Məhkəmə qərarları › İş №2-1(107)-519/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-519/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-519/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF PHŞ-nin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli sərəncamının “artıq alınmış müavinətin tutulması” hissəsində ləğv edilməsi və artıq ödəmə olaraq müəyyən edilmiş, iddiaçıya ödənilən sosial müavinətdən xx.xx.2020-xx.xx.2024-cü illərdə tutulmuş cəmi 1009 manat pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyun 2024cü il tarixli, 2-1(116)-1240/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək “yaşa görə sosial müavinətin tam həcmdə bərpa edilməsi, əvvəlki dövr üçün ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “DSMF PHŞ-nin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli sərəncamının “artıq alınmış müavinətin tutulması” hissəsində ləğv edilməsi və artıq ödəmə olaraq müəyyən edilmiş, iddiaçıya ödənilən sosial müavinətdən xx.xx.2020-xx.xx.2024-cü illərdə tutulmuş cəmi 1009 manat pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 16 dekabr 2019-cu il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin cavabdeh yaşa görə sosial müavinət üzrə artıq ödəmənin olduğunu bildirmiş və bu halı onunla əsaslandırmışdır ki, iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatda olduğu halda ona yaşa görə sosial müavinətin ödənişi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək ödənilmişdir. Bu səbəbdən də, cavabdeh yaşa görə sosial müavinətin ödənilməsində maneələr yaratmışdır. Yaşa görə sosial müavinətin tam həcmdə bərpa edilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun aktiv vergi ödəyicisi kimi qeydiyyatı, həmçinin xx.xx.2019-cu iİ tarixindən xx.xx.2020-ci il tarixinədək yaşa görə sosial müavinət üzrə artıq ödəmə olduğundan, müraciətinin təmin edilməsi yalnız aktiv vergi ödəyicisi kimi fəaliyyətini təsdiq edən sənədlər təqdim olunduqdan sonra mümkündür. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək onun yaşa görə sosial müavinətinin bərpa edilməsi və həmin müavinətdən tutulmanın dayandırılmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti xx.xx.2023-cü il tarixli 3-17-1/2-1- 117265/2023 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktuba əsasən xidməti araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu halda ona yaşa görə sosial müavinət ödənişi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək davam etdirilmiş və bu səbəbdən artıq ödəmə müəyyən edilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

6. Hüquqi məsələlər: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, ‘'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 4-cü maddəsində aylıq və birdəfəlik olmaqla sosial müavinətlərin növləri sadalanmışdır. Belə ki, Qanunun 4.0.1,2-ci maddəsinə əsasən yaşa görə müavinət aylıq sosial müavinətlərin bir növüdür. Sözügedən Qanunun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.

7. İş materiallarına əsasən İddiaçı sözügedən maddələrin xx.xx.2013-cü il tarixdə qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu halda onun yaşa görə sosial müavinət ödənişi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 20 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, rəsmi müraciəti əsasında xx.xx.2021-ci il tarixdən fiziki şəxs kimi vergi uçotu ləğv edilmiş, sahibkarlıq fəaliyyətinə xitam verilmişdir.

8. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” Alt sistemindəki məlumatlara əsasən iddiaçı torpaq mülkiyyətçisi kimi aktiv vergi ödəyicisi olmuşdur. Belə ki, iddiaçının vergi uçotu barədə məlumatlara Dövlət Vergi Xidməti (DVX) tərəfindən edilən sonuncu əməliyyat xx.xx.2020-ci il tarixdə edilsə də, "ləğv olunmuş” statusuna xx.xx.2021ci il tarixdə dəyişiklik edilmişdir. Bununla da iddiaçının VÖEN statusu xx.xx.2019 xx.xx.2020-ci il tarixləri arasındakı dövrlərdə “aktiv” olması səbəbindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək yaşa görə sosial müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Beləliklə, Fondun Zərdab rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün artıq alınmış müavinətin tutulması qərara alınmışdır. Həmçinin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-İ-118621/2023 nömrəli Qərarı ilə Fondun Zərdab rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sərəncamı qüvvədə saxlanılmış, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək dövriyyə məbləğinin sıfır (0) olması barədə arayışın təqdim edilməsi ilə həmin dövrlər üzrə müavinət hüququna yenidən baxılması barədə məlumat qeyd edilmişdir.

9. “Sosial müavinətlər haqqında” haqqında Qanunun 11-ci maddəsində müavinət ödənişinin dayandırılması halları sadalanmışdır. Belə ki, Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. “Məşğulluq haqqında" Qanunun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər hesab olunur Hazırkı iş üzrə İddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrdə “işləməyən” statusunda olmadığından qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə müavinət hüququ olmamışdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Sözügedən Qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrdə “işləməyən” statusunda olmadığı üçün həmin dövr üzrə yaşa görə sosial müavinət üzrə ödənişin davam etdirilməsi mümkün olmamışdır.

10. Məlumat üçün bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin Sosial ödənişlər Alt sistemindəki məlumatlara əsasən İddiaçı müavinət ödənişindən xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində (39 ay olmaqla) ayda 26 manat. 2024-cü ilin yanvar ayı üzrə 21,79 manat məbləğində artıq ödənilmiş vəsait tutularaq büdcəyə bərpa edilmişdir. Hazırda İddiaçı yaşa görə sosial müavinətin ödənilməsi davam etdirilməkdir. Hesab edirik ki, xx.xx.2020-ci il tarixli müavinətdən tutulma barədə sərəncam və iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxanda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 iyun 2024-cü il tarixli, 2- 1(116)-1240/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(116)-1240/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(116)-1240/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(116)-1240/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubları. - Sosial müavinət dəyişdirilməsi haqqında Fondun Zərdab rayon filialının xx.xx.2020ci il tarixli sərəncamı.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

21. Vergi Məcəlləsinin: 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(116)-1240/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

25. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

26. Mübahisələndirilən sərəncam xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, lakin ümumiyyətlə iddiaçıya təqdim edilməmişdir. Eyni zamanda sözügedən sərəncamın mövcudluğu ilə bağlı ilkin inzibati araşdırma zamanı da iddiaçıya məlumat verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddəti ötürülməmişdir. . APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğundan ona xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş sosial müavinət ödənişi artıq ödəmə kimi qiymətləndirilmiş və Fondun Zərdab rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə artıq alınmış müavinətin tutulması qərara alınmışdır.

29. Bununla belə iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı hər hansı inzibati icraat aparılmamış, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş sosial müavinət mübahisələndirilən dövr üzrə artıq ödəmə kimi qiymətləndirilməklə tutulmasına başlanmışdır.

30. Halbuki, qanuni əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində müavinət ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməli və iddiaçını məlumatlandırmalıdır..

31. Bundan başqa, cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin “Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır” müddəasının tələbini pozaraq, artıq ödənilmiş məbləğin qaytarılmasını məhkəmə qaydasında təmin etmək imkanından istifadə etmədən, qanunsuz olaraq bunu öz qərarı ilə həll etməyə çalışmışdır.

32. Buna görə də, iddiaçının razılığı olmadan artıq ödənilmiş sosial müavinətin geri qaytarılması ilə bağlı cavabdehin qəbul etdiyi xx.xx.2020-ci il tarixli sərəncam mahiyyət etibarilə əsassız olmuşdur.

33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmasının özü də, qanunsuz olmuş, müvafiq qeydiyyatı aparan DVX-nin 9 saylı Ərazi Vergilər İdarəsi qeydiyyatın aparılmasına əsas olmuş icraat materiallarını məhkəməyə təqdim edə bilməmişdir.

34. Vergi Məcəlləsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. (33.1-ci maddə). Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır (33.3-cü maddə).

35. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir (33.4-cü maddə)..

36. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (33.5-ci maddə). Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə).

37. Hazırkı işin hallarından göründüyü kimi DVX-nin 9 saylı Ərazi Vergilər İdarəsi öz təşəbbüsü ilə məcburi qaydada iddiaçını vergi uçotuna almışdır ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.

38. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(116)-1240/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar