Məhkəmə qərarları › İş №2-1(107)-526/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-526/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-526/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən cavabdehin pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(116)-2356/2025 nömrəli qərarından iş üzrə iddiaçının hüquqi varisi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. İddiaçıya xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 8 ay 3 gün qulluq stajı olduğundan orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya məbləği hesablanmış, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqı 533,90 manat olduğundan orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya - 427,12 manat müəyyən edilmişdir.

2. Cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 gün tarixli 142 nömrəli fərmanı təsdiq edilmiş “1 yanvar 2023-cü ilədək qüvvədə olan, 2017-ci ilin iyılun birinədək təyən edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanma Qaydası”nın 2.2.3-cü bəndən əsasən, əmək pensiyasına hesablanması üçün vaxtı ilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan faiz dərəcəsini 58 faiz nəzərə almaqla yenidən hesablama aparmışdır.

3. İddiaçı əmək pensiyasının bu qaydada yenidən hesablanması ilə razılaşmayaraq, pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun ona pensiya təyin edildiyi vaxt qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən əmək haqqının 80 faizi həcmində yenidən hesablanaraq yaranmış fərq məbləğinin hesablanıb ödənilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq edilməli olan faiz dərəcəsinin 58 faiz təşkil etdiyini göstərmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyindən cavabdehin pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı, xx.xx.2023-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2438/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı xx.xx.2024-cü il tarixində vəfat etdiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-368/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

8. İddiaçının hüquqi varisi X1 İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 368/2024 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(107)-205/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2356/2025 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X2 ilə əvəz edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 25 sentyabr 2009-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu ildən sonrakı artımlara da 58 faiz dərəcəsi tətbiq etməklə hesablama aparmışdır. Pensiya məbləği düzgün hesablanmadığına görə qanunvericiliyə uyğun yenidən hesablanmaqla yaranmış kəsrin aradan qaldırılaraq fərqin birdəfəlik olaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Hesab edir ki, cavabdeh onun 2009-cu ildən pensiyaya çıxdığını nəzərə almalı və pensiya məbləğində olan artım üzrə hesablamanı 1 iyul 2017-ci ilədək olan qaydaya uyğun aparmalı idi.

11. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, “İddiaçı xx.xx.2023cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə 80 faiz dərəcəsinin tətbiq olunmasını xahiş etmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 322,50 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 96,75 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 11,25 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 45,63 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 533,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (533,90 manat) 80 faizi-427,12 manat məbləğində hesablanıb. "Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 17 il 08 ay 03 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 58 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 356,25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 106,88 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 12,38 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 50,31 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 583,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqı (533,90 manat) ilə 01 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqı (583,59 manat) arasındakı fərq məbləği (49,69 manat) 58 faizi-28,82 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (427,12 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 455,94 manat olmuşdur. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 536,25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 160,88 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 18,56 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 75,63 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 849,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqı (583,59 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əməkhaqqı (849,09 manat) arasındakı fərq məbləği (265,50 manat) 58 faizi-153,99 manat 01 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (455,94 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 609,93 manat, 01 yanvar 2023cü il tarixdən isə 670,92 (609,93+10 faiz) hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləsdirilir. Bununla əlaqədar 01 yanvar 2023-cü il tarixdən iddiaçının əmək pensiyası 769,55 manat məbləğində müəyyən edilib. 01 yanvar 2024-cü il tarixdən iddiaçının əmək pensiyası indeksləsdirilərək 855.74 manat məbləğində müəyyən edilib.

12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2356/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən iddiaçının pensiyasının hesablanması üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq etdiyi 58 faiz dərəcəsinin qanunsuz hesab edilməsi və yenidən hesablanmaqla (“Əmək pensiyaları haqqında” Qanunun 3 may 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına) tətbiq edildiyi tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsinə nail olmaqdan ibarət olmuşdur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2009-cu il tarixdə iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 322,50 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 96,75 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 11,25 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 45,63 manat, digər növ əlavə 2,77 manat olmaqla orta aylıq əməkhaqqı 533,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (533,90 manat) 80 faizi-427,12 manat məbləğində hesablanıb. Məhkəmə qeyd edir ki, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi 58 % müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir.

