Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-525/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X3, X9 və X7 Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən pasport qediyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 2-1(116)-2108/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
2. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-127/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdeh X2 məxsus cehiz əşyaların çıxarılması qət edilmişdir.
3. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4324/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-409/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun 26 iyun 2007-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılması hissəsində dəyişdirilmiş, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlanmışdır.
4. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-127/2024 saylı qətnaməsi icra edilərək İddiaçı aid əşyalar İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmışdır.
5. Göyçay rayon İHB-nın Potu kənd İƏD-nin xx.xx.2025-ci il tarixli, 14 №-li arayışından görünür ki, X3, X9 və X11 iddiaçıya məxsus yaşayış sahəsi üzrə təsərrüfat uçotundadırlar.
6. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslər X3, X9 və X7 Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Mülkiyyətində olan mənzildə keçmiş gəlini və nəvələri qeydiyyatdadır. Üçüncü şəxslər uzun müddətdir başqa ünvanda yaşayır. Əslində üçüncü şəxslərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur.
9. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.
10. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində qeyd edilən şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən “istifadə hüququna xitam verilməsi barədə” səlahiyyətli ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldıra bilər. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə X3, X9 və X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb edilən mənzilə münasibətdə istifadə hüquqlarının olubolmaması məsələsi araşdırılmalı və buna hüquqi qiymət verilməli olduğundan, iddiaya inzibati mühakimə icraatının predmetini təşkil edən iddia növlərinə aid tələb kimi baxıla bilməz. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsindən belə müəyyən olunur ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını arzuladığı hazırkı iş üzrə üçüncü şəxs X3 iddiaçının keçmiş gəlini, digərləri isə nəvələridir. Belə olan halada üçüncü şəxslərin sözügedən mənzilə istifadə hüquqlarının olub olmaları məsələsinin müəyyənləşdirilməsi zərurəti yaranır ki, bu məsələyə isə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “......Konstitusiya Məhkəməsinin Plenumu müraciətin məzmununu nəzərə alaraq qeyd edir ki, mövcud konstitusiya işinin predmetini Konstitusiyanın 29-cu maddəsi baxımından keçmiş ailə üzvü tərəfindən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi müəyyən olunduqda, bu hüquqa xitam verilməsinin şərtləri təşkil edir.”. “.......Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.”. “........Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.” Qeyd olunmalıdır ki, inzibati icraat çərçivəsində əmlak hüquqları açıq-aşkar mövcud olmayan şəxslərin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmaları ilə bağlı mübahisələrə mülkiyyətçinin inzibati orqana qarşı qaldırdığı tələbə mahiyyəti üzrə baxılması mümkündür. Şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə həmin şəxsin başqasının mülkiyyətində olan yaşayış sahəsində əvvəllər yaranmış əşya hüquqlarının mövcud olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalı məsələdir. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırkı iddia tələbinə mülki mühakimə icraatı qaydasında, ümumi məhkəmədə, yəni rayon (Göyçay Rayon Məhkəməsi) məhkəməsində baxılmalıdır.
12. İddiaçının nümayəndəsi, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlillərinə görə mülkiyyətçi olan iddiaçı, mənzilində qeydiyyatda olan, lakin faktiki yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması barədə aidiyyəti icra hakimiyyəti orqanına – Göyçay RPŞ-yə müraciət etmiş, bu müraciətə rədd cavabı aldıqdan sonra məhz inzibati orqanın hərəkətsizliyi və öhdəliyin yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Tələb Konstitusiya Məhkəməsinin mövqeyi ilə uzlaşır Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında açıq şəkildə qeyd edilir ki, “mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatına xitam verilə bilər”. Bu şərtlər iş üzrə sübuta yetirilmişdir: 1. Üçüncü şəxslər 2020-ci ilin iyun ayından iddiaçının mülkiyyətində olan evdə yaşamır; 2. Onların həmin ünvanda hər hansı hüquqi istifadə əsasları mövcud deyil; 3. Mülkiyyətçi öz evindən onların çıxarılması üçün məhkəmə qərarı ilə əşyaları çıxartdırmışdır, bu isə onların daimi yaşamadığına və ailə münasibətlərinin bitdiyinə sübutdur. Tələbin mülki hüquqla bağlı olduğu qənaəti yanlışdır Məhkəmə tələbi “mülki xarakterli” sayaraq aidiyyəti ümumi məhkəməyə yönəltmişdir. Lakin, iddiaçı cavabdehlərlə özəl mübahisə deyil, inzibati orqanın hərəkətsizliyinə qarşı mübahisə edir. Məhz Göyçay RPŞ-nin qanuni əsas olmadan qeydiyyatdan çıxarmamaqla öz səlahiyyətini yerinə yetirməməsi iddianın əsasını təşkil edir. Bu isə tipik inzibati iddiadır və İPM-in 35.1 və 36-cı maddələrinə uyğun olaraq inzibati məhkəmənin baxmalı olduğu işdir. Ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan RespublikasıAli Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X1 iddiaçının mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə istifadə hüququ yalnız 2 (iki) il müddətinə saxlanılmış və bu müddətin artıq başa çatdığı təsbit edilmişdir. Bundan əlavə, həmin qərarda X6 istifadə hüququ yalnız yetkinlik yaşına qədər – 26 iyun 2024-cü il tarixinədək tanınmışdır. Lakin bu hüquq da şəxsin faktiki yaşaması və ehtiyac əsasında müəyyənləşdirilmişdi. Hal-hazırda onların faktiki yaşamadığı sübuta yetirilmiş olduğundan bu hüququn həyata keçirilməsi üçün hüquqi əsas qalmamışdır. Bundan başqa “Qərardadın əsaslandırıcı hissəsində qeyd olunur ki, guya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya və “əmlakın paylı mülkiyyətçilərindən X4” şifahi şəkildə hüquqi yardım göstərilərək işin mümkünlüyü izah olunmuşdur. Halbuki, iş materiallarından da göründüyü kimi, hazırkı mübahisənin heç bir iştirakçısı – nə cavabdeh, nə də üçüncü şəxslər – bu adda şəxs deyil və iş üzrə belə bir mülkiyyətçi mövcud olmamışdır.” “Bu faktın özü, bir tərəfdən, məhkəmə tərəfindən iş materiallarına səthi və qeyri-dəqiq yanaşmanı, digər tərəfdən isə qərardadın şablon və formal yanaşma əsasında tərtib olunduğunu göstərir. Belə bir səhv, xüsusilə də işin mümkünlüyü məsələsinə dair hüquqi mövqe ifadə edilən hissədə baş verdiyindən, bu hal iddiaçının işinə fərdi və konkret yanaşma göstərilmədiyini, əvəzində formal prosessual prosedurla kifayətlənildiyini sübut edir.” “Bununla da, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.2 və 10.1-ci maddələri ilə təsbit olunmuş obyektivlik və vicdanlı araşdırma prinsiplərini pozmuşdur. İPM-in 10.1-ci maddəsinə görə, məhkəmə iş üzrə bütün hüquqi və faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman heç bir şəxsin hüquqlarının pozulmamasına zəmanət verməlidir. Lakin məhkəmə hətta tərəflərin kimliyini belə səhv salmış və qərarda qeyd edilən hüquqi yardımı yanlış şəxsə şamil etmişdir.” b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.11. Kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.
18. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları: - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; [16] 3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi; (-) 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi - 3.9. çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir... 3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən, ədədlərdən və onlara əlavə olunmuş hərflərdən istifadə etməklə bu Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, İ, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Girişinə ünvan nömrəsi verilmiş obyektlər arasında yeni obyektin girişinə ünvan nömrəsi rəqəmlərə və ədədlərə hərflər əlavə edilməklə verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir.
19. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş: İ. Ev təsərrüfatlarının uçotu kitabının aparılmasının ümumi qaydaları
1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).
6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir... İİ. Ev təsərrüfatlarının uçotu kitabında (1 №-li forma) təsərrüfatların şəxsi hesablarının açılması və bağlanması qaydaları
2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...
3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir.
20. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı: ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddianın qeyri-mümkün olması ilə bağlı gəlinən nəticə düzgün olsa da, məhkəmə qərarının əsaslandırması işin hallarına uyğun olmamışdır. Bununla belə hər bir halda iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər.
27. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.
28. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir.
29. İş materiallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmiş fərdi yaşayış evi Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndində yerləşir.
30. Sözügedən fərdi yaşayış evinə hazırkı qərardadın 18-ci bəndində qeyd olunmuş “Qaydalar”ın tələbləri baxımından ünvan verilməmişdir. Yəni, həmin fərdi yaşayış evinin məkana görə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat mövcud deyil.
31. İddia tələbində qeyd edilmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə qeydiyyat ünvanı məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi deyil, Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndi qeyd olunmuşdur. Odur ki, iddiaçının həmin şəxslərin bütövlükdə Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndindən qeydiyyatdan çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı özü də, həmin şəxslərin Göyçay rayonu, Ulaşlı- Şıxlı kəndindən deyil, öz mülkiyyətində olan fərdi yaşayış evindən təsərrüfat uçotundan çıxarılmasında maraqlıdır.
32. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus fərdi yaşayış evinin ünvanı mövcud olmadığından adları qeyd edilən şəxslərin qeydiyyat ünvanı ünvan 1 bağlı onların hüquqları məhdudlaşdırıla bilməz.
33. Bununla belə məhkəmə kollegiyası iddiaçının hüquqi marağını nəzərə alaraq izah edir ki, sözügedən şəxslər iddiaçıya məxsus təsərrüfatda uçotda olduğundan, iddiaçı, ev təsərrüfatının uçotu kitabında müvafiq şəxsi hesabda uçotun aparılmasına cavabdeh olan Göyçay rayon İHB-nın Potu kənd İƏD-nə müraciət etməli və daimi olaraq həmin təsərrüfatda yaşamayan şəxslərin adlarının özünə məxsus təsərrüfatdan uçotdan çıxarılmasını tələb etməlidir. Hazırkı vəziyyətdə adları qeyd edilən şəxslərlə iddiaçı arasında mövcud olan hüquqi əlaqə, yəni onların iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatda olması görüntüsünü yaradan hal da, məhz Potu kənd İƏD-nin təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydiyyat məlumatlarıdır.
34. Hazırkı qərardadın 19-cu bəndində istinad olunmuş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, müvafiq sənədlər (1. “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” - 1 №-li forma (Əlavə 1), 2. “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı”- 2 №-li forma (Əlavə 2). 3. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş” (Əlavə 3)) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur.
35. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
36. Odur ki, iddiaçı faktiki olaraq mülkiyyətində olan fərdi yaşayış evində yaşamayan şəxslərin, həmin kənd üzrə ev təsərrüfatlarının uçotu kitabından özünə məxsus təsərrüfatdan adlarının çıxarılması tələbi ilə əvvəlcə Göyçay Rayon İcra Hakimiyyətinin Potu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, müraciəti təmin olunmadığı halda isə anoloji məzmunda iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hətta hazırkı iddianın təmin edilməsi belə iddiaçını arzuladığı hüquqi məqsədə çatdırmayacaqdır. Belə ki, tələbin təmin olunması adları qeyd edilən şəxslərin Göyçay rayonu, Ulaşlı-Şıxlı kəndindən qeydiyyatdan çıxarılması ilə nəticələnsə də, onlar iddiaçının təsərrüfat üzvü kimi ona məxsus ev təsərrüfatlarının uçotu kitabında uçotda qalmaqda davam edəcəklər.
38. Məhkəmə kollegiyası mübahisənin mülki xarakterli olması və ümumi rayon məhkəməsində baxılmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin qərarında əks edilmiş mövqeylə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.
39. Hazırkı iş üzrə X3, X9 və X7 iddiaçıya məxsus yaşayış sahəsində əmlak hüquqlarının olması, o cümlədən faktiki olaraq həmin yaşayış sahəsində yaşamaları müəyyən edilmir.
40. Odur ki, iddiaçı Göyçay rayon İHB-nın Potu kənd İƏD-nə qarşı adları qeyd edilən şəxslərin təsərrüfat uçotundan çıxarılması ilə bağlı iddia qaldırcağı halda mübahisənin inzibati xarakterli olması nəzərə alınaraq mahiyyəti üzrə (öhdəliyin icrası haqqında iddia növünün xüsusi mümkünlük şərtlərinin ödənilməsi təmin edilməklə) hüquqi qiymət verilməlidir.
41. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi üçün əsas deyildir. Həmçinin hazırkı cavabdehə qarşı irəli sürülmüş iddia iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi olmamışdır. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 2-1(116)-2108/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.