Məhkəmə qərarları › İş №2-1(107)-516/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-516/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-516/2023 07.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehdən dövlət büdcəsinə olan 22171.48 manat borcun alınması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-1521/2023 nömrəli qərardadından iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən dövlət büdcəsinə olan 22171.48 manat borcun alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçının elektron kabinetinə ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir və iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir.

3. İddiaçının xx.xx.2023-cü il tarixli münasibət bildirməsi haqqında məktubunda iddia tələbinə mahiyyəti üzrə baxılaraq, Cavabdeh (VÖEN: **********) borcun alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada) haqqında iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 iyul 2023-cü il tarixli, 2- 1(116)-1521/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinin tələbindən aydın görünür ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək vergi orqanlarının hüququna aid edilmişdir. X4 Məhkəməsi bu maddənin ümumi xarakter daşıdığını, yəni vergi orqanının vergilər üzrə borclarının və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olması təsbit edilsə də, bunun konkret təzahürü və qaydası isə Vergi Məcəlləsinin 89.1-ci maddəsi ilə müəyyən edilmişdir. Yəni Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Bununla əlaqədar bildiririk ki, Vergi orqanı VM-in 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların VM-in 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödənilmədiyinə görə, vergi ödəyicisindən aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini xx.xx.2022-ci il tarixli **********911700 nömrəli məktubla tələb etmiş, sonuncu isə öz növbəsində aktivlərin olmaması barədə məlumat vermişdir. Bundan əlavə qeyd edilir ki, VM-in 89.1-cı maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə Qərar qəbul edilmişdir. Lakin vergi orqanı tərəfindən siyahıya alınmalı hər hansı əmlak (və ya yararlı əmlak) aşkar edilməmişdir. Bundan başqa qərarın icrasına nail olmaq üçün vergi ödəyicisinin əmlakının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmişdir. VM-in 212.5-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq, yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müəyyən edilmiş formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edir. Bundan başqa yuxarıda qeyd edilən maddədə nəzərdə tutulmuş qaydada Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin məlumat bazasından alınmış məlumata əsasən vergi ödəyicisinin mülkiyyətində nəqliyyat vasitəsinin olmaması müəyyən edilmişdir. Bundan başqa yuxarıda qeyd edilən maddədə nəzərdə tutulmuş qaydada Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin məlumat bazasından alınmış məlumata əsasən vergi ödəyicisinin mülkiyyətində nəqliyyat vasitəsinin olmaması müəyyən edilmişdir. Görülmüş tədbirlərə baxmayaraq vergi ödəyicisinin VM-in 89.6-cı maddəsində müəyyən edilmiş ardıcıllığa uyğun olaraq heç bir əmlak aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, analoji iş üzrə Bakı İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli e- 2-1(112)-7839/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada) məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Bununla yanaşı bildirilir ki, cavabdeh X1 adına heç bir əmlak aşkar olunmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-1521/2023 nömrəli qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayndəsinin iştirakının təmin etməmişdir.

8. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

10. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

11. Vergi Məcəlləsinin: Maddə 23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 82.1 pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Maddə 82.2 İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 82.3 Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1 borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2 pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3 inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

17. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

18. Vergi Məcəlləsinin 23.1.7-ci maddəsindən göründüyü kimi, vergi orqanının Vergi Məcəlləsinin 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaqla, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.11, 64 və 81-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (yükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir.

19. “İnzibati icraat haqqında» AR Qanununun 82-ci maddəsinin mübahisəyə tətbiqi göstərir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” AR Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözügedən qanunvericilik aktının tələblərinə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidir.

20. Bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi.

21. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi 22171.48 manat məbləğində vergi borcunun cavabdehdən alınması barədədir.

22. Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23-cü maddəsinin 23.1.15-1-ci bəndinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

23. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, bu maddi norma ümumi xarakter daşıyır, yəni vergi orqanının vergilər üzrə borclarının və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını təsbit edir. Bunun konkret təzahürü və qaydası isə Vergi Məcəlləsinin 89.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

24. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənir.

25. Vergi Məcəlləsinin 90-cı maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir.

26. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. Bununla yanaşı, vergi ödəyicilərinin borclarının vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün qanunvericilik borcların tutulmasına müəyyən vaxt məhdudiyyəti qoymuşdur ki, bunun da məqsədi vergi orqanlarının bu sahədə olan nəzarətinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin, dolayı yolla isə vergilərdən əldə edilən gəlirlər hesabına maliyyələşən əhəmiyyətli sahələrin maliyyə təminatını vaxtında təmin etməkdir.

27. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı birinci instamsiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli münasibət bildirməsi haqqında məktubunda iddia tələbinə mahiyyəti üzrə baxılaraq, Cavabdeh (VÖEN: **********) borcun alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada) haqqında iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

28. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir.

29. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

30. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

31. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

32. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-1521/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-1521/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar