Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-524/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq mənə təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(116)-1202/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. İddiaçı, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-yə müraciət edərək hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq ona təqdim olunmasını xahiş etmişdir.
2. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında müraciətin araşdırılmasını, heç bir şöbənin sənədlərində iddiaçının adına tərtib olunmuş (travma şöbəsində stasionar yatışı barədə) xəstəlik tarixinin tapılmadığını bildirmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 10 noyabr 2023-cü ildən İİİ qrup əlildir. Belə ki, ona “hər iki diz oynağının artrozu İİİ-İV mərhələ. Bükücü 90 dərəcə, açıcı 170 dərəcə kontrakturası” diaqnozu qoyulmuşdur. Buna görə də ona İİİ dərəcəli əllik təyin edilmişdir. Lakin, o hələ 2002-ci ildən qeyd olunan xəstəliyə düçar olmuş və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. Bununla bağlı o cavabdeh orqana müraciət edərək, “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında tərtib olunmuş xəstəlik tarixinin” ona təqdim olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir.
5. Cavabdeh orqan iddia tələbinə münasibətində iddia olunan sənədlərin aşkar olunmadığını bildirmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(116)-1202/2025 nömrəli qərardadı ilə (X2) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı, cavabdeh orqan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-dən onun 2002-ci il tarixinə aid olan stasionar müayinə və müalicəsi barədə xəstəlik tarixinin verilməsini xahiş etsə də, həmin sənədin əvvəllər mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh orqan isə həmin dövrdə iddiaçının hər hansı müayinə və müalicəsinin olmadığını göstərmişdir. Yəni, əslində həmin sənəd əvvəllər mövcud olmadığından təkrar verilməsi də mümkün deyildir. İş materialllarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və “hər iki diz oynağının artrozu İİİ-İV mərhələ. Bükücü 90 dərəcə, açıcı 170 dərəcə kontrakturası “ diaqnozu ilə İİİ dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixində isə əlilliyin müddəti bitmişdir. İddiaçının hüquqi marağı ona yenidən əlilliyin təyin edilməsi ilə bağlıdırsa, bu zaman onun barəsində tibbi göndəriş olmalı və həmin göndəriş əsasında Tibbi-Sosial Ekspertiza Komissiya şəxsin sağlamlıq vəziyyətini qiymətləndirməlidir. Əgər iddiaçı onun barəsində göndərişin tərtib edilməsi ilə bağlı tibb müəssisəsinin hərəkət və yaxud hərəkətsizliyinin, həmçininTibbi-Sosial Ekspertiza Komissiyasının qiymətləndirmə nəticəsində qəbul etdiyi inzibati aktın onun hüquqlarını pozulduğunu düşünərsə bu zaman həmin tibb müəssisəsindən şikayət edə və ya inzibati aktı mübahisələndirə bilər. Yəni, iddiaçının arzuladığı nəticə ilə xəstəlik tarixinin əldə edilməsində səbəbli əlaqə mövcud deyildir. O, 23 il əvvəl qoyulmuş diaqnozla bağlı xəstəlik tarixini əldə etməklə hüquqi vəziyyətində heç bir dəyişikliyə nail olmayacaqdır. Digər tərəfdən əgər iddiaçı 2002-ci il tarixində onda təsdiqini tapmış diaqnoz ilə yeni göndərişin verilməsini arzu edirsə, bu mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə artıq bu qədər uzun müddətin keçməsi nəinki iddiaçının sağlamlıq vəziyyətinin 2002-ci ildə qoyulmuş diaqnoza uyğun veriləcək göndərişə əsasən qiymətləndirilməsini mümkünsüz edir, hətta həmin diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır.
8. İddiaçı, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində ilkin iddia ərizəsinin məzmunu təkrarlanmış, qeyd olunmuşdur ki, Şəki İnzibati Məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
12. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun: Maddə 25. Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ ... Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. ...
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. . «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı: ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərarının ləğv olunması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Faktiki olaraq birinci instansiya məhkəməsi iddianın mümkünsüzlük əsaslarına istinad etsə də, iddianın mümkün sayılmaması əvəzinə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı iddia mümkün sayılmamalıdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. 21 İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər.
23. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.
24. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən irəli sürülən tələb — 2002-ci ildə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunduğu iddia olunan “xəstəlik tarixinin” bərpası və ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
26. Nəzərə alınmalıdır ki, iddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan qeyd olunan tarixə dair xəstəlik tarixinin arxivdə mövcud olmadığını bildirir. Yəni, faktiki olaraq məlumatın təqdim edilməsindən imtina edilmir, mövcud olmaması bildirilir.
27. Digər tərəfdən, iddiaçı, həmin sənədin həqiqətən də, tərtib olunmasını təsdiqləyən heç bir sübut təqdim edə bilmir. İddia tələbində “xəstəlik tarixinin bərpası” ifadəsinin yer alması da onu göstərir ki, iddiaçı, tələb etdiyi sənədin cavabdeh orqanda olmadığının fərqindədir. Bu isə o deməkdir ki, cavabdeh qanunla müəyyən edilmiş məlumat verilməsi öhdəliyindən yayınmamış, tələb olunan sənədin sadəcə mövcud olmadığını bildirmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qaldırılması üçün subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. İddiaçının cavabdehdə mövcudluğu sübut olunmayan məlumatın bərpasını və ona verilməsini tələb etməsi isə iddia qaldırılması üçün subyektiv hüququn yaranması baxımından yetərli deyil. Çünki subyektiv hüququn yaranması üçün tələb hüququnun obyekti real və mövcud olmalı, tələbin faktiki əsası sübuta yetirilməlidir (müvafiq sənədin həqiqətən əvvəllər cavabdehdə mövcud olmasına dair minimal ilkin məlumat təqdim edilməlidir).
29. Məhz bu sübut iddiaçıya subyektiv hüququn birinci vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar qazandıracaqdır. Öz hərəkətlərinə hüquqi ixtiyar olmadan, tələb etmək hüququ və müdafiə hüququ yarana bilməz. Hazırkı məzmunda tələb faktiki olaraq qeyri-müəyyən və icrası mümkün olmayan tələbdir (cavabdehin hansı tarixli, hansı məzmunlu, hansı diaqnoz və prosedurla bağlı xəstəlik tarixçəsini bərpa etməli olması qeyri-müəyyəndir).
30. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 25-ci maddəsinin (Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ) tələbləri baxımından məsələyə yanaşıldıqda məhkəmə kollegiyası vurğulayır ki, qanunvericilik tibbi sənədlərin əldə edilməsi hüququnu yalnız real olaraq mövcud olan məlumatlara şamil etmişdir. Nəzərə alınmalıdır ki, məlumat almaq hüququ yalnız mövcud sənədlər üzərində yarana bilər. Mövcud olmayan məlumat üzərində nə tələb hüququ, nə də mübahisələndirilə bilən hərəkətsizlik yaranacaqdır. Məlumatın mövcud olmaması səbəbindən onun təqdim edilməsinin mümkünsüzlüyü sağlamlıq vəziyyəti barədə məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, cavabdeh orqanın obyektiv hərəkətsizliyi iddiaçının subyektiv hüququna toxunma halı yaratmamışdır.
31. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, hətta həmin sənəd mövcud olsa belə, onun təqdim edilməsi iddiaçının hüquqi vəziyyətinə heç bir potensial təsir göstərməyəcəkdir. Belə ki, iddiaçı, sözügedən sənədi əlilliyin təyini zamanı səlahiyyətli orqana təqdim etmək məqsədi ilə əldə etmək arzusundadırsa bu zaman nəzərə alınmalıdır ki, əlilliyin müəyyən olunması yalnız cari vəziyyətdə mövcud olan funksional pozuntular əsasında həyata keçirilir və keçmiş tarixə aid xəstəlik tarixçəsi və qoyulmuş diaqnoz bu qiymətləndirməyə hüquqi əsas yarada bilməz.
32. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, irəli sürülmüş tələblə bağlı iddiaçı subyektiv hüquqa malik olmamış və hazırkı vəziyyətdə hüquqi müdafiə ehtiyacı da yaranmamışdır. Bu səbəbdən cavabdeh orqanın hərəkətsizliyi iddiaçının subyektiv hüquqlarına hər hansı müdaxilə təşkil etməmişdir.
33. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(116)-1202/2025 nömrəli qərarı ləğv edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “hər iki dizin travması barədə 2002-ci ilin sentyabr ayında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixinin bərpa olunaraq təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.