və ailə üzvlərinin, JN-893 nömrəli Dövlət Aktı ilə X58 və ailə üzvlərinin, JN-894 nömrəli Dövlət Aktı ilə X36 və ailə üzvlərinin, JN-895 nömrəli Dövlət Aktı ilə X46 və ailə üzvlərinin, JN-896 nömrəli Dövlət Aktı ilə X47 və ailə üzvlərinin, JN-897 Dövlət Aktı ilə X17 və ailə üzvlərinin, JN-898 nömrəli Dövlət Aktı ilə X37 və ailə üzvlərinin, JN-899 nömrəli Dövlət Aktı ilə X48 və ailə üzvlərinin, JN-901 nömrəli Dövlət Aktı ilə X7 və ailə üzvlərinin, JN-902 nömrəli Dövlət Aktı ilə X28 və ailə üzvlərinin, JN-903 nömrəli Dövlət Aktı ilə X49 ailə üzvlərinə, JN-904 nömrəli Dövlət Aktı ilə X29 və ailə üzvlərinin, JN-905 nömrəli Dövlət Aktı ilə X38 və ailə üzvlərinin, JN-906 nömrəli Dövlət Aktı ilə X18 və ailə üzvlərinin, JN-907 nömrəli Dövlət Aktı ilə X39 və ailə üzvlərinin, JN-908 nömrəli Dövlət Aktı ilə X50 və ailə üzvlərinin, JN-909 nömrəli Dövlət aktı ilə X67 və ailə üzvlərinin, JN-910 nömrəli Dövlət X3 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X68 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X68 və ailə üzvlərinin, JN-912 nömrəli Dövlət X1 və ailə üzvlərinin, JN-913 nömrəli Dövlət Aktı ilə X5 və ailə üzvlərinin, JN-914 nömrəli Dövlət Aktı ilə X9 və ailə üzvlərinin, JN-915 nömrəli Dövlət Aktı ilə X10 və ailə üzvlərinin, JN-916 nömrəli Dövlət Aktı ilə X31 və ailə üzvlərinin, JN-917 nömrəli Dövlət aktı ilə X19 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üstüstə düşür. **********99 reyestr nömrəli çıxarışla X57 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.6 ha torpaq sahəsi, Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə **********35 saylı çıxarışla verilmiş 0.66 ha torpaq sahəsi, **********31 saylı çıxarışla verilmiş 0.77 ha torpaq sahəsi, **********46 çıxarışla verilmiş 0.50 ha torpaq sahəsi, X13 mülkiyyətinə verilmiş **********70 saylı çıxarışla verilmiş 1.94 ha torpaq sahələri və dövlət reyestrində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış xüsusi mülkiyyətə aid JN875 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X24 və ailə üzvlərinin JN-876 nömrəli Dövlət Aktı ilə X2 və ailə üzvlərinin JN-877 nömrəli Dövlət Aktı ilə X14 və ailə üzvlərinin, JN-878 nömrəli Dövlət Aktı ilə X11 və ailə üzvlərinin, JN-880 nömrəli Dövlət Aktı ilə X43 və ailə üzvlərinin, JN-881 nömrəli Dövlət Aktı ilə X20 və ailə üzvlərinin, JN-883 nömrəli Dövlət Aktı ilə X25 və ailə üzvlərinin, JN-884 nömrəli Dövlət Aktı ilə X44 və ailə üzvlərinin, JN-885 nömrəli Dövlət Aktı ilə X34 və ailə üzvlərinin, JN-886 nömrəli Dövlət Aktı ilə X26 və ailə üzvlərinin, JN-887 nömrəli Dövlət Aktı ilə X15 və ailə üzvlərinin, JN-888 nömrəli Dövlət Aktı ilə X16 və ailə üzvlərinin, JN-889 nömrəli Dövlət Aktı ilə X27 və ailə üzvlərinin, JN-890 nömrəli Dövlət Aktı ilə X35 və ailə üzvlərinin, JN-891 nömrəli Dövlət