14. İddiaçının hüquqi varisi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlillərinə görə, xx.xx.2009-cu ildə X4 əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə dövlət orqanlarında qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında müəyyən edilmişdir. Təyin edilmiş pensiya məbləğinin qanunvericiliyə uyğun olaraq 2017-ci ilin 01 iyulunadək ödənişi həyata keçirilmişdir. Lakin cavabdeh orqan xx.xx.2017-ci ildən pensiya məbləğinin hesablanmasını həmin tarixdən Azərbaycan Respublikası Prezidentiinin 2018-ci 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 1 yanvar 2023-cü ilədək qüvvədə olan "2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"na uyğun həyata keçirdiyini bildirərərək artım hissəsinə 80 faiz deyil 58 faiz tətbiq etmiş və nəticədə pensiya məbləğini azaltmışdır. Cavabdeh orqan pensiya məbləğini xx.xx.2017-ci ilədək azaldılmamaqla ödənişini həyata keçirsə də, xx.xx.2017-ci ildən sonrakı qulluq stajına əlavələri xx.xx.2017-ci ilədək olan qulluq stajına uyğun indeksləşdirdiyindən sonrakı artımları (əlavələri) buna uyğun olaraq aparmalı idi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci ilədək yaşa görə əmək pensiyası almaq hüququ yaranan şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə təsir etmir, həmin hüquq ve azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, əmək pensiyasının 01 iyul 2017-ci il tarixindən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi qaydası yaşa görə əmək pensiyası almaq hüququ olan şəxslərin Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş "hüquqi vəziyyətini yaxşılaşdıran" hal kimi qəbul oluna bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh orqan ilkin iddia tələbinə etirazla eyni məzmunlu dəlillərlə apellyasiya şikayətinə qarşı etirazını əsaslandırmış, qeyd etmişdir ki, istinad olunan Fərmanın 2.2.3-cü bəndində qeyd edilən “pensiyaya əlavə almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür” ifadəsi, əlavə almaq hüququnun 15 ildən az olan qulluq stajı olan şəxslərə aid olunması deyil, dövlət qulluqçusunun stajı 15 ildən aşağı olduqda qulluq dövrünün minimum staja əsasən götürülməsi kimi başa düşülməlidir. İddiaçıya əmək pensiyası təyin edilərkən (xx.xx.2009-cu il) həmin vaxt qüvvədə olan normalar (“Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi), dövlət qulluqçularının əməkhaqlarının artırılması zamanı isə qüvvədə olan normalar (Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndi) tətbiq edilmişdir.

tərəflərin izahatları

17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(116)-2356/2025 qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının hüquqi varisi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının hüquqi varisinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

19. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası: 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası): 20.11.3. Dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. ...

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İddiaçının hüquqi varisi onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası ilk növbədə hazırkı iş üzrə tələbin hüquqi varisliyi məsələsinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. İşin hallarından göründüyü kimi, iddiaçı, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddia tələbinə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı vəfat etmişdir.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, pensiya hüququ bilavasitə həmin hüququn sahibi olan şəxsin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçının tələbi onun gözlənilən pensiya hüququnun reallaşmasına (bu hüququn maddiləşməsinə) yönəldiyindən və maddi hüquq normaları hüquq varisliyinə yol verdiyindən, hazırkı işdə sıradan çıxmış iddiaçı hüquq varisi ilə əvəz oluna bilər.

29. İşin hazırkı vəziyyətində, artıq söhbət sıradan çıxmış iddiaçıya pensiya təyin edilməsindən deyil, “gözlənilən”, lakin təyin edilməyən və alınmayan pensiyanın hesablanması və hüquq varisinə ödənilməsindən gedir.

30. Yəni, hazırkı mübahisəyə münasibətdə hüquqi varislik iddiaçıya məxsus pensiya hüququnun onun hüquqi varisinə ötürülməsi ilə deyil, iddiaçının pensiya hüququnun təsdiq olunduğu və ona əmək pensiyanın təyin olunduğu təqdirdə, təyin olunmuş pensiyanın iddiaçının vəfat etdiyi tarixədək verilməli olan məbləğinin onun varislərinə ödənilməsi ilə bağlıdır. Başqa sözlə, Xuraman Sədiyevanın hüquqi varisliyi iddiaçının gözlənilən pensiya hüququ və həmin hüquqa əsaslanan gözlənilən mülkiyyət hüququ ilə əlaqədar tələbdən irəli gəlir.

31. İş materiallarından görünür ki, mərhum X5 xx.xx.2009-cu ildə ƏPHQ-nun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq, vaxtilə dövlət orqanlarında qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmiş və bu hallar tərəflər arasında mübahisələndirilmir.

32. Cavabdeh orqan bildirir ki, iddiaçıya əmək pensiyası təyin edilərkən (xx.xx.2009cu il) həmin dövrdə qüvvədə olan hüquqi normaları (“Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsi), yenidən hesablanma zamanı isə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinin müddəaları tətbiq edilmişdir.

33. İddiaçı, xx.xx.2017-ci ildən sonrakı dövrə münasibətdə 142 nömrəli Fərmanla təsdiq edilmiş “Qayda”ya uyğun aparılmış hesablamalarla razılaşmamışdır.

34. İddiaçı, konkret pensiya məbləğinin özünü deyil, hesablamada tətbiq olunan faiz dərəcəsinin mübahisələndirmiş və hesab etmişdir ki, pensiya əlavələri 142 nömrəli Fərman əsasında müəyyənləşdirilmiş 58 faizlə deyil, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ilədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan faiz dərəcəsi ilə (orta aylıq əmək haqqının 80 faizi) hesablanmalı idi.

35. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin predmetini təşkil edən məsələ əmək pensiyasına əlavələrin hansı hüquqi rejimə əsasən hesablanmalı olması ilə bağlıdır.

36. İş materiallarından görünür ki, “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, dövlət qulluqçularının vəzifə maaşları artırıldığından buna müvafiq olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmış, cavabdeh yenidən hesablanmanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.3-cü bəndinə müvafiq olaraq aparmışdır.

37. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1547/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, cavabdehin iddiaçıya münasibətdə tətbiq etdiyi Qaydanın istinad olunan bəndlərinin məzmunundan müəyyən edildiyi kimi, bu qayda Dövlət qulluqçularının aylıq vəzifə maaşının məbləğlərinin artırılması halında əmək pensiyalarının yenidən hesablanması ilə bağlı münasibətləri tənzimləyir.

38. Hazırkı halda da iddiaçıya münasibətdə pensiyanın yenidən hesablanmasının səbəbi Qaydada göstərildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən iddiaçının işlədiyi vəzifələr üzrə Dövlət qulluqçularının aylıq vəzifə maaşının məbləğlərinin artırılması olmuşdur.

39. İddiaçı, tələbində onun pensiyasının yenidən hesablanması zamanı pensiya təyinatında olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının 80 faizi miqdarında hesablanmalı olduğunu bildirsə də, iddiaçının pensiyası bu dövrdə məhz aylıq vəzifə maaşlarının məbləğləri artırıldığından yenidən hesablanmışdır. Bu məsələ isə artıq yeni bir hüquq münasibəti olmaqla, 142 nömrəli Fərmanla təsdiq edilmiş Qaydanın 2.3-cü bəndi ilə tənzimlənirdi.

40. Cavabdeh orqan 58 faiz dərəcəsini iddiaçının 17 il 08 ay 03 gün dövlət qulluğu stajına uyğun olaraq müəyyən etmişdir. Belə ki, 15 illik staj üçün nəzərdə tutulan 50 faiz baza göstəricisinə əlavə olaraq, hər əlavə xidmət ili üçün 3 faiz olmaqla ümumilikdə 6 faiz (2 il üçün), həmçinin ayların sayına mütənasib hesablanmış 2 faiz (8 ay üçün) əlavə edilmiş və nəticədə ümumi faiz dərəcəsi 58 faiz təşkil etmişdir.

41. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının pensiyası yenidən hesablanan zaman cavabdeh tərəfindən 142 nömrəli Fərmanla təsdiq edilmiş Qaydanın 2.3-cü bəndinin tətbiqi qanuni və əsaslı olmuşdur.

42. Əmək pensiyaları haqqında Qanunun 20.11.2-ci maddəsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən norma ilkin pensiya təyinatı zamanı tətbiq olunmaqla xx.xx.2017-ci ildən sonra pensiya təyin edilmiş şəxslərə aiddir və hazırkı iş üzrə tətbiq oluna bilməz.

43. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırkı işə tətbiqinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hazırkı iş üzrə iddia tələbi hər bir halda uğursuz olduğundan sözügedən dəlillə bağlı əlavə araşdırma aparılmasına lüzum yoxdur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(116)-2356/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar