Məhkəmə qərarları › İş №2-1(107)-516/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-516/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-516/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-692/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2562/2024 nömrəli qərardadı ilə Göyçay rayonu Çaxırlı bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə bələdiyyənin kənd təsərrüfatına yararsız, bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan ərazisindən 15 hektarın quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişaf etdirilməsi məqsədi ilə iddiaçıya uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. Həmin qərara əsasən «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda qeyd olunan torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında 27 dekabr 2006-cı il tarixdə 99 il müddətinə 21 saylı icarə müqaviləsi bağlanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsi tərəfindən icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından 1:10000 miqyasında çıxarış tərtib olunmuş, 18 dekabr 2006-cı il tarixdə aidiyyatı qurumlar tərəfindən razılaşdırılmışdır. - Göyçay rayonu Çaxırlı kənd bələdiyyəsinin 08 may 2024-cü ıl tarixli 17 saylı arayışından da görünür ki, ona Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə 15 ha torpaq sahəsi quşçuluğun və balıqçılığın inkişafı məqsədi ilə uzun müddətli (99 il müddətinə) icarəyə verilmiş və 27 dekabr 2006-cı il tarixdə 21 saylı müqavilə bağlanmışdır. Hazırda həmin torpaq sahəsindən balıqçılığın inkişafı məqsədi ilə istifadə olunur. Torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişlə müraciəti təmin edilməmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilmiş torpaq sahəsi torpaqların kompleks yerquruluşu xəritələrində (DWJ) təmiz örüş kimi, yeni elektron kadastr baza məlumatlarında su anbarları, nohurlar kimi qeyd olunmuşdur. Bundan əlavə, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Məlumat üçün məhkəmənin nəzərinizə çatdırırıq ki, iddiaçı tərəfindən göstərilən ərazi balıqçılıq məqsədilə istifadə olunur.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2006-cı il tarixli 21 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə; - Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı; - DT və XK Göyçay rayon şöbəsinin rəyi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu; - Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2751/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı. - Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-225/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi; - Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu; - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 iyun 2025-ci il tarixli 2- 1(116)-692/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına əsas olaraq Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarını və xx.xx.2006-cı il tarixli 21 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni təqdim etmişdir. - İşin materiallarında olan mütəxxəssis rəyində qeyd edilir ki, İddiaçı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış 15 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətləri (naturada sahəsi, təyinatı (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması, uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, kənd təsərrüfatına yararlı torpaqlar olmaqla islahat uqodiyası örüş, iddiaçı tərəfindən nohur kimi istifadə edildiyi üçün uqodiyası sututar (nohur) qeyd edilməklə Çaxırlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi 15.7 ha torpaq sahəsinin 1.84 ha hissəsi idarənin elektron baza məlumatlarında ləğv edilmiş DTXK tərəfindən İddiaçı adına tərtib edilmiş **********0006 kadastr nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür. (1.98 ha) Əlavə olaraq bildirmişdirlər ki, 15.7 ha torpaq sahəsi faktiki olaraq sututar, göl kimi istifadə olunur. - İddiaçının istinad etdiyi Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarının məzmunundan göründüyü kimi, 15 ha torpaq sahəsi balıqçılığın və quşçuluğun inkişafı məqsədi ilə iddiaçıya 99 il müddətinə icarəyə verilmişdir. - Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarında qeyd edilir ki, iddiaçıya 15 ha torpaq sahəsi quşçuluq və balıqçılığın inkişafı məqsədi ilə ayrılmışdır. Qərardan da görünür ki, ayrılan torpaq sahəsi bataqlıq və qamışlıq ərazidə yerləşməklə kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Yuxarıda qeyd olunan fakt DT və XK Göyçay rayon şöbəsinin rəyində də təsbit edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 21 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin məzmunundan da ayrılan torpaq sahəsinin bataqlıq və qamışlıq ərazidə yerləşməsi faktı vurğulanmaqla, təyinatına uyğun istifadə və hidrotexniki qurğuların tətbiqi şərtləri icarəçiyə şamil edilmişdir. Təqdim edilmiş rəyə əsasən də yeni elektron kadastr baza məlumatlarında iddia olunan torpaq sahəsi “su anbarları, nohurlar” kimi qeyd olunmuşdur. - Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi örüş torpaq sahələrinə aid olmadığından Örüş torpaq sahələrinin icarəyə verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş icarə müddətinə dair 15 il məhdudiyyətinin tətbiqi əsaslı deyildir. Həmçinin, cavabdehin üst-üstə düşmə halına dair istinad etdiyi İddiaçı adına tərtib edilmiş **********0006 kadastr nömrəli plan ölçü sənədi texniki sənəd olmaqla hüquq yaratmır, həmçinin həmin sənədin fiziki olaraq mövcudluğu təsdiqini tapmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmalı və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-692/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İdarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmə sorğulara verilmiş cavab məktublarında qeyd olunan faktları, torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin təyinatı və uqodiyasını nəzərə almamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-24/12-496/2024 saylı cavab məktubunda bildirilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsində təyinatından kənar göl yaradıldığı müəyyən edildiyi üçün Göyçay rayonu Çaxırlı bələdiyyəsinə 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi ilə bağlı təklif məktubu göndərilmiş, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli 05 saylı iclas protokolu ilə təklif məktubu nəzərə alınaraq qərar ləğv edilmişdir. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Mütəxəssis rəyindən də göründüyü kimi torpaq sahəsi ayrılan zaman kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüş olmuşdur. Torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan Respublikasıbnın Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibatiərazi vahidlərinin istifadəsinə verilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-692/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-692/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bənd 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bənd 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması zamanı qüvvədə olan): Maddə 16.3. bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4 ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

19. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

21. “Torpaq icarəsi haqqında” Qanun Maddə 4. torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Maddə 6. bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Maddə 10. Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. .... Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

25. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

Apellyasiya şikayətinin mümkünlüyü

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

34. Belə ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır.

35. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, İdarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin təyinatı və uqodiyası nəzərə alınmamışdır.

36. Bununla bağlı məhkəmə kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.1 və 8.0.3-cü maddələrində bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul olunmuş aktlar, habelə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir.

37. Belə ki, iddiaçı qeyd edilən 15 ha torpaq sahəsini Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə uzunmüddətli (99 il müddətinə) icarəyə götürmüşdür. Bununla bağlı xx.xx.2006-cı il tarixli, 21 nömrəli torpağın icarəsi müqaviləsi tərtib edilmişdir. Qeyd edilən müqavilədə torpaq sahəsinin quşçuluq və balıqçılığın inkişafı və torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edilməsi, ərazidə olan hidrotexniki qurğuların qorunmasını təmin etmək üçün verilməsi öz əksini tapmışdır. Eyni zamanda Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarında qeyd edilir ki, iddiaçıya 15 ha torpaq sahəsi quşçuluq və balıqçılığın inkişafı məqsədi ilə ayrılmışdır. Qərardan da görünür ki, ayrılan torpaq sahəsi bataqlıq və qamışlıq ərazidə yerləşməklə kənd təsərrüfatına yararsız torpaq sahəsidir.

38. İş materiallarında olan ləğv edilmiş DT və XK-nın Göyçay rayon şöbəsi tərəfindən İddiaçı quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişafı məqsədilə icarəyə verilmiş 15 ha torpaq sahəsi barədə verilmiş rəydən görünür ki, Göyçay rayonu Çaxırlı kənd sakini İddiaçı quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişafı məqsədilə icarəsinə verilməsi nəzərdə tutulan torpaq sahəsi naturada bələdiyyənin kənd təsərrüfatına yararsız bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan bələdiyyə torpağıdır. Qeyd edilən 15 ha torpaq sahəsinin İddiaçı uzunmüddətli icarəyə verilməsi məqsədəmüvafiqdir.

39. Eyni zamanda qeyd edilən torpaq sahəsi ilə bağlı DT və XK-nın Göyçay rayon şöbəsi və Göyçay rayonu Çaxırlı bələdiyyəsinin nümayəndələri tərəfindən icarəyə verilən torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək imza və möhürlərlə təsdiq edilmişdir.

40. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, İddiaçı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış 15 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətləri (naturada sahəsi,təyinatı (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması, uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DWJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, kənd təsərrüfatına yararlı torpaqlar olmaqla islahat uqodiyası örüş, iddiaçı tərəfindən nohur kimi istifadə edildiyi üçün uqodiyası sututar (nohur) qeyd edilməklə Çaxırlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi 15.7 ha torpaq sahəsinin 1.84 ha hissəsi idarənin elektron baza məlumatlarında ləğv edilmiş DTXK tərəfindən İddiaçı adına tərtib edilmiş **********0006 kadastr nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür. (1.98 ha) Əlavə olaraq bildirmişdirlər ki, 15.7 ha torpaq sahəsi faktiki olaraq sututar, göl kimi istifadə olunur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan apellyasiya şikayətində və imtinasında qeyd edilən mütəxəssis rəyində torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olması göstərildiyindən iddiaçıya uzunmüddətli icarəyə verilmiş torpaq sahəsinə çıxarışın verilməsinin mümkün olmadığını bildirmişdir.

