Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-526/2023 15.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili, digər iddiaçılar İddiaçı2, İddiaçı3, Ədilova (Salehova) Əsmər Mehman qızı, Ədilova (Süleymanova) Aydan Mehman qızının vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Ədilova (Salehova) Əsmər Mehman qızı, Ədilova (Süleymanova) Aydan Mehman qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-442 saylı X1 adına olan qeydiyyatın 1,57 ha hissədə ləğv edilməsi, JN-442G saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qismən - 1,57 ha hissədə ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 1,57 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN-442 saylı X1 adına olan qeydiyyatın 1,57 ha hissədə ləğv edilməsi, JN-442G saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin qismən 1,57 ha hissədə ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 1,57 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarı ilə iddiaçı və onun 5 (beş) nəfər ailə üzlərinə 1,98 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin 0,41 ha hissəsinə JN-342F KOD 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunaraq iddiaçılara təqdim edilmişdir. Qalan 1,57 ha torpaq sahəsinə isə iddiaçılara məlum olmayan səbəbdən sənəd hazırlanmamışdır. İddiaçılar ünvan 1i ünvanında yerləşən həmin 1,57 ha torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata alaraq adlarına dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan xahiş etmişlər. Göstərilən torpaq sahəsi hal-hazırda da iddiaçı və ailə üzvlərinin istifadəsindədir. İddiaçılar qeyd edirlər ki, həmin torpaq sahəsi islahat zamanı onların adına yazılsa da, digər vətəndaşın adına JN-442 sayla mülkiyyət kimi göstərilmişdir. Ləğv edilmiş DTXK-nın Oğuz rayon şöbəsindən iddiaçılara verilmiş xx.xx.2014-cü il tarixli arayışda həmin əraziyə mülkiyyət hüququna dair şəhadətnamə çap edilmədiyi qeyd edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara və onların vəkilinə xx.xx.2023cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, işin araşdırılmış hallarına görə, iddiaçılar onların adına işlənməmiş 1,57 ha torpaq sahəsinə sənədin tərtib edilməsini, bu məqsədlə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı əsasında digər şəxslərin adına işlənmiş şəhadətnamələrin ləğvini və sözügedən torpaq sahələrinə dair onların adına çıxarışın verilməsini tələb etməkdədirlər. Yəni ilk növbədə müvafiq şəhadətnamələr ləğv edilməli ondan sonra yeni qeydiyyat aparılmalıdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, aqrar islahatın aparılması zamanı beş nəfər ailə üzvlərinə 1,98 ha torpaq sahəsi verilməsinə baxmayaraq, qeyd edilən torpaq sahəsinin 0,41 ha hissəsinə münasibətdə onların adına JN-342F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlansa da, qalan 1,57 ha torpaq sahəsinə isə onların adına sənəd hazırlanmamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər.
4. Yardım məktubunda göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi xahiş olunmuşdur.
5. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə birinci instansiya məhkəməsinə münasibət məktubu ünvanlamışdır. Məktubda iddia ərizəsində göstərilənlər qeyd edilməklə əlavə olaraq bildirilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2-1(116)-117/2023 nömrəli məktubunda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qonşusu X1 adına olan JN-442G saylı Şəhadətnamənin Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarı ilə verildiyi göstərilir. Bundan sonra məktubda guya Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarının ləğv olunması üçün iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qeyd olunmuşdur. İddiaçı məktubunda qeyd edir ki, o, həmin qərarın ləğvini istəmir. Çünki Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 nömrəli qərarı ünvan 1 X9 Komissiyasının qərarının təsdiq olunması barədə ümumi bir qərardır. Həmin qərarların heç biri onun hüquq və mənafeyinə toxunmur. Münasibət məktubunda həmçinin qeyd olunmuşdur ki, islahat zamanı adlarına yazılmış torpaq sahəsinə sənəd verilməsi ilə əlaqədar dəfələrlə müraciət etmişlər və onlara ləğv edilmiş Oğuz rayon Torpaq şöbəsindən adlarına sənəd hazırlanacağı bildirilmişdir.
6. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məktubda qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadı ilə X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdi.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların vəkili (İddiaçı1 həmçinin nümayəndəsi) Vəkil iddia ərizəsinin məzmununa uyğun ozahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 08 avqust 2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar qanuni istifadələrində olan, islahat zamanı adlarına yazılmış və Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün cavabdehə müraciət etmişlər. Bundan başqa həmin torpaq sahəsi torpaq islahatı zamanı dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıların mülkiyyətinə verilmişdir. Təbii ki, həmin torpağa iddiaçıların adına mülkiyyət sənədi hazırlanmış olsaydı cavabdeh inzibati orqana və məhkəməyə müraciət etməzdilər. Digər tərəfdən iddiaçılar cavabdeh inzibati orqandan və məhkəmədən Oğuz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarının ləğvini deyil, mülkiyyətlərində olan torpaq sahəsinə texniki səhv olaraq digər şəxslərin adına hazırlanmış Şəhadətnamənin ləğv edilməsini xahiş etmişlər. Çünki Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı X9 Komissiyasının qərarının təsdiq olunması barədə ümumi bir qərardır. Həmin qərarların heç birində iddiaçıların torpağına digər şəxsin adına Şəhadətnamənin hazırlanması barədə bir söz belə yoxdur. Qeyd edilən qərarlardan heç biri iddiaçıların hüquq və mənafeyinə toxunmur. Həmin qərarlardan heç birində iddiaçıların torpağına digər şəxsin adına şəhadətnamə hazırlanması qeyd edilmir. Şəhadətnamə isə hazırki iş üzrə cavabdehin hüquq varisi olduğu, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən səhvən hazırlanmışdır. Əlavə olaraq qeyd edək ki, həmin X4 Komissiyasının qərarından 8 (səkkiz) il sonra tərtib olunmuşdur. Lakin qeyd edilən Şəhadətnamənin həmin şəxsə və ya iddiaçılara nə vaxt təqdim olunduğunu, ümumiyyətlə təqdim olunubolunmadığını da məhkəmə araşdırmamışdır. Aqrar İslahat Komissiyasının Qərarı isə vətəndaşlara, hazırkı halda isə iddiaçılara ümumiyyətlə təqdim olunmamışdır. Ən əsası isə odur ki, məhkəmə iddia müddətinin ötürüldüyünü yazmaqla ciddi səhvə yol vermişdir. Məhkəmə “Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçıların bu məsələ ilə bağlı mübahisə açmadıqlarını, bununla da iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüklərini” qeyd edir. Hazırkı işdə iddia müddətinin nə qədər olduğunu qeyd etməyən məhkəmə sonda “25 ilə yaxın müddət keçdikdən sonra hazırki tələblə iddiaçıların iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini yazmaqla” görünür Torpaq islahatı haqqında Qanunun 22-ci maddəsinə əsasən Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarının mübahisələndirilməsini nəzərdə tutur. Lakin bu zaman məhkəmə unudur ki, iddiaçıların ləğv edilməsini istədikləri Şəhadətnamə nəinki Aqrar İslahat Komissiyasının Qərarından səkkiz il sonra, hətta Aqrar İslahat Komissiyasının ləğv olunmasından da (AR Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı) bir il sonra tərtib olunmuşdur. Təqdim olunmasına gəldikdə isə həmin Şəhadətnamə bu gün də iddiaçılara təqdim olunmamışdır. (İPM-in 38-ci maddəsi) Digər tərəfdən ləğv olunmuş DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 300 nömrəli məktubdan da göründüyü kimi həmin vaxt hələ JN-442 saylı Şəhadətnamə çap olunmamışdır. İslahat sənədlərində iddiaçıların mülkiyyəti 342 nömrə ilə, üçüncü şəxsin mülkiyyəti isə 442 nömrə ilə qeyd edilmişdi. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili, digər iddiaçılar İddiaçı2, İddiaçı3, Ədilova (Salehova) Əsmər Mehman qızı, Ədilova (Süleymanova) Aydan Mehman qızının vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
18. “Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun: 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X8 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X9 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X8 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X8 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir.
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X8 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X9 komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X9 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X8 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X8 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X8 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
20. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, “X7 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.
25. Belə ki, iddia ərizəsinin əsaslarına və işin araşdırılmış hallarına görə Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 67 nömrəli qərarı ilə iddiaçı və onun 5 (beş) nəfər ailə üzlərinə 1,98 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin 0,41 ha hissəsinə JN-342F KOD 40509018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunaraq iddiaçılara təqdim edilmişdir. Qalan 1,57 ha torpaq sahəsinə isə iddiaçılara sənəd hazırlanmamış, mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçılar ünvan 1i ünvanında yerləşən həmin 1,57 ha torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata alaraq adlarına dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan xahiş etmişlər.
26. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər.
27. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar faktiki istifadələrində olan və onların mülkiyyətinə verildiyini iddia etdikləri mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduqları halda, həmin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin hazırlanmamasının səbəbinin aşkar edilməsi üçün tədbir görməli olmalarına baxmayaraq uzun illər ərzində bu istiqamətdə hər-hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişlər. 25 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər .
28. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
29. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.
30. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
31. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)- 1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir.
32. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-887/2023 nömrəli qərarının 39-42 ci bəndlərində eyni məsələyə aşağı instansiya məhkəmələrinin diqqətini çəkmişdir.
33. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
34. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir, Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2-1(116)-117/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.