Aktı ilə X4 və ailə üzvlərinin, JN-892 nömrəli Dövlət Aktı ilə X45 və ailə üzvlərinin, JN-893 nömrəli Dövlət Aktı ilə X58 və ailə üzvlərinin, JN-894 nömrəli Dövlət Aktı ilə X36 və ailə üzvlərinin, JN-895 nömrəli Dövlət Aktı ilə X46 və ailə üzvlərinin, JN-896 nömrəli Dövlət Aktı ilə X47 və ailə üzvlərinin, JN897 Dövlət Aktı ilə X17 və ailə üzvlərinin, JN-898 nömrəli Dövlət Aktı ilə X37 və ailə üzvlərinin, JN-899 nömrəli Dövlət Aktı ilə X48 və ailə üzvlərinin, JN-901 nömrəli Dövlət Aktı ilə X7 və ailə üzvlərinin, JN-902 nömrəli Dövlət Aktı ilə X28 və ailə üzvlərinin, JN-903 nömrəli Dövlət Aktı ilə X49 ailə üzvlərinə, JN-904 nömrəli Dövlət Aktı ilə X29 və ailə üzvlərinin, JN905 nömrəli Dövlət Aktı ilə X38 və ailə üzvlərinin, JN-906 nömrəli Dövlət Aktı ilə X18 və ailə üzvlərinin, JN-907 nömrəli Dövlət Aktı ilə X39 və ailə üzvlərinin, JN-908 nömrəli Dövlət Aktı ilə X50 və ailə üzvlərinin, JN-909 nömrəli Dövlət aktı ilə X67 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bığır kənd ərazi vahidi sərhədləri daxilində TEKUİS xəritəsində torpaq çatışmamazlığı səbəbindən azalmalarla göstərilsədə, **********23 reyestr nömrəli çıxarışla X23 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.77 ha və JN-910 nömrəli Dövlət X3 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X68 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X68 və ailə üzvlərinin, JN-912 nömrəli Dövlət X1 və ailə üzvlərinin, JN-913 nömrəli Dövlət Aktı ilə X5 və ailə üzvlərinin, JN-914 nömrəli Dövlət Aktı ilə X9 və ailə üzvlərinin, JN-915 nömrəli Dövlət Aktı ilə X10 və ailə üzvlərinin, JN-916 nömrəli Dövlət Aktı ilə X31 və ailə üzvlərinin, JN-917 nömrəli Dövlət aktı ilə X19 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri TEKUİS xəritəsində Bığır kəndi ərazisində göstərilməmişdir. Əlavə olaraq bildirilir ki, baxış zamanı 16.0 ha torpaq sahəsinin kənd əhalisi tərəfindən örüş kimi istifadə olunduğu mütəxəssis tərəfindən müşahidə edilmiş və kəndin bir qrup sakini mütəxəssisə yaxınlaşaraq sözügedən torpaq sahəsinin onların ümumi istifadəsində olan örüş torpaq sahəsi olduğunu bildirmişlər. Göründüyü kimi, X23 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.77 ha, X57 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0,326 ha və X13 mülkiyyətinə verilmiş 432 kv.m torpaq sahəsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi 16,0 ha torpaq sahəsinin üzərinə düşür. Həmin torpaq sahələri müvafiq olaraq **********23, **********99 **********70 reyestr nömrəli çıxarışlarla adıçəkilən üçüncü şəxslərin adına rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbi qeyd olunan bu hissədə mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılan hissədə əsaslıdır və təmin edilməlidir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

17. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Bığır kənd sakinlərinin mülkiyyətinə verilmiş pay torpaqları ilə üst-üstə düşür. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüşdür və hazırda kənd sakinləri tərəfindən örüş kimi istifadə olunur və kənd sakinləri ilə iddiaçı arasında ciddi mübahisə mövcuddur. Məhkəmə Torpaq sahəsinin kənd sakinlərinin mülkiyyətinə verilmiş pay torpaqları olması və kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsi olması dəlilini nəzərə almamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada göstərilən 16.0 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarına əsasən Göyçay rayonu Bığır kənd sakinlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə Göyçay rayon Şəkər kəndinin inzibati ərazisindən Göyçay rayon Bığır kənd sakinlərinə aqrar islahat zamanı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsi nəzərdə tutulmadığını qeyd etsə də Bığır kənd sakinlərinə ayrılmış pay torpaq sahələrinin faktiki yerləşməsini müəyyən etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

20. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun vəkili, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(116)-693/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs Göyçay rayonu, Şəkər bələdiyyəsinin nümayəndəsi Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006cı il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya satılmış 16,0 ha torpaq sahəsinin həmin dövrdən onun istifadəsində olduğunu və torpaq sahəsi üzərində heç bir mübahisə yaranmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 1(107)-512/2025 nömrəli iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X6 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ... 7.2. Ümumi istifadədə olan ... əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması zamanı qüvvədə olan): Maddə 16.3. bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4 ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

25. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli iclas qərarı ilə ona satılmış 16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

32. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinin 1,14 ha hissəsinə münasibətdə iddia tələbi qeyri-mümkün sayılmış, həmin qərardad mübahisələndirilməmişdir. Odur ki hazırkı apellyasiya baxışı çərçivəsində yalnız 14,86 ha torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının qanunauyğun olub-olmaması qiymətləndirilmişdir.

33. İş materiallarında olan ilkin torpaqayrıma sənədlərindən və cavabdeh orqanın təqdim etdiyi ilkin mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi Göyçay rayonu Şəkər Bələdiyyəsinin ərazisinə aid olmuşdur. Belə ki, torpaq sahəsi satılarkən tərtib edilmiş yerquruluşu planı, alqı-satqı və baxış aktı - DT və XK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş, sözügedən orqan torpaq sahəsinin Şəkər bələdiyyəsinin ərazisinə aid olması barədə rəy vermişdir.

34. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində (səh.53) qeyd olunmuşdur ki, 2000-ci ildə tərtib edilmiş Şəkər kəndinin kompleks yerquruluşu layihəsində naturada göstərilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. 2004-cü ildə tərtib edilmiş Göyçay rayonu Bığır kəndinin kompleks yerquruluşu islahat layihəsində iddia olunan torpaq sahəsi xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür.

35. Göründüyü kimi, cavabdeh orqan iddia olunan torpaq sahəsinin həm Şəkər, həm də Bığır kəndinin kompleks yerquruluşu islahat layihəsində göstərildiyini bildirir. Bu halda, mübahisəli torpaq sahəsinə tətbiq ediləcək hüquqi rejimin müəyyən edilməsi üçün həmin ərazinin hansı kəndin inzibati ərazi hüdudları daxilində yerləşməsi, eləcə də cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatlardan hansının mötəbər olması müəyyən olunmalıdır.

36. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi növbəti mütəxəssis rəyində Bığır kəndinin kompleks yerquruluşu islahat layihəsinəistinad etməklə iddia olunan torpaq sahəsi ümumilikdə 39 Dövlət Aktında (JN875-JN878, JN880-JN881, JN883-JN899, JN901-JN907, JN909-JN917) qeyd edilmiş torpaq sahələri ilə üst-üstə düşməsini qeyd etmişdir.

37. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh orqan qeyd etmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən 16.0 ha torpaq sahəsi Göyçay rayonu Şəkər kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrininin xəritələri hazırlanan zaman 16.0 hektar torpaq sahəsinin Göyçay rayonu Şəkər kənd ərazi vahidi sərhədləri daxilində yerləşdiyi məlum olmuşdur.

38. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən 16.0 ha torpaq sahəsi Göyçay rayonu Bığır kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsi olaraq göstərilmişdir.

39. Mütəxəssis rəyində Bığır kəndinin DVJ məlumatlarına istinad olunmaqla JN875- JN878, JN880-JN881, JN883-JN899, JN901-JN907, JN909-JN917 saylı Torpağa mülkiyyət hüququna X94 ilə iddia olunan torpaq sahəsinin üst-üstə düşməsi qeyd edilmiş, lakin vurğulanmışdır ki, JN910 - JN-917 nömrəli Dövlət Aktlarından başqa qalan digər X22 elektron kadastr uçotu informasiya sistemində (TEKUİS-AzCad) Göyçay rayon Bığır kənd ərazi vahidi sərhəddi daxilində azalmalarla göstərilmişdir.

