Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-522/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Əsədulla oğlunun iştirakı ilə, İddiaçı Əsədulla oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 yarımbəndinə əsasən “c” yarımbəndinə əsasən ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)-616/2023 nömrəli qərardadından İddiaçı Əsədulla oğlu tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Əsədulla oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 yarımbəndinə əsasən “c” yarımbəndinə əsasən ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı xx.xx.2010-cu il tarixdə hərbi hissədə təcrübə keçən zaman qida borusunun kimyəvi yanığı xəsarətini almışdır. Həmin tarixdən xx.xx.2011-ci il tarixədək qısa fasilələrlə SQ BKH-da müalicə almışdır. xx.xx.2011-ci il tarixli, 961 saylı "Xəstəlik haqqında şəhadətnamə"yə əsasən "Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmışdır.
4. Hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh qeyd olunan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsindən imtina etmiş və xx.xx.2022-ci il tarixli, 1713 nömrəli imtina məktubu göndərmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi Bakı şəhər Xətai RHK tərəfindən 2007-ci ildən hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı xx.xx.2011 -ci ildə SQ Baş Klinik Hospitalın cərrahiyyə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Qida borusunun kimyəvi yanıqdan (xx.xx.2010) sonrakı total strikturası, funksiyanın mühüm dərəcədə pozulması ilə” diaqnozuna əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59 “a” maddəsinin İİİ qrafasına əsasən “ HƏRBİ UÇOTDAN ÇİXARİLMAQLA HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” sayılmış və ya xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir Travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı komissiyaya təqdim edilmədiyindən İddiaçı aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir.
6. İddiaçı iddia ərizəsində aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsim xahiş etmişdir Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 10-12-cı maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. İddiaçı xəsarət aldıqdan 11 il sonra komissiyaya təqdim etdiyi N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3143 nömrəli travma haqqında arayış Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 197-ci maddəsinin tələblərinə zidd olduğundan (“Travma haqqında arayış”zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir) "Xəstəlik haqqında şəhadətnamədə” travmanın səbəb əlaqəsinin dəyişdirilməsi mümkün olmamışdır.
7. Cavabdeh etiraz məktubunda iddiaçının müvafiq qərarın müddəti ötürməklə mübahisələndirildiyini bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 avqust 2023-cü il tarixli, 2- 1(116)-616/2023 nömrəli qərardadı ilə İddiaçı Əsədulla oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 yarımbəndinə əsasən “c” yarımbəndinə əsasən ona dair xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
10. İddiaçı Əsədulla oğlu həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 961 nömrəli xəstəlik şəhadətnaməsində travmanın səbəbi açıq şəkildə səhv göstərilmişdir. Bu isə təbii ki, cavabdeh orqanın səhvindən irəli gəlir. Cavabdeh orqan qeyd olunan şəhadətnamədə travma növünün səhv yazılmasını etiraf etsə də lakin müddət səbəbi ilə bağlı yeni şəhadətnamə verməkdən imtina etmişdir. Bundan əlavə onuda qeyd edir ki, qida borusunun kimyəvi yanığı xəsarətini aldıqdan sonra uzun müddət səhhəti ilə bağlı müalicələr almışdır. Bu müalicələr yaxın dövrlərə kimi aparılmışdır. Eyni zamanda onu da qeyd edir ki, cavabdeh şəhadətnaməni həmin dövrlərdə tərtib etmişdir. Buna əsasəndə şəhadətnamə ilə maraqlanmamış, ümumiyyətlə həmin şəhadətnamənin gələcəkdə hüquqlarını kobud şəkildə pozacağı hissəsindən məlumatsız olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)-616/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Əsədulla oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2- 1(116)-616/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etdi.
13. İş materiallaında olan Cavabdeh 830 nömrəli, 02 may 2023-cü il tarixli məktubuna əlavə edilən İddiaçı Əsədulla oğlunun 19 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissədə aldığı travma ilə əlaqədar 18 may 2011-ci il tarixdə SQBKH cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yarasız sayıldığını qeyd etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 2.3-cü bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir.
20. İşin materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 961 saylı xx.xx.2011-ci il tarixli Qərarla tanış olduğunu, tərxis olunduqdan sonra pensiya və müavinət almaq üçün müraciətlər etdiyini, 2022-ci ilin avqust ayında hazırkı qərarın dəyişdirilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirmişdir.
21. Bundan başqa iş materiallaında olan Cavabdeh 830 nömrəli, 02 may 2023-cü il tarixli məktubuna əlavə edilən İddiaçı Əsədulla oğlunun 19 avqust 2022-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, o, xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissədə aldığı travma ilə əlaqədar 18 may 2011-ci il tarixdə SQBKH cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yarasız sayıldığını qeyd etmişdir.
22. Beləliklə müəyyən edilir ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəli qərardan iddiaçı 2011-ci ilin may ayından məlumatlı olmuş, lakin iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır.
23. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
24. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir.
25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı mübahisələndirilən qərardan müvafiq qaydada məlumatlı olmuş, iddianın mümkünlük şərtləri təmin olunmadığından iddia mümkün hesab edilməməlidir.
26. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)- 616/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Əsədulla oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(116)-616/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.