Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-52/2025 12.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu 50-ci məhəllədə (Tərlan İsmayılov) küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2-1(116)-1865/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Göyçay rayonu 50-ci məhəllədə (Tərlan İsmayılov) küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1865/2024 nömrəli qərardadı ilə Göyçay bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Göyçay rayon bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli 16 saylı iclas protokolundan çıxarışa əsasən ona 0.05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin dəyəri ******* nömrəli, xx.xx.2004-cü il tarixli qəbzlə bələdiyyənin hesabına ödənilmişdir. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixdə məktubunda imtina vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmişdir.
4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 nömrəli qərarı, Göyçay bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 61 nömrəli torpaqların alqı-satqısına dair aktı təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının, həmçinin “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda həyata keçir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Göyçay şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə Göyçay bələdiyyəsinin qərarının arxiv əsasları və DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Həmçinin bildiririk ki, torpaq sahəsinə yerində baxış keçirilmiş və faktiki istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanılmışdır. Torpaq sahəsi yeni elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı olması məlum olmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 avqust 2024-cü il tarixli 2- 1(116)-1865/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin soyadında və sənədlərin verilmə tarixlərində uyğunsuzluq var. Belə ki, torpağın təhkim edilməsi aktında istinad olunan bələdiyyə qərarının günü və aktın verilmə tarixi qeyd olunmamışdır. Göyçay şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə Göyçay bələdiyyəsinin qərarının arxiv əsasları və DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Torpaq sahəsi yeni elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlıdır. Təqdim edilmiş sənədlərdə torpaq sahəsinin həyətyanı məqsədilə ayrıldığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi torpaq sahəsinin təyinatı, arxiv arayışının təqdim edilməməsi dəlillərinə münasibət bildirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2-1(116)-1865/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2-1(116)-1865/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2-1(116)- 1865/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 nömrəli qərarı ilə İddiaçı Göyçay Bələdiyyəsi ərazisindən 0.05 ha torpaq sahəsi ayrılmış, iddiaçı 304000 manat bələdiyyənin hesabına ödəmişdir.
3. Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Göyçay Bələdiyyəsi ərazisindən 0.05 ha torpaq sahəsi ayrılmışdır.
4. İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ödəniz qəbzindən görünür ki, 304000 manat məbləğində torpağın dəyəri Göyçay bələdiyyəsinin hesabına ödənilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2326/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
6. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən, İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) iddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsi Göyçay rayonu Kürd kənd ərazi vahidi sərhədləri daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası meyvə bağları (çoxillik əkmələr), uqodiyası tikinti altında olan torpaqlar (faktiki vəziyyətinə uyğun olaraq-fərdi yaşayış evi) olaraq göstərilmişdir. İddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsi 2003-cü ildə tərtib edilmiş, “Göyçay rayonu G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DWG) kənd təsərrüfatı təyinatlı, uqodiyası meyvə bağları (çoxillik əkmələr), mülkiyyət növü bələdiyyə olaraq göstərilmişdir. Əlavə araşdırma zamanı o da müəyyən edilmişdir ki, “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin bələdiyyə, dövlət və xüsusi mülkiyyətə verilən torpaqların planfnda (DWG) iddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsinin 0.05 ha hissəsi JN- 4876A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X1 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.0714 ha torpaq sahəsinin koordinatları iki ayrı-ayrı islahat xəritəsində - Göyçay rayonu Kürd kəndinin kompleks yerquruluşu islahat layihəsində (DWG) və “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin bələdiyyə, dövlət və xüsusi mülkiyyətə verilən torpaqların planı” (DWG) ilə üst-üstə düşür. Sözügedən 0.0714 ha torpaq sahəsi hazırda Göyçay rayon Kürd kəndi ərazi vahidi sərhədləri daxilində yerləşir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.0714 ha torpaq sahəsinin 10 kv.metr hissəsi (fərdi yaşayış evinin bir hissəsi də daxil olmaqla) Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə X6 ayrılmış 500.0 kv.metr həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0069 kadastr nömrəli Torpaq sahəsinin sahəsinin planı və ölçüsü sənədi ilə üstüstə düşür. İddiaçının nümayəndəsinin (oğlu X5) iştirakı ilə araşdırma aparılan zaman iddiaçının nümayəndəsi faktiki istifadədə olan 0.0714 ha torpaq sahəsinin şimal hissəsindən 0.0214 ha torpaq sahəsinin azaldılmasını və qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsini məqsədəuyğun olduğunu bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
17. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilən 0.05 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü il tarixdə Göyçay bələdiyyəsinin hesabına ödənilmişdir.
26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2326/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 nömrəli qərarı ayrılmış 0.05 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş sxematik plan yerquruluşu qaydasında tərtib edilmədiyi, həmçinin sözügedən sxematik planda koordinatlar əks olunmadığı üçün torpaq sahəsinin xüsusiyyətlərini (naturada sahəsi, təyinatı, kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və.s) müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı, islahat uqodiyası meyvə bağları (çoxillik əkmələr), uqodiyası tikinti altında olan torpaqlar (faktiki vəziyyətinə uyğun olaraq fərdi yaşayış evi) olaraq göstərilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.0714 ha torpaq sahəsinin 10 kv.metr hissəsi (fərdi yaşayış evinin bir hissəsi də daxil olmaqla) Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə X6 ayrılmış 500.0 kv.metr həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0069 kadastr nömrəli Torpaq sahəsinin sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür.
27. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin soyadında və sənədlərin verilmə tarixlərində uyğunsuzluq var. Belə ki, torpağın təhkim edilməsi aktında istinad olunan bələdiyyə qərarının günü və aktın verilmə tarixi qeyd olunmamışdır. Göyçay şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə Göyçay bələdiyyəsinin qərarının arxiv əsasları və DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Torpaq sahəsi yeni elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlıdır. Təqdim edilmiş sənədlərdə torpaq sahəsinin həyətyanı məqsədilə ayrıldığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi torpaq sahəsinin təyinatı, arxiv arayışının təqdim edilməməsi dəlillərinə münasibət bildirməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
29. Belə ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 16 nömrəli qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
30. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar verilməsi üçün cavabdeh inzibati orqana sorğu edilmiş, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən, İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) iddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsi Göyçay rayonu Kürd kənd ərazi vahidi sərhədləri daxilində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası meyvə bağları (çoxillik əkmələr), uqodiyası tikinti altında olan torpaqlar (faktiki vəziyyətinə uyğun olaraq-fərdi yaşayış evi) olaraq göstərilmişdir. İddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsi 2003-cü ildə tərtib edilmiş, “Göyçay rayonu G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DWG) kənd təsərrüfatı təyinatlı, uqodiyası meyvə bağları (çoxillik əkmələr), mülkiyyət növü bələdiyyə olaraq göstərilmişdir. Əlavə araşdırma zamanı o da müəyyən edilmişdir ki, “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin bələdiyyə, dövlət və xüsusi mülkiyyətə verilən torpaqların planında (DWG) iddiaçının nümayəndəsinin (X5) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0714 ha torpaq sahəsinin 0.05 ha hissəsi JN- 4876A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X1 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.0714 ha torpaq sahəsinin koordinatları iki ayrı-ayrı islahat xəritəsində - Göyçay rayonu Kürd kəndinin kompleks yerquruluşu islahat layihəsində (DWG) və “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin bələdiyyə, dövlət və xüsusi mülkiyyətə verilən torpaqların planı” (DWG) ilə üst-üstə düşür. Sözügedən 0.0714 ha torpaq sahəsi hazırda Göyçay rayon Kürd kəndi ərazi vahidi sərhədləri daxilində yerləşir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.0714 ha torpaq sahəsinin 10 kv.metr hissəsi (fərdi yaşayış evinin bir hissəsi də daxil olmaqla) Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə X6 ayrılmış 500.0 kv.metr həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0069 kadastr nömrəli Torpaq sahəsinin sahəsinin planı və ölçüsü sənədi ilə üstüstə düşür. İddiaçının nümayəndəsinin (oğlu X5) iştirakı ilə araşdırma aparılan zamanı iddiaçının nümayəndəsi faktiki istifadədə olan 0.0714 ha torpaq sahəsinin şimal hissəsindən 0.0214 ha torpaq sahəsinin azaldılmasını və qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsini məqsədəuyğun olduğunu bildirmişdir.
31. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
32. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
33. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
34. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
35. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında hazırkı hüquqi mövqeyi ifadə etmişdir.
36. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayon bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli 16 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və planölçü sənədinin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2-1(116)-1865/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.