42. Lakin, yuxarıda qeyd edilən sənədlərlə də müəyyən olunur ki, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə 15 ha torpaq sahəsi İddiaçı uzunmüddətli (99 il müddətinə) icarəyə verilən zaman torpaq sahəsinin kənd təsərrüfatına yararsız bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan bələdiyyə torpağı olması göstərilmişdir.

43. Məhkəmə kollegiyasının sorğusu əsasında daxil olmuş Göyçay rayonu Çaxırlı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 77 nömrəli məktubundan da görünür ki, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı ayrılmış 15 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı, uqodiyası yararsız olmuş və bu məqsədlə sonuncu ilə həmin ərazidə quşçuluq və balıqçılıqla məşğul olmaq üçün 99 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Ləğv edilmiş DT və XK-nın Göyçay rayon şöbəsinin verdiyi rəydə, eləcə də islahat xəritəsində də həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfatı, uqodiyasının yararsız olması göstərilmişdir.

44. Eyni zamanda, qeyd edilən məktuba əlavə edilmiş Göyçay rayonu Çaxırlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminin (KOD 40800028, 2004-cü il tarixli) İddiaçı icarəsinə verilmiş 15 ha torpaq sahəsinin yerləşdiyi hissəsindən çıxarışdan görünür ki, qeyd edilən torpaq sahəsi Y (yəni yararsız) şərti işarəsi ilə işarələnmişdir.

45. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı torpaq sahəsini icarəyə götürdüyü zaman qeyd edilən 15 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı, uqodiyası yararsız olmuşdur.

46. Cavabdeh orqan isə mübahisələndirilən torpaq sahəsinin ayrıldığı zaman örüş uqodiyalı olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyasına 08 oktyabr 2025-ci il tarixdə təqdim etdikləri plan şəklində olan torpaq sahələrinin cizgisi isə hər hansı mötəbər sübutlara əsaslanmır, kompüter vasitəsi ilə şəxs və ya şəxslər tərəfindən tərtib edilmişdir. Bu plan isə Bələdiyyə tərəfindən təqdim edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi yerquruluşu sxemi ilə təkzib edilir.

47. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, icarə müqaviləsi bağlanılarkən və bələdiyyə tərəfindən qərar qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi örüş torpaq sahələrinə aid olmadığından Örüş torpaq sahələrinin icarəyə verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş icarə müddətinə dair 15 il məhdudiyyətinin tətbiqi əsaslı deyil.

49. Həmçinin hazırkı qərarın 18-ci bəndində qeyd olunan Qanunun müddəalarında da görünür ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmçinin torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

50. Hazırkı iş materiallarından da görünür ki, qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya torpaq sahəsi icarəyə verilmiş, bununla bağlı xx.xx.2006-cı il tarixli, 21 nömrəli torpağın icarəsi müqaviləsi tərtib edilmişdir.

51. Eyni zamanda, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-225/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Göyçay rayon Çaxırlı Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən İddiaçı ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.

52. Bundan başqa cavabdeh orqan apellyasiya şikayətinin digər dəlilində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-24/12-496/2024 saylı cavab məktubunda bildirilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsində təyinatından kənar göl yaradıldığı müəyyən edildiyi üçün Göyçay rayonu Çaxırlı bələdiyyəsinə 20 dekabr 2006cı il tarixli 12 saylı qərarının ləğv edilməsi ilə bağlı təklif məktubu göndərilmiş, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli 05 saylı iclas protokolu ilə təklif məktubu nəzərə alınaraq qərar ləğv edilmişdir. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.

53. Məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibətdə bildirir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2751/2024 nömrəli qərarı ilə İddiaçı tələbi təmin edilərək Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli, 05 saylı qərarı ləğv edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Belə olan halda Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı öz qüvvəsini itirməmişdir.

54. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, eyni zamanda məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

55. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

56. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

58. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

59. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

60. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

61. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya 15 ha torpaq sahəsinin uzunmüddətli (99 il müddətinə) icarəyə verilməsi barədə Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarının etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

62. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın icarəyə verilməsi və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri, eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin kateqoriyasının, uqodiyasının düzgün müəyyən edilməməsi şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

63. Məhkəmə kollegiyasının qənaətinə görə Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 15 ha torpaq sahəsinin uzunmüddətli (99 il müddətinə) iddiaçıya icarəyə verilməsi haqqında qanuni qüvvədə olan 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə və tərəflər arasında bağlanmış müqavilə ilə İddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar və müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün yetərli əsas sayılmalıdır.

64. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

65. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

66. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

67. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmadığından, iddiaçı, həmin öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPMin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

68. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(116)-692/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar