Məhkəmə qərarları › İş №2-1(107)-52/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-52/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-52/2022 11.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs - X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Keçmiş “S.Vurğun” adına kolxozun idarə heyətinin qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi verilmişdir. Sonradan islahat aparılan zaman Komissiyanın 28 avqust 1998- ci il tarixli 41 saylı qərarı ilə həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və bununla bağlı JN-212A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, JN-212A nömrəli şəhadətnamə əsasında onun mülkiyyətində olan torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 18 mart 2021-ci il tarixli, 2-1(116)- 370/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən vətəndaşın ərizəsinin icrasından imtinasının əsaslı olması öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-33/2019 saylı iş üzrə təqdim edilmiş mütəxəssis rəyində torpaq sahələri ilə bağlı üst-üstə düşmə faktı qeyd olunub. Şəki İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarında Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-33/2019 saylı iş üzrə araşdırma aparılarkən, torpaq sahələri ilə bağlı üst-üstə düşmə faktının təsdiq olunduğu qeyd olunsada qeydiyyatın aparılması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Əgər Torpağın mülkiyyətə verilməsinə dair JN- 212A saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyatı aparılası olsa, 1 torpaq sahəsinə dair müxtəlif şəxslərə sənəd verilməlidir. Üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisi X8 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmamış və nəticədə hüquqlarına toxunacaq məsələyə onun iştirakı olmadan baxılmışdır. İş üzrə məhkəmə tərəfindən nə mütəxəssis yardımından istifadə olunmuş, nə də ekspertiza təyin olunmuşdur. Halbuki, imtinanın əsası olan üst-üstə düşmə halının mövcud olubolmamasını müəyyən etmək xüsusi bilik tələb edən haldır və peşəkar mütəxəssislər tərəfindən müəyyən olunmalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 may 2021-ci il tarixli, 2- 1(107)-256/2021 saylı qərarı ilə cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. Cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Nümayəndə və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2021-ci il tarixli, 2- 1(107)-256/2021 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1608/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2021-ci il tarixli, 2-1(107)- 256/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2- 1(102)-1608/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı kassatorun dəlillərini əsaslı hesab edir. Belə ki, məhkəmələr iddianı təmin edərkən Şəki Apellyasiya Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(107)-33/2019 saylı qətnaməsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin məhkəmə aktı hazırkı iş üzrə preyudisial qüvvəyə malik deyil. Belə ki, hazırkı qərarın 33-35-ci bəndlərində göstərilən normalara əsasən görünür ki, preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi isə məhkəmənin istinad etdiyi 2(107)-33/2019 saylı işdə tərəf kimi iştirak etməmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2019-cu il tarixli, 2(107)-33/2019 saylı qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır. Buna baxmayaraq qeyd olunmalıdır ki, həmin qətnamə ilə X3 iddia tələbinin İddiaçı münasibətdə rədd edilməsinə əsas sonuncu tərəfindən torpaq sahəsinin zəbt edilməsinin öz təsdiqini tapmaması olmuşdur. Lakin həmin qətnamədə onlara məxsus torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsində 2(107)-33/2019 saylı işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2018-ci il tarixli 31483 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və yerquruluşu Layihə-X7 LTİnin mütəxəssis rəyinə əsasən Göyçay rayon, Qarabağlar kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 212-A KOD 40814048 nömrəli şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinin 0,12 hektar hissəsi X5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışla üst-üstə düşür. Beləliklə, sözügedən qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımasa da, qətnamədə istinad edilmiş ekspert rəyi torpaq sahələrinin üst-üstə düşmə faktını göstərdiyindən, hazırkı işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələrək bu halı araşdırmalı idi. Belə ki, hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən normaların tələblərindən göründüyü kimi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin xidməti vəzifəsidir və məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə göstərilən prosessual normaların tələblərini pozmuş, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyündən hazırkı mübahisənin həlli də birbaşa olaraq X3 qanunla qorunan maraqlarına toxunur. Belə olan halda isə hazırkı qərarın 28-ci bəndində göstərilən normanın tələbinə görə X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli və mübahisəli hallar onun iştirakı ilə araşdırılmalı idi. Məhkəmələr isə X6 məhkəmə icraatına cəlb etməmiş, işə onun iştirakı olmadan baxmış, nəticədə üçüncü şəxsin iştirakı olmadan onun qanunla qorunan maraqlarına toxunan qərar qəbul edilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)- 370/2021 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2- 1(116)-370/2021 saylı qərarı ləğv edilərək, inzibati iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Belə ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir. Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərdən, həmçinin tərəflərin kollegiyanın iclasında vermiş olduqları izahatlarından aydın olur ki, Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarı inzibati məhkəmə icraatına cəlb olunmamış X3 hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunmasına baxmayaraq bunu etməmişdir. Məhkəmə kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərardadı ilə inzibati iş X8 üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7, 87.7.1-ci maddələrinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellaysiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarı ləğv edilməli və inzibati iş təkrar baxılması üçün həmin Məhkəməyə göndərilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 saylı qərarı ləğv edilsin və inzibati iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar