Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-52/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Zaqatala rayonu Göyəm bələdiyyəsi) “İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsirlə verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)-691/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsrrüfatı təyinatlı torpaq sahəsinin kəsirlə verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.05 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Zaqatala rayonu Göyəm bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmiş, İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsr verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə ona Zaqatala rayonu Göyəm kəndindən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli, 1002.06 kv.m həyətyanı məqsədli torpaq sahəsi verilmişdir. İddiaçının adına Aqrar islahat komissiyasının qərarı ilə verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1565 ha hissəsinə AA seriyalı 004522 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi və MA seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, 0.0283 ha hissəsinə isə AA seriyalı 545028 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Yerdə qalan 0.05 ha torpaq sahəsi onun istifadəsində olan 0.1565 ha hissəsinə bitişik olduğu halda həmin hissəyə sənəd işlənməmişdir. Bunun da səbəbi o olmuşdur ki, 2003-cü ildə kəndlərində islahat vaxtı verilən torpaqlara dürüstləşmə aparılan 0.05 ha torpaq sahəsi sənədlərə və bazaya işlənməmiş, həmin 0.05 ha hissə bələdiyyə torpağı kimi saxlanılmışdır. Qeyd edilənlər Göyəm bələdiyyəsindən verilən xx.xx.2021-ci il tarixli arayışla və Zaqatala rayonu Göyəm kəndinin baş planına əlavə verilmiş eskiz-layihədə öz təsdiqini tapmaqdadır. Beləliklə islahat zamanı onun xüsusi mülkiyyətinə verilən 0,23 ha pay torpaq sahəsindən 0.18 ha hissəyə sənəd işlənmiş, qalan 0,05 ha torpaq sahəsi kəsir qalmış və bələdiyyənin ehtiyyat torpaqlarına daxil edilmişdir. İddiaçı islahat zamanı iddiaçıya kəsirlə verilmiş 0,05 ha bələdiyyənin ehtiyyat fondu kimi qeyd edilən torpaq sahəsinə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinə köməklik edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona bildirilmişdir ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş Zaqatala rayonunda aparılmış torpaq islahatı ilə əlaqədar arxiv fondunda iddia edilən torpaq sahəsinə dair hər-hansı məlumat mövcud deyildir. Buna görə də cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddia tələbinə etirazını ilkin imtina məktubunda qeyd olunan hüquqi mövqe ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Göyəm bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 86 nömrəli arayışından görünür ki, 2003-cü ildə dürüstləşmə aparılan zaman Göyəm kənd sakini İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,23 ha pay torpaq sahəsindən 0,05 ha torpaq sahəsi kəsirlə işlənmişdir. İddiaçı istifadəsində hal-hazırda 0,18 ha pay torpaq sahəsi vardır. - AA004522 və AA545028 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.1565 ha və 0.0283 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilmişdir. - “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmişarayışdan görünür ki, Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş, əkin yeri olaraq verilməsi nəzərdə tutulmuş torpağın sahəsi 0.23 ha qeyd edilmişdir. - Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarından görünür ki, 1. Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı praqramı və kompleks yerquruluşu lahiyəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-nın 09.06.95-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan, təsdiq edilmiş torpaq islahatı kompleks yer quruluşu layihəsinə uyğun olaraq torpaq payı alacaq subyeklərə torpağa mülkiyyətə dair sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - iddiaçıya ünvanlanmış Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5770 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın 1996-2000-ci illərdə Göyəm kənd İƏVNnin təsərrüfatbaşına kitab № 7, səh № 499-da ailə tərkibi ailə başçısı İddiaçıdur. Cəmi torpaq 0.10 ha, o cümlədən xüsusi mülkiyyətdə 2000-ci ildə 0.23 ha. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, eskiz layihədən çıxarış əsasında iddia olunan torpaq sahəsinin ölçüləri 0.13 ha olmaqla Zaqatala rayonu Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-691/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “islahat zamanı iddiaçıya verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsirlə verilmiş və sənəd işlənməmiş, iddiaçının istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)-691/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı özünə islahat zamanı verilmiş 0,23 ha pay torpaq sahəsinin dürüstləşmədən sonra bələdiyyənin adına işlənmiş 0,05 ha kəsr hissənin adına qeydiyyata alınaraq çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş Zaqatala rayonunda aparılmış torpaq islahatı ilə əlaqədar arxiv fondunda və elektron baza məlumatlarında iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hər-hansı məlumat (hüquqmüəyyənedici sənəd, xəritədə konturu) mövcud deyildir. Buna görə də iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli mümükün olmamış və ona “Azərbaycan Respublikasında torpaq tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən hazırlanmış məlumatlar istifadəyə verildikdən sonra yenidən müraciət edilməsi barədə xx.xx.2021 -ci tarixli, **********22 nömrəli məktub göndərilmişdir. Məhkəmə arışdırılması zamanı məlum olmuşdur ki, iddiaçının faktiki yerində (naturada) iddia etdiyi torpaq sahəsi elektrom baza məlumatlarında Zaqatala rayonu, Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpağ qanunvericiliyinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Beləliklə, iddiaçı məhkəməyə müraciət edərək özünə məxsus olmayan və qanunla nəzərdə tutulmuş sənədlər əldə olunmadan (qərar, hərrac protokolu və bununla bağlı tərtib edilmiş icarə müqaviləsi) bələdiyyə mülkiyyətində aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini öz mülkiyyətinə keçirilməsinə nail olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinat üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Fiziki şəxslərin torpaq sahəsi üzərindəki hüquqları bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat) qaydasında təsdiqlənməlidir. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı dövlət reyestrində qeydiyyatı mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)-691/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilmisini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)-691/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilmisini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 691/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır:
1. sovxoz və kolxozlarda daimi işləyən şəxslər;
2. bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından görünür ki, Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş və əkin yeri olaraq verilməsi nəzərdə tutulmuş torpağın sahəsi 0.23 ha göstərilmişdir. Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı praqramı və kompleks yerquruluşu lahiyəsi təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən və Yer-quruluşu Layihə İnstitutundan təsdiq edilmiş torpaq islahatı kompleks yer quruluşu layihəsinə uyğun olaraq torpaq payı alacaq subyeklərə torpağa mülkiyyətə dair sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5770 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, təsərrüfatbaşına kitaba əsasən 2000-ci ildə İddiaçı xüsusi mülkiyyətində 0.23 ha torpaq sahəsi olmuşdur. Bundan sonra iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.23 ha torpaq sahəsinin 1565,17 kv.m və 283.34 kv.m torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilmiş, lakin, 451.49 kv.m torpaq sahəsinə sənəd işlənməmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən ilkin plan-ölçü sənədləri əsasında 0.1565 ha və 0.0283 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilərək iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, lakin 0.0452 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsası Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısından və Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı praqramının təsdiq edilməsi ilə bağlı Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarından irəli gəldiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(116)-691/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.