40. Göründüyü kimi Bığır kəndinin DVJ xəritəsində yuxarıda sadalanmış dövlət aktlarında göstərilən torpaq sahələri faktiki yerləşmə vəziyyətinə görə Göyçay rayonu Şəkər kəndinin ərazisinə düşmüşdür. Lakin, sonradan həmin torpaq sahələri Göyçay rayonu Bığır kənd inzibati ərazi vahidi daxilində göstərilmiş, bununla da əvvəl Şəkər kəndi üzrə qeyd edilmiş torpaq sahələrinin inzibati mənsubiyyəti dəyişdirilmişdir.

41. JN-917 nömrəli Dövlət Aktına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Dövlət Aktı əsasında **********23 reyestr nömrəli çıxarış tərtib edilmiş sahəyə, o cümlədən hüquqların dövlət qeydiyyatına dair çıxarışların tərtib edildiyi digər sahələrə münasibətdə birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və iddia olunan torpaq sahəsinin 14,86 ha hissəsi ilə bağlı tələb təmin olunmuşdur. Hazırkı mübahisə çərçivəsində də, məhz 14,86 ha torpaq sahəsinin xüsusiyyətləri yoxlanılır.

42. JN910 – JN916 nömrəli 7 Dövlət Aktına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən “Torpağa mülkiyyət hüququna dair” X55 və Şəkər kəndinin TEKUİS-AzCad məlumatlarında ümumiyyətlə göstərilməməsi həmin X41 rayonu Şəkər kəndi ərazisinə aid olması qənaətini yaratmır. Belə ki, Bığır kəndinin DVJ məlumatlarında qeyd edilmiş digər 30 Dövlət Aktlarının (JN-917 nəzərə alınmadan) artıq Göyçay rayon Bığır kənd ərazi vahidi daxilində göstərilməsi faktiki olaraq sözügedən X41 rayonu Şəkər kənd ərazisinə aid olmamasını təsdiq edir.

43. Kollegiya həmçinin onu da, nəzərə alır ki, sözügedən Dövlət Aktlarındakı torpaq sahələri məhz Bığır kənd sakinlərinə verilməsi nəzərdə tutulan torpaq sahələri olduğundan, həmin torpaq sahələri Şəkər kəndi ərazisində yerləşə bilməzdi. Digər tərəfdən mütəxəssis rəyində də, qeyd edilir ki, iddia olunan torpaq sahəsi Bığır kənd sakinləri tərəfindən yox, hazırda Şəkər kənd sakinləri tərəfindən ümumi mal-qara örüşü kimi istifadə edilir.

44. Odur ki, məhkəmə kollegiyası iddia olunan 14,86 ha torpaq sahəsinin Göyçay rayonu Şəkər kənd ərazi vahidi sərhədləri daxilində yerləşməsini nəzərə alaraq Şəkər kəndinin kompleks yerquruluşu layihəsi əsasında torpaq sahəsinin xüsusiyyətlərinə hüquqi qiymət vermişdir.

45. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.

45. Nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair yuxarıda sadalanan sənədlər qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 1-ci bəndində qeyd edilmişdir ki, ... örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. ... Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.

47. İstinad olunan “Qaydalar”ın 3-cü bəndinə əsasən ... bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

48. “Qaydalar”ın 28-ci bəndinə əsasə örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir.

49. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli iclas protokolunun qərarı ilə örüş uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıya satılması, örüş uqodiyalı torpaq sahələrinin alqı-satqısına yol verilməməsi və onların yalnız istifadəyə və icarəyə verilə bilməsi barədə qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmadan həyata keçirilmişdir.

50. Odur ki, sözügedən qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında, qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz.

51. Etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi, tədqiq edilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olmadığından etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.

52. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(116)-693/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Göyçay rayonu Şəkər kəndində yerləşən 14,86 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar