Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-52/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22664.36 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdityi orqan (qurum) vasitəsilə satılması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1583/2023 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22664.36 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 30570.22 manat borcuna görə 33000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 22664.36 manat ödənilməmiş borcu qalmışdır.
3. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında qəbz təqdim edərək borcun bir qisminin ödəndiyini, qalan məbləğin də qısa müddət ərzində ödənəcəyini bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1583/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Cavabdeh hazırkı iddia ərizəsi üzrə dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlakın (1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitor) ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyinin iddiaçının üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh vergi öhdəliyini qanunla müəyyən edilmiş vaxtda yerinə yetirmədiyinə görə öhdəliyin ödənilməsinin təmini üsulu kimi onun əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokol tərtib edilərək vergi ödəyicisinə məxsus olan 1 vahidinin qiyməti 14000 manat olan 2 ədəd Monitor, 1 vahidinin qiyməti 5000 manat olan videoçəkiliş üçün kran siyahıya alınmışdır. Məhkəmə cavabdeh tərəfindən borc məbləğindən 9245,70 manat hissəsinin ödənildiyini, qalan borc məbləğinin ödənilməsi üçün siyahıya alınmış əmlaklardan cavabdehə məxsus 1 ədəd qiyməti 14000 manat olan monitorun satışı kifayət etdiyini əsas gətirməklə iddianı qismən təmin etmiş, digər əmlakın satışının təşkilinə zərurət mövcud olmadığı qənaətinə gəlmişdir. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi, hazırda onun dövlət büdcəsinə 22664,36 manat borcu qalmaqdadır. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. Şəki İnzibati Məhkəməsi tərəfindən cavabdehin qismən ödəniş etməsi əsas gətirilərək iddia qismən təmin edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılarkən həmin tarixə 30570.22 manat borc mövcud olmuş, onun tərkibindən 22000 manatı vergi ödəyicisində aparılmış operativ vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən tətbiq edilmiş maliyyə sanksiyası, 664,36 manatı faiz borcu, qalan hissəsini isə vergi borcları təşkil etmişdir. Protokolun tərtib edildiyi, habelə iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixə vergi ödəyicisinin 22664,36 manat borcu mövcud olmuş, onun tərəfindən müxtəlif tarixlərdə vergi borcundan ödənişlər edilsə də, maliyyə sanksiyası və faiz borcu bugünədək ödənilməmiş qalmaqdadır Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1583/2023 nömrəli qərarının iddianın təmin edilməməsinə aid hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1583/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə kollegiyasına məktub göndərərək iş yükünün çoxluğu nəzərə alınaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
9. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola əlavədən görünür ki, cavabdehə məxsus Çin istehsalı olan 1 vahidinin qiyməti 14000 manat olan 2 ədəd Monitor, yerli istehsal olan 1 vahidinin qiyməti 5000 manat olan videoçəkiliş üçün kran iddiaçı tərəfindən siyahıya alınmışdır. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanması üçün cavabdehə təhvil verilmişdir. - “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1583/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
14. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
15. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
16. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, cavabdehin dövlət büdcəsinə ilkin olaraq 30570.22 manat borcu olmuş, borcun ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus ümumi dəyəri 33000 manat məbləğində əmlak siyahıya alınmışdır.
19. İddiaçının ərizəsinə əsasən cavabdehin ödənilməmiş 22664,36 manat borcu qalmışdır. Təqdim edilmiş qəbzlərə əsasən cavabdeh tərəfindən həmin borc məbləğindən 9245,70 manat hissəsi ödənilmişdir. Qalan borc məbləğinin ödənilməsi üçün siyahıya alınmış əmlaklardan cavabdehə məxsus 1 ədəd Çin istehsalı, qiyməti 14000 manat olan monitorun ticarət şəbəkələrində satışı kifayət etdiyindən digər əmlakın satışının təşkilinə zərurət mövcud deyildir.
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci və 90.1-ci maddələrinin tələblərinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər və əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı borcun ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
21. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən də göründüyü kimi, qalan borc məbləğindən cəmi 9800 manat hissəsi də ödənilmişdir.
22. Yuxarıda qeyd olunan işin hallarını, cavabdeh tərəfindən təqdim edilən mədaxil qəbzlərini, cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsi məqsədilə cavabdehə məxsus siyahıya alınmış əmlakın (1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitor) ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyini iddiaçının üzərinə qoymaqda haqlı olmuşdur.
23. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1583/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.