Məhkəmə qərarları › İş №2-1(107)-515/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-515/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-515/2023 28.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Cahangir 93” firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “17622.60 manat dövlət fondu torpaqlarından icarə haqqı üzrə borcun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsi oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “Cahangir 93” firması cavabdehlər Mingəçevir şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “özündən tələb olunan 17622.60 manat icarə haqqı tələbinin ləğv olunması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək cavabdehlər Mingəçevir şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “17622.60 manat dövlət fondu torpaqlarından icarə haqqı üzrə borcun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinə qarşı olan hissəsi mümkün sayılmamışdır.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 255 nömrəli Sərəncamı ilə “Cahangir 93” firmasına qum-çınqıl istehsalı və stışı məqsədilə kür çayının Mingəçevir şəhərinin ərazisindən keçən hissəsindən 4.0 ha torpaq sahəsi icarəyə verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 112 nömrəli sərəncamı ilə “Cahangir 93” firmasının icarəsinə 4 ha torpaq sahəsi ayrılması haqqında Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 255 nömrəli Sərəncamı ləğv edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək vergi ödəyicisi tərəfindən təqdim edilmiş 3900 manat ödəniş nəzərə alınmaqla icra müqaviləsinin qüvvədə olduğu xx.xx.2006-cı il tarixdən - xx.xx.2017-ci il tarixədək icarə haqqı hesablamışdır. İddiaçı tərəfindən cavabdeh orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərar mübahisələndirilmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmiş, qeyd etmişdir ki, müqavilə əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə illər üzrə müvafiq hesablamalar aparılmış və iddiaçı 2018-ci ilədək fəaliyyətdə olmuş, sonuncu ödəniş 2015-ci ildə edilmişdir. Vergi ödəyicisinə xx.xx.2022-ci ildə xəbərdalıq məktubu göndərilmiş və yaranmış borc məbləğinin ödənilməməsinə görə mübahisələndirilən qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 iyun 2023-cü il tarixli, 2- 1(116)-1520/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2022-ci il tarixə 17622,60 manat məbləğində borcu yarandığından həmin borcun tutulması üçün tələbin icraya yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi tələb olunan 17622,60 manat torpaq icarə haqqı üzrə borc məbləği vergi ödəyicisi tərəfindən edilmiş 3900 manat ödəniş nəzərə alınmaqla icarə müqaviləsinin qüvvədə olduğu 20,12.2017-ci il tarixədək hesablanmış icarə haqqlarından ibarətdir. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyəti ilə "xxxx" Firması arasında 4 ha torpaq sahəsinin illik 2400 manat icarə haqqı ödənilməklə "xxxx" Firmasına icarəyə verilməsi barədə xx.xx.2006-cı il tarixli 06 nömrəli icarə müqaviləsi bağlanmış və müqavilə ləğv edildiyi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. Göründüyü kimi, iddiaçının tələbi uğurlu iddia deyil və 17622,60 manat dövlət torpaq sahələrinin icarə haqqı üzrə yaranmış borc əsaslı olduğundan hazırkı iddianın vergi ödəyicisinin çatmaq istədiyi nəticə baxımından perspektivi yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 99 nömrəli müqavilədən görünür ki, Mingəçevir şəhər icra hakimiyyəti tərəfindən qırx min kv.m torpaq sahəsi 20 il müddətinə “Cahangir 93” firmasının icarəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli **********546400 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərardan görünür ki, “Cahangir 93” firmasının (VÖEN:**********) ünvan: AZ4500, Mingəçevir şəhəri, Füzuli ev 08, tel: **********) tərəfindən 17622.60 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi, 17622.60 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borcun “Cahangir 93” firmasından məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-1165/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

17. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

18. Hazırkı işdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə iddiaçı subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir.

19. Cavabdeh orqan mübahisələndirilən qərarın xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən oxunmasını, bununla iddia tələbinin irəli sürülməsi üçün Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmasını bildirmişdir.

20. İddiaçının vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)- 1520/2023 nömrəli qərardadı ilə cavabdehin xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılması səbəbləri üzürlü hesab edilərək bərpa edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, cavabdeh orqan 4 ha torpaq sahəsi ilə bağlı Mingəçevir şəhər icra hakimiyyəti ilə “Cahangir 93” firması arasında bağlanmış xx.xx.2006-cı il tarixli 99 nömrəli icarə müqaviləsinə istinad edərək 17622.60 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc məbləğinin məcburi qaydada ödənilməsini təmin etmək üçün xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul etmişdir.

23. Bununla belə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçını qəbul etdiyi qərarla bağlı məlumatlandırmamışdır.

24. Belə ki, qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “17622.60 manat pul məbləğinin ödənilməsi haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələbinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi.

25. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

26. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Yəni, işin hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə, sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə **********546400 nömrəli nömrəli qərarda həm də, sözügedən pul məbləğinin iddiaçıdan məcburi qaydada tutulması məsələsini həll etsə də, həm borcun tutulması həm də tələbin icraya yönəldilməsi məsələsi eyni qərarla həll edilə bilməzdi. Bunun üçün yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan ilk öncə pul məbləğinin tutulması ilə bağlı ilkin qərarı qəbul etməli və müvafiq icraatı apardıqdan sonra hazırda mübahisələndirilən qərarı qəbul etməli idi.

28. Lakin, ilkin inzibati aktla sonradan qəbul edilmiş qərarın məcburi icraya yönəldilməsinə dair inzibati akt arasındakı fərq ondan ibarətdir ki, ikinci aktın qəbul edilmiş tələbin məcburi icraya yönəldilməsi zamanı borcluya əlavə xərclər (icra xərcləri və s.) yaratmış olar. Halbuki, borclunun ilkin inzibati akt barədə məlumatlı olmaqla borcu ödədiyi halda əlavə xərcləri ödəməsi tələb olunmur.

29. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixldə **********546400 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğundan iddiaçı həmin qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı “Cahangir 93” firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “17622.60 manat dövlət fondu torpaqlarından icarə haqqı üzrə borcun məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********546400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(116)-1